Əsaslandırılmış məhkəmə qərarı öhdəliyi / 6-cı maddənin təsiri altına düşməyən hallar – AİHM bələdçisi

Hansı hallarda məhkəmə qərarının kifayət qədər əsaslandırılmaması barədə şikayətlər Konvensiyanın 6-cı maddəsinin təsiri altına düşmür?

Məlumdur ki, Konvensiyanın 6-cı maddəsi yalnız mülki və cinayət xarakterli işlərə aiddir. İşin xarakterini Avropa Məhkəməsi özü müəyyən edir və onun gəldiyi nəticə ölkədaxili qanunvericilikdəki təsnifatla üst-üstə düşməyə bilər.

Avropa Məhkəməsinin mülki və ya cinayət işi kimi tanımadığı işlərdəki ölkədaxili məhkəmə proseslərində baş vermiş pozuntular barədə şikayətlərə (o cümlədən məhkəmə qərarının kifayət qədər əsaslandırılmaması barədə şikayətlərə) Konvensiyanın 6-cı maddəsi altında baxılmır. Məsələn, Seyidzadə Azərbaycana qarşı işdə ərizəçiparlament seçkilərində namizədliyi ilə əlaqədar aparılmış ölkədaxili məhkəmə prosesinin ədalətsiz oldugundan şikayət edib. O, Konvensiyanın 6-cı maddəsinə istinad edib. Məhkəmə həmin şikayəti qəbuledilməyən sayıb, çünki sözügedən proses siyasi hüquqlar barədə olub və ərizəçinin heç bir mülki hüquq və öhdəliklərinə toxunmayıb.

Həmin şikayətlərə Məhkəmə Konvensiyanın başqa maddələri altında baxa bilər. Məsələn, seçki hüququ barədə məhkəmə proseslərində baş vermiş pozuntular 1-ci Protokolun 3-cü maddəsi altında, miqrasiya və vətəndaşlıq məsələləri barədə məhkəmə proseslərində baş vermiş pozuntular isə Konvensiyanın 8-ci maddəsi altında araşdırıla bilər.

Məhkəmə həmçinin Konvensiyanın 5.4-cü maddəsinə aid işləri (yəni tutulma və ya həbsə alınmanın qanuniliyi barədə ölkədaxili məhkəmə prosesləri barədə işləri) 6-cü maddə altında baxmır. Məsələn, Zayidov Azərbaycana qarşı işdə ərizəçi Konvensiyanın 6-cı maddəsinə istinad edərək həbs qətimkan tədbirinin tətbiqi və zaminə buraxılma barədə xahişinin rədd edilməsi barədə məhkəmə qərarının kifayət qədər əsaslandırılmadığından şikayət edib. Məhkəmə ərizəçinin qaldırdığı şikayətin Konvensiyanın 5.4-cü maddəsi altında baxılmalı olduğunu qeyd edib.

Diqqət! Beləliklə, yuxarıda göstərilmiş hallarda ərizəçi və ya onun hüquqşünası ölkədaxili məhkəmə proseslərində baş vermiş pozuntular barədə şikayətlərini Konvensiyanın 6-cı maddəsi altında deyil, digər müvafiq maddələr altında əsaslandırmalıdır. Ərizəçi və ya onun hüquqşünası həmçinin diqqət etməlidir ki, bəzi hallarda ölkədaxili məhkəmə proseslərində baş vermiş pozuntular barədə şikayətlər ümumiyyətlə qəbuledilməzdir (məsələn, prezident seçkiləri ilə bağlı ölkədaxili məhkəmə proseslərində baş vermiş pozuntular barədə şikayətlər).

©legallibrary.org