ÜÇÜNCÜ BÖLMƏ
DAKTARAS (DAKTARAS) LİTVAYA QARŞI məhkəmə işi
(Ərizə N 42095/98)
QƏRAR
STRASBURQ
10 oktyabr 2000-ci il
Qərarın qəti qərara çevrilmə tarixi:
17.01.2001
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti qərara çevriləcəkdir. Onun yekun forması Məhkəmənin seçilmiş qətnamə və qərarlar toplusunda dərc olunmazdan əvvəl redaktə oluna bilər.
Daktaras Litvaya qarşı işdə,
Avropa İnsan Hüquqları Məhkəməsi (Üçüncü Seksiya),
hakimlər:
cənab J.-P. Kosta (J.-P. COSTA), sədr;
cənab V. Furmann (W. FUHRMANN);
cənab L. Lukaides (L. LOUCAIDES);
xanım F. Tulkens (F. TULKENS);
ser Nikolas Bratsa (Nicolas BRATZA), Litvanı təmsil etmək üçün təyin olunmuşdur;
xanım H.S. Qriv (H.S. GREVE);
cənab K. Traya (K. TRAJA);
habelə Seksiyanın katibi xanım S. Dolledən (S. DOLLÉ) ibarət Palatada iclas keçirərək,
14 mart və 19 sentyabr 2000-ci ildə qapalı müşavirə keçirərək,
yuxarıda qeyd olunan sonuncu tarixdə qəbul etdiyi aşağıdakı qərarı elan edir:
PROSEDUR
1. İş İnsan haqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) keçmiş 25-ci maddəsinə əsasən Litva vətəndaşı cənab Henrikas Daktaras (“ərizəçi”) tərəfindən 11 may 1998-ci ildə Avropa İnsan Hüquqları Komissiyasına (“Komissiya”) təqdim edilmiş Litva Respublikasına qarşı ərizə (N 42095/98) əsasında başlanmışdır.
2. Ərizəçini müvafiq olaraq Kaunas və Vilnüsdə vəkillik fəaliyyəti ilə məşğul olan cənab R. Girdzyujas və cənab V. Sviderskis təmsil etmişlər. Litva Hökumətini (“Hökumət”) onun nümayəndəsi təmsil etmişdir.
3. Ərizəçi konkret olaraq iddia etmişdir ki, apelyasiya məhkəməsinin qərarını ləğv etmək barədə şikayətə baxmış Ali Məhkəmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan mənada qərəzsiz məhkəmə orqanı deyildi və prokuror ibtidai istintaqın yekununda qəbul etdiyi 1 oktyabr 1996-cı il tarixli qərarı ilə 6-cı maddənin 2-ci bəndi ilə təmin olunan təqsirsizlik prezumpsiyasını pozmuşdur.
4. Ərizə Konvensiyanın 11 saylı Protokolunun qüvvəyə mindiyi tarixdə – 1 noyabr 1998-ci ildə Məhkəməyə verilmişdir (11 saylı Protokolun 5-ci maddəsinin 2-ci bəndi).
5. Ərizə Məhkəmənin Üçüncü Seksiyasının icraatına verilmişdir (Məhkəmə Reqlamentinin 52-ci Qaydasının 1-ci bəndi). 26-cı Qaydanın 1-ci bəndinə uyğun olaraq həmin Seksiyanın tərkibində işə baxacaq Palata təşkil edilmişdir (Konvensiyanın 27-ci maddəsinin 1-ci bəndi). Litvadan seçilmiş hakim cənab P. Küris iclasda iştirak etməkdən imtina etmişdir (28-ci Qayda). Müvafiq olaraq, Hökumət Birləşmiş Krallıqdan seçilmiş hakim ser Nikolas Bratsanı onun əvəzinə iclasda iştirak etmək üçün təyin etmişdir (Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndi və 29-cu Qaydanın 1-ci bəndi).
6. 11 yanvar 2000-ci il tarixli qərarı ilə Palata ərizəni qismən qəbul olunan elan etmiş və işin mahiyyəti üzrə şifahi dinləmə keçirməyi qərara almışdır [Note du greffe : la décision de la Cour est disponible au greffe.].
7. 14 mart 2000-ci ildə Strasburqda İnsan Hüquqları Sarayında açıq dinləmə keçirilmişdir (59-cu Qaydanın 2-ci bəndi).
Məhkəmədə iştirak etmişlər:
a) Hökumətin adından:
cənab G. Şvedas, ədliyyə nazirinin müavini, nümayəndə;
b) ərizəçinin adından:
cənab V. Sviderskis, vəkil.
Məhkəmə onların müraciətlərini dinləmişdir.
8. 3, 4, 8 və 24 fevral, 20 mart və 19 iyun 2000-ci ildə tərəflər Məhkəmənin müraciəti əsasında və ya öz təşəbbüsləri ilə bir sıra sənədlər təqdim etmişlər.
FAKTLAR
I. İŞİN HALLARI
9. 18 fevral 1996-cı ildə Baş Prokurorluğun Mütəşəkkil Cinayətkarlıq Şöbəsinin prokuroru ərizəçiyə qarşı cinayət icraatına başlayıb. O, cinayət törətməkdə, yəni J.M. adlı birisindən oğurlanmış maşınını geri qaytarmağa görə 7.000 ABŞ dolları tələb etməkdə və bu məbləği almaqda şübhəli sayılıb.
10. 1 aprel 1996-cı ildə ərizəçi şantaj (turto prievartavimas) və qurbanı yalan ifadələr verməyə təhrik etmə (poveikis nukentėjusiajam) də daxil olmaqla, dörd bənd üzrə ittiham olunub.
