MADDƏ 9/№64846/11 EBRAHİMİAN FRANSAYA QARŞI – 26 NOYABR 2015-Cİ İL

© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (www.coe.int/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.

© Council of Europe/European Court of Human Rights, 2016. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (www.coe.int/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.

© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (www.coe.int/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.

 

 

BEŞİNCİ SEKSİYA

EBRAHİMİAN FRANSAYA qarşı

(Ərizə no 64846/11)

QƏRAR

STRAZBURQ

26 noyabr 2015

 

Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq qətidir. Ona redaktə xarakterli düzəlişlər edilə bilər.

Ebrahimian Fransaya qarşı işində,

Avropa İnsan Hüquqları Məhkəməsi (beşinci seksiya) :
sədr, Jozep Kazadeval (Josep Casadevall),
hakimlər, Qanna Yudkivska (Ganna Yudkivska),
Vinsent A.De Qaytano (Vincent A. De Gaetano),
Andre Potoki (André Potocki),
Helena Jaderblom (Helena Jäderblom),
Aleş Pejçal (Aleš Pejchal),
Síofra O’Liri (Síofra O’Leary),
və seksiyanın katib müavini Milan Blaşkodan (Milan Blaško) ibarət tərkibdə 20 oktyabr 2015-ci ildə qapalı məşvərət keçirərək,
Aşağıdakı qərarı qəbul edir :

PROSEDUR

1. İş Fransa Respublikasının vətəndaşı xanım Kristian Ebrahimian (« ərizəçi ») tərəfindən İnsan Hüquqları və Əsas Azadlıqları üzrə Konvensiyanın (« Konvensiya ») 34-cü maddəsinə əsasən 12 oktyabr 2011-ci ildə Məhkəməyə təqdim edilmiş Fransa Respublikasına qarşı ərizə (no 64846/11) əsasında başlamışdır.
2. Ərizəçi Parisdə vəkillik fəaliyyəti ilə məşğul olan xanım V.Vord tərəfindən təmsil olunmuşdur. Fransa Hökuməti (« Hökumət ») öz nümayəndəsi, Xarici İşlər Nazirliyinin hüquqi məsələlər üzrə direktoru cənab Fransua Alabrün tərəfindən təmsil olunur.
3. Ərizəçi iddia edir ki, onun geyindiyi hicabı çıxartmaqdan imtina etməsi əsas gətirilərək sosial işçi müqaviləsinin yenilənməməsi Konvensiyanın 9-cu maddəsini pozur.
4. 10 iyun 2013-cü ildə 9-cu maddə ilə bağlı şikayət barədə Hökumətə məlumat verilmiş və ərizənin qalan hissəsinin qəbuledilən olmadığı bəyan edilmişdir.

