Qanköçürmə zamanı HİV ilə yoluxma və xəstəyə adekvat kompensasiya – AİHM bələdçisi

Oyal Türkiyəyə qarşı (Oyal v.Turkey), 23 mart 2010

Faktlar: Ərizəçilər valideynlər və onların oğludur. Vaxtından tez anadan olmuş oğullarına mütəmadi qaydada qan vurulmasına ehtiyac olduğundan valideynlər Qırmızı Xaçdan bir neçə dəfə qan və plazma almışlar. Uşağa müxtəli tarixlərdə bir neçə dəfə qan köçürülmüşdür. Bu qanköçürmələrdən 4 ay sonra valideynlər öyrənmişlər ki, uşaq ciddi QIÇS xəstəliyinə səbəb ola biləcək HİV virusuna yoluxmuşdur.

Uşağa qan köçürüldükdən bir müddət sonra Qırmızı Xaçın bir donorunun HİV ilə yoluxmuş olduğu ortaya çıxmışdır. Sonrakı araşdırmalar vaxtı həmin donorun verdiyi plazmanın ərizəçiyə də vurulduğu müəyyən olunmuşdur. Türkiyə məhkəmələri hesab etmişlər ki, uşağa yoluxmuş qan verdiyinə görə yerli Qırmızı Xaç təşkilatı və səhiyyə işçilərinin öz peşələrini həyata keçirərkən yol verdikləri səhlənkarlığa görə Səhiyyə Nazirliyi uşağın xəstəliyinə yoluxmasına görə məsuliyyət daşıyır. Məhkəmə araşdırması nəticəsində aydın olmuşdur ki, qandakı HİV virusu ona görə müəyyən olunmamışdır ki, belə yoxlama bahalı prosedur idi və bu hadisəyə qədər qan verən şəxsin öz cinsi fəaliyyəti barədə məlumat vermək öhdəliyi qanunvericikdə nəzərdə tutulmurdu. Türk məhkəmələrinin qərarıyla ərizəçiyə maddi ziyana görə kompensasiya müəyyən edilmişdir. Lakin bu kompensasiya məbləği onun bir illik tibbi xərclərinə uyğun idi.

Ərizəçi Avropa Məhkəməsinə bildirmişdir ki, müalicə və səhiyyə xərcləri ayda təxminən 6800 Avrodur. Kompensasiya verildiyinə görə, onun yaşıl kartı (hansı ki, ona pulsuz tibbi xidmət hüququ verirdi) ləğv edilmişdir.

Bu işdə Məhkəmə 2-ci maddənin pozulduğunu hesab edib. Məhkəmə milli məhkəmələrin həssas və pozitiv yanaşma tətbiq etdiklərini qəbul etsə də, bildirib ki, işin hallarında ən adekat kompensasiya, müdafiə tərəfinə mənəvi ziyanla bağlı kompensasiya ödəməklə bərabər, uşağın ömür boyu müalicəsi və dərman xərclərini ödəmək olardı. Ərizəçilərə təklif olunan həll yolu 2-ci maddənin pozitiv öhdəliklərinin məqsədləri üçün kafi olmaqdan xeyli uzaq idi.

Qeyd edilməlidir ki, Məhkəmə həm də hesab edib ki, ölkədaxili proses 9 ildən çox sürdüyünə görə, inzibati məhkəmələr hazırki işin hallarında xüsusi əhəmiyyət daşıyan sürətlilik və ağlabatan cəldlik tələbinə riayət etməyib və Konvensiyanın 6-cı maddəsi pozulub. (Əvvəlki işlərdə də hesab etdiyi kimi) Türkiyədə məhkəmə prosesinin ləngliyindən səmərəli şikayət sistemi olmadığından, Məhkəmə 13-cü maddənin də pozuntusunu tapıb.

©legallibrary.org