MADDƏ 8/№62617/00 KOPLAND BİRLƏŞMİŞ KRALLIĞA QARŞI – 3 APREL 2007-Cİ İL

© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (www.coe.int/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.

© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (www.coe.int/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.

© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (www.coe.int/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.

 

DÖRDÜNCÜ BÖLMƏ

 

 

KOPLAND BİRLƏŞMİŞ KRALLIĞA qarşı İŞİ

(CASE OF COPLAND v. THE UNİTED KİNGDOM)

(Ərizə  №62617/00)

QƏRAR

 

 

 

STRASBURQ

3 aprel 2007-ci il

YEKUN

03/07/2007

Kopland Birləşmiş Krallığa qarşı işinə,

Aşağıdakı tərkibdən:
Josep Casadevall, Sədr,
Nicolas Bratza,
Giovanni Bonello,
Rait Maruste,
Stanislav Pavlovschi,
Lech Garlicki,
Javier Borrego Borrego, Hakimlər
və Lawrence Early, Bölmə katibi,
ibarət Palatada baxan Avropa İnsan Hüquqları Məhkəməsi (Dördüncü Bölmə)
7 mart 2006 və 13 mart 2007-ci il tarixlərində qapalı müşavirə keçirərək,
Həmin tarixdə qəbul edilən aşağıdakı qərarı çıxarmışdır:

PROSEDUR

1. İş xanım Lynette Kopland (ərizəçi) tərəfindən 23 may 2000-ci il tarixində İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü Maddəsinə əsasən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına qarşı təqdim edilmiş (62617/00 saylı) şikayət ərizəsi əsasında açılmışdır.
2. Ərizəçi Məhkəmədə Londonda yerləşən və mülki hüquqların müdafiəsi ilə məşğul olan Liberty qeyri-hökumət təşkilatının əməkdaşı cənab J. Welch tərəfindən təmsil olunmuşdur. Birləşmiş Krallıq Hökuməti (“Hökumət”) öz Nümayəndəsi Xarici İşlər və Birlik İşləri üzrə Nazirliyin əməkdaşı c-b J. Grainger tərəfindən təmsil edilmişdir.
3. Ərizəçi Konvensiyanın 8 və 13-cü maddələri əsasında telefon zənglərinin, e-poçt yazışmalarının və internetdən istifadəsinin izlənilməsindən şikayət etmişdir.
4. 7 mart 2006-cı il tarixli qərarla Məhkəmə ərizənin qismən qəbul edilən olduğunu elan etmişdir.
5. Sonrakı müşahidələri Hökumət deyil, ərizəçi təqdim etmişdir (Məhkəmə Reqlamentinin 59-cu Qaydasının 1-ci bəndi).