FAKTLAR

I. İŞİN HALLARI

5. Ərizəçi 1951-ci ildə anadan olmuş və Parisdə yaşayır.
6. Ərizəçi, Paris şəhərinin sosial və tibbi xarakterli dövlət müəssisəsi olan Nanter Sığınacaq və Stasionar Müalicə Mərkəzinin nəzdindəki psixiatriya şöbəsində sosial işçi vəzifəsini tutmaq məqsədilə dövlət tibb müəssisəsinin müqaviləli işçisi kimi 1999-cu ilin oktyabr ayının 1-dən dekabr ayının 31-nə qədər 3 ay müddətinə müqavilə ilə işə götürülmüş və bu müqavilənin müddəti 2000-ci ilin yanvar ayının 1-dən dekabr ayının 31-nə qədər uzadılmışdır.
7. 11 dekabr 2000-ci ildə mərkəzin İnsan resursları şöbəsinin direktoru ərizəçiyə məlumat vermişdir ki, onun müqaviləsi 31 dekabrdan etibarən növbəti il üçün yenilənməyəcək. Bu qərar ərizəçinin geyindiyi baş geyimini çıxartmaqdan imtina etməsi ilə əsaslandırılmış və mərkəzin bəzi xəstələri tərəfindən edilən şikayətlərdən sonra qəbul edilmişdir.
8. 28 dekabr 2000-ci ildə etiqadı və müsəlman dininə mənsubiyyəti əsas gətirilməklə müqaviləsinin yenilənməməsinin qeyri-qanuniliyinə istinad edən ərizəçinin məktubuna cavab olaraq İnsan resursları şöbəsinin direktoru qeyd etmişdir ki, 30 noyabr 2000-ci il tarixində rəhbərliyin qərarından öncə keçirilən müsahibə zamanı o, dini mənsubiyyətinə görə təqsirləndirilməmiş, sadəcə, dövlət qulluqçularının hüquq və vəzifə öhdəlikləri, yəni belə bir mənsubiyyətin nümayiş etdirilməsinin qadağan edildiyi xatırladılmışdır. O, fikrini aşağıdakı şəkildə davam etdirmişdir :
« Mən qeyd etdim ki, həm belə bir nümayiş nəticəsində sizinlə görüşməkdən imtina edən xəstələr, həm də olduqca incə və həssas bir vəziyyəti idarə etməkdə getdikcə çətinlik çəkən sosial işçilər tərəfindən sosial tərbiyə üzrə əməkdaş, xanım M.-yə təqdim edilmiş tələblərdən sonra mən sizi qəbul etmək məcburiyyətində qaldım. Qeyd etmək lazımdır ki, tələblər İnsan resursları rəhbərliyinə təqdim edilmədən öncə, xanım M. bu çətinlikləri sizinlə müzakirə etmiş və dini baxışlarınızı nümayiş etdirməmək üçün sizi fikrinizdən daşındırmağa çalışmışdır. Əslində, baş geyiminizlə bağlı meydana gələn problem haqqında rəhbərliyin rəsmi şəkildə məlumat verməsi 30 noyabr tarixli müsahibənizdən bir qədər əvvəldir.
İşə qəbul edilmə zamanı baş geyiminizə gəlincə : bildiyiniz kimi, iş müsahibəsi maksimum bir saat davam edir. Şəxslər palto və ya baş yaylıqlarını çıxarmadan « şəhər » geyimində özlərini təqdim edirlər. Həmin müsahibə zamanı sizin qapalı olmağınız faktı bir mənsubiyyət əlaməti kimi deyil, sadə geyim kimi şərh edilmişdir.
Sizin müqavilənizə xitam verilməsi diskriminasiya xarakterli vəziyyətə deyil, hüquqi əsaslara söykənir. »
İnsan resursları şöbəsinin direktoru bu məktubda həm də Dövlət Şurasının 3 may 2000-ci il tarixli rəyini də xatırlatmışdır. Bu rəydə qeyd edilir ki, vicdan azadlığı, eləcə də Dövlətin dünyəvilik və dövlət müəssisələrinin neytrallığı prinsipi bu müəssisələrdə işləyənlərin öz dini etiqadlarını nümayiş etdirmək hüququndan irəli gələnlərə mane olur və nəhayət, dini mənsubiyyəti göstərməyə xidmət edən rəmzdən istifadə edilməsi işçi tərəfindən vəzifə öhdəliklərininin yerinə yetirilməməsidir. (aşağıda qeyd edilən 26-cı bənd).
9. 11 dekabr 2000-ci il tarixli qərarın ləğv edilməsi tələbi ilə ərizəçi 2001-ci ilin fevralın 7-də Paris İnzibati Məhkəməsinə müraciət etmişdir.
10. 15 və 28 fevral 2001-ci il tarixli məktublarla ərizəçəyə sosial-tərbiyəçi vəzifəsi üzrə müsabiqə üçün qeydiyyatdan keçirmək və bu müsabiqədə iştirakına icazə vermək ilə bağlı SSMM-nin İnsan resursları şöbəsinin direktorunun qərarı barədə məlumat verilmişdir. Bu qərar dövlət tibb müəssisələrinin sosial-tərbiyə üzrə əməkdaşlarına xüsusi status verən 26 mart 1993-cü il tarixli dekretə əsasən qəbul edilmişdir. Mətndə qeyd edilirdi ki, işçilərin vəzifəsi fəaliyyətlərində sosial çətinliklərlə qarşılaşan xəstələrə və onların ailələrinə fərdi inkişaf planlarının işlənilib hazırlanmasında və həyata keçirilməsində, eləcə də, xüsusilə digər sosial institutlar və xidmətlərlə birgə sosial və tərbiyələndirici layihələrdə iştirak etməklə kömək etməkdir. Ərizəçi müsabiqədə iştirak etməmişdir.
11. 17 oktyabr 2002-ci il tarixli qərarla, İnzibati Məhkəmə hesab etmişdir ki, müqavilənin yenilənməməsi dövlət müəssisələrinin dünyəvilik və neytrallıq prinsipinə uyğundur :
« (…) 13 iyul 1983-cü il tarixli 83-634 saylı qanunu nəzərə alaraq [bu qanun dövlət qulluqçularının hüquq və vəzifə öhdəliklərinə aiddir, aşağıda qeyd edilən 25-ci bənd] (…)
Nəzərə alsaq ki, bütün vətəndaşlar kimi dövlət işçiləri də Konstitusiya, Konvensiya və qanunvericilik mətnlərində bəyan edilən vicdan və din azadlığı hüququna malik olsalar da və bu mətnlər, dini etiqadı və ya ateizmi səbəbilə, xüsusilə işə qəbul edilərkən, vəzifədə irəliləyərkən, eləcə də intizam rejimində hər hansı ayrı-seçkiliyin qoyulmasını qadağan etsə də Dövlətin və dövlət orqanlarının dünyəvilik prinsipi və dövlət müəssisələrinin neytrallıq prinsipi bu işçilərin vəzifə borclarını yerinə yetirərkən, xüsusilə üst geyimləri ilə öz dini etiqadını nümayiş etdirmək hüququndan irəli gələnlərə mane olur ; ki, bu xidmətdən istifadə edənləri vicdan azadlığına hər cür təsir etmə və ziyan vurma təhlükəsindən müdafiə etmək məqsədi daşıyan bu prinsip təkcə təhsil sahəsinə deyil, bütün dövlət müəssisələrinə aiddir ; ki, bu öhdəlik, istifadəçiləri həssas və asılı vəziyyətdə olan dövlət müəssisələrində xüsusi bir ciddiyyətlə tətbiq edilir ; (…) »
Məhkəmə, « stasionar müalicə mərkəzinin bəzi xəstələri tərəfindən edilmiş şikayətlərdən sonra və müdriyyətin dəfələrlə xəbərdarlığına və iş yoldaşlarının dostca məsləhətlərinə baxmayaraq » ərizəçinin geyindiyi hicabı çıxartmaqdan imtina etməsi səbəbilə müqaviləsinin yenilənməməsi qərarının alındığını xatırladaraq, onun şikayətini rədd etmişdir. Məhkəmə hesab etmişdir ki, dövlət müəssisələri daxilində dini əqidənin nümayiş etdirilməsi ilə bağlı ifadə edilən prinsiplər səbəbilə « dini mənsubiyyətini nümayişkaranə şəkildə göstərən geyimlər » geyinilməsini əsas gətirərək müqavilənin yenilənməsindən imtina edən inzibati orqan öz mülahizələrini bildirməmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir « ki, ərizəçini işə götürən bir neçə ay ərzində bu hicabın geyinilməsinə dözsə də və bu davranış qəsdən təhrikedici və ya prozelitik davranış kimi nəzərdən keçirilməsə də tibbi mərkəz ərizəçinin öz hicabını çıxartmaqdan imtina etməsindən sonra müqaviləni yeniləməmək barədə qərar qəbul etməklə heç bir qeyri-qanuni əməl törətməmişdir. »
12. 2 fevral 2004-cü il tarixli qərarı ilə Paris İnzibati Apellyasiya Məhkəməsi hesab etmişdir ki, mübahisəli qərar intizam xarakterilidir, belə ki, « mərkəzin İnsan resursları şöbəsinin direktorunun 28 dekabr tarixli məktubundan, eləcə də müəssisənin iddia ərizəsinə etirazından belə nəticə çıxarmaq olar ki, qərar [ərizəçinin] çalışdığı müddətdə dini əsaslara görə baş geyimi geyinməkdə israr etməsi səbəbilə qəbul edilmişdir (…) ». Nəticədə, Məhkəmə, prossesual pozuntuların olması səbəbilə qərarı ləğv etmişdir, belə ki, qərar qəbul edilməzdən və ərizəçiyə öz işi ilə tanış olmağa imkan verilməzdən əvvəl, sözügedən tədbirin motivləri barədə ərizəçiyə məlumat verilməmişdir.
13. Apellyasiya Məhkəməsinin qərarına uyğun olaraq SSMM-nin direktoru ərizəçini öz işi ilə tanış olmaq üçün dəvət etmişdir. 13 may 2005-ci il tarixli əsaslandırılmış qərarla direktor ərizəçinin müqaviləsinin yenilənmədiyini təsdiq etmişdir :
« Paris İnzibati Apellyasiya Məhkəməs i31 dekabr 2000-ci ildə müddəti bitən müddətli müqavilənizin yenilənməməsi səbəbilə intizam xarakterli 2 fevral 2004-cü il tarixli qərarını bildirdikdən sonra, biz proseduru tənzimləmək məqsədilə keçən may ayının 10-da inzibati xarakterli işinizlə yenidən tanış olmağınız üçün sizi dəvət etmişik.
Hal-hazırda və lazım gəldiyində, həmin məhkəmə qərarına uyğun olaraq sizə məlumat veririk ki, müqavilənizin yenilənməməsinə səbəb olan intizam motivi baş geyiminizi çxartmaqdan imtina etməyiniz ilə bağlıdır, belə ki, bu baş geyimi dini mənsubiyyətinizi nümayişkaranə şəkildə göstərir.
Əslində, müqaviləli olsalar da bütün dövlət işçilərinə şamil edilən öz vəzifəsindən hər hansı təbliğat vasitəsi kimi istifadə etməmək öhdəliyinə əsaslanan Dövlətin dünyəvilik və Dövlət Müəssisələrinin neytrallığı prinsiplərinə əsasən sizin vəzifə borcunuzu yerinə yetirərkən başınızı açmaqdan imtina etməniz öhdəliklərinizin yerinə yetirilməməsidir və sizə xanım Marto tərəfindən 3 may 2000-ci il tarixində hazırlanmış Dövlət Şurasının rəyində qeyd edilən ağlabatan intizam sanksiyası tətbiq edilir.
Hazırki işdə, sizin xəstələrlə ünsiyyət zamanı icra etdiyiniz vəzifələriniz nəzərə alınarsa,müqavilənin yenilənməməsi barədə aldığımız qərar əsaslandırılmışdır. »
14. 29 iyun 2005-ci il tarixli məktubu ilə İnzibati Apellyasiya Məhkəməsi ərizəçiyə məlumat vermişdir ki, SSMM 2 fevral 2004-cü il tarixli qərara əsasən tədbirlər görmüşdür. Məhkəmə ərizəçiyə bildirmişdir ki, qərar, prossesual pozuntular səbəbilə ləğv edilsə də inzibati orqan qanunvericilik normalarını pozmadan, leqal şəkildə, ləğv edilmiş qərarlara oxşar qərarlar qəbul edə bilər və 13 may 2005-ci il tarixli bu yeni qərara etiraz etmək üçün inzibati məhkəməyə müraciət etmək olar.
15. 2006-cı ilin yanvar ayında ərizəçi 13 may 2005-ci il tarixli qərarın ləğv edilməsi tələbi ilə Versal İnzibati Məhkəməsinə müraciət etmişdir. O xüsusilə vurğulamışdır ki, işəgötürənin irəli sürdüyü 3 may 2000-ci il tarixli Dövlət Şurasının rəyi yalnız müəllimlərə tətbiq edilmək məqsədi daşıyır.
16. 26 oktyabr 2007-ci il tarixli qərarla Məhkəmə Dövlətin dünyəviliyi və dövlət müəssisələrinin neytrallığı prinsipini əsas gətirərək ərizəni rədd etmişdir :
« (…)Dövlət Şurasının 3 may 2000-ci il tarixli rəyinin, xüsusilə dövlət təhsil müəssisələrində işləyənlərə şamil edildiyini nəzərə çatdırmaqla yanaşı, Məhkəmə həmçinin bildirir ki, Konstitusiya və qanunvericilik mətnlərindən belə nəticəyə gəlmək olar ki, vicdan azadlığı, eləcə də dünyəvilik və dövlət müəssisələrinin neytrallığı prinsipi bütün dövlət müəssisələrinə tətbiq edilir ; ki, bütün vətəndaşlar kimi dövlət müəssisələrində işləyənlər də Konstitusiya, Konvensiya və qanunvericilik mətnlərində bəyan edilən vicdan və din azadlığı hüququna malik olsalar da və bu mətnlər, dini etiqadları və ya ateizmi səbəbilə, xüsusilə də işə qəbul edilərkən, vəzifədə irəliləyərkən və ya intizam rejimində hər hansı ayrı-seçkiliyin qoyulmasını qadağan etsə də Dövlətin və Dövlət orqanlarının dünyəvilik və dövlət müəssisələrinin neytrallığı prinsipi bu işçilərin öz vəzifə borclarını yerinə yetirərkən, xüsusilə üst geyimi ilə dini etiqadlarını göstərmək hüququndan irəli gələnlərə mane olur. ; bu prinsipin məqsədi xidmətdən istifadə edənləri vicdan azadlığına təsir etmə və ya ziyan vurma təhlükəsindən müdafiə etməkdir.
Dövlət müəssisələri daxilində dini düşüncələri nümayiş etdirməklə bağlı yuxarıda qeyd edilən prinsipləri nəzərə alsaq, inzibati orqan dini mənsubiyyəti nümayişkaranə şəkildə göstərən geyimin geyinilməsini dolayı yolla əsas gətirərək sosial işçinin [ərizəçinin] müqaviləsinin yenilənməməsi qərarını alarkən heç bir qanunsuzluğa yol verməmişdir. »
17. Ərizəçi qərardan apellyasiya qaydasında şikayət vermişdir.
18. 26 noyabr 2009-cu il tarixli qərarla Versal İnzibati Apellyasiya Məhkəməsi aşağı instansiyalı məhkəmələr tərəfindən gətirilən əsasları təkrarlayaraq hökmü təsdiq etmişdir.
19. Ərizəçi kassasiya qaydasında şikayət vermişdir. Kassasiya şikayətində ərizəçi qeyd etmişdir ki, sanksiyasını geyimlə əsaslandıran İnzibati Apellyasiya Məhkəməsi geyimin növünü dəqiqləşdirməməklə qərarını qanuni bazadan məhrum etmişdir. Ərizəçi sanksiyanın qeyri-proporsionallığına və Konvensiyanın 9-cu maddəsi ilə ziddiyyət təşkil etməsinə əsaslanmışdır.
20. 9 may 2011-ci il tarixli qərarla Dövlət Şurası şikayət ərizəsinin qəbuledilməzliyini bəyan etmişdir.

