Əsaslandırılmış məhkəmə qərarı öhdəliyinin pozulması barədə şikayətlərin araşdırılma qaydası – AİHM bələdçisi

Ölkədaxili məhkəmə qərarının kifayət qədər əsaslandırılmaması barədə şikayəti Avropa Məhkəməsi hansı qaydada araşdırır?

(a) Mülahizə işin nəticəsi üçün nə dərəcədə vacib olub?

Konvensiyanın 6.1-ci maddəsi ölkədaxili məhkəmənin üzərinə tərəflərin bütün mülahizələrinə (arqument, etiraz, sübut, müxtəlif hərəkətlərin edilməsi barədə vəsatətlərinə) cavab vermək öhdəliyini qoymur. Əsaslandırılmış məhkəmə qərarı öhdəliyinin həddləri çıxarılan qərarın təbiətindən asılı olaraq dəyişə bilər. Həmçinin təqdim olunmuş mülahizələrin müxtəlifliyi, dövlətlər arasında olan qanunvericilik, adət qaydaları, məhkəmə qərarlarının yazılması qaydalarına aid fərqlər və sair bu kimi faktorlar da burada rol oynayır. Buna görə Məhkəmə həmin öhdəliyin pozulub-pozulmamasını barədə qərar verərkən işin bütün hallarını cəm şəkildə nəzərə alır (bax: Perez Fransaya qarşı, Böyük Palata; Jahnke və Lenoble Fransaya qarşı (dec.); Ruiz Torija İspaniyaya qarşı; İlqar Məmmədov Azərbaycana qarşı (no. 2); Hüseyn və başqaları Azərbaycana qarşı; və s.).

Məhkəmənin presedentlərinə əsasən, mülahizə işin nəticəsi üçün həlledicidirsə, məhkəmə ona konkret və aydın cavab verməlidir (bax: Van de Hurk v. Niderlanda qarşı; Burg Fransaya qarşı (dec.); və s.). Bundan başqa, əsaslandırılmış məhkəmə qərarı öhdəliyi tərəflərin təqdim etdiyi əsas (vacib) mülahizələrinə münasibətdə də yaranır. Mülahizələr Konvensiya və ona dair Protokollarda nəzərdə tutulmuş hüquqlara toxunursa, ölkədaxili məhkəmələr həmin mülahizələrin araşdırılmasına və onlara dair qərarın əsaslandırılmasına xüsusilə diqqətli yanaşmalıdır (bax: Wagner və J.M.W.L. Lüksemburqa qarşı; Neçiporuk və Yonkalo Ukraynaya qarşı; İbrahimov və başqaları Azərbaycana qarşı).

Məsələn, Jaćimović Xorvatiyaya qarşı işdə ölkədaxili məhkəmələr ərizəçinin işin mahiyyətinə aid ciddi arqumentini cavabsız qoyublar. Belə ki, Xorvatiya qanunvericiliyinə əsasən ərizəçiyə ödənilən işsizliyə görə müavinatın ləğv edilməsi məsələsi iki suala cavabdan asılı olub. Birincisi, ərizəçi müavinat hüququndan müəyyən vaxt çərçivəsində istifadə edibmi? İkincisi, ərizəçinin həmin hüquqdan istifadə etməməsi öz iradəsindən asılı olubmu? Ölkədaxili məhkəmələr bu suallardan yalnız biricisi ilə bağlı əsaslandırma ortaya qoyub. İkinci sualla bağlı ərizəçinin konkret arqumenti cavabsız qalıb. Ərizəçi müavinat hüququndan öz iradəsindən asılı olmayan səbəbdən, Xorvatiyada gedən müharibənin ağırlaşması səbəbindən istifadə etmədiyini arqument gətirib. Həmin arqumentin işin nəticəsi üçün həlledici olduğunu qeyd edərək Məhkəmə bu işdə Konvensiyanın 6.1-ci maddəsinin pozuntusunu tapıb.