FAKTLAR

I. İŞİN HALLARI

6. Ərizəçi 1950-ci ildə anadan olub və Uelsin Llanelli şəhərində yaşayır.
7. 1991-ci ildə ərizəçi Carmarthenshire Kollecində (“Kollec”) işə başlamışdır. Kollec Dövlət tərəfindən idarə edilən qurumdur və 1992-ci ildə qəbul edilmiş Sonrakı və Ali Təhsil haqqında Qanunun sonrakı və ali təhsilin təmin olunması ilə bağlı 18 və 19-cu maddələri əsasında fəaliyyət göstərir..
8. 1995-ci ildə ərizəçi Kollec direktorunun (“KD”) şəxsi köməkçisi təyin edilmiş və 1995-ci ilin sonundan etibarən yeni təyin olunmuş Direktor müavini (DM) ilə yaxın əməkdaşlıq şəraitində işləməsi tələb edilmişdir.
9. Təxminən 1998-ci ilin iyul ayında illik məzuniyyəti zamanı qadın cinsinin nümayəndəsi olan ərizəçi qarşı cinsdən olan direktorla Kollecin digər kampusuna (düşərgəsinə) səfər etmişdir. O, sonradan DM-in kampusla əlaqə saxlayaraq onun kampusa səfəri haqqında məlumat aldığından xəbər tutmuş və onunla direktor arasında qeyri-münasib əlaqənin olması fikrinə gəldiyini başa düşmüşdür.
10. İşlədiyi müddətdə ərizəçinin telefonu, e-poçtu və internetdən istifadəsi DM-in tapşırığı ilə nəzarətdə saxlanmışdır. Hökumətə görə, bu izlənmənin məqsədi ərizəçinin Kollecin imkanlarından öz şəxsi məqsədləri üçün həddən artıq çox istifadə edib-etməməsini müəyyənləşdirmək olmuşdur. Hökumət tərəfi telefondan istifadənin izlənməsinin zəng vurulmuş telefon nömrələrinin, zənglərin tarix və vaxtlarının, müddətinin və dəyərinin əks olunduğu Kollecin telefon hesablarının təhlil edilməsindən ibarət olduğunu bildirmişdir. Ərizəçi həmçinin zənglərin müddəti, qəbul edilən və çıxan zənglərin sayı və ona zəng edən şəxslərin telefon nömrələrinin təfsilatlı və tam siyahısının da qeydə alındığını bildirmişdir. O, DM-in ona zəng edən və onun zəng etdiyi şəxslərdən ən az birinin adını bildiyini söyləmişdir. Hökumət telefondan istifadənin izlənməsinə 22 noyabr 1999-cu ildən bir neçə ay öncə başlandığını bildirmişdir. Ərizəçi isə telefon danışıqlarına 1999-cu ilin noyabrınadək təxminən on səkkiz ay ərzində nəzarət olunduğunu iddia etmişdir.
11. Ərizəçinin internetdən istifadəsinə DM tərəfindən də nəzarət edilmişdir. Hökumət bu izlənmənin ziyarət edilən internet səhifələrini, ziyarətlərin vaxtını, tarixini və müddətini təhlil etmək üçün aparıldığını və 1999-cu ilin oktyabr-noyabr ayları ərzində həyata keçirildiyini qəbul etmişdir. Ərizəçi internetdən istifadəsinin izlənmə üsuluna dair şərh verməsə də, bunun Hökumətin qeyd etdiyindən daha uzun müddət davam etdiyini bildirmişdir.
12. 1999-cu ilin noyabrında ərizəçiyə məlum olmuşdur ki, Kollecdən onun elektron poçtundan istifadəsi ilə bağlı sorğu da keçirilmişdir, belə ki, Kollecdən onun ögey qızı ilə əlaqə saxlayıb onun (ərizəçinin) Kollecə yolladığı e-poçtlar barədə məlumat verməsi istənmişdi. Ərizəçi KD-yə yazaraq bunun ümumi bir araşdırma olduğunu, yoxsa sadəcə onun e-poçtlarının yoxlandığını soruşmuşdur. 24 noyabr 1999-cu il tarixli e-məktubda KD ərizəçiyə bildirmişdir ki, bütün e-poçt fəaliyyətləri qeydiyyata alındığı zaman Kollecin informasiya texnologiyaları departamenti DM-in tələbi ilə ancaq onun e-poçtlarını araşdırmışdır.
13. Hökumət təqdimatında bildirmişdir ki, bu izlənmə e-məktubları, onların göndərilmə tarixi və vaxtını təhlil etmək üçün aparılmış və 1999-cu ilin 22 noyabr tarixindən bir neçə ay öncə başlamışdır. Ərizəçiyə görə isə e-məktublara nəzarət ən az altı ay həyata keçirilmiş və 1999-cu ilin may-noyabr aylarını əhatə etmişdir. O, e-poçt ünvanından göndərilmiş e-məktubların tarixi və vaxtı, o cümlədən qəbul edənlərin e-poçt ünvanlarının əks olunduğu və onun 1999-cu il 14 may – 22 noyabr aralığında e-poçtundan istifadəsini əhatə edən çap nüsxələri formasında sənədli dəlil təqdim etmişdir.
14. 1999-cu il 29 noyabr tarixli memorandumla KD DM-ə yazaraq aşağıdakı şəraitdə aralarında keçmiş danışığın məzmununu təsdiq etmişdir:
“Anlaşılmazlığa yol verməmək üçün [ərizəçinin] e-poçt yazışmalarının araşdırılması ilə bağlı keçən həftə sizə bildirdiyim fikirlərimi təsdiq etməyi məqsədəuyğun hesab etdim.
[Ərizəçinin] [Kollecdən] birinin onun e-poçtunu izlədiyindən xəbər tutmasından sonra mən [ST] ilə danışdım və o, bunun doğru olduğunu və sizdən tapşırıq aldığını bildirdi. Təşkilatların icazəsiz şəkildə bir kimsənin e-poçtunu yoxlamasını qeyri-qanuni edən qarşıdan gələn qanunvericilik səbəbilə mən, təbii olaraq, son vaxtlarda baş vermiş hadisələrə görə narahatlıq hissi duyaraq [ST]-yə növbəti təhlilləri həyata keçirməmək təlimatı verdim. Bununla əlavə, sizdən də eyni şeyi istədim və [ərizəçi] ilə bağlı hər hansı məsələ haqqında məlumatınız olduğu təqdirdə onu ilk növbədə mənə bildirməyinizi xahiş etdim. Siz [ərizəçi] ilə bağlı narahatlığınızı dilə gətirərkən hər iki müraciətimə müsbət cavab verəcəyinizi bildirdiniz.”
15. Sözügedən müddətdə Kollecdə işçilərin telefon, e-poçt və ya internetdən istifadəsinə nəzarətlə bağlı heç bir siyasət qüvvədə olmamışdır.
16. 2000-ci ilin təxminən mart və ya aprel ayında ərizəçiyə Kollecin digər əməkdaşları məlumat vermişdir ki, 1996-2000-ci illər arasında onun bəzi fəaliyyətləri DM və ya onun səlahiyyətlərini icra edən şəxslər tərəfindən izlənilmişdir. Ərizəçi həmçinin onun zəng etdiyi şəxslərə, öz növbəsində, şəxsiyyətlərini və zənglərin məqsədini müəyyənləşdirmək üçün DM və ya onun səlahiyyətlərini icra edən şəxslər tərəfindən zəng edildiyinə inandığını bildirmişdir. Bununla yanaşı o, inandığını bildirmişdir ki, DM onun vəkillərinə yolladığı məxfi faksdan xəbərdar olmuş və onun həm iş yerində, həm də illik və ya xəstəliyə görə məzuniyyətdə olarkən gördüyü şəxsi işlər nəzarət predmeti olmuşdur.
17. Ərizəçi Kollec heyətinin digər üzvləri tərəfindən verilən və onların hərəkətlərinin qeyri-müvafiq və müdaxilə edərcəsinə izlənməsini təsdiq edən məlumatları Məhkəməyə təqdim etmişdir. Hal-hazırda da Kollecdə çalışan ərizəçi DM-in vəzifəsindən kənarlaşdırıldığını başa düşür.