II. MÜVAFİQ DAXİLİ HÜQUQ VƏ TƏCRÜBƏ

A. Dövlət müəssisələrinin dünyəvilik və neytrallıq prinsipi

21. Məktəbdə dini rəmzlərdən istifadə etməklə bağlı Doğru Fransaya qarşı (no 27058/05, 4 décembre 2008) işində Məhkəmənin Fransada mövcud olan dünyəvilik konseptini aydınlaşdırmaq fürsəti olmuşdur. Bu məsələ ilə bağlı Məhkəmə xatırlatmışdır ki, ictimai yerlərdə dini azadlıq hüququnun həyata keçirilməsi dünyəvilik prinsipi ilə birbaşa əlaqədardır. Uzun müddətli fransız adət-ənənələrindən irəli gələn bu hüquq 1789-cu il tarixli İnsan və Vətəndaş Hüquqları Bəyannaməsində öz yerini tutur. Bəyannamənin 10-cu maddəsində deyilir ki, « Hər kəs fikir və din azadlığı hüququna malikdir, bir şərtlə ki, onların nümayiş etdirilməsi qanunla müəyyən edilmiş ictimai qaydanı pozmasın ». Həmçinin məktəblər haqqında 1882 və 1886-cı il tarixli əsas qanunlarda görünür ki, ibtidai təhsil məcburi, dövlət hesabına və dünyəvidir. Lakin Fransada dünyəvilik prinsipinin həqiqi göstəricisi, kilsəni Dövlətdən ayıran və fransız İnqilabının nümayəndələri olan respublikaçılarla katolik Kilsəsi arasındakı uzun qarşıdurmaya son qoyan 9 dekabr 1905-ci il tarixli qanundur. Bu qanunun 1-ci maddəsində deyilir : « Respublika vicdan azadlığını təmin edir. O, ictimai qaydanın marağı naminə yalnız aşağıda sadalanan məhdudiyyətlər çərçivəsində ibadətlərin sərbəst yerinə yetirilməsini təmin edir ». Kilsənin Dövlətdən ayrılması prinsipi 2-ci maddədə təsdiq edilir : «Respublika heç bir dini etiqadı nə tanıyır, nə onunla bağlı maaş verir, nə də onu maliyyələşdirir (…) ». Bu « dünyəvi pakt »dan dövlət müəssisələri üçün olduğu qədər istifadəçilər üçün də bir çox nəticələr çıxarmaq mümkündür. Bu pakt, dinlərin pluralizminin tanınması və bu etiqadlara münasibətdə Dövlətin neytrallığı deməkdir.
Dünyəvilik prinsipi, Dövlət və onun elementinin neytral olması tələbi ilə bağlı 4 oktyabr 1958-ci il tarixli Konstitusiyanın 1-ci maddəsində deyilir :
« Fransa bölünməz, dünyəvi, demokratik və sosial bir Respublikadır. O, mənşə, irqi və ya dini ayrı-seçkilik qoymadan bütün vətəndaşların qanun qarşısında bərabərliyini təmin edir. Respublika bütün dini etiqadlara hörmətlə yanaşır. O, desentralizasiya qaydasında idarə olunur. »
22. 1980-ci illərdən etibarən məktəbdə və ya xəstəxanada dini rəmzlərdən istifadə edilməsi təcrübəsi Fransada yayılmağa başlamışdır və bu da dünyəvilik prinsipinə əsaslanan reaksiyaların meydana gəlməsinə səbəb olmuşdur (aşağıda qeyd edilən 29-cu bənd). 1 iyul 2003-cü ildə Respublikanın prezidenti « Respublikada dünyəvilik prinsipinin tətbiq edilməsi ilə bağlı bir mülahizə komissiyası » təşkil etmiş və ona « hər kəsin dünyəvilik prinsipinə hörmət etməsi kimi konkret tələblər haqqında müfəssəl və təlatümsüz bir şəkildə təhqiqat » aparmasını tapşırmışdır. Komissiyanın 11 dekabr 2003-cü ildə Respublikanın prezidentinə təqdim etdiyi hesabatda məktəb və dövlət müəssisələrində dünyəvilik prinsipinə təsir göstərən təhdidin müəyyənləşdirildiyi göstərilir. Şagirdlərin dini mənsubiyyəti nümayişkaranə şəkildə göstərən rəmz və geyimlərdən istifadəsini məhdudlaşdıran 15 mart 2004-cü il tarixli qanun məhz bu məruzədən sonra qəbul edilmişdir (Doğru, aşağıda istinad edilən, §§ 30 və 31).
23. Həmçinin Baş Nazirə təqdim edilmiş bu hesabatdan sonra Ali Şura « dövlət müəssisələrində dünyəvilik xartiyası layihəsi »ndən ibarət rəyi 2007-ci ilin yanvar ayında əlavə etmişdir. Bu layihə, dövlət müəssisələrində işləyənlərin və bu müəssisələrdən istifadə edənlərin hüquq və vəzifə öhdəliklərini xatırladan dünyəvilik xartiyası ilə bağlı Baş nazirin 13 aprel 2007-ci il tarixli 5209/SG saylı təlimat məktubuna daxil edilmişdir :
« Bütün dövlət işçiləri tamamilə neytral olmalıdır. O, bütün şəxslərlə eyni qaydada rəftar etməli və onların vicdan azadlığına hörmətlə yanaşmalıdır.
Vəzifə borcunu yerinə yetirərkən dini etiqadını nümayiş etdirmək faktı dövlət işçisinın vəzifə öhdəliklərini yerinə yetirməməsidir.
Dövlət müəssisələri daxilində dünyəvilik prinsipinin tətbiqinə riayət edilməsini təmin etmək müəssisə rəhbərliyinin üzərinə düşür.
Dövlət işçilərinin vicdan azadlığı hüququ təmin edilir. Onlar xidmətin normal icrası zəruriyyətləri ilə uyğun olması halında dini bayramda iştirak etmək məqsədilə işə gəlməmək üçün icazə almaq hüququna malikdirlər. » (…)
« Bütün istifadəçilər dövlət müəssisələri qarşısında bərabərdirlər.
Dövlət müəssisəsindən istifadə edən şəxslər dövlət müəssisəsinin neytrallığı prinsipinə hörmət, onun effektli fəaliyyəti və ictimai qayda ilə bağlı imperativlər, təhlükəsizlik, sağlamlıq və gigiyena çərçivəsində öz dini etiqadlarını ifadə etmək hüququna malikdirlər.
Dövlət müəssisələri istifadəçiləri dini təbliğatın hər cür formasından çəkinməlidirlər.
Dövlət müəssisələri istifadəçiləri nə dövlət işçisini və ya digər istifadəçiləri özlərindən uzaqlaşdıra, nə də dövlət müəssisəsinin fəaliyyətinin və ya dövlətə aid təchizatın onlara görə tənzimlənməsini tələb edə bilərlər. Bununla belə, müəssisə şamil edilən qaydalara riayət və effektli fəaliyyət çərçivəsində istifadəçilərin dini etiqadlarını nəzərə almağa çalışır.
Şəxsiyyətin yoxlanılması zəruri olduğu zaman, istifadəçilər buradan irəli gələn öhdəlikləri yerinə yetirməlidirlər.
Müəssisənin effektli fəaliyyət zəruriyyətlərindən irəli gələn məcburiyyətlər nəzərə alınmaqla dövlət müəssisəsinə, xüsusilə tibbi-sosial, xəstəxana və ya penitensiar müəssisəyə daimi əsaslarla qəbul edilmiş istifadəçilərin dini etiqadlarına hörmət hüquqları var və onlar dini ayinlərin icrasında iştirak edə bilərlər. »
24. Bu yaxınlarda, Konstitusiya Şurası qeyd etmişdir ki, dünyəvilik prinsipi Konstitusiyanın təmin etdiyi bir sıra hüquq və azadlıqlar arasında yer tutur və aşağıdakı şəkildə müəyyənləşməlidir :
« (…) Konstitusiyanın birinci maddəsinin birinci abzasındakı ilk üç cümləyə əsasən : « Fransa bölünməz, dünyəvi, demokratik və sosial bir Respublikadır. O, mənşə, irqi və ya dini ayrı-seçkilik qoymadan bütün vətəndaşaların qanun qarşısında bərabərliyini təmin edir. Respublika bütün dini etiqadlara hörmətlə yanaşır ; ki, dünyəvilik prinsipi Konstitusiya tərəfindən təmin edilən bir sıra hüquq və azadlıqlar arasında yer tutur ; ki, buradan belə nəticəyə gəlmək olar ki, Dövlət neytraldır ; ki, buradan belə nəticəyə gəlmək mümkündür ki, Respublika heç bir dini tanımır ; ki, dünyəvilik prinsipi, xüsusilə bütün dini etiqadlara hörmət etməyi, dini ayrı-seçkilik qoymadan bütün vətəndaşların qanun qarşısında bərabərliyini tələb edir və ki, Respublika ibadətlərin icrasının azadlığını təmin edir ; nəticə etibarilə, Respublika heç bir dini maliyyələşdirmir (…) » (Qərar no 2012-297 QPC, 21 fevral 2013, dünyəviliyin təbliği və yayılması üzrə Assosiasiya [Aşağı Reyn, Yuxarı Reyn və Mozel departamentlərinin konsistor kilsələrinin keşişlərinin müraciəti]). »
25. Dövlət işi dövlət orqanının məsul şəxsi tərəfindən əsasən dövlət müəssisəsində işə götürülən və ümumi hüquq rejiminin tətbiq edildiyi personala aiddir. Dövlət işinin ümumi statusu üç istiqamətdə təşkil edilib : Dövlət nəzdnində olan dövlət işi, ərazilərlə bağlı dövlət işi və tibbi xidmətlə bağlı dövlət işi. Dövlət işçilərinin fikir, xüsusilə də dini fikir azadlığı dövlət qulluqçularının hüquq və vəzifə öhdəlikləri haqqındakı 13 iyul 1983-cü il tarixli qanunla təmin edilir. Dini mənsubiyyət dövlət işçisinin şəxsi işinə yazıla bilməz və bir namizədin və ya müqaviləli işçinin işə götürülməsində ona qarşı ayrı-seçkilik meyarı kimi nəzərdən keçirilə bilməz. İş vaxtının bəzi bölgülərinə dini azadıqlar baxımından icazə verilir və bu, müəssisənin fəaliyyətinin effektivliyi ilə uyğundur.
Bununla yanaşı, bu işçilərin vicdan azadlığı dövlət işinin dini neytrallığı tələbinə uyğunlaşdırılmalıdır. Dövlət qulluqçularının neytrallıq prinsipindən irəli gələn peşə etikası öhdəlikləri vardır. Dövlət qulluqçuları vəzifə borclarını yerinə yetirərkən dini baxışlarından asılı olmayaq tabeliyində olan şəxslərlə münasibətdə rəftar bərabərliyi prinsipinə ciddi riayət etməlidir. Dövlətin neytrallıq prinsipi tələb edir ki, « İdarəetmə orqanları və dövlət müəssisələri neytrallıq prinsipini tamamilə təmin etməli, lakin bununla yanaşı, istifadəçinin bu prinsipin tətbiqi ilə bağlı şübhəyə düşməməkləri üçün neytrallıq görüntüsünün olması üçün də əlindən gələni etməlidir. Nəticədə, xüsusilə ciddi olan neytrallıq prinsipi öhdəliyi dövlət müəssisəsində işləyən hər bir işçinin üzərinə düşür » (İnsan hüquqları üzrə məsləhətçi komissiya, Dünyəvilik haqqında rəy, JO no 0235, 9 oktyabr 2013). Dövlət qulluqçularının neytrallıq öhdəliyi məhkəmə tərəfindən dəqiqləşdirilmişdir (aşağıda qeyd edilən 26-cı bənd). Bununla belə, peşə etikası, dövlət qulluqçularının hüquq və vəzifə öhdəlikləri ilə bağlı hal-hazırda müzakirədə olan qanun layihəsi Milli Məclis tərəfindən 2015-ci ilin oktyabr ayının 7-də birinci oxunuşda qəbul edilmişdir. Bu mətn 13 iyul 1983-cü il tarixli qanuna dövlət işçilərinin vəzifə borclarını yerinə yetirərkən dini etiqadlarını nümayiş etdirməməklə dünyəvilik prinsipinə riayət etmək öhdəliyini əlavə edir.
