AİHM mühacirətdəki jurnalistin işi üzrə qərarını açıqlayacaq

©aihmaz.org

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) gələn həftə, iyulun 30-da Azərbaycandan göndərilmiş 2 şikayət üzrə qərarını elan edəcək.

Elan ediləcək qərarlardan biri jurnalist, peşə fəaliyyəti kontekstində basqılar nəticəsində Azərbaycandan Avropaya mühacirət edən Məlahət Nəsibova və onun həmsdəri olduğu QHT-lərin İnkişafı və Demokratiya Resurs Mərkəzinin şikayəti ilə bağlıdır. Həmin şikayət AİHM-ə 11 il əvvəl, 2009-cu ildə göndərilib.

Bu məhkəmə işi 2008-ci ildə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Resurs Mərkəzinin ofisində və M.Nəsibovanın mənzilində axtarış və götürmə aparılması ilə bağlıdır. Həmin vaxt Mərkəzin digər həmsədri, M.Nəsibovanın həyat yoldaşı İlqar Nəsibova qarşı böhtan və təhqirə görə cinayət işi açılmışdı, axtarış da cinayət işi ilə bağlı idi.

M.Nəsibova axtarışın qanunsuz olması iddiası ilə hüquq mühafizə qurumlarına qarşı məhkəmə davası açmışdı. Yerli məhkəmələr həmin işdə jurnalistin əleyhinə qərarlar vermişdilər.

AİHM kommunikasiya zamanı hökumətdən əsasən, ərizəçiyə münasibətdə Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşırması), 8-ci (şəxsi həyatın toxunulmazlığı), 10-cu (ifadə azadlığı) və 13-cü (səmərəli hüquq müdafiə vasitələri hüququ) maddələri ilə bağlı pozuntulara yol verilib-verilməməsi haqda suallara cavab verməsini istəmişdi (detallı bilgiyə bax).

Bu işin hökumətlə kommunikasiyasına bu ilin yanvarında başlanılmışdı.

İsayev Azərbaycana və Ukraynaya qarşı 

Digər iş Isayev Azərbaycana və Ukrayanaya qarşı işi üzrədir. Bu iş üzrə AİHM-ə bu il şikayət edilib. Məhkəmə bazasına bu işin halları barədə bilgi daxil edilməyib.