11. İşin ibtidai istintaqı Baş Prokurorluğun Mütəşəkkil Cinayətkarlıq Şöbəsinin prokurorları tərəfindən aparılıb. İstintaq 26 sentyabr 1996-cı ildə yekunlaşıb. Həmin tarixdən 1 oktyabr 1996-cı ilədək ərizəçiyə və onun vəkilinə işin materialları ilə tanış olmaq imkanı verilib.
12. İşin materialları ilə tanış olduqdan sonra ərizəçi və onun vəkili prokurorluq qarşısında işə xitam verilməsi barədə vəsatət qaldıraraq iddia ediblər ki, ərizəçiyə qarşı ittihamlar əsassızdır və “işin materiallarında onun təqsirinə dair heç bir sübut yoxdur”.
13. 1 oktyabr 1996-cı ildə Mütəşəkkil Cinayətkarlıq Şöbəsinin prokuroru ərizəçinin vəsatətlərini rədd etdi. Öz qərarında prokuror digər məsələlərlə yanaşı bildirdi ki:
“İşin materialları ilə tanış olduqdan sonra … ərizəçi cinayət işinə xitam verilməsi barədə vəsatətlər verərək belə əsas gətirib ki, o, iddia edilən cinayətləri törətməyib … və onun təqsiri … sübuta yetirilməyib [kaltė … neįrodyta]. Bu iddialar əsassız sayılaraq rədd edilməlidir, çünki ibtidai istintaqın gedişində toplanmış sübutlar nəticəsində müəyyən edilib ki [kaltė … įrodyta], ərizəçi bu cinayətlərə görə təqsirkardır.
Henrikas Daktaras iddia edilən cinayətləri törətdiyini boynuna almasa da, onun təqsiri şahidlərin ifadələri ilə, … video və audio yazılarla … və ibtidai istintaqın gedişində toplanmış digər materiallarla sübut edilib. H. Daktarasın cinayəti ört-basdır etməsi … şahidlər S.Č., V.V. və A.L.-in verdiyi ifadələr vasitəsilə sübut edilib. … H. Daktarasın zərərçəkən J.M.-in mülkiyyətini əldə etmək üçün ona hədə-qorxu gəlməsi … S.Č.-nin verdiyi ifadə ilə və maddi sübutlarla təsdiq olunub. … H. Daktarasın maşınının oğurlanmasını həyata keçirmiş şəxslərlə əlbir olması onun öz ifadələri vasitəsilə sübut edilib. … H. Daktarasın … zərərçəkəni təhdid etməsi J.M. və S.Č.-nin verdiyi ifadələrin və maddi sübutların vasitəsilə tam sübuta yetirilib. … Prokurorluq yuxarıdakı sübutları J.M.-i yalan ifadələr verməyə təhrik etmə kimi qiymətləndirib. …
Yuxarı da qeyd edilənləri nəzərə alaraq və Cinayət Prosessual Məcəlləsinin 229-cu maddəsinə uyğun olaraq, qərara alındı:
1. ərizəçinin vəsatətləri bütünlüklə rədd edilsin; və
2. aidiyyəti olan şəxslərə qərar barədə məlumat verilsin”.
14. 2 oktyabr 1996-cı ildə Mütəşəkkil Cinayətkarlıq Şöbəsinin baş prokuroru ittiham aktını təsdiq etdi və işi Ali Məhkəməyə göndərdi.
15. Elə həmin gün Ali Məhkəmənin cinayət işləri şöbəsinin sədri işi Vilnüs Regional Məhkəməsinə göndərdi.
16. 18 noyabr 1996-cı ildə Vilnüs Regional Məhkəməsinin hakimi ərizəçinin məhkəmə iclasını keçirdi.
17. 13 fevral 1997-ci ildə hakim ərizəçini şantajda və zərərçəkəni yalan ifadələr verməyə təhrik etməkdə təqsirkar saydı. O, əsas cinayət qismində şantaj ittihamı üzrə məhkum olundu. O, ittihamın digər iki bəndi üzrə bəraət aldı. Ərizəçi yeddi il altı ay müddətinə həbs cəzasına məhkum edildi. O, həmçinin 15.000 lit məbləğində cərimə olundu və əmlakı müsadirə edildi.
18. Ərizəçi hökmdən apelyasiya şikayəti verərək dövlətdaxili maddi hüquqi və prosessual qanunvericilikdə müxtəlif qüsurlar olduğunu qeyd etdi. O, digər məsələlərlə yanaşı iddia etdi ki, onun təqsirsizlik prezumpsiyası hüququ pozulub və onun məhkəmə araşdırması müstəqil və qərəzsiz məhkəmə tərəfindən aparılmayıb.
19. 27 may 1997-ci ildə Apelyasiya Məhkəməsi apelyasiya şikayəti üzrə dinləmə keçirdi. O, 13 fevral 1997-ci il tarixli hökmün ərizəçinin şantaja görə məhkum edilməsinə aid hissəsinə düzəliş edərək qərara aldı ki, ərizəçi əsas cinayətkar deyil, yardımçı şəxs olub. Cəza müddəti dəyişdirilməyərək saxlanıldı.
20. Ərizəçi Ali Məhkəməyə şikayət verərək iddia etdi ki, aşağı məhkəmələrin hər ikisi faktlara və hüquqi məsələlərə səhv qiymət veriblər və o, iddia edilən cinayətləri törətməyib.