II. MÜVAFİQ ÖLKƏDAXİLİ QANUNVERİCİLİK

A. Şəxsi həyatın toxunulmazlığı hüququ

18. Sözügedən müddətdə İngiltərə qanunvericiliyində şəxsi həyatın toxunulmazlığı ilə bağlı ümumi bir hüquq nəzərdə tutulmamışdır.
19. İnsan hüquqları haqqında 1998-ci il tarixli Qanunun 2 oktyabr 2000-ci ildə icra edilməsinə başlandığından etibarən məhkəmələrdən, mümkün olduğu qədəri ilə, əsas qanunvericiliyi Konvensiyada nəzərdə tutulan hüquqlara uyğun şəkildə şərh və tətbiq etmək tələb edilmişdir. Qanun məhkəmələr də daxil olmaqla bütün dövlət orqanlarının, əsas qanunla tələb edilmədiyi təqdirdə, Konvensiyada müəyyən edilən hüquqla uyğunluq təşkil etməyən şəkildə hərəkət etməsini qanuna zidd elan etmiş və bununla Konvensiya hüquqlarına müvafiq olaraq ümumi hüququn inkişafını nəzərdə tutmuşdur. Douglas Hello! Ltd-yə qarşı işində ([2001] 2 WLR 992) Lord hakim Sedley göstərmişdir ki, o, İngiltərə qanunvericiliyində şəxsi həyatın toxunulmazlığına dair qeyri-mütləq hüququn olduğunu müəyyən etməyə hazırdır, lakin Apelyasiya Məhkəməsi bununla bağlı qərarı qüvvədə saxlamamışdır.
20. 2000-ci il tarixli İstintaq Orqanlarının Tənzimlənməsi haqqında Qanun (“2000-ci il Qanunu”) digər məsələlərlə yanaşı dinlənməsinin tənzimlənməsini nəzərdə tutulur. 2000-ci il tarixli Telekommunikasiya (Qanuni Biznes Təcrübəsi) Qaydaları 2000-ci il Qanunu çərçivəsində qəbul edilmiş və 2000-ci il 24 oktyabr tarixində qüvvəyə minmişdir. Qaydalarda işəgötürənin işçilərinin ünsiyyət vasitələrini (e-poçt və ya telefon kimi), nə işçinin özünün, nə də kommunikasiyada iştirak etmiş digər tərəfin razılığı olmadan qeydə ala və ya izləyə biləcəyi hallar müəyyən edilmişdir. İşəgötürənlərdən əməkdaşlarını rabitə vasitələrinin dinlənə biləcəyi haqqında məlumatlandırmaq üçün ağlabatan addımlar atmaq tələb olunmuşdur.

B. İşəgötürən tərəfindən inam və etibarın zədələnməsinə görə müqavilə ilə nəzərdə tutulmuş təzminat

21. Malik Beynəlxalq Kredit və Kommersiya Bankı SA-ya qarşı işində (Malik v. Bank of Credit and Commerce International SA ([1997] IRLR 462) Lordlar Palatası, hüquqi məsələ kimi, hər bir əmək müqaviləsinə belə bir müddəanın salınmasının zəruri olduğunu təsdiq etmişdir: “işəgötürən, ağlabatan və xüsusi bir səbəb olmadan, işəgötürən və işçi arasında inam və etibara söykənən əlaqələri məhv edəcək və ya ciddi şəkildə sarsıdacaq şəkildə davranmamalıdır”. Malik işində Lordlar Palatası vicdansız keçmiş işəgötürənlə münasibətləri səbəbindən keçmiş əməkdaşın özünə başqa iş tapa bilmədiyinə görə “ləkə (stiqma) kompensasiyası” adlandırılan təzminatın təyin olunmasından narahat olmuşdur. İnam və etibar öhdəliyinin pozulmasına görə dəyən zərərin ödənilməsini nəzərdən keçirərkən Palata yalnızca əmək bazarındakı əlillikdən irəli gələn maliyyə itkisinə görə təzminatların ödənilməsi ilə bağlı narahat olmuşdur. Lord Nicholls aşkar şəkildə bildirmişdir ki, “hazırkı məqsədlər baxımından mən zədələnmiş hisslərə görə zərərin ödənilmədiyindən narahat deyiləm, hazırkı iş yalnız maliyyə itkisi ilə bağlıdır.”
22. Malik işində nəzərdə tutulan inam və etibar ifadəsinin əhatə dairəsinin məhdudlaşdırılması ilə bağlı Lord Steyn aşağıdakıları ifadə etmişdir:
“ [N]əzərdə tutulan qarşılıqlı inam və etibar öhdəliyi ancaq işəgötürənin davranışı üçün ağlabatan və xüsusi bir səbəbin olmadığı və davranışın inam və etibara söykənən əlaqələri məhv etdiyi və ya ciddi şəkildə sarsıtdığı hallara şamil olunur. Bu, nəzərdə tutulan öhdəliyin potensial hədəfini və əhatə dairəsini məhdudlaşdırır.”

C. Dövlət idarəsində vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı mülki işlər

23. Dövlət idarələrində vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı mülki işlər dövlət məmuru (a) səlahiyyətlərindən xüsusilə iddiaçıya zərər vurmaq üçün istifadə etdikdə və ya (b) bu əməlinin qeyri-qanuni olduğunu və iddiaçıya və ya iddiaçının üzv olduğu insan sinfinə zərər vura biləcəyini bilərək, yaxud ehtiyatsız VƏ YA etinasızlıq göstərərək hərəkət etdikdə meydana gəlir (Three Rivers District Council İngiltərə Bankına qarşı işi (No 3) (Three Rivers District Council v. Bank of England)) (HL) [2000] 2 WLR 1220).

