Məhkəməyə mülahizələr təqdim etmək hüququ
Ümumi müddəalar
Konvensiyanın 6.3(d) maddəsinə deyilir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlərin çağırılması və dindirilməsi hüququna malikdir.
Bundan əlavə cinayət törətməkdə ittiham olunan şəxsin işə aid bildiyi başqa mülahizələri də ölkədaxili məhkəməyə təqdim etmək hüququ var. Mülahizə dedikdə, bura arqumentlər, etirazlar (o cümlədən bu və ya digər sübutun istifadəsinə qarşı etirazlar), sübutlar (o cümlədən maddi sübutlar və sənədlər), müxtəlif hərəkətlərin edilməsi barədə vəsatətlər və sair daxildir. Konvensiyanın mətnində birbaşa nəzərdə tutulmasa da, Avropa Məhkəməsi həmin hüquq Konvensiyanın 6.1-ci maddəsi ilə nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsi (təminatlarından biri) olduğunu öz presedentlərində bildirib (bax: Perez Fransaya qarşı, Böyük Palata; Jalloh Almaniyaya qarşı, Böyük Palata; H. Belçikaya qarşı; Suominen Finlandiyaya qarşı; Van de Hurk Niderlanda qarşı; İlqar Məmmədov Azərbaycana qarşı (no. 2); Cənnətov Azərbaycana qarşı).
Konvensiyanın 6.1-ci maddəsi şəxsin öz işinə aid bildiyi mülahizələri təqdim etmək hüququnu mülki işlərə münasibətdə də qoruyur.
Ölkədaxili məhkəmələr isə öz növbəsində təqdim olunmuş arqumentləri, sübutları (o cümlədən şahid ifadələrini) və digər mülahizələri lazımi qaydada araşdırmaq öhdəliyini daşıyır (bax: Artico İtaliyaya qarşı; Van de Hurk Niderlanda qarşı; daha ətraflı müzakirə üçün “Əsaslandırımlış məhkəmə qərarı” mövzusuna bax).
Nəzərə almaq lazımdır ki, şəxsin öz işinə aid bildiyi mülahizələri təqdim etmək hüququ mütləq hüquq deyil və məhdudlaşdırıla bilər. Məsələn, ölkədaxili məhkəmə bu və ya digər sübutu qəbuledilməz saya, hansısa arqumenti və ya vəsatəti rədd edə bilərvə sair. Amma tətbiq olunmuş məhdudiyyət:
– kifayət qədər əsaslandırılmalı və
– məhkəmə araşdırmasının ümumilikdə götürüldükdə ədalətliliyini pozmamalıdır.
Şəxsin öz işinə aid bildiyi mülahizələri təqdim etmək hüququna qoyulan məhdudiyyətlər həmçinin “tərəflərə bərabər imkanların verilməsi” (“equality of arms”) prinsipini pozmamalıdır. Ədalətli araşdırma hüququnun vacib təminatlarından biri olan bu prinsipə əsasən işin tərəfləri arasında ədalətli balans gözlənilməlidir. Yəni hər bir tərəfə ağlabatan dərəcədə imkan verilməlidir ki, qarşı tərəfə münasibətdə ciddi şəkildə əlverişsiz şəraitə düşmədən öz işini məhkəmə qarşısında aparsın (müdafiə strategiyasını qursun, suallar versin, sübutlar təqdim etsin və sair) (bax: Jasper Böyük Britaniyaya qarşı, Böyük Palata; Abdullayev Azərbaycana qarşı).
©legallibrary.org