21. Birinci instansiya məhkəməsi qismində hökm çıxarmış Vilnüs Regional Məhkəməsinin hakimi 3 iyul 1997-ci ildə Ali Məhkəmənin cinayət işləri şöbəsinin sədrinə məktub yazaraq ərizəçinin şantaj cinayətində iştirak dərəcəsinin müəyyən edilməsində Apelyasiya Məhkəməsinin gəldiyi nəticələrə etiraz etdi. Həmin məktubda hakim bildirdi ki, ərizəçi cinayətin əsas iştirakçısı kimi məhkum edilməlidir. Hakim sədrdən xahiş etdi ki, Apelyasiya Məhkəməsinin qərarının ləğv olunması üçün təqdimat versin.
22. 27 avqust 1997-ci ildə Ali Məhkəmənin cinayət işləri şöbəsinin sədri Ali Məhkəmənin cinayət işləri şöbəsinə vəsatət verdi ki, Apelyasiya Məhkəməsinin qərarı ləğv olunsun. Vəsatətdə sədr digər məsələlərlə yanaşı bildirdi ki:
“Apelyasiya Məhkəməsinin qərarı ləğv edilməlidir. … Apelyasiya Məhkəməsi … qanunu səhvən şərh edib və yanlış tətbiq edib. … İşin materialları əsasında … o, hesab edib ki, H. Daktaras … bir qrup şəxsin istəyini yerinə yetirib, … halbuki o, şantaj cinayətində əsas iştirakçı olub. …
Cinayət Prosessual Məcəlləsinin 417-ci maddəsinə uyğun olaraq, vəsatət qaldırıram ki:
Apelyasiya Məhkəməsinin 27 may 1997-ci il tarixli qərarı ləğv edilsin … və Vilnüs Regional Məhkəməsinin 13 fevral 1997-ci il tarixli hökmü qüvvədə saxlanılsın.
23. 8 sentyabr 1997-ci ildə Ali Məhkəmənin cinayət işləri şöbəsinin sədri iş üzrə məruzəçi hakimi təyin etdi. Həmçinin 23 sentyabr 1997-ci ildə sədr işə baxılması üçün Ali Məhkəmənin cinayət işləri şöbəsinin üç hakimindən ibarət Palatanı təyin etdi.
24. Dinləmə 2 dekabr 1997-ci ildə keçirildi. Dinləmə zamanı Mütəşəkkil Cinayətkarlıq Şöbəsinin baş prokuroru Palatadan xahiş etdi ki, prokurorluğun adından vəsatəti təmin etsin (prokurorluq özü iş üzrə şikayət təqdim etməmişdi). Ərizəçi Ali Məhkəmədən xahiş etdi ki, onun şikayətini təmin etsin və vəsatəti rədd etsin.
25. Yuxarıda göstərilən tarixdə Ali Məhkəmə Apelyasiya Məhkəməsinin qərarını ləğv etdi və Vilnüs Regional Məhkəməsinin hökmünü qüvvədə saxlayaraq ərizəçinin şikayətini rədd etdi və vəsatəti rədd etdi. Ali Məhkəmə hesab etdi ki, ərizəçi şantaj ittihamı üzrə əsas cinayətkar olub.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ PRAKTİKA
26. Aşağıdakılar bu işə aidiyyəti olan müddəalardır:
A. Hakimlərin qərəzsizliyi və müstəqilliyi
Cinayət Prosessual Məcəlləsinin (“CPM”) 14-cü maddəsi
“Hakimlər cinayət işləri üzrə ədalət mühakiməsini həyata keçirərkən müstəqildirlər və yalnız qanun qarşısında cavabdehdirlər. Hakimlər cinayət işlərini qanuna və vicdanlarına uyğun olaraq və kənar məsələlərin onlara təsir göstərməsini mümkünsüz edən bir şəraitdə həll edirlər. Ədalət mühakiməsini həyata keçirərkən hakimlərin və ya məhkəmələrin hərəkətlərinə hər hansı müdaxilə qadağandır və qanuna əsasən məsuliyyətə səbəb olur”.
CPM-in 76-cı maddəsi
“Məhkəmə … sübutları öz daxili inamına uyğun surətdə, işin bütün hallarının hərtərəfli, tam və obyektiv araşdırılması əsasında, qanuna və hüquq düşüncəsinə uyğun olaraq qiymətləndirir.
Heç bir sübut məhkəməyə qərəzli təsir göstərməməlidir. …”.
31-ci maddənin şərtlərinə əsasən, qərəzsizliyindən şübhələnmək üçün qanuni əsaslar olan hakim işə baxmaqdan kənarlaşdırılmalıdır. Eyni səbəbə görə müttəhim və işdəki digər tərəflər hakimə etiraz edə bilərlər.
B. Ali Məhkəmənin cinayət işləri şöbəsi hakimlərinin və sədrinin statusu
“Məhkəmələr haqqında” Qanunun 13-cü maddəsinə və Ali Məhkəmənin Əsasnaməsinin 2-ci maddəsinə əsasən, Ali Məhkəmə sədrdən, mülki və cinayət işləri şöbələrinin sədrlərindən və digər hakimlərdən ibarətdir.
“Məhkəmələr haqqında” Qanunun 24-cü və 35-ci maddələrinə və Ali Məhkəmənin Əsasnaməsinin 16-cı və 18-ci maddələrinə əsasən, Ali Məhkəmənin hakimləri parlament tərəfindən təyin edilən peşəkar şəxslərdir və vəzifələri daimidir.