D. Məlumatların qorunması haqqında 1984-cü il Qanunu

24. Ərizəçinin şikayətində qeyd etdiyi müddətdə Məlumatların mühafizəsi haqqında 1984-cü il Qanunu (“1984-cü il Qanunu”) “məlumat sahibləri” kimi tanınan şəxs və şirkətlərin bu məlumatları emal və ya istifadə etmə qaydalarını tənzimləmişdir. Həmin Qanun, ayrı-ayrı şəxslərin şəxsi məlumatlarından sui-istifadə hallarına qarşı müəyyən hüquqi müdafiə vasitələri təmin etmişdir. Hal-hazırda 1984-cü il Qanunu Məlumatların qorunması haqqında 1998-cü il Qanunu ilə əvəz edilmişdir.
25. 1984-cü il Qanununun 1-ci Bölməsində şərtlər aşağıdakı kimi müəyyən edilmişdir:
“…
(2) ’Məlumat’ dedikdə verilən təlimatlara cavab olaraq avtomatik işə düşən cihazlarla emal edilə biləcək şəkildə yazılan informasiya başa düşülür.
(3) ’Şəxsi məlumat’ bu məlumat (yaxud məlumat istifadəçisinə məxsus bu və ya digər məlumatlar) əsasında həyatda olan şəxsin müəyyənləşdirilməsi ilə əlaqədar informasiyadan ibarət verilənlərdir…
(4) ’Məlumat subyekti’ şəxsi məlumatın subyekti olan şəxsdir.
(5) ’Məlumat istifadəçisi’ məlumata “malik olan” şəxs və aşağıdakı hallarda məlumata “malik olan” şəxsdir –
(a) məlumat yuxarıda (2) alt-bölməsində nəzərdə tutulan şəxs tərəfindən və ya onun adından emal edilən və ya emal edilməsi nəzərdə tutulan məlumat toplusunun tərkib hissəsini formalaşdırdıqda;
(b) həmin şəxs … topluya daxil olan məlumatların məzmununa və onlardan istifadəyə nəzarət etdikdə;
(c) məlumat (a) bəndində qeyd edildiyi kimi emal edilmiş və ya edilməsi nəzərdə tutulmuş formada olduqda …
(7) Məlumatla əlaqədar ‘emal’ dedikdə məlumatlara düzəliş edilməsi, onların artırılması, silinməsi və ya yenidən tərtib edilməsi, yaxud verilənləri təşkil edən informasiyanın çıxarılması, şəxsi məlumatla bağlı isə bu əməliyyatların hamısının məlumat subyektinə istinadən yerinə yetirilməsi başa düşülür.

(9) “Məlumatla bağlı ‘açıqlama’ya verilənlərdən çıxarılmış informasiyanın açıqlanması daxildir …”
26. Məlumat sahiblərinin riayət etməli olduqları “məlumatı mühafizə prinsipləri” Qanunun 1-ci Qaydasının 1-ci Hissəsində aşağıdakı kimi müəyyən edilmişdir.
“1. Şəxsi məlumata daxil olan informasiya ədalətli və qanuni şəkildə əldə edilməli və şəxsi məlumat eyni şəkildə emal edilməlidir.
2. Şəxsi məlumat yalnız bir və ya bir neçə müəyyən edilmiş və qanuni məqsədlər üçün saxlanmalıdır.

4. Hər hansı məqsəd üçün saxlanan şəxsi məlumat … bu məqsəd və ya məqsədlər baxımından adekvat, uyğun və lazımi həcmdə olmalıdır və ya həddən artıq olmamalıdır.”
27. 1984-cü il Qanununun 23-cü Bölməsində şəxsi məlumatın icazəsiz şəkildə açıqlanması halında məlumat subyekti üçün kompensasiya tələb etmə hüquqları nəzərdə tutulmuşdur.
“(1) Məlumat istifadəçisində olan şəxsi məlumatın subyekti olan … və aşağıdakı səbəblərdən zərər görən şəxsin –

(c) … yuxarıda qeyd edildiyi kimi, belə icazə olmadan məlumatların açıqlanması və ya məlumatlara çıxışın əldə edilməsi,
məlumat istifadəçisindən ona vurduğu zərərə və məlumatın açıqlanması və ya əldə edilməsi səbəbindən şəxsin düşdüyü çətin vəziyyətə görə kompensasiya tələb etmək hüququ var.”
28. 1984-cü il Qanunu əsasında həmçinin məlumat istifadəçiləri arasında məlumatın qorunması prinsiplərinə riayət etməyi təşviq edən məlumatın Mühafizəsi Üzrə Katib vəzifəsi yaradılmışdır. 10-cu bölmədə Qanun aşağıdakı qaydada cinayət əməli müəyyən edilmişdir.
“(1) Katib qeydiyyatı olan şəxsin məlumatın qorunması prinsiplərini pozmuş olmasından və ya pozmağa davam eydiyindən əmin olarsa, adıçəkilən prinsip və ya prinsiplərə əməl etməsi üçün müəyyən edilmiş addımları atmasını tələb edən xəbərdarlıq (‘cəzanın tətbiqinə başlanması haqqında xəbərdarlıq’) verə bilər.
(2) Xəbərdarlığın verilib verilməməsini qərarlaşdırarkən Katib pozuntu halının bir kəsə zərər və çətinlik törətdiyini və ya törədə biləcəyini nəzərə almalıdır.

(9) Xəbərdarlığa məhəl qoymayan hər hansı bir şəxs qanun pozucusu hesab edilir …”

HÜQUQİ MƏSƏLƏLƏR

I. KONVENSİYANIN 8-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU

29. Ərizəçi, baş vermiş izlənmənin aşağıda təsvir edilmiş 8-ci Maddənin əsasında onun şəxsi həyatına və yazışma sirrinə hörmət hüququnu pozduğunu bildirmişdir:
“1. Hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.”

