Avropa İnsan Haqları Məhkəməsi (AİHM) gələn həftə, fevralın 18-də Azərbaycandan göndərilən 4 şikayət üzrə qərarlarını açıqlayacaq.
NİDA-çı Məmməd Əzizov və Şahin Novruzlu-nun şikayətləri
Əzizov və Novruzlu Azərbaycana qarşı işi məhkəməyə qədər həbsin və həmin həbs müddətinin uzadılmasının qanunsuzluğu iddiaları ilə bağlıdır. Ərizəçilər bu işdə Konvensiyanın 5-ci və 18-ci maddəsi ilə qorunan hüquqlarına müdaxilə olunduğunu iddia edirlər. Hər iki şikayət üzrə birgə qərar elan ediləcək.
Hər iki ərizəçini 2013-cü ildə MTN həbs etmişdi. 2014-cü ilin mayında Məmməd Əzizov 7,5 il, Şahin Novruzlu isə 6 il azadlıqdan məhrum edilmişdi.
Fatma Qəniyeva və başqa 17 nəfər Azərbaycana qarşı
2009-cu ildə göndərilmiş bu iş mülkiyyət hüququ ilə əlaqəlidir. Ərizəçilərin Sabunçu rayonundakı bağ sahələri əllərindən alınıb, mülkiyyətlərindən istifadələrinə imkan verilməyib, zəbt edilib və onlarla bağlanmış torpaq icarə müqavilələri məhkəmə qaydasında ləğv olunub. Ərizəçilər mülkiyyət və ədalətli məhkəmə araşdırması hüquqularına müdaxilə baş verdiklərini iddia edirlər.
İlqar Feyzov Azərbaycana qarşı
Bu məhkəmə işi hüquqi əsaslar olmadan tutulma, həbslə bağlıdır. Ərizəçi iddia edir ki, onun azadlıqdan məhrum edilməsi üçün qanuni əsaslar olmayıb, o, məhkəmə qərarı olmadan günlərlə həbsdə saxlanılıb. Ərizəçi azadlıq və toxunulmazlıq hüququna müdaxilə edildiyini mübahisələndirib.