Həmçinin Konstitusiya Şurası dəfələrlə hesab etmişdir ki, neytrallıq « dövlət işində əsas prinsip »dir və bərabərlik prinsipi onun labüd nəticəsidir (CC, no 86-217 DC,18 sentyabr 1986 ; CC, no 96-380 DC, 23 iyul 1996).
26. Dövlət Şurasının yurisprudensiyasına əsasən dövlət müəssisələrinin neytrallığı prinsipi əsas verir ki, vəzifə borclarını yerinə yetirərkən dövlət işçilərinin dini etiqadlarını nümayiş etdirməsinə məhdudiyyət qoyulsun. Dövlət Şurası uzun müddətdir ki, təhsil sahəsində qərar qəbul etmişdir : dövlət təhsil müəssisəsində işləyən şəxsin vəzifə borcunu yerinə yetirərkən dini etiqadını nümayiş etdirməsi faktı « dövlət müəssisələrində işləyən bütün şəxslərdən tələb edilən ciddi neytallıq öhdəliyini » yerinə yetirməməsidir (CE, 8 dekabr 1948, Xanım Pasto, no 91.406 ;CE, 3 may 1950, Xanım Jame, no 98.284). Baş yaylığı taxan bir kollec nəzarətçisinin işinə xitam verilməsi barədə akademiya rektorunun qərarı ilə bağlı 3 may 2000-ci il tarixli rəyində (CE, rəy, xanım Marto, no 217017) Dövlət Şurası dünyəvilik və neytrallıq prinsipinin bütün dövlət müəssisələrinə tətbiq olunduğunu təsdiq etmiş və vəzifə borcunu yerinə yetirərkən dövlət işçilərinin etiqadlarını nümayiş etdirməsinin qadağan edildiyini dəqiqləşdirmişdir :
« 1oKonstitusiya və qanunvericilik mətnlərindən belə nəticəyə gəlmək olar ki, vicdan azadlığı prinsipi, eləcə də Dövlətin dünyəvilik və dövlət müəssisələrinin neytrallıq prinsipi bütün dövlət müəssisələrinə tətbiq edilir.
2oBütün digər dövlət müəssisələri işçiləri kimi dövlət təhsil müəssisəsinin işçiləri də işə daxil olarkən, vəzifədə irəliləyərkən dinləri səbəbilə hər cür ayrı-seçkiliyə qadağan qoyan vicdan azadlığı hüququndan yararlansalar da dünyəvilik prinsipi dövlət müəssisəsi çərçivəsində onların dini etiqadlarını nümayiş etdirmək hüququndan iərli gələnlərə mane olur.
Təhsil sahəsində işləyib-işləməməsinə görə dövlət müəssisələrində işləyənlər arasında fərq qoymaq olmaz.
Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, dövlət təhsil müəssisəsində işləyən işçinin vəzifə borcunu yerinə yetirərkən, xüsusilə hansısa bir dini mənsubiyyəti göstərən rəmzdən istifadə edərək dini etiqadını nümayiş etdirməsi faktı onun vəzifə öhdəliklərini yerinə yetirməməsi deməkdir.
Xüsusilə intizam nöqteyi-nəzərdən bu pozuntunun nəticələri, onun müəyyənləşdirildiyi digər hallarda olduğu kimi, həmin rəmzin xüsusiyyəti və nimayişkaranəlik dərəcəsi nəzərə alınmaqla hakimin nəzarəti ilə rəhbərlik tərəfindən dəyərləndirilməlidir. »
Bu yurisprudensiya bütün dövlət müəssisələrinə tətbiq edilir. « İnzibati məsələlər üzrə məhkəmə və dini etiqadların ifadəsi » adlı 2014-cü ildə internet saytında yayımlanmış tematik işdə Dövlət Şurası, vəzifə borcunu yerinə yetirərkən işçinin dinini nümayiş etdirməsinin qadağan edilməsi və üstəlik, 3 may 2000-ci il tarixli rəy (yuxarıda qeyd edilən 26-cı bənd) barədə aşağıdakıları qeyd edir :
« (…) inzibati məhkəmə, ümumiyyətlə, intizam xarakterli mübahisələrə baxır. Sanksiyanın qanuniliyi dini etiqadların ifadəsinin xüsusiyyətlərindən, işçinin subordinasiyasından, eləcə də icra etdiyi vəzifədən və ona ünvanlanmış xəbərdalıqlardan asılı olacaq. Sanksiya həmçinin proporsional olmalıdır. Beləliklə, Dövlət Şurası öz iş ünvanını bir mədəniyyət təşkilatının saytında göstərmiş dövlət işçisinə (CE, 15 oktyabr 2003, M.O., no 244428), eləcə də tutduğu vəzifədən istifadə edərək dini xarakterli sənədləri istifadəçilərə paylayan dövlət işçisinə (CE, 19 fevral 2009, M.B., no 311633) tətbiq edilən sanksiyanı təsdiq etdmişdir. »
27. Neytrallıq tələbi hətta xüsusi hüququn tətbiq edildiyi dövlət müəssisələri üçün də keçərlidir (CE, Sect., 31 yanvar 1964, Lyon ərazisi üzrə AYF). Bu yaxınlarda, Seine Saint-Denis ilkin tibbi sığorta fondu ilə bağlı işində daxili nizam-intizam qaydalarını pozaraq papaq formasında islami baş yaylığı taxması əsası ilə işdən azad edilən « tibbi sığorta müavinatları üzrə mütəxəssis »dən söhbət gedərkən, Kassasiya Məhkəməsi məhz bu haqqda xatırlatmışdır. Kassasiya Məhkəməsinin sosial işlər üzrə palatası hesab etmişdir ki, « dövlət müəssisələrinin dünyəvilik və neytrallıq prinsipləri bütün dövlət müəssisələrinə, habelə xüsusu hüquq rejimli dövlət müəssisələrinə də şamil olunur » və « ilkin tibbi sığorta fondlarının işçiləri dövlət müəssisəsində çalışdıqları üçün, onlara zahiri rəmzlər vasitəsilə, xüsusilə geyim vasitəsilə dini etiqadlarını nümayiş etdirməyi qadağan edən spesifik məcburiyyətlər tətbiq edilir. (Kass., sos., 19 mart 2013, no 12 11.690) :
« (…) Xüsusilə Sen Sən-Denisin sosial təminatdan istifadə edən şəxslərinə tibbi sığorta müavinatı ödəməklə məşğul olan Fondun fəaliyyətinin təbiəti səbəbilə işçinin dövlət müəssisəsində işlədiyini və onun mərkəzdə gün ərzində orta hesabla altı yüz əlli istifadəçini qəbul edən « tibbi sığorta müavinatları üzrə mütəxəssis » kimi işlədiyini və işçinin əhali ilə birbaşa ünsiyyət saxlayıb-saxlamamasının əhəmiyyətsiz olduğunu nəzərə alaraq Apellyasiya Məhkəməsi belə bir nəticəyə gəlmişdir ki, Fondun daxili nizam-intizam qaydalarına əsasən qoyulmuş məhdudiyyət istifadəçilərin nəzərində dövlət müəssisələrinin neytrallığını təmin etmək xarakteri daşıyan dünyəvilik prinsipinin həyata keçirilməsində zəruridir ; (…). »
28. Bu yaxınlarda, kütləvi informasiya vasitələri ilə bağlı məhkəmə proseduru zamanı Kassasiya Məhkəməsinin sosial işlər üzrə palatası 19 mart 2013-cü il tarixli qərarında bəyan etmişdir ki, daxili nizam-intizam qaydalarına görə « dünyəvilik və neytrallıq prinsipinə hörmət edilməsi »ni tələb edən özəl bir yaslidə işçinin hicabını çıxartmaqdan imtina etməsi səbəbilə işdən azad edilməsi qeyri-qanunidir. Daha sonra, işin baxılmaq üçün göndərildiyi Paris Apellyasiya Məhkəməsinin müqaviməti ilə qarşılaşan Kassasiya Məhkəməsinin plenar Assambleyası 25 iyun 2014-cü il tarixli qərarla, nəhayət, bu proseduru qanuniləşdirmişdir. 19 mart 2013-cü il tarixli qərara və həmin gün yuxarıda qeyd edilən 27-ci bənddə yazılmış qərara əsasən Hüquq Müdafiəçisi Dövlət Şurasından təhqiqat aparmasını tələb etmişdir (Dövlət Şurası Baş Assambleyasının 19 dekabr 2013-cü il tarixli təhqiqatı). Müdafiəçi, dövlət müəssisəsində işləmək, dövlət müəssisəsində iştirak, bəzi özəl strukturların ümumi marağı ilə neytrallıq və dünyəvilik prinsipinin tətbiqi arasında sərhəd məsələsini qaldıran iddialara cavab vermək məqsədilə dövlət müəssisələrində dini neytrallıq prinsipinin tətbiqi ilə əlaqədar müxtəlif məsələlər haqqında Dövlət Şurasının rəyini bilmək istəyirdi. Bu təhqiqatda Dövlət Şurası xüsusilə xatırlatmışdır ki :
« 1. Dini etiqad azadlığı ümumidir. Əksinə, dini etiqadların ifadəsinə məhdudiyyətlər bəzi şərtlərdə qoyula bilər. Dövlət orqanları ilə fərdlər arasında münasibətləri maraqlandıran Dövlətin dünyəvilik prinsipi və dövlət müəssisələrinin fəaliyyətini idarə edən bərabərlik prinsipinin labüd nəticəsi kimi dövlət müəssisələrinin neytrallığı prinsipi, xüsusilə bu müəssisələrin dini neytrallıq tələbinin mənbəyidir. Bu tələb əsasən bütün dövlət müəssisələrində tətbiq edilir, lakin belə bir tələb bu müəssisələrdən kənarda tətbiq edilmir.
2. İşləmək hüququ işçilərin vicdan azadlığına hörmət edir və hər cür ayrı-seçkiliyin qoyulmasını qadağan edir. Bununla belə, dini fikir və etiqadların nümayiş etdirilməsinə məhdudiyyətlər qoyula bilər, bir şərtlə ki, bu məhdudiyyətlər yerinə yetiriləcək işin xüsusiyyəti və qarşıya qoyulan məqsədin proporsionallığı ilə əsaslandırılmış olsun. (…)
4. Dini neytrallıq tələbi dövlət qulluqçularına və xüsusi hüququn subyekti olan hüquqi şəxslərin işçilərinə vəzifə borclarını yerinə yetirərkən dini etiqadlarını nümayiş etdirməyi qadağan edir. Bu qadağan həm də insan hüquqlarını və əsas azadlıqlarını müdafiə edən Avropa Konvensiyasının 9-cu maddəsindən irəli gələn dini azadlığın pozulmasının proporsionallığı prinsipi ilə uyğunlaşdırılmalıdır (…)»