30. Hökumət bu arqumenti mübahisələndirmişdir.

A. Tərəflərin təqdimatları

1. Hökumət

31. Hökumət, fəaliyyətlərinə görə Dövlətin Konvensiya çərçivəsində birbaşa məsuliyyət daşıdığı Kollecin dövlət qurumu olduğunu qəbul etmişdir.
32. Ərizəçinin telefon zəngləri, e-məktubları və internetdən istifadəsinin 1999-cu ilin noyabrından əvvəl də bir qədər izlənməsinə baxmayaraq, bu hal telefon zənglərinin dinlənməsinə və ya onun ziyarət etdiyi internet səhifələrinin məzmununun təhlil edilməsinə qədər çatdırılmamışdır. Bu səbəbdən də izlənmə, özü-özlüyündə şəxsi həyata və yazışma sirrinə hörmət etməmə üçün əsas təşkil etməyən Kollec imkanlarından şəxsi məqsədlər üçün istifadə edilib-edilmədiyini müəyyən etmək üçün avtomatik yaradılan məlumatın təhlilindən başqa bir məqsəd daşımamışdır. P.G. və J.H. Birləşmiş Krallığa qarşı işi (P.G. and J.H. v. the United Kingdom ) (no 44787/98, ECHR 2001 IX) bu baxımdan fərqlənə bilər, belə ki bu işdə telefon danışıqlarının faktiki dinlənilməsi halı baş vermişdir. Bu iş, ərizəçinin telefon zənglərinin şəxsi istifadə üçün nəzərdə tutulmuş bir telefondan dinləndiyi Halford Birləşmiş Krallığa qarşı işindən (Halford v. the United Kingdom) (25 iyun 1997-ci il, Hökm və Qərarlara dair Hesabatlar 1997 III) xeyli fərqlənmişdir.
33. Telefon danışıqlarının yazılarının, e-məktub və internetdən istifadənin təhlili şəxsi həyata və ya yazışma sirrinə müdaxilə olaraq hesab edildikdə Hökumət müdaxilənin əsaslandırıldığını iddia etmişdir.
34. İlk öncə, o, dövlətin maliyyələşdirdiyi qurum tərəfindən təmin edilən imkanlardan sui-istifadə edilmədiyindən əmin olmaqla başqalarının hüquq və azadlıqlarını müdafiə etmək kimi qanuni məqsəd güdmüşdür. İkincisi, müdaxilənin yerli qanunvericilikdə əsası var, belə ki, qanuni orqan kimi malik olduğu səlahiyyətlər sonrakı və ali təhsil verməyə və bu məqsədlər üçün hər cür zəruri və məqsədəuyğun işlər görməyə imkan verən Kollec, öz qanuni funksiyalarını yerinə yetirə bildiyindən əmin olmaq üçün imkanlarına müvafiq şəkildə nəzarət etmək hüququna malik olmuşdur. Dövlət orqanı tərəfindən dövlət vəsaitləri hesabına təmin edilən imkanların şəxsi məqsədlər üçün hədsiz dərəcədə istifadə edilməməli olması və Kollecin araşdırılmalı digər oxşar şəxsi istifadə hallarının olub olmamasını müəyyən etmək üçün qeydləri təhlil edə biləcəyini öncədən ehtimal etmək mümkündü. Bu baxımdan, vəziyyət Peck Birləşmiş Krallığa qarşı işinə (Peck v. the United Kingdom ) oxşardır (no 44647/98, ECHR 2003 I).
35. Yekun olaraq, bu cür davranışlar demokratik cəmiyyət üçün zəruriyyət təşkil etmiş və mütənasib olmuşdur, belə ki, araşdırma zamanı edilən bütün müdaxilələr imkanlardan şəxsi məqsədlər üçün hədsiz istifadə edilib-edilmədiyini müəyyənləşdirmək üçün gərəkli olan hüdudları keçməmişdir .

2. Ərizəçi

36. Ərizəçi e-məktublarının oxunmadığı və telefon danışıqlarının dinlənmədiyini qəbul etməmiş və hətta faktlar Hökumətin irəli sürüdüyü kimi olsa belə, aşkar şəkildə müəyyən izlənmə halının baş verdiyini və bunun onun şəxsi həyatına və yazışma sirrinə müdaxilə olduğunu iddia etmişdir.
37. O, iddia edilən qanun pozuntusundan sonra qəbul edilmiş qanunvericiliyə, daha dəqiq desək, 2000-ci il tarixli İstintaq Orqanlarının Tənzimlənməsi haqqında Qanuna və Telekommunikasiya (Qanuni Biznes Təcrübəsi) Qaydalarına (bax yuxarıda 20-ci bənd) istinad etmiş və iddia etmişdir ki, Hökumət aşkar şəkildə bu cür izlənmənin 8-ci Maddəyə uyğun olaraq müdaxilə olduğunu və qanuni hal alması üçün icazə tələb etdiyini qəbul etdiyini bildirmişdir. Bu qanunlar 2000-ci ildə qüvvəyə mindiyi üçün onların belə müdaxilə üçün yaratdığı hüquqi zəmin hazırkı iş üzrə baş verən hadisələrdən daha sonra meydana gəlmişdir. Odur ki, müdaxilənin yerli qanunvericilikdə heç bir əsası olmamış və yerli hakimiyyət orqanının öz ərazisində baş verən hadisələrin vizual təsvirlərini çəkməsi üçün xüsusi olaraq qanunla səlahiyyətləndirildiyi Peck işindəki vəziyyətdən (yuxarıdakı 34-cü bəndə baxın) tam şəkildə fərqlənmişdir. Hazırkı işdə Kollecin öz əməkdaşlarına nəzarət etməsi üçün bu cür aşkar səlahiyyəti olmamış və qanunla müəyyən edilmiş səlahiyyətlər bu cür nəzarətin əvvəlcədən görülə bilən olmasını təmin etməmişdir.
38. Ərizəçi iddia etmişdir ki, Kollecin davranışının nə zəruri, nə də proporsional olmuşdur. Kollecin istifadə edə biləcəyi daha ağlabatan və daha az müdaxilə tələb edən üsullar, məsələn, əməkdaşların telefon, internet və e-poçtdan istifadəsinə nəzarətlə bağlı siyasətin hazırlanması və dərci kimi üsullar mövcud olmuşdur.

