Avropa Insan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş 3 şikayət üzrə qərarını elan edəcək.
Qubada istirahətdən qovulanların şikayəti
Elmar Paşayev və başqalarının şikayətində hərəkət azadlığı və ayrı-seçkiliyə məruz qalmamaq hüquqlarının pozuntusu iddia edilir. Paşayev və başqaları ailələri ilə birgə 2007-ci ildə istirahət üçün Quba rayonuna – dostlarının mənzilinə yerləşiblər. Elə həmin gün polis əməkdaşları mənzilə gəlib, onların sənədlərini yoxlayıb, onlarla qaba rəftar edib və müvəqqəti yaşayış qaydalarının pozulması əsası ilə dərhal rayonu tərk etmələrini tələb edib. Tələbə əməl olunub. Ərizəçilər bir müddət sonra hərəkət azadlığı və dini ayrı seçkiliyə məruz qalmamaq hüququnun pozuntusu iddiası ilə məhkəməyə müraciət ediblər. Tələb ediblər ki, polisin onların hər birinə 5 min manat təzminat ödəməsi barədə qərar qəbul etsin. Məhkəmə həmin iddialara mahiyyəti üzrə baxmayıb. Ərizəçilər AİHM qarşısında 4 saylı Protokolun 2-ci maddəsinin, Konvensiyanın 9.1-ci maddəsinin və 9+14-cü maddənin pozuntusunu mübahisələndirib.
Vəkilə çatım hüququnun pozuntusu iddiası
Kamran Bəyəliyev Azərbaycana qarşı işi ərizəçinin inzibati qaydada həbs edilməsi ilə bağlıdır. Ərizəçi 2013-cü ildə inzibati qaydada 10 günlüyə həsb edilib, apellyasiya onun cəzasını 5 günə endirib. Ərizəçi birinci instansiya məhkəməsində istədiyi vəkilə çatımının təmin edilmədiyini, bununla, Avropa Konvensiyasının 6.1 və 6.3-cü maddələri ilə təminat altına alınan hüquqlarına müdaxilə olunduğunu iddia edir.
Bəylər Abbasov Azərbaycana qarşı işində ərizəçi müharibə veteranıdır. O, 2004-cü ildə əlaqəli qurumalara müharibə veteranı vəsiqəsi və müvafiq müavinətin təyin edilməsi üçün müraciət edib. 2007-ci ildə ona vəsiqə təqdim edilib və müavinət ödənilməsinə başlanılıb. Ərizəçi hesab edir ki, o, zamanında müraciət edib, 2004-07-ci illər aralığında veteranlığa görə müavinət əlaqəli qurumların hərəkətsizliyi səbəbilə ala bilməyib. B.Abbasov hesab edir ki, onun müvafiq şikayətlərinə baxılarkən, yerli qurumlar onun ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarına müdaxilə ediblər.