“Məhkəmələr haqqında” Qanunun 39-cu maddəsinə əsasən, şöbələrin sədrləri məhkəmənin işinin “təşkilati sahəsinə” başçılıq etmək səlahiyyətinə malik vəzifəli şəxslərdir. 39-cu maddənin 1-ci bəndinə əsasən, şöbələrin sədrləri həmçinin işlərdə hakim qismində iştirak edə bilərlər; belə işlərdə onlar adi hakimlərlə eyni məhkəmə funksiyalarını yerinə yetirirlər.
Ali Məhkəmənin Əsasnaməsinin 12-ci bəndində nəzərdə tutulur ki, cinayət işləri şöbələrinin sədri:
“1) işlərə baxarkən digər hakimlərlə eyni hüquq və vəzifələrə malikdir. O, aşağı məhkəmələrin qərarlarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün vəsatətlər verə bilər …;
2) hakimlərdən ibarət palataları təşkil edir və onların sədrlərini təyin edir, … işlərin hakimlər arasında bölgüsünü aparır … işlərə baxılmasına nəzarət edir;
3) məhkəmənin sədrinə hakimlərin və digər vəzifəli şəxslərin mükafatlandırılması və həvəsləndirmə tədbirləri barədə təkliflər verilir;
4) dəftərxanaya başçılıq edir;
5) presedentlərin tədqiq edilməsi işini aparır …;
6) fəaliyyətlərin statistik icmalını təsdiq edir …;
7) qanuna və Ali Məhkəmə sədrinin təşkilati göstərişlərinə uyğun olaraq digər funksiyaları icra edir.
Əsasnamənin 14-cü maddəsində nəzərdə tutulur ki, cinayət işləri şöbəsinin sədri apelyasiya şikayətlərinə baxılmasının təşkilinə görə cavabdehdir.
“Məhkəmələr haqqında” Qanunun 39-cu maddəsi məhkəmələrin və ya şöbələrin sədrlərinin ədalət mühakiməsini həyata keçirən digər hakimlərə təsir göstərməsini və ya hər hansı başqa yolla onların müstəqilliyinə xələl gətirməsini birmənalı şəkildə qadağan edir.
C. Aşağı məhkəmənin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün vəsatət
CPM-in 417-ci maddəsinə əsasən, Ali Məhkəmənin sədri, Apelyasiya Məhkəməsinin sədri, regional məhkəmələrin sədrləri və yuxarıda qeyd edilən məhkəmələrin cinayət işləri şöbələrinin sədrləri aşağı məhkəmənin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün vəsatət verə bilərlər. 417-ci maddənin 5-ci bəndinə əsasən, bu vəsatətə məhkəmə tərəfindən baxılması tərəflərin məhkəmə prosesində təqdim etdikləri adi apelyasiya proseduru kimidir.
418-ci maddənin 2-ci bəndində apelyasiya şikayəti və ya vəsatət vermək üçün tələblər nəzərdə tutulub: orada şikayətə baxan konkret məhkəmə, işin adı və iş üzrə qərar, qərarın mahiyyəti və aşağı məhkəmənin qərarının ləğv edilməli olmasının səbəbləri göstərilməlidir.
D. Təqsirsizlik prezumpsiyası
Konstitusiyanın 31-ci maddəsinin 1-ci bəndində deyilir:
“Şəxs təqsiri qanun əsasında və məhkəmənin yekun qərarı ilə sübut edilənə qədər təqsirsiz sayılır”.
CPM-in 11-ci maddəsinin 2-ci bəndində deyilir:
“Qanun əsasında məhkəmə qərarının çıxarıldığı hallardan savayı heç kəs cinayət törətməkdə təqsirli elan edilə və cinayət cəzasına məruz qala bilməz”.
E. Cinayət prosesində prokurorun rolu
Konstitusiyanın 118-ci maddəsində nəzərdə tutulur ki, prokurorlar digər funksiyalarla yanaşı cinayət təqibini həyata keçirir və ibtidai istintaqın aparılmasına görə cavabdeh olan şəxslərə nəzarət edirlər.
CPM-in 45-ci və 46-cı maddələrinə əsasən, prokurorun rolu cinayət işinin qanun əsasında başlanmasını və ibtidai istintaq zamanı daxili qanunvericiliyə riayət edilməsini təmin etməkdən, məhkəmədə ittihamları irəli sürməkdən, prosessual hərəkətlərə qarşı şikayət etməkdən və məhkəmə qərarlarının icrasına nəzarət etməkdən ibarətdir.
5 fevral 1999-cu il tarixli qərarı ilə Konstitusiya Məhkəməsi digər məsələlərlə yanaşı Litva cinayət prosesində prokurorun ümumi rolunu aşağıdakı kimi ifadə etdi:
“Konstitusiya prokurorlara ədalət mühakiməsi sisteminin xüsusi funksiyalara malik tərkib hissəsi kimi baxır. Prokuror ibtidai istintaqa nəzarət edən vəzifəli şəxsdir. …
Prokuror cinayət işində əvvəldən iştirak edə bilər. … Qanunla nəzərdə tutulmuş prosedura uyğun olaraq, o, cinayət ittihamını irəli sürür və cinayətin istintaqını aparır. Onun funksiyalarından biri ibtidai istintaqı aparan orqanlara nəzarət etməkdir. … Prokuror özü istənilən cinayətin istintaqını apara bilər. …
Beləliklə, prokuror cinayət prosesinin ibtidai araşdırma mərhələsinə görə cavabdehdir. …
Qanunvericiliyə əsasən ibtidai istintaqa prosessual nəzarət vasitələri məhkəməyə deyil, … prokurora məxsusdur”.