B. Dövlət tibb müəssisələrində neytrallıq prinsipləri

29. Dünyəvilik prinsipinin tətbiqi haqqında Mülahizə Komissiyasının hesabatından sonra (yuxarıda qeyd edilən 22-ci bənd) Dünyəvilik Müşahidə Mərkəzinin 2013-2014-cü il tarixli illik hesabatının « Tibb müəssisələrində dünyəviliklə bağlı əsasların vəziyyəti » başlıqlı hissəsində qeyd edilir ki, xəstəxanalarda dünyəvilik prinsipi haqqında qanun nəzərdən keçirilmişdir. Həmin Komissiyanın məruzəsində aşağıdakılar qeyd edilirdi:
« (…) Xəstəxana da bu tip şübhələrdən xali deyil. Xəstəxana artıq Yehova şahidlərinin qan köçürülmələrinə qarşı olan etirazları kimi bəzi dini qadağanlarla üzləşmişdir. Bu yaxınlarda, dini səbəblərlə ərləri və ya ataları tərəfindən arvadlarının və ya qızlarının kişi həkimlər tərəfindən müalicə edilməsindən və ya doğuşlarının qəbul edilməsindən imtina etmə halları artmışdır. Eləcə də, qadınlar peredüral anesteziyadan məhrum edilmişdirlər. Tibbi personldan güman olunan dini mənsubiyyətləri səbəbilə imtina edilmişdir. Umumiyyətlə isə xəstələrin bəzi dinlə bağlı qayğıları xəstəxananın fəaliyyətinə mane ola bilr : dəhlizlər özəl ibadət yerlərinə çevrilir ; xəstəxana yeməkxanaları ilə yanaşı, ənənəvi yeməklər hazırlamaq üçün sanitar qaydalarına riayət etməyən yeməkxanalar təşkil edilir. (…)
Dövlət müəssisəsində işləyənlərin də bəzi dini tələbləri vardır. Dövlət qulluqçuları iş yerlərində dini mənsubiyyətlərini nümayiş etdirən kippa və ya hicab geyinməyi tələb etmişlər. Bu yaxınlarda internada olan həkimlər də bu istəyi dilə gətirmişlər.
Dövlət müəssisəsinin strukturunu müəyyən edən neytrallıq prinsipinə zidd olan belə davranışlar ciddi şəkildə narahatlıq yaradır.(…) »
Dünyəvilik Müşahidə Mərkəzi izah edir ki, Səhiyyə Nazirliyi « əslində təlimat məktubu vasitəsilə məsələyə baxmışdır » (aşağıda qeyd edilən 30-cu bənd) və bu mərhələdə hüquqi arsenal qənaətbəxşdir. O bildirir ki, tibb müəssisələrindən toplanmış məlumatlara görə vəziyyət sakit və nəzarət altındadır. Xəstəxana işçilərindən söhbət gedərkən tez-tez rast gəlinən problemlər hicab, günün müəyyən vaxtlarında edilən ibadətlər və dini bayram günlərində işləməmək üçün iş cədvəlinin qurulması ilə bağlıdır. Müşahidə Mərkəzi bildirir ki, əldə etdiyi məlumatlar « məqsədyönlü fikir mübadiləsi nəticəsində göstərir ki, bu vəziyyətlər dövlət işçilərinin neytrallıq prinsipinə riayət etməsinin nizamlanması ilə nəticələnir ».
30. Xəstəxanaya yerləşdirilmiş xəstələrin hüquqları ilə bağlı və xəstə xartiyasından ibarət 6 may 1995-ci il tarixli təlimat məktubu « başqalarının azadlığına hörmət çərçivəsində həyata keçirilir » (Təlimat məktubu DHGS/DH/95, no 22). Yuxarıda qeyd edilmiş (yuxarıda qeyd edilən 23-cü bənd) dövlət tibb müəssisələrinin istifadəçilərinə aid təlimatlardan başqa, səhiyyə sahəsinə aid müəssisələrdə neytrallıq prinsipi ilə bağlı 2 fevral 2005-ci il tarixli No DHOS/G/2005/57 saylı təlimat məktubunda deyilir :
« (…) I. – Dini azadlıq, neytrallıq prinsipi və ayrı-seçkiliyin qoyulmaması
11 dekabr 2003-cü il tarixində Respublika Prezidentinə təqdim edilmiş Stazi məruzəsində (səh.22) xatırladıldığı kimi, 1958-ci il tarixli Konstitusiyanın 1-ci maddəsi ilə qanuniləşdirilən dünyəvilik Respublikadan « mənşə, irqi və ya dini ayrı-seçkilik qoymadan bütün vətəndaşların qanun qarşısında bərabərliyini » təmin etməyi tələb edir. Bunun üçün xəstəxanadan tələb olunur ki :
– dini etiqadlarından asılı olmayaraq bütün xəstələrlərə eyni şəkildə rəftar edilsin ;
– xəstələr xəstəxana işçilərinin neytrallığından şübhəyə düşməsinlər.