Açıq-aydın şəkildə işə aid olmayan, əsaslandırılmamış, sui-istifadəçi arqumentlərə, o cümlədən oxşar arqumentlər barəsində aydın hüquqi normalar və ya oturuşmuş məhkəmə praktikası mövcud olduğuna görə qəbuledilməz sayılan arqumentlərə ölkədaxili məhkəmə cavab verməyi qərara ala bilər (bax: Fomin Moldovaya qarşı; Mitrofan Moldovaya qarşı).

Diqqət! Beləliklə, qərarın kifayət qədər əsaslandırılmaması barədə şikayətə baxarkən bir qayda olaraq Məhkəmə cavabsız qalmış mülahizənin (arqument, etiraz, sübut, müxtəlif hərəkətlərin edilməsi barədə vəsatətin və s.) işin nəticəsi üçün nə dərəcədə vacib (zəruri) olduğunu araşdırır. Buna görə ərizəçi və ya onun hüquqşünası Məhkəməyə şikayətində göstərməlidir ki, ölkədaxili məhkəməyə təqdim olunmuş konkret arqument, etiraz, sübut və ya hansısa hərəkətin edilməsi barədə vəsatət (məsələn, tibbi ekspertizanın təyin olunması və ya konkret şahidin dindirilməsi və s. barədə vəsatət):

– işə aid olub və

– işdə ərizəçinin pozisiyasını gücləndirə bilərdi (bəzən hətta işin nəticəsinə təsir etmək güçünə malik olub).

(b) Mülahizənin işin nəticəsi üçün vacibliyi ölkədaxili məhkəmələr qarşısında əsaslandırılıbmı?

Şəxs ölkədaxili məhkəməyə təqdim etdiyi mülahizənin (arqument, etiraz, sübut, müxtəlif hərəkətlərin edilməsi barədə vəsatətin və s.) işə aid olduğunu və onun işdə pozisiyasını gücləndirə biləcəyini (yəni mülahizənin iş üçün zəruriliyini) tək Avropa Məhkəməsinə şikayət yazanda deyil, birinci növbədə ölkədaxili məhkəmələr qarşısında kifayət qədər əsaslandırmalıdır.

Bəzən əsaslandırma elə mülahizənin özündə əks olunur. Məsələn, yuxarıda misal gətirilmiş Jaćimović Xorvatiyaya qarşı işdə olduğu kimi şəxs qanunvericiliyin tələblərinə dair arqument gətirirsə, həmin arqumentin iş üçün həlledici əhəmiyyət kəsb etməsini əlavə olaraq əsaslandırmağa ehtiyac qalmır. Amma, məsələn, şəxs hansısa ekspertizanın təyin olunmasını və ya şahid kimi kiminsə çağırılıb dindirilməsini tələb edirsə, həmin ekspertizanın və ya şahid ifadəsinin işə necə aid olduğunu, hansı hallara aydınlıq gətirə biləçəyini, onun işdə tərəf olaraq pozisiyasını necə gücləndirə biləcəyini, işin nəticəsinə necə təsir edə biləcəyini vəsatətində göstərməlidir (misal üçün, həmin şahidin şəxsin alibisini təsdiq edə biləcəyini qeyd etməklə). Belə əsaslandırma ölkədaxili məhkəməyə təqdim olunmayıbsa, həmin məhkəmənin ekspertizanı təyin etməkdən və ya şahidi dindirməkdən heç bir əsas gətirmədən imtina etməsi çox güman ki, Konvensiyanın pozuntusu sayılmayacaq.

Buna görə işi ölkədaxili məhkəmə qarşısında apararkən strateji hərəkət etmək önəmlidir. Məsələn, şahidin çağırılıb dindirilməsi barədə vəsatəti ölkədaxili məhkəmə qarşısında yazılı formada qaldırmaq və vəsatətdə dindirmənin vacibliyini əsaslandırmaq tövsiyə olunur. Belə yazılı vəsatət Məhkəmə qarşısında sübutetmə işini asanlaşdıra bilər. Vəsatət və əsaslandırma şifahi şəkildə təqdim olunubsa, məhkəmə iclas protokolunda bunun həqiqətən qeyd olunmasına diqqət etmək lazımdır.

(c) Araşdırma ümumilikdə götürdükdə ədalətli olubmu?