B. Məhkəmənin qiymətləndirməsi

39. Məhkəmə Hökumətin Konvensiyanın məqsədləri üçün fəaliyyətlərinə görə məsuliyyət daşıdığı Kollecin dövlət qurumu olmasını qəbul etdiyini qeyd edir. Bununla o, hazırkı halda 8-ci Maddə əsasında təhlil edilməli olan məsələnin Dövlətin ərizəçinin şəxsi həyatına və yazışmalarına müdaxilə etməməyə dair mənfi öhdəliyi ilə əlaqədar olduğunu və ev və ya ailə həyatı ilə bağlı heç bir ayrıca məsələ yaratmadığını hesab edir.
40. Məhkəmə, bununla yanaşı, tərəflərin bu izlənmənin xüsusiyyətləri və həyata keçirilmə müddəti ilə bağlı razılığa gəlmədiklərini müşahidə edir. Lakin, Məhkəmə bu mübahisəyə daxil olmağı zəruri hesab etmir, belə ki, məsələ hətta Hökumətin qəbul etdiyi faktlar üzrə belə 8-ci Maddəyə əsasən meydana çıxır.

1. Şəxsi həyatın əhatə dairəsi

41. Məhkəmənin presedent hüququna görə, iş yerlərindən edilən telefon zəngləri, ilk növbədə, 8-ci Maddənin 1-ci bəndinin məqsədlərinə müvafiq olaraq prima facie “şəxsi həyat” və “yazışma sirri” anlayışları ilə əhatə olunur (bax: yuxarıda istinad edilmiş Halford, 44-cü bənd və 27798/95 saylı Amann İsveçrəyə qarşı işi (Amann v. Switzerland ) [GC], 43-cü bənd, ECHR 2000 II). Buradan belə bir məntiqi nəticə çıxır ki, iş yerindən göndərilən e-poçtlar da 8-ci Maddə əsasında şəxsi məqsədlər üçün internetdən istifadənin izlənməsindən irəli gələn məlumatların qorunduğu qaydada qorunmalıdır.
42. Hazırkı işdə ərizəçiyə zənglərinin izlənə biləcəyi haqda heç bir xəbərdarlıq edilməmiş və bu səbəbdən də onun iş telefonundan etdiyi zənglərin konfidensiallığı ilə bağlı əsaslı gözləntiləri olmuşdur (bax: Halford, 45-ci bənd). Eyni gözlənti ərizəçinin e-məktubları və internetdən istifadəsinə də şamil edilməlidir.

2. 8-ci Maddə ilə təmin edilən hüquqlara müdaxilənin olub-olmaması

43. Məhkəmə müşahidə edir ki, telefon danışıqlarının tarixi və müddəti, xüsusilə də yığılmış nömrələrlə bağlı məlumatlardan istifadə, 8-ci Maddəyə uyğun olaraq məsələ qaldırılmasına gətirib çıxara bilər, belə ki, belə məlumatlar “telefonla aparılmış danışıqların ayrılmaz tərkib elementini” təşkil edir (bax: Malone Birləşmiş Krallığa qarşı işi, (Malone v. the United Kingdom ) 2 avqust 1984-cü il, 84-cü bənd, A Seriyası no 82). Bu məlumatların Kollec tərəfindən telefon fakturaları formasında qanuni yolla əldə edilə bilməsinə dair sadə bir fakt 8-ci Maddədə nəzərdə tutulmuş hüquqlara müdaxilə olduğunu müəyyən etmək üçün maneə deyil (yenə də orada). Bundan əlavə, bir şəxsin şəxsi həyatı ilə bağlı məlumatların saxlanması da 8-ci Maddə 1-ci bəndinin əhatə dairəsinə daxildir (bax: yuxarıda istinad edilmiş Amann işi, 65-ci bənd). Beləliklə, Kollecin malik olduğu məlumatın açıqlanmamış olması və ya intizam xarakterli, yaxud digər proseslərdə ərizəçiyə qarşı istifadə edilməsi qeyri-müvafiqdir.
44. Müvafiq olaraq, Məhkəmə, ərizəçinin telefonu, o cümlədən e-poçt və internetdən istifadəsi ilə bağlı şəxsi məlumatların ondan xəbərsiz şəkildə toplanması və saxlanmasının 8-ci Maddədə nəzərdə tutulan anlayış çərçivəsində onun şəxsi həyatına və yazışma sirrinə hörmət hüququna müdaxilə təşkil etdiyini hesab edir.

