Avropa Şurası Nazirlər Komitəsində Avropa Məhkəməsinin qərarlarının icra durumunun müzakirə edildiyi 3 günlük toplantı başa çatıb. AŞ NK müzakirələrin yekununda qəbul edilmiş qərarlarını açıqlayıb.
Nazirlər Komitəsi Azərbaycanla bağlı 2 qətnamə qəbul edib. Həmin qətnamələr İlqar Məmmədov, Mahirə Muradova, Sərdar Cəlaloğlu, Mikayıl Məmmədov qruplarına daxil olan qərarların icrası ilə bağlıdır.
İ.Məmmədov qrupu üzrə qətnaməyə görə, İ.Məmmədov və R.Cəfərov işi üzrə AİHM qərarlarının icrasına nəzarətin qapadılmasına qərar verilib. Bu, qrup işi üzrə ümumi tədbirlərə nəzarətin davam etdirilməsinə təsir etmir.
Qərarın tam mətni (Azərbaycan dilində)
Digər qrup işləri ilə bağlı qətnamədə icra ilə bağlı yeniliklərin olduğu ifadə edilməyib.
AŞ NK-nın 1377-ci toplantısı 1-3 sentyabr tarixlərində keçirilib.
AŞ NK Azərbaycanla bağlı İlqar Məmmədov, Mahirə Muradova, Sərdar Cəlaloğlu, Mikayıl Məmmədov qruplarına daxil olan qərarların icrasını müzakirə edib.
İ.Məmmədov işi qrupunda AİHM-in Azərbaycanla bağlı qəbul etdiyi 6 qərarın icrasına nəzarət edilir. Həmin qərarlar İ.Məmmədov, Rəsul Cəfərov, Anar Məmmədli, Natiq Cəfərov, İntiqam Əliyev, Rəşad Həsənov, Zaur Qurbanlı, Üzeyir Məmmədli, Rəşadət Axundovla bağlıdır. AİHM-in bu qərarları ərizəçilərin aktiv siyasi və sosial iştirakçılıqlarına, hökuməti tənqidə, insan hüquqları və seçkiləri izləmə sahəsində fəaliyyətlərinə görə Konvensiyanın 18-ci maddəsinə zidd olaraq məhkəməyə qədər həbs edilmələri və azadlıqdan məhrum olunmaları ilə bağlıdır.
Digər 3 qrupda isə ümumilikdə, AİHM-in Azərbaycanla bağlı çıxardığı 20 qərarın icrası yoxlanılır. Bu qərarların hamısı təhlükəsizlik qüvvələri tərəfindən aşırı güc tətbiqi və həmin olayların effektiv araşdırılmaması ilə bağlıdır.