A. Xəstələrə münasibətdə rəftar bərabərliyi prinsipi

(…)Xəstəxanada yerləşdirilmiş xəstə haqqında yuxarıda istinad edilən xartiya dini sahədə xəstələrin fəaliyyət və ifadə azadlığını təsdiqləyərək xatırladır : « Bu hüquqlar başqalrının azadlıqlarına hörmət çərçivəsində həyata keçirilir. Müəssisəyə qəbul edilmiş şəxs, könüllü şəxs, xəstəyə baş çəkən və ya xəstəxana işçisi olmasından asılı olmayaraq aparılan hər cür dini təbliğat qadağandır. »
Bu məqsədlə dini etiqadların ifadəsinin aşağıda qeyd edilənlərə ziyan vurmamasına nəzarət etmək məqəsədəuyğundur :
– tibbi xidmətin keyfiyyətinə və gigiyena qaydalarına (xəstə ona göstərilən tibbi xidməti nəzərə alaraq verilən geyimi qəbul etməlidir) ;
– xəstəxanada yerləşdirilmiş digər xəstələrin və onların yaxınlarının rahatlığına;
– müəssisənin müntəzəm işinə. (…)

B. dövlət tibb müəssisələrinin və dövlət qulluqçuları və işçilərinin neytrallığı.

Yurisprudensiyada neytrallıq öhdəliyi məsələsi yarım əsrdir ki, meydana gəlib (Dövlət Şurası 8 dekabr 1948-ci il, xanım Pasto – 3may 1950-ci il, xanım Jame). Orta məktəblə bağlı bir mübahisədə Dövlət Şurası 3 may 2000-ci il tarixli rəyini bildirmişdir (…)[yuxarıda qeyd edilən 26-cı bənd]
17 oktyabr 2002-ci il tarixli qərarda (xanım E.) [bax : yuxarıda qeyd edilən 11-ci bənd] (…) Məhkəmə xatırladır ki, neytrallıq prinsipi təkcə təhsil sahəsinin deyil, bütün dövlət müəssisələrinin işçilərinə tətbiq edilir (…).
27 noyabr 2003-cü il tarixli qərarda (xanım Najet Bin Abdullah) Lyon İnzibati Apellyasiya Məhkəməsi hesab etmişdir ki :« Xanım Bin Abdullahın baş yaylığı taxması və bu baş örtüsünün açıq-aydın dini xarakterli olduğunu etiraf etməsi və tətbiq edilən qanunun birmənalı olması haqqında xəbərdar edildiyi halda, baş örtüsünü çıxartması barədə verilən əmrə itaət etməkdən dəfələrlə imtina etməsi (…) onun işinə xitam verilməsi tədbirini əsaslandırmaq üçün olduqca ciddi səhvdir ».
Bu prinsiplər dövlət Səhiyyə kodeksinin R. 1112-46 maddəsində göstərilən müxtəlif dinlərə mənsub rühanilər istisna olmaqla bütün dövlət qulluqçularına və işçilərinə tətbiq edilir. Xatırladılır ki, dövlət işçiləri dövlət müəssisələri xidmətlərinin yerinə yetirilməsində köməklik edən işçilərdir : müqaviləli işçilər, internalar… Səhiyyə kodeksinin L. 6143-7 maddəsinə əsasən əmin olun ki, dövlət tibb müəssisələrinin direktorları bu öhdəliklərin yerinə yetirilməməsini sistemli bir şəkildə cəzalandıraraq və ya Tibbi-sanitar və sosial işlər üzrə departamentlərin direktorlarına işçinin yol verdiyi hər hansı səhv barədə xəbərdarlıq göndərək bu prinsiplərə ciddi şəkildə riayət edirlər. Həmin işçilərin vəzifəyə təyin edilməsi səlahiyyəti prefektə və ya nazirə mənsubdur. (…)

II. Təcrübə keçən həkimin seçilməsində sərbəstlik və dövlət işçisinə qarşı ayrı-seçkilik

(…) Nəhayət, xəstənin bu azad seçimi o demək deyil ki, həmin şəxs tibbi xidmət komandasının üzvünün məlum və ya güman edilən dini etiqadı səbəbilə diaqnostika və ya müalicə aktında iştirak etməsinə etiraz edə bilsin. (…) »

C. Müvafiq məhkəmə təcrübəsi

31. Yuxarıda istinad edilən təlimat məktubunda dövlət müəssisələrinin işçilərinin hicab taxmasına dair müvafiq qərarlar sitat gətirilir (yuxarıda qeyd edilən 30-cu bənd). Hazırki işdə İnzibati Məhkəmənin 17 oktyabr 2002-ci il tarixli qərarına tez-tez istinad edilir, çünki həmin qərar təsdiq edir ki, neytrallıq prinsipi təkcə təhsil müəssisələri üçün deyil, bütün dövlət müəssisələri üçün keçərlidir. Baş yaylığını çıxartmaqdan imtina edən və iş nəzarətçisi vəzifəsində işləyən Xanım Bin Abdullah işi üzrə Lyon İnzibati Apellyasiya Məhkəməsinin 27 noyabr 2003-cü il tarixli qərarı (yuxarıda qeyd edilən 30-cu bənd) da istinad edilən bir qərardır. Lakin həmin işdə Dövlət Şurasına müraciət edilməmişdir. Qərarda qeyd edilir ki, sanksiya tətbiq ediləcəyi vaxta qədər işçinin müvəqqəti olaraq tutduğu vəzifədən azad edilməsi haqqında qərar « işin bütün şərtlərindən, bundan başqa, bu rəmzin xüsusiyyəti və nümayişkaranəlik dərəcəsindən, işçiyə həvalə edilən vəzifənin xüsusiyyətindən, eləcə də istər dövlət preroqativlərini, istərsə də nümayəndəlik funksiyasını yerinə yetirməsindən » asılı olaraq verilir. Hazırki işdə Hökumət komissarı qeyd edir :
« (…) Strazburq Məhkəməsi tərəfindən irəli sürülən neytrallıq öhdəliyinin xüsusiyyətinin (Dahlab İsveçrəyə qarşı (qərar), no 42393/98, CEDH 2001 V ) dövlət müəssisəsindəki neytrallıq öhdəliyindən fərqli dəyərləndirilməsi, məhkəmə yurisprudensiyası tərəfindən özəl sektorda işləyənlər üçün qəbul edilmiş tədbirlə üst-üstə düşür. Xüsusilə islami baş örtüsünün geyinilməsindən söhbət gedərkən, əslində, məhkəmə həyata keçirilən işin xüsusiyyətini və bu rəmzdən istifadəni məhdudlaşdıran müəssisənin nüfuzunu nəzərə alır. Beləliklə, bu tədbir neytrallıq prinsipini inkar etmədən, qiymətləndirmə meyarlarını müəyyənləşdirməyə gətirib çıxaracaq ki, bu meyarlar yerinə yetirilən işlərin (təhsil, idarə işləri) xüsusiyyəti və onların icrası şəraiti (əhali ilə ünsiyyət, uniformanın və ya nizamlayıcı kostyumun geyinilib-geyinilməməsi, şagirdlər və xəstələr kimi istifadəçilərin müqavimət göstərə bilməmə və ya həssaslıq dərəcəsi) nəzərə alınaraq, ola bilsin, daha praqmatik şəkildə tətbiq ediləcək. »
Lakin dövlət qulluqçularının neytrallıq öhdəliyindən güzəştə getməyin qeyri-mümkünlüyünü qeyd edərək, məhkəmə belə bir tədbirin görülməməsini təklif edirdi :
« Əvvəla prinsip məsələsinə görə. Dövlət qulluqçusu istəsə də istəməsə də, lakin müəyyən qədər də istədiyi üçün dövlət sferasına aiddir və onun da varolma ümumi marağa xidmət və bütün istifadəçilərlə münasibətdə rəftar bərabərliyidir. Hökumət komissarı Remi Şvartzın xatırlatdığı kimi, müəssisənin neytrallığı dedikdə « hər şeydən əvvəl istifadəçilər nəzərdə tutulur ; məhz onların dini etiqadlarına hörmət naminə Dövlət bu etiqadın tam ifadə edilməsi məqsədilə neytral mövqe tutur » ; dövlət işçisi olmaqda davam edən fərdin, fərdi xüsusiyyətlərinin dövlət hakimiyyəti daşıyıcısı və dövlətə xidmət etmək vəzifəsi daşıyan dövlət qulluqçusu profili qarşısında yoxa çıxmasını əsaslandıran məhz bu sosial işdir. Dövlət qulluğu anlayışının gələcəkdə daha dar tətbiq edilməsi mümkündür, lakin onun spesifikliyini təmin edən geridönülməz prinsiplərdən, xüsusilə də işçilərinin, öz statusları vasitəsilə deontologiyaya və etikaya riayət etməsi öhdəliyinə riayət prinsipindən geri çəkilmək mümkün deyil.
Üstəlik, biz, Dövlətin təminat verdiyi universal dəyərlərə qatılımla xarakterizə olan sosial uyğunluğun, icmalaşma impulsları altında yavaş-yavaş yox olacağı məsələsi üzərində çox dayanmırıq.
Bununla belə, Remi Şvartzın gəldiyi nəticələrdə qeyd edilirdi ki, nəzərdən keçirilə bilən vəziyyətlərin müxtəlifliyi və hətta fərqliliyi səbəbilə vəzifələrin xüsusiyyəti və sözügedən cəmiyyətin yetkinlik dərəcəsinə görə fərqli həll yolunun həyata keçirlməsi nə qədər qeyri-mümkündür ; bundan başqa, müəssisədə öz dini etiqadı barədə hüququnu acıq-aydın tələb edən bir işçinin vicdan azadlığının nə üçün iş yoldaşlarının da vicdan azadlığını pozacağı ilə əsaslandırılması aydın deyil : eləcə də, müəssisənin marağı da əsaslandıra bilər ki, hətta istifadəçilərlə birbaşa ünsiyyət olmasa belə işçinin dini etiqadını ifadə etmə azadlığı məhdudlşdırılmalıdır. (…)
Müəssisənin mütləq neytrallıq prinsipinin yenidən təsdiq edilməsi, beləliklə, öz-özlüyündə intizam xarakterli səhv olaraq nəzərdən keçirilən hər hansı kənaraçıxmaya qarşı qayda-qanuna riayət etmək barədə zəruri çağırışa gətirib çıxarır: bu dəqiqləşmə edildikdən sonra inzibati orqana heç nə mane olmur ki, Dlle Marteaux rəyindəki ifadələrlə desək, işin hallarını ayrıca dəyərləndirsin və xətalı davranışa son qoyduqdan sonra, şübhəsiz ki, müəssisənin neytrallıq prinsipinə riayət etməyə dəvət edildiyində məmurun itaət və ya əksinə, güzəştə getməmə dərəcəsini də öz dəyərləndirməsinə daxil edərək, davranışın nəticələrini dəyərləndirmək üçün işin xüsusi hallarını nəzərə alsın (…) »