CPM-in 3, 125, 128 və 130-cu maddələrinə əsasən, müstəntiq, prokuror və məhkəmə cinayət işinə başlamaq və xitam vermək və iş üzrə sübutlar toplamaq hüququna malikdirlər (18 və 74-76-cı maddələr). Bu funksiyalar prosesin mərhələlərinə uyğun olaraq həyata keçirilir.
İbtidai istintaq baş prokurorluğun tabeliyində olan prokurorlar və ya Daxili İşlər Nazirliyinin müstəntiqləri tərəfindən aparıla bilər (142-ci maddə).
CPM-in 24-cü və 33-cü maddələrinə uyğun olaraq, prokurorlar ibtidai istintaq mərhələsində müstəntiqlər tərəfindən daxili qanunvericiliyə riayət olunmasını təmin edirlər. Onlar qanun pozuntularının aşkara çıxarılmasına görə cavabdehdirlər. Bunu edərkən prokurorlar “digər orqanlardan müstəqil fəaliyyət göstərirlər və yalnız qanun qarşısında cavabdehdirlər” (24-cü maddənin 2-ci və 3-cü bəndləri). 24-cü maddənin 4-cü bəndinə əsasən, prokurorların qərarları “bütün orqanlar və şəxslər üçün məcburidir”.
Prokurorluq tərəfindən ibtidai istintaq aparılarkən təqsirləndirilən şəxs işin materialları ilə tanış olaraq (CPM-in 225-229-cu maddələri) prokurora “əlavə araşdırma” aparılması barədə vəsatət verə bilər. Prokuror vəsatəti rədd etdikdə əsaslandırılmış qərar qəbul etməlidir (229-cu maddənin 2-ci bəndi). Bu qərardan sonra ittiham aktı hazırlana bilər (230-cu maddə).
İbtidai istintaq mərhələsində təqsirləndirilən şəxs prokurorun hərəkətindən yuxarı prokurora şikayət edə bilər, yuxarı prokuror həmin şikayət üzrə qərar qəbul edir (CPM-in 242-244-cü maddələri).
İttiham aktı təsdiq edildikdən sonra iş məhkəməyə göndərilməlidir (CPM-in 241-ci maddəsi). Bu mərhələdən başlayaraq “işlə bağlı hər hansı vəsatətlər və ya şikayətlər birbaşa məhkəməyə verilir” (241-ci maddənin 2-ci bəndi).
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 6-cı MADDƏSİNİN 1-ci BƏNDİNİN İDDİA EDİLƏN POZUNTUSU
27. Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulmasından şikayət etdi, həmin bəndə əsasən:
“Hər kəs, … ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, … müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, … işinin ədalətli … araşdırılması hüququna malikdir. …”.
28. Ərizəçi şikayət etdi ki, apelyasiya məhkəməsinin qərarının ləğv edilməsi barədə vəsatəti dinləmiş Ali Məhkəmənin Palatası Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan mənada qərəzsiz məhkəmə sayıla bilməzdi, çünki Ali Məhkəmənin cinayət işləri şöbəsinin sədri tərəfindən vəsatət verildikdən sonra ona Apelyasiya Məhkəməsinin qərarını ləğv etmək və birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamaq tapşırığı verilmişdi. Ali Məhkəmənin qərəzliliyinə dair ərizəçinin şübhələrini belə fakt gücləndirirdi ki, iş üzrə məruzəçi hakimi və Palata üzvlərini sədr özü təyin etmişdi.
29. Hökumət iddia etdi ki, qərarın ləğvi və ya dəyişdirilməsi barədə vəsatətin məqsədi iş üzrə faktları və ya hüquqi məsələləri qiymətləndirərkən aşağı məhkəmələrin yol verdiyi mümkün səhvlərin yuxarı məhkəmələrin vəzifəli şəxsləri tərəfindən aradan qaldırılmasına imkan verməkdən ibarətdir. Hökumət həmçinin bildirdi ki, Ali Məhkəmənin cinayət işləri şöbəsinin sədri daxili qanunvericilik altlarına uyğun olaraq yalnız təşkilati funksiyaları yerinə yetirib, konkret işə baxılmasında iştirak etməyib və Palatanın qərarına təsir göstərmək və ya vəsatətə baxan hakimlərə hər hansı başqa yolla hüquqa zidd təzyiq etmək üçün heç bir qanuni səlahiyyətə malik olmayıb.
Apelyasiya Məhkəməsinin qərarını ləğv etmək barədə vəsatətə ərizəçinin apelyasiya şikayəti ilə eyni qaydada baxılıb, buna görə də həmin sədrin qərara təsir göstərmək imkanı ərizəçinin imkanlarından heç də artıq olmayıb. Hökumət Litqou və başqaları Birləşmiş Krallığa qarşı işə (8 iyul 1986, A seriyaları, c. 102) istinadən bildirdi ki, sədrin vəsatətdə bildirdiyi rəyi Ali Məhkəmənin hakimləri üçün məcburi deyildi, buna görə də məhkəmənin qərəzsizliyi ilə bağlı şübhələrin əsası yox idi. Şikayətə baxan Palatanın üzvlərinin sədr tərəfindən təyin edilməsi faktı məsələni dəyişmir. Bununla bağlı Hökumət Ali Məhkəmənin on bir qərarının surətini təqdim etdi, həmin qərarlarda Ali Məhkəmə sədrinin və ya cinayət işləri şöbəsinin sədrinin müxtəlif vəsatətləri bütünlüklə və ya qismən rədd edilmişdi, baxmayaraq ki, həmin işlərin bəzilərində eyni yüksək vəzifəli hakim həm işlə bağlı vəsatət vermiş, həm də işə baxan hakimləri təyin etmişdi.
30. Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndindəki qərəzsizlik tələbinin iki aspekti vardır. Birincisi, məhkəmə orqanı subyektiv cəhətdən qərəzsiz olmalıdır, yəni məhkəmə orqanının heç bir üzvünün işdə şəxsi tərəfkeşliyi və ya qərəzliliyi olmamalıdır. Əgər bunun əksi sübut edilməyibsə, işdə şəxsi qərəzliliyin olmadığı hesab edilir. İkincisi, məhkəmə orqanı obyektiv cəhətdən qərəzsiz olmalıdır, bu o deməkdir ki, o, bu məsələ ilə bağlı hər hansı qanuni şübhələri aradan qaldırmaq üçün yetərli təminatlar verməlidir (bax: “Academy Trading Ltd” və başqaları Yunanıstana qarşı, ərizə N 30342/96, b. 43, 4 aprel 2000-ci il, dərc olunmayıb).
31. Subyektiv meyara gəldikdə, Məhkəmə qeyd edir ki, bu işdə Ali Məhkəmənin ayrı-ayrı hakimləri tərəfindən şəxsi qərəzliliyin olduğuna dəlalət edən heç bir sübut təqdim edilməyib.
32. Obyektiv meyara görə, hakimlərin qərəzsizliyinə qarşı şübhə yaradan inandırıcı faktların olub-olmadığı müəyyən edilməlidir. Bununla bağlı hətta zahiri əlamətlər də müəyyən əhəmiyyət daşıyır. Burada önəmli olan məsələ demokratik cəmiyyətdə ictimaiyyətə və ilk növbədə prosesdə iştirak edən tərəflərə məhkəmələrə qarşı inam aşılamaqdır (yenə yuxarıda qeyd edilən qərara bax, b. 45).
33. Bu işin faktlarına gəldikdə, Məhkəmə qeyd edir ki, Ali Məhkəmənin cinayət işləri şöbəsinin sədri Apelyasiya Məhkəməsinin qərarı ilə razılaşmayan birinci instansiya məhkəməsinin hakiminin vəsatətini aldıqdan sonra həmin şöbənin hakimlərinə Apelyasiya Məhkəməsinin qərarının ləğv olunması üçün vəsatət verib. Sədr Apelyasiya Məhkəməsinin qərarının ləğv olunmasını və birinci instansiya məhkəməsinin hökmünün qüvvədə saxlanmasını təklif edib. Sonra həmin sədr iş üzrə məruzəçi hakimi təyin edib və işə baxmalı olan Palatanı təşkil edib. Sədrin vəsatəti dinləmədə prokurorluq tərəfindən və yekunda Ali Məhkəmə tərəfindən dəstəklənib.
34. Hökumət vurğuladı ki, aşağı məhkəmənin qərarının ləğvi və ya dəyişdirilməsi barədə vəsatət verərkən sədrin rolu heç bir halda Ali Məhkəmədəki prosesdə iştirak edən tərəfin rolu ilə eyni deyil; onun rolu vəsatətə baxan məhkəməyə işdə qaldırılan faktiki və hüquqi məsələlərlə bağlı qərəzsiz və müstəqil rəyini bildirməklə və etiraz edilən qərarın ləğvini tələb edən hər hansı məsələyə onun diqqətini cəlb etməklə məhdudlaşır.
35. Lakin Məhkəmə hesab edir ki, bu cür rəy tərəflərin mövqeyi baxımından neytral sayıla bilməz. Konkret qərarın qəbul və ya ləğv olunmasını tövsiyə etməklə sədr qaçılmaz olaraq müttəhimin ya müttəfiqi, ya da əleyhdarı olur (müvafiq dəyişikliklərlə bax: Borgers Belçikaya qarşı, 30 oktyabr 1991-ci il tarixli qərar, .A seriyaları, c. 214-B, s. 31-32, b. 26).
Bu işdə sədr mahiyyət etibarı ilə ittiham tərəfinin mövqeyində durmuşdu, çünki dinləmədə sədrin vəsatətinə ərizəçi tərəfindən etiraz edilir, amma ittiham tərəfi həmin vəsatəti müdafiə edirdi, baxmayaraq ki, vəsatəti ittiham tərəfi özü verməmişdi (yuxarıda 24-cü bəndə bax, həmçinin müvafiq dəyişikliklərlə bax: Findley Birləşmiş Krallığa qarşı, 25 fevral 1997-ci il tarixli qərar, Məhkəmə qərarları toplusu, 1997-I, s. 281-281, b. 74).
36. Bundan başqa, sədrin vəsatət barədə qərar çıxaran məhkəmənin üzvü qismində iclasda iştirak etməməsi həqiqət olsa da, o, rəhbərlik etdiyi cinayət işləri şöbəsinin hakimləri arasından məruzəçi hakimi və Palatanın üzvlərini seçmişdi.
Bununla bağlı Məhkəmə Findleyin işi üzrə yuxarıda adı çəkilən qərarı xatırladır (yenə həmin qərara bax, b.74-76), həmin qərarında o, müəyyən etmişdi ki, hərbi məhkəmə müstəqil və qərəzsiz deyildi, bunun səbəbi o idi ki, məhkəmə iclasını çağırılmış və məhkəmə üzvlərini rütbələrinə görə ona tabe olan və onun rəhbərliyi altında qulluq edən şəxslərdən təyin etmiş zabit ərizəçinin işinə baxılmazdan əvvəl və baxıldığı müddətdə əhəmiyyətli rola malik olmuşdu.
