Avropa İnsan Haqları Məhkəməsi (AİHM) fevralın 11-də Azərbaycandan göndərilmiş şikayətlər üzrə iki qərarını elan edəcək.
Pənahov və başqaları Azərbaycana qarşı işində ərizəçilər Nicat Pənahov, Şəlalə Atamova, Mehparə Cəfərova və Lalə Yusifovadır. Onlar “Yahova şahidləri” dini icmasının üzvləri olub. Onların Şəmkir rayonunda qatıldıqları dini toplantıya polis müdaxilə edib. Ərizəçilər polisə aparılıb, orda 2-3 saat sorğu-sual edildikdən sonra sərbəst buraxılıblar. Onlara rəsmi icazə olmadan dini məclis keçirməmək barədə xəbərdarlıq edilib.
Ərizəçilər məhkəməyə müraciət ediblər. Tələb ediblər ki, heç bir hüquq pozuntusuna yol vermədən keçirilən məclisə müdaxilə olunmasına görə, onlardan üzr istənilməsi və maddi təzminat ödənilməsinə qərar verilsin. Məhkəmələr ərizəçilərin tələblərini rədd ediblər.
Ərizəçilər AİHM qarşısında iddia edirlər ki, onların işgəncəyə məruz qalmamaq, azadlıq və toxunulmazlıq, şəxsi həyatın toxunulmazlığı, din azadlığı və toplaşmaq hüquqlarına müdaxilə olunub.
Sadullah Genc və başqaları Azərbaycana qarşı işində bəhs edilən olaylar 2012-ci ildə Gəncə şəhərində baş verib. Ərizəçilər – Sadullah Genc, Tuğrul Kıraz və Saim Samur-un qatıldığı dini məciləs polis müdaxilə edilib və onlar Nizami polisinə aparılıblar. 20 saat bölmədə saxlanılan ərizəçilər məhkəmədən sərbəst buraxılıblar. Sonrakı günlərdə keçirilən və ərizəçilərin qatılmadığı məhkəmə prosesində onlar din azadlığı ilə bağlı inzibati qanunvericiliyin pozulması əsası ilə günahkar biliniblər. Ərizəçilərin hər biri 2 min manat cərimə olunub və ölkədən çıxarılmalarına qərar verilib. Həmin qərarları yuxarı məhkəmələr dəyişməyib.
Ərizəçilər iddia edir ki, sözügedən məhkəmə qərarları onların azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması və din azadlığı hüquqlarına müdaxilə məzmununda olub.