III. MÜQAYİSƏLİ HÜQUQ

32. Eveida və başqaları Birləşmiş Krallığa qarşı işi üzrə qərarda (no 48420/10, 59842/10, 51671/10 və 36516/10, § 47, CEDH 2013 (çıxarışlar)), Məhkəmə qeyd etmişdir ki, Avropa Şurasının 26 üzv dövlətinin hüquq və təcrübəsinin təhlilindən belə çıxır ki :
« (…) əksəriyyət etibarilə, iş yerində dini xarakterli geyimlərdən və ya rəmzlərdən istifadə tənzimlənmir. Üç ölkədə, yəni Ukrayna, Türkiyə və İsveçrədə (bəzi kantonlar üçün) bu tərz geyimlərdən və ya rəmzlərdən istifadə dövlət sektorunda işləyən məmurlar və digər işçilər üçün qadağandır, lakin özəl sektorda işləyənlər üçün, mahiyyət etibarilə,icazə verilir. Beş Dövlətdə – Almaniya, Belçika, Danimarka, Fransa və Hollandiyada daxili məhkəmələr açıq-aydın, ən azından mahiyyət etibarilə, işəgötürənlərin işçilər tərəfindən dini rəmzlərdən istifadə edilməsinə bəzi məhdudiyyətlər qoyması hüququnu tanımışdır ; bununla belə, həmin ölkələrdə işəgötürənin bu məhdudiyyəti qoymasına imkan verən heç bir qanunvericilik mətni və ya nizamlayıcı mətn yoxdur. Almaniya və Fransada dövlət qulluqçularının və ya işçilərinin dini rəmzlərdən istifadəsi ciddi şəkildə qadağan edilir, halbuki digər üç ölkədə rejim daha yumşaqdır. Heç bir ölkədə özəl sektor işçilərinin iş yerlərində dini geyimlərdən və rəmzlərdən istifadəsinə bütünlüklə qadağan qoyulmasına icazə verilmir. Əksinə, Fransada belə bir qadağan qanunla açıq-aydın istisna edilir. Fransa qanunvericiliyinə görə bu cür məhdudiyyətin qanuni ola bilməsi üçün o, tibbi-sanitar normalara riayət, sağlamlığın və əxlaq normasının qorunması və müştərilərin nəzərində işəgötürənin nüfuzunun mötəbərliyi kimi ağlabatan məqsəd daşımalı və proporsionallıq meyarına cavab verməlidir. »
33. Bu yaxınlarda Almaniya Konstitusiya Məhkəməsi 27 yanvar 2015-ci il tarixli qərarında hesab etmişdir ki, hicab Dövlətin neytrallığı və məktəbin daxili sabitliyi üçün kifayət qədər konkret təhlükə təşkil etmədikcə, dövlət məktəblərində müəllimlərin hicab geyinməsinin tamamilə qadağan edilməsi Konstitusiyaya ziddir (1 BvR 471/10, 1 BvR 1181/10).

HÜQUQİ MƏSƏLƏLƏR

I. KONVENSİYANIN 9-CU MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU

34. Ərizəçi iddia edir ki, onun sosial işçi müqaviləsinin yenilənməməsi Konvensiyanın 9-cu maddəsində nəzərdə tutulan dini etiqadını nümayiş etdirmə azadlığına ziddir. Konvensiyanın 9-cu maddəsində deyilir :
« 1. Hər kəsin fikir, vicdan və din azadlığı hüququ vardır ; bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək, açıq və yaxud şəxsi qaydada ibadəti, təlimləri, dini və mərasim ayinlərini yerinə yetirmək azadlığı daxildir.
2. Öz dininə və ya baxışlarına etiqad etmək azadlığı yalnız ictimai asayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala bilər. »

A. Qəbuledilənlik

35. Məhkəmə müəyyən edir ki, ərizə Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinə əsasən açıq-aydın əsaslandırılmamış deyil. Digər tərəfdən, Məhkəmə qeyd edir ki, ərizədə başqa heç bir qəbuledilməzlik əsası yoxdur. Bu səbəblə ərizənin qəbuledilənliyini bəyan etmək məqsədəuyğundur.