3. Müdaxilənin “qanunauyğun” olub-olmaması

45. Məhkəmə müşahidə edir ki, o, öz presedent hüququnda aydın şəkildə müəyyən edtmişdir ki, “qanunauyğunluq” anlayışı – və bu 8-ci Maddənin predmetindən və məqsədindən də irəli gəlir ki – ölkədaxili qanunvericilikdə hakimiyyət orqanlarının 8-ci Maddənin 1-ci bəndində müəyyən edilmiş hüquqlara özbaşına müdaxiləsinə qarşı hüquqi müdafiə vasitəsini təmin edən tədbirlər nəzərdə tutulmalıdır. Dövlət tərəfindən yoxlamanın olmaması və səlahiyyətlərdən sui-istifadə riskinin mövcudluğu baxımından bəhs edilən izlənmə kimi sahələrdə bu cür hallar getdikcə çoxalır (bax: yuxarıda istinad edilmiş Halford, 49-cu bənd).
46. Bu ifadə sadəcə olaraq yerli qanunvericiliklə uyğunluğu tələb etmir, o cümlədən, həmin qanunvericiliyin qanunun aliliyi prinsipi baxımından keyfiyyəti ilə əlaqədardır (bax: 35394/97 saylı digərləri ilə yanaşı Khan Birləşmiş Krallığa qarşı işi, (Khan v. the United Kingdom), 26-cı bənd, ECHR 2000-V və yuxarıda istinad edilmiş P.G. ilə J.H. Birləşmiş Krallığa qarşı, 44-cü bənd). Əvvəlcədən görülə bilmə tələbini yerinə yetirmək üçün qanunvericilik kifayət qədər aydın və səlis olmalı və şəxslərə müvafiq şəkildə izah etməlidir ki, hansı şəraitdə və şərtlər daxilində hakimiyyət orqanlarının belə tədbirlərdən hər hansı birinə əl atmaq səlahiyyəti vardır (bax: yuxarıda istinad edilmiş Halford işi, 49-cu bənd və Malone işi, 67-ci bənd).
47. Məhkəmə, Kollecin öz qanuni səlahiyyətləri əsasında ali və sonrakı təhsil vermək məqsədilə “hər cür zəruri və məqsədəuyğun” tədbirlər görmək hüququnun olması ilə bağlı Hökumətin arqumentinə inanmır və onu inandırıcı hesab etmir. Bundan əlavə, Hökumət ümumi yerli qanunvericilikdə və ya Kollecin idarəetmə sənədlərində sözügedən vaxtda işəgötürənlərin işçilərinin telefon, e-poçt və internetdən istifadəsini izləyə biləcəyi vəziyyətləri tənzimləyən hər hansı müddəanın mövcud olub- olmadığını mübahisələndirməyə çalışmır. Eyni zamanda, aydındır ki, 2000-ci il tarixli İstintaq Orqanlarının Tənzimlənməsi haqqında Qanunun çərçivəsində qəbul edilmiş 2000-ci il tarixli Telekommunikasiya (Qanuni Biznes Təcrübəsi) Qaydaları sözügedən vaxtda qüvvədə deyildi.
48. Buna müvafiq olaraq, sözügedən vaxtda izlənməni tənzimləyən yerli qanunvericilik olmadığı üçün Konvensiyanın 8-ci Maddəsinin 2-ci bəndinin tələbinə görə bu halda baş vermiş müdaxilə “qanunauyğun” olmamışdır. Məhkəmə işçinin iş yerində telefon, e-poçt və internetdən istifadəsinin izlənməsinin qanuni məqsəd naminə bəzi hallarda “demokratik cəmiyyət üçün zəruri” hesab edilə biləcəyini istisna etmir. Lakin yuxarıda qeyd edilmiş nəticəni nəzərə alaraq, hazırkı işdə bu məsələyə münasibət bildirməyə ehtiyac yoxdur.
49. Beləliklə, bu məsələ ilə bağlı Konvensiyanın 8-ci Maddəsinin pozuntusu baş vermişdir.

II. KONVENSİYANIN 8-ci MADDƏSİNİN 13-cü MADDƏ İLƏ ƏLAQƏDƏ İDDİA EDİLƏN POZUNTUSU

50. Ərizəçi Konvensiyanın 8-ci Maddəsinin pozulmasına görə heç bir effektiv yerli hüquqi müdafiə vasitəsinin mövcud olmadığını və nəticə etibarilə məzmunu aşağıda təsvir olunan 13-cü Maddənin pozulduğunu bildirmişdir:
“Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.”
51. 8-ci Maddə üzrə qərarını (bax yuxarıda 48-ci bəndə) nəzərə alaraq Məhkəmə, ərizəçinin şikayətlərinə 13-cü Maddə əsasında baxmağı da zəruri hesab etmir.

III. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ

52. Konvensiyanın 41-ci Maddəsində bildirilir:

“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”