Bu bir həqiqətdir ki, bu iş Findleyin işindən fərqlidir, belə ki, həmin işdə hərbi məhkəmənin tərkibindəki müəyyən qeyri-peşəkar ad hoc hakimlərdən fərqli olaraq, Ali Məhkəmə daimi fəaliyyət göstərən peşəkarlardan təşkil edilmişdi (yuxarıda 26-cı bəndə bax).
Lakin cinayət işləri şöbəsinin sədri ittiham tərəfinin mövqeyində durmaqdan savayı həm də təşkilati və idarəetmə funksiyalarına malikdirsə və bundan əlavə məhkəməni təşkil edirsə, obyektiv nöqteyi-nəzərdən hüquqa zidd təzyiqin olması ilə bağlı hər hansı qanuni şübhələrin aradan qalxması üçün yetərli təminatların olduğunu söyləmək olmaz. Birinci instansiya məhkəməsinin hökmünə sədrin dərhal müdaxilə etməsi faktı vəziyyəti daha da ağırlaşdırır.
37. Bəzi digər işlərdə Ali Məhkəmə sədrinin və ya cinayət işləri şöbəsi sədrinin vəsatətlərinin Ali Məhkəmə tərəfindən rədd edildiyi barədə Hökumətin arqumenti heç nəyi dəyişmir. Yuxarıda qeyd edildiyi kimi, konkret işdə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə riayət edilib-edilmədiyini qiymətləndirərkən məhkəmə orqanının qərəzsizliyi ilə bağlı hər hansı qanuni şübhə həmin bəndin pozulduğu qənaətinə gəlmək üçün kifayətdir.
38. Yuxarıda qeyd edilənlərin işığında Məhkəmə hesab edir ki, Ali Məhkəmənin qərəzsizliyi ilə bağlı ərizəçinin şübhələrinin obyektiv əsaslarının olduğunu söyləmək olar. Müvafiq olaraq, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulub.
II. KONVENSİYANIN 6-cı MADDƏSİNİN 2-ci BƏNDİNİN İDDİA EDİLƏN POZUNTUSU
39. Ərizəçi şikayət etdi ki, prokuror 1 oktyabr 1996-cı il tarixli qərarında onu təqsirkar elan etməklə Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndini pozub, həmin bənddə aşağıdakılar nəzərdə tutulur:
“Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir”.
40. Hökumət iddia etdi ki, prokurorun 1 oktyabr 1996-cı il tarixli qərardakı bəyanatlarında sadəcə olaraq ərizəçinin ona qarşı heç bir sübut olmadığı barədə bəyanatının cavabında işin materiallarında ərizəçiyə qarşı ciddi sübutların olduğu qeyd edilməklə ərizəçiyə qarşı şübhələrin dərəcəsi ifadə edilmişdi. Yalnız bu qərardan sonra prokuror ittiham aktını tərtib edə və ibtidai istintaqı yekunlaşdıra bilərdi. Əks halda ərizəçinin xeyrinə hər hansı şübhənin olması ona qarşı ittihamların götürülməsinə səbəb olacaqdı. Bu baxımdan prokurordan tələb olunurdu ki, ya şübhənin əsaslı olduğunu təsdiq edən əsaslandırılmış qərar qəbul etsin, ya da işə xitam versin. Hökumət daha sonra vurğuladı ki, 1 oktyabr 1996-cı il tarixli qərar ictimaiyyət qarşısında verilən, 6-cı maddənin 2-ci bəndi üzrə xüsusi araşdırılmalı olan açıqlama deyildi. Ümumiyyətlə, prokurorun bəyanatının verildiyi şəraiti nəzərə alsaq, o, həmin bəndin tələblərini pozmamışdı.
41. Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit edilmiş təqsirsizlik prezumpsiyası cinayət işi üzrə məhkəmə araşdırmasında 6-cı maddəsinin 1-ci bəndinin tələb etdiyi elementlərdən biridir. Həmin bənd o vaxt pozulur ki, cinayət əməlində ittiham olunan şəxsin təqsirli olması qanun əsasında sübut edilməzdən əvvəl həmin şəxslə bağlı dövlətin vəzifəli şəxsi tərəfindən verilən bəyanatda onun təqsirli olduğu fikri əks olunur. Hətta hər hansı formal qərar olmasa belə, bu bəyanat təqsirləndirilən şəxsin vəzifəli şəxs tərəfindən təqsirkar hesab edildiyini əsaslı olaraq düşünmək üçün kifayət edir (müvafiq dəyişikliklərlə bax: Allene de Ribemon Ftransaya qarşı, 10 fevral 1995-ci il tarixli qərar, A seriyaları, c. 308, s. 16, b. 35).
Bununla bağlı Məhkəmə şəxsin məhkəmə araşdırmasının keçirilməsindən və cinayət törətməyə görə təqsirkar sayılmasından əvvəl dövlətin vəzifəli şəxslərinin öz bəyanatlarında sözləri düzgün seçmələrinin vacibliyini vurğulayır.
42. Üstəlik, təqsirsizlik prezumpsiyası prinsipi təkcə hakim və ya məhkəmə tərəfindən deyil, digər dövlət orqanlarının nümayəndələri, o cümlədən prokurorlar tərəfindən də pozula bilər (yenə yuxarıdakı qərara bax, b. 36). Bu, xüsusən o hallara aiddir ki, prokuror, bu işdə olduğu kimi, üzərində tam prosessual nəzarətə malik olduğu ibtidai istintaq mərhələsində ittihamların götürülməsi barədə ərizəçinin vəsatətini rədd etmək barədə qərar qəbul etməklə yarıməhkəmə funksiyasını yerinə yetirir (yuxarıda 26-cı bəndə bax).
