Ölkədaxili məhkəmə qərarını nə dərəcədə əsaslandırmalıdır?
Ölkədaxili məhkəmələrin qərarlarında gətirəcəyi əsaslar şəxsin arqumentinə, onun etirazında və ya müxtəlif hərəkətlərin edilməsi barədə vəsatətində (xahişində) gətirdiyi əsaslandırmaya mütənasib (adekvat) olmalıdır. Yəni şəxsin ortaya qoyduğu arqument və ya əsaslandırma nə qədər çox təfərrüatlı və tutarlıdırsa, məhkəmənin gətirdiyi əsaslandırma da bir o qədər güclü olmalıdır (Murtazaliyeva Rusiyaya qarşı, Böyük Palata).
Ölkədaxili məhkəmənin gətirdiyi əsaslar kifayət qədər aydın olmalıdır ki, tərəflərin qərardan yuxarı instansiyaya şikayət etmək hüququndan (belə hüquq mövcuddursa) effektiv şəkildə yararlanmaq imkanı olsun (bax: Suominen Finlandiyaya qarşı; Hadjianastassiou Yunanıstana qarşı).
Məsələn, Mitrofan Moldovaya qarşı işdə ərizəçi ölkədaxili məhkəmə qarşısında iki ciddi arqument qaldıraraq iddia edib ki, konkret cinayət qanunvericiliyi norması ona qarşı tətbiq oluna bilməzdi. Ölkədaxili məhkəmə həmin arqumentləri şablon şəkildə rədd edib. Məhkəmənin gətirdiyi yeganə əsas həmin arqumentlərin “əsassız olması və iş materialları ilə ziddiyət təşkil etməsi”ifadəsi olub. İşə baxan Avropa Məhkəməsi bu ifadənin olduqca ümumi olmasını qeyd edib. Məhkəmə həmçinin qeyd edib ki, ölkədaxili məhkəmə sözügedən normanın tətbiq oluna bilməsinə dair heç bir konkret əsaslandırma gətirmədiyinə görə ərizəçi ona qarşı çıxarılmış hökmdən yuxarı instansiya məhkəməsinə effektiv şəkildə şikayət edə bilməyib. Nəticədə Məhkəmə əsaslandırılmış məhkəmə qərarı öhdəliyinin pozuntusunu tapıb.
Daha öncə qeyd olunduğu kimi, əsaslandırılmış məhkəmə qərarı öhdəliyinin həddləri müxtəlif faktrolardan asılı olaraq dəyişir. Ölkədaxili məhkəmə qərarı nə dərəcədə geniş və detallı əsaslandırılmalıdır sualına cavab da hər bir işin hallarının işığında müəyyən olunur.
Məsələn, təqdim olunmuş mülahizə nə dərəcədə güçlüdürsə, ölkədaxili məhkəmə bir o qədər də güçlü və geniş əsaslandırma ortaya qoymalıdır (bax: Murtazaliyeva Rusiyaya qarşı, Böyük Palata).
Dəqiq olmayan hüquqi normaları tətbiq etdikdə ölkədaxili məhkəmələr hər bir işin spesifik hallarını nəzərə almaqla həmin normaların nəyə görə məhz konkret formada tətbiq olunduğunu əsaslandırmalıdır. Məhkəmələrin dəqiq olmayan hüquqi normanın mətninə istinad etməsi və ya həmin mətndən sitat gətirməsi kifayət qədər əsaslandırma sayıla bilməz (bax: H. Belçikaya qarşı; Milojević və başqaları Serbiyaya qarşı).
Digər bir misal. Bəzi hallarda yuxarı instansiya məhkəmələrinin qərarları nisbətən daha az detallı əsaslandırılmış ola bilər. Məsələn, yuxarı instansiya məhkəməsi qarşısında ciddi məsələ (şikayət) qaldırılmayıbsa, həmin məhkəmənin aşağı instansiya məhkəməsinin gətirdiyi əsasları və gəldiyi nəticələri qısaca təsdiq etməklə şikayəti rədd etməsi prinsipcə pozuntu sayılmır (bax: García Ruiz İspaniyaya qarşı, Böyük Palata; Baydar Niderlanda qarşı).
Və əksinə, yuxarı instansiya məhkəməsi qarşısında ciddi məsələ (şikayət) qaldırılıbsa, həmin məhkəmə aşağı instansiya məhkəməsinin gətirdiyi əsasları və gəldiyi nəticələri təsdiq etməklə kifayətlənə bilməz. O, həmin məsələni (şikayəti) araşdırmalıdır. Məsələn, Boldea Rumıniyaya qarşı işdə ərizəçi birinci instansiya məhkəməsinin pozuntulara yol verməsindən (o cümlədən çıxardığı qərarı əsaslandırmamasından) apellyasiya məhkəməsinə şikayət edib. Alellyasiya məhkəməsi həmin şikayəti araşdırmadan sadəcə birinci instansiya məhkəməsinin gəldiyi nəticələri təkrarlayıb. Hüseyn və başqaları Azərbaycana qarşı işdə də oxşar hal baş verib. Apellyasiya və kassasiya instansiyası məhkəmələri ərizəçilərin birinci instansiya məhkəməsinin pozuntulara yol verməsi barədə şikayətlərini heç bir əsas gətirmədən toplam şəkildə rədd ediblər. Hər iki işdə Avropa Məhkəməsi əsaslandırılmış məhkəmə qərarı öhdəliyinin pozuntusunu tapıb.
©legallibrary.org