B. Mahiyyət üzrə

1. Tərəflərin təqdimatları

a) Ərizəçi

36. Ərizəçi iddia edir ki, 11 dekabr 2000-ci il tarixində heç bir qanun mətni açıq-aydın istər dövlət qulluqçusu, istərsə müqaviləli işçi olsun, dövlət işçisinə vəzifə borcunu yerinə yetirərkən dini rəmzlərdən istifadəni qadağan etmirdi. Hökumətin istinad etdiyi Dövlət Şurasının 3 may 2000-ci il tarixli rəyi (yuxarıda qeyd edilən 26-cı bənd) yalnız dövlət təhsil müəssisələrini nəzərdə tuturdu və xəstəxanada dünyəviliklə bağlı 2005-ci il tarixli təlimat məktubu da hələ dərc edilməmişdi (yuxarıda qeyd edilən 30-cu bənd). Əksinə, o hesab edir ki, həmin tarixdə öz dinini nümayiş etdirmək azadlığına, o cümlədən bir dövlət işçisi üçün, xüsusi məhdudiyyət qoyulmurdu. Ərizəçinin fikrincə, tətbiq edilən hüquq Dövlət Şurasının məktəblərdə dini icmaya mənsubiyyət rəmzlərindən istifadənin uyğunluğu ilə bağlı 27 noyabr 1989-cu il tarixli rəyində ifadə edilmişdir ; bu rəydə Dövlət Şurası qəbul edirdi ki, əgər şəxs heç bir dini prozelitik davranışa görə mühakimə edilmirsə, neytrallıq prinsipi qətiyyən sadəcə dini rəmzlərin daşınması ilə bağlı tətbiq edilmir (rəyə bütövlükdə Doğru işində istinad edilmişdir, yuxarıda istinad edilən§ 26). Ərizəçi belə nəticəyə gəlmişdir ki, müdaxilə Konvensiyaya əsasən « qanun »la nəzərdə tutulmuş deyil.
37. Ərizəçi, digər tərəfdən, hesab edir ki, vəzifə borcunu yerinə yetirərkən SSMM daxilində heç bir hadisə və ya çətinlik baş vermədiyindən mübahisəli müdaxilə legitim məqsəd daşımır. O, Məhkəmənin təcrübəsindən belə nəticə çıxarır ki, Dövlət, dini nümayiş etdirmək azadlığı, məsələn, islami baş örtüyünün taxılması, digər şəxslərin hüquq və azadlıqlarını, ictimai qaydanın və asayişin qorunmasını nəzərdə tutan məqsədə ziyan vurarsa, məhdudlaşdırıla bilər (Leyla Şahin Türkiyəyə qarşı [BP], no 44774/98, § 111, CEDH 2005 XI ; Refah Partiyası (Parti de la prospérité) və başqaları Türkiyəyə qarşı [BP], n 41340/98, 41342/98, 41343/98 və 41344/98, § 92, CEDH 2003 II).
38. Daha sonra ərizəçi qeyd edir ki, o, saçlarını gizlətmək üçün sadə bir baş geyimindən istifadə edir və bu baş geyimi özlüyündə dövlət müəssisəsinin neytrallığını pozmur. O nəzərə çatdırır ki, bu baş geyimindən istifadə nə ictimai asayişə və ictimai qaydaya qarşı bir təhdid, nə də onun vəzifə borcunu yerinə yetirərkən bir çətinlik yaratmır. Belə bir geyim təkbaşına dini təbliğat deyil. Ərizəçinin fikrincə, yalnız burka və ya niqab kimi geyimdən istifadə sosial separatizmin nişanəsi və inteqrasiyadan imtina rəmzi kimi nəzərdən keçirilməlidir və onlara xüsusi məhdudiyyətlər qoyulmalıdır.
39. Ərizəçi bildirir ki, o, baş geyimindən müəssisənin rəhbərliyi daxilində vəzifə dəyişikliyi edilənə qədər istifadə etmiş və bu dəyişiklikdən öncə nə xəstəxana heyəti, nə də xəstələr tərəfindən ona heç bir şey deyilməmişdir. O, sözügedən psixiatriya şöbəsinin həkimləri tərəfindən 2000-ci ilin dekabr ayından bu tərəfə təşkil edilmiş bir neçə attestasiyadan keçmiş və bu attestasiyalarda onun peşə keyfiyyətləri təriflənmiş. Ərizəçi hesab edir ki, Hökumət, haqqında məlumat verdiyi şöbənin iş fəaliyyətinin pozulmasını əsaslandırmır və iddia edir ki, müqaviləsinin yenilənməməsi yalnız onun müsəlman dininə mənsubiyyəti ilə əsaslandırılmışdır ki, bu da demokratik cəmiyyətdə proporsional deyil.
40. Bu səbəblə ərizəçi qeyd edir ki, Fransa bu məsələdə təkdir. O nəzərə çatdırır ki, əksər Avropa ölkələrində şagirdlər və ya dövlət işçiləri tərəfindən baş yaylığı kimi dini rəmzlərdən istifadə edilməsinə qarşı xüsusi qadağan tədbirləri görülmür. Birincilərdən söhbət gedərkən ərizəçi nəzərə çatdırır ki, hazırki işdə tətbiqedilən olmayan və dövlət məktəblərində, kolleclərində və liseylərində dini mənsubiyyəti nümayiş etdirən rəmz və geyimlərdən istifadəni qadağan edən 15 mart 2004-cü il tarixli Fransa qanunu (Doğru, yuxarıda istinad edilən, § 30) ümumi anlaşılmazlığa səbəb olmuşdur. Dövlət işçilərinə gəlincə, bir çox ölkədə onların baş yaylığı taxmasına icazə verilmişdir : Danimarka, İsveç, İspaniya, İtaliya, Yunanıstan və Birləşmiş Krallıqda. Ərizəçi məktəblərdə və dövlət müəssisələrində islami baş örtüyünün, eləcə də polislərin, əsgərlərin, motosikl sürücülərinin və tikinti işçilərinin dini baş geyimlərindən istifadəsinə icazə verilən Birləşmiş Krallıqdakı vəziyyətiin üzərində dayanır. Nəhayət, ərizəçi İtaliya, İrlandiya və Avstriyada xristian dininə aid olan və olmayan rəmzlərə qarşı ictimai yerlərdə (sinif otaqlarında, məhkəmə zallarında və inzibati idarələrdə xaçların olması) göstərilən tolerantlığı xatırlatmağın faydalı olduğunu hesab edir.

b) Hökumət

41. Hökumət hesab edir ki, mübahisəli müdaxilə « qanunla nəzərdə tutulmuş»dur, belə ki, hadisələrin cərəyan etdiyi zaman daxili hüquq açıq-aydın bütün dövlət işçiləri üçün ciddi neytrallıq prinsipini və eləcə də bu prinsipə riayət edilməməsi halında onlara qarşı sanksiyalar tətbiq ediləcəyini ifadə edir. Məhkəmənin presedent hüququna əsasən sözügedən « qanun » ilk növbədə dinlərə münasibətdə Dövlətin neytrallığını qanuniləşdirən 1905-ci il tarixli qanun və bütün vətəndaşların qanun qarşısında bərabərlik prinsipini təsdiq edən Konstitusiyanın 1-ci maddəsidir (yuxarıda qeyd edilən 21-ci bənd). O, həmçinin dövlət qulluqçularının hüquq və vəzifə öhdəliklərindən irəli gələn 13 iyul 1983-cü il tarixli qanunu da ehtiva edir. Bu qanunun 29-cu maddəsi nəzərdə tutur ki, dövlət qulluqçularının öz vəzifə borcunu yerinə yetirərkən və ya vəzifələri ilə bağlı yol verdiyi hər hansı səhvə görə intizam sanksiyası tətbiq edilir. Üstəlik, yarım əsrdən bu tərəfə inzibati məhkəmələrin təcrübəsi kimi (yuxarıda qeyd edilən 26-cı bənd) Konstitusiya Şurasının təcrübəsi də (yuxarıda qeyd edilən 25-ci bənd) dövlət müəssisəsində işləyənlərin iş yerində neytrallıq öhdəliyini xatırladır. Dövlət Şurası Fransa Respublikasının Rəsmi Qəzetində dərc edilmiş 3 may 2000-ci il tarixli rəyində həmişədən mövcud olan neytrallıq prinsipini xatırlatmış, lakin baxılmaq üçün təqdim edilmiş işdə bu prinsipin tətbiqini rədd etmişdir.
42. Hökumət əlavə edir ki, ərizəçi SSMM ilə onu əlaqələndirən müxtəlif müqavilələr imzaladığı zaman dövlət tibb müəssisəsində işləməyi və öz öhdəliklərinin icrasını azad şəkildə qəbul etmişdir ki, bütün işçilərin iş zamanı neytrallıq öhdəliyi bu öhdəliklər arasında yer tutur. Əvəlcə, geyimi səbəbilə onunla görüşməkdən imtina edən bəzi xəstələrin şikayətlərindən sonra keçirilən müsahibə zamanı müəssisənin sosial- tərbiyələndirici işi üzrə əməkdaşının çağırışlarını və 30 noyabr 2000-ci il tarixində ərizəçiyə İnsan resurslarının direktoru tərəfindən öhdəliklərinin xatırladılmasını nəzərə alaraq ərizəçi bu qaydalardan bixəbər ola bilməz.
43. Hökumətin fikrincə, dövlət işçisinin öz dini etiqadını nümayiş etdirməsinin qadağan edilməsi Konstitusiyanın dünyəvilik prinsipinin qorunub saxlanması ilə əsaslandırılır ki, Fransa Respublikası da bu prinsip üzərində qurulmuşdur. Məhkəmənin də qəbul etdiyi kimi, Dövlətin öz işçilərindən tələb etdiyi neytrallıq, beləliklə, digər şəxslərin hüquq və azadlıqlarının müdafiə edilməsi kimi ağlabatan məqsəd daşıyır. (Dahlab, yuxarıda istinad edilən).
44. Hökumət iddia edir ki, ərizəçinin müqaviləsinin yenilənməməsi demokratik cəmiyyətdə zəruri idi. Dövlət müəssisələrinin neytrallıq prinsipi tələb edir ki, işçi prozelitik xarakterli olmasa belə heç bir dini rəmzdən istifadə etməsin. Bu məqsədlə Hökumət, Dövlət işçilərinin diskresion öhdəliklərinə və geyim tərzi ilə bağlı Məhkəmənin təcrübəsinə istinad edir (Vogt Almaniyaya qaşrı, 26 sentyabr 1995, § 53, A seriyası no 323 ; Kurtulmuş Türkiyəyə qarşı (qərar), no 65500/01, CEDH 2006 II). Hökumət zəif və təsir altına düşə bilən xəstələrin vicdan azadlığı üzərində, xüsusilə nəzərə çarpan zahiri rəmzin göstərəcəyi təsirin dəyərləndirilməsinin çətin olduğu hazırki işin şərtlərində neytrallıq prinsipinin xüsusi əhəmiyyətini qeyd edir. Hökumət əlavə edir ki, bəzi xəstələr ərizəçinin onalrın yanına gəlməsindən açıq-aydın imtina etmiş və bu vəziyyət şöbə daxilində, ümumiyyətlə, gərgin və çətin bir ab-hava yaratmışdır ki, bu da ərizəçinin həmkarları və bəzi sosial işçiləri həssas vəziyyətləri idarə etməyə sövq etmişdir. SSMM ərizəçinin səriştəsi üzündən deyil, bu ümumi ab-hava səbəbilə, ona neytrallıq öhdəliyini dəfələrlə xatırlatdıqdan sonra mübahisəli qərarı qəbul