43. Bununla belə, dövlətin vəzifəli şəxsinin bəyanatının təqsirsizlik prezumpsiyası prinsipini pozub-pozmaması etiraz edilən bəyanatın verildiyi konkret şəraitin kontekstində müəyyən edilməlidir (digər qərarlarla yanaşı bax: Adolf Avstriyaya qarşı, 26 mart 1982-ci il tarixli qərar, A seriyaları, c. 49, s. 17-19, b. 36-41).
44. Məhkəmə qeyd edir ki, hazırkı işdə etiraz edilən bəyanatlar prokuror tərəfindən cinayət prosesindən müstəqil bir kontekstdə, məsələn, mətbuat konfransında deyil, prosesin ilkin mərhələsində qəbul olunan, cinayət təqibinə xitam vermək barədə ərizəçinin vəsatətini rədd edən əsaslandırılmış qərar kontekstində verilmişdi.
Məhkəmə daha sonra qeyd edir ki, ərizəçinin təqsirinin işin materiallarındakı dəlillərlə “sübut edildiyini” bəyan edərkən prokuror işə xitam verilməsi barədə vəsatətdə təqsirinin işin materiallarındakı dəlillərlə “sübut edilmədiyini” iddia etmiş ərizəçinin istifadə etdiyi ifadədən istifadə etmişdi. Burada “sübut edilmə” ifadəsi uğursuz ifadə olsa da, Məhkəmə hesab edir ki, bu ifadənin işlədildiyi konteksti nəzərə alsaq, həm ərizəçi, həm də prokuror ərizəçinin təqsirinin sübutlarla təsdiq edildiyini deyil (bu məsələni həll etmək, şübhəsiz ki, prokurorun işi deyildi), işin materialları əsasında məhkəmə araşdırmasının davam etdirilməsinə haqq qazandıran kifayət qədər sübutların aşkar edilib-edilmədiyi məsələsini nəzərdə tutmuşdular.
45. Belə olan halda Məhkəmə bu qənaətə gəlir ki, 1 oktyabr 1996-cı il tarixli qərarda prokurorun bəyan etdiyi fikirlər təqsirsizlik prezumpsiyası prinsipini pozmayıb.
Buna görə də Konvensiyanın 6-cı maddəsinin pozuntusu baş verməyib.
III. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ
46. Konvensiyanın 41-ci maddəsində deyilir:
“Əgər Məhkəmə Konvensiya ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir”.
A. Ziyan
47. Ərizəçi Konvensiyanın pozulması nəticəsində məruz qaldığı mənəvi ziyana görə 10.000 lit tələb etdi.
48. Hökumət bu tələbi əsassız hesab etdi.
49. Məhkəmə hesab edir ki, 6-cı maddənin 1-ci bəndinin pozuntusunun müəyyən edilməsi faktının özü yetərli kompensasiya təşkil edir. Müvafiq olaraq, o, bu bənd üzrə hər hansı kompensasiya təyin etmir.
B. Məhkəmə xərcləri və digər məsrəflər
50. Ərizəçi məhkəmə xərclərinə və digər məsrəflərə görə 10.354,22 lit tələb etdi, bu məbləğə işinin Strasburqda dinlənilməsi ilə bağlı səyahət və qalma xərcləri də daxildir. O, tələbini təsdiq edən müvafiq sənədləri təqdim etdi.
51. Hökumət yuxarıdakı məbləği həddən artıq çox hesab etdi.
52. Məhkəmə hesab edir ki, bu bənd üzrə tələb olunan məbləğlər faktiki və zəruri olaraq çəkilib və həmin məbləği bütünlüklə təyin edir, bu məbləğdən tutula bilən hər hansı vergi məbləği onun üzərinə əlavə olunmalıdır.
53. Məhkəmədə olan məlumata görə, bu qərarın qəbul edildiyi tarixdə Litvada tətbiq edilən qanuni faiz dərəcəsi illik 9,5% təşkil edir.
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ:
1. Qərara alır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulub;
2. Qərara alır ki, Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndi pozulmayıb;
3. Qərara alır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusunun müəyyən edilməsi faktının özü ərizəçinin məruz qaldığı mənəvi ziyana görə yetərli kompensasiya təşkil edir;
4. Qərara alır ki:
a) cavabdeh dövlət Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq bu qərarın qəti qərara çevrildiyi tarixdən sonra üç ay ərzində ərizəçiyə məhkəmə xərclərinə və digər məsrəflərə görə 10.354,22 lit (on min üç yüz əlli dörd lit iyirmi iki sent) ödəməlidir, bu məbləğin üzərinə ondan tutula biləcək hər hansı vergi məbləği əlavə olunmalıdır;
b) yuxarıda qeyd edilən üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər bu məbləğin üzərinə 9,5%-ə bərabər adi illik faiz dərəcəsi əlavə olunmalıdır;
5. Əvəzin ədalətli ödənilməsi haqqında ərizəçinin qalan tələblərini rədd edir.
Qərar ingilis dilində tərtib edilmiş və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq, 10 oktyabr 2000-ci ildə qərar barədə yazılı məlumat verilmişdir.
S. Dolle (S. DOLLÉ)
Katib
J.-P. Kosta (J.-P. COSTA)
Sədr