Daha öncə qeyd olunduğu kimi, Məhkəmə əsaslandırılmış məhkəmə qərarı öhdəliyin pozulub-pozulmaması barədə qərar verərkən işin bütün hallarını cəm şəkildə nəzərə alır. Məhkəmə təqdim olunmuş mülahizənin ölkədaxili məhkəmə tərəfindən heç bir əsas gətirmədən rədd olunması və ya həmin mülahizəyə göz yumması prosesin ümumilikdə götürüldükdə ədalətli olub-olmamasına necə təsir etdiyini araşdırır. Çünki məhkəmə araşdırmasının Konvensiya baxımından ədalətli olub-olmamasını müəyyən etmək üçün ölkədaxili prosesin yalnız bir aspektini, proses boyu baş vermiş bir insidenti əsas götürmək olmaz, prosesin ümumilikdə gedişatı nəzərə alınmalıdır. Söhbət vacib amma “həlledici” olmayan mülahizədən gedirsə bu cür araşdırma xüsusi önəm daşıyır.

Məsələn, İbrahimov və başqaları Azərbaycana qarşı işdə ölkədaxili məhkəmələr ərizəçilərin işin mahiyyətinə aid vacib arqumentini gözardına alıblar. Belə ki, Konvensiyanın tələblərinə əsasən hər hansı kütləvi aksiyanın dağıdılmasının sərbəst toplaşmaq azadlığına zidd olub-olmaması məsələsi ən başlıca həmin aksiyanın dinc və ya zorakı olmasından asılıdır. Ərizəçilərə qarşı inzibati xəta işində isə ölkədaxili məhkəmələrin nəzərə aldığı yeganə amil onların iştirak etdiyi aksiyanın “icazəsiz” (razılaşdırılmamış) olması faktı olub. Ərizəçilərin iştirak etdikləri aksiyanın dinc olması barədə arqumenti cavabsız qalıb. Həmin arqumentin konkret və ciddi olduğunu qeyd edərək Məhkəmə qərara gəlib ki, ölkədaxili məhkəmələr ona cavab verməli idilər. Məhkəmə bu pozuntunu digər pozuntularla (kifayət qədər vaxta və imkanlara malik olmaq hüququ və hüquqşünasla təmsil olunmaq hüququnun pozuntularıyla) birlikdə cəm şəklində qiymətləndirərək, ərizəçilərə qarşı aparılmış prosesin ümumilikdə götürdükdə ədalətsiz olduğu nəticəsinə gəlib.

Digər bir misal. Abdullayev Azərbaycana qarşı işdə ərizəçi baş vermiş davanı onun deyil, digər şəxsin başladığını iddia edib. Öz iddiasını sübut etmək üçün o, davanın videoyazısını araşdırmağı ölkədaxili məhkəmələrdən xahiş edib. Ölkədaxili məhkəmələr həmin vəsatəti heç bir izah vermədən rədd edib. Avropa Məhkəməsi vəsatətin işə aid olduğunu və ərizəçinin seçdiyi müdafiə xəttini dəstəkləməsi baxımından ağlabatan olduğunu qeyd edib. Daha sonra Məhkəmə belə nəticəyə gəlib ki, videoyazının araşdırılmaması prosesin ümumilikdə götürüldükdə ədalətliliyini pozub. Belə ki, ərizəçi yalnız şahid ifadələri əsasında xuliqanlıq törətməkdə təqsirli bilinib. Həmin şahidlərin hamısı ittiham tərəfindən olub. Buna görə sözügedən videoyazı əhəmiyyətli maddi sübut olub və onun araşdırılması işin vacib hallarına aydınlıq gətirə bilərdi (həmçinin bax: İlqar Məmmədov Azərbaycana qarşı (no. 2); Hüseyn və başqaları Azərbaycana qarşı; Əsədbəyli və başqaları Azərbaycana qarşı (bu işlərdə də Məhkəmə oxşar yanaşma tətbiq edərək, prosesin ümumilikdə götürdükdə ədalətli olub-olmamasını araşdırıb)).

©legallibrary.org