A. Zərər

53. Ərizəçi maddi zərərə görə heç bir iddia irəli sürməmiş, lakin stress, narahatlıq, pis əhvali-ruhiyyə və yuxu pozğunluğuna görə məbləği göstərmədən mənəvi təzminat tələb etmişdir. O, işdə hökm sürən mühitlə əlaqədar stress və yuxu pozğunluğundan əziyyət çəkdiyinə dair 2006-cı il iyun tarixli tibbi arayış təqdim etmişdir.
54. Hökumət ərizəçinin təqdim etdiyi arayışda əziyyət çəkdiyi stressin onun şikayətinin əsasında dayanan faktlardan irəli gəldiyinin göstərilmədiyini bildirmişdir. Bundan əlavə, Məhkəmə cinayət əməli törədilməsində şübhəli bilinən şəxslərin danışıqlarının polis tərəfindən dinlənilməsi ilə əlaqədar çoxsaylı işlərdə müəyyən etdiyi kimi, onların fikrincə pozuntunun aşkar edilməsi özü-özlüyündə ədalətli kompensasiya təşkil etməlidir (bax: 47114/99 saylı Taylor-Sabori Birləşmiş Krallığa qarşı işi, (Taylor-Sabori v. the United Kingdom ) 28-ci bənd, 22 oktyabr 2002-ci il; 50015/99 saylı Hewitson Birləşmiş Krallığa qarşı işi, (Hewitson v. the United Kingdom), 25-ci bənd, 27 may 2003-cü il; və 63831/00 saylı Chalkley Briləşmiş Krallığa qarşı işi, (Chalkley v. the United Kingdom ), 32-ci bənd, 12 iyun 2003-cü il). Bundan əlavə, iddia edilən fəaliyyət dinləmədən deyil, ancaq izləmədən və ya nəzarətdən (monitorinq) ibarət olduğu üçün bu cür müdaxilə yuxarıda qeyd edilmiş işlərlə müqayisədə xeyli aşağı ciddiyyət dərəcəsinə malik olmuşdur.
55. Məhkəmə Hökumətin yuxarıda istinad etdiyi işləri qeyd edir, lakin eyni zamanda müşahidə edir ki, işəgötürənin işçisinin şəxsi telefon zənglərini dinləməsi ilə bağlı Halford (yuxarıda 76-cı bənddə istinad edilmişdir) işində o, mənəvi zərərə görə 10 000 funt sterlinq (GBP) dəyərində təzminat təyin etmişdi. Hazırkı iş üzrə ədalətli qiymətləndirmə aparan Məhkəmə ərizəçiyə dəymiş mənəvi zərərə görə 3000 avro təzminat təyin edir.

B. Xərclər

56. Ərizəçi ƏDV daxil olmaqla cəmi 9363 funt sterlinq dəyərində məhkəmə xərclərinin ödənməsini tələb etmişdir. Bu məbləğə vəkil və vəkil-praktikanta ödənmiş 7,171.62 funt sterlinq dəyərində qonorar, 1,556.88 funt sterlinq dəyərində ödənişlər və gələcəkdə ödənilməsi nəzərdə tutulan yerdə qalan xərclər daxil edilmişdir.
57. Hökumət vəkillərə ödənmiş saat hesabı qiymətin və işin davam etdiyi müddət ərzində artım faizinin həddindən artıq olduğunu irəli sürmüşdür. Bununla yanaşı, ərizəçinin ilkin ərizəsinə Məhkəmə tərəfindən qəbuledilməz elan edilmiş bir sıra şikayətlər də daxil olmuşdur və bu səbəbdən xərclərin bu cür iddialarla bağlı qismi geri qaytarılmamalıdır. Hökumətin fikrincə, 2000 funt sterlinq dəyərində məbləğ yaranmış xərcləri adekvat şəkildə qarşılaya bilər.
58. Bərqərar olmuş presedent hüquqa əsasən, Məhkəmə müəyyən edilmiş pozuntu ilə bağlı olan, faktiki olaraq meydana gələn və qaçılmaz olan, o cümlədən həcmi ağlabatan olan xərcləri geri qaytarılmasını müəyyən edir (bax: digər qurumlarla yanaşı, Schouten və Meldrum Niderlanda qarşı, 9 dekabr 1994-cü il, 78-ci bənd, A Seriyası No 304 və 52750/99 saylı Lorsé və Digərləri Niderlanda qarşı işi, 103-cü bənd, 4 fevral 2003-cü il). Bütün təfsilatları nəzərə alaraq, Məhkəmə ərizəçiyə, ödənə biləcək hər hansı əlavə dəyər vergisi ilə yanaşı məhkəmə xərclərinə görə 6000 avro təzminat ödənilməsini qərara alır.

C. Gecikdirmə faizi

59. Məhkəmə gecikdirmə faizinin Avropa Mərkəzi Bankının kredit faizinin yuxarı həddinə əsaslanmasını və buraya üç faiz əlavə edilməsini uyğun hesab edir.

 

BU SƏBƏBLƏRDƏN MƏHKƏMƏ YEKDİLLİKLƏ

1. Konvensiyanın 8-ci Maddəsinin pozulduğuna;

2. İşə Konvensiyanın 13-cü Maddəsi əsasında baxılmasının zəruri olmadığına;

3. (a) cavabdeh Dövlətin Konvensiyanın 44-cü Maddəsinin 2-ci bəndinə əsasən yekun qərarın verildiyi tarixdən etibarən üç ay ərzində hesablaşma zamanı tətbiq edilən məzənnə ilə funt sterlinqə konvertasiya olunacaq aşağıdakı məbləğləri ərizəçiyə ödəməli olduğuna:

(i) mənəvi zərərə görə təzminat olaraq 3000 avro (üç min avro);
(ii) xərclərə görə 6000 avro (altı min avro);
(iii) yuxarıdakı məbləğlər üzrə hesablana biləcək hər hansı vergi;
(b) yuxarıda qeyd edilən üç ayın bitməsindən hesablaşmaya qədər yuxarıda verilmiş məbləğ üzrə gecikdirmə müddəti ərzində Avropa Mərkəzi Bankının kredit faizinin yuxarı həddinə bərabər faiz üstəgəl üç faiz olaraq hesablanacağına Qərar verir.

4. Ərizəçinin Ədalətli kompensasiya ilə bağlı yerdə qalan iddialarını rədd edir.

İngilis dilində hazırlanıb və 3 aprel 2007-ci ildə Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2-ci və 3-cü bəndinə əsasən yazılı şəkildə açıqlanıb.

Lawrence Early                                                Josep Casadevall
Katib                                                                     Məhkəmənin sədri

 

©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (www.coe.int/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından (http://hudoc.echr.coe.int) və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@echr.coe.int.

© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (www.coe.int/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights (http://hudoc.echr.coe.int) or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@echr.coe.int.

© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.

Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (www.coe.int/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (http://hudoc.echr.coe.int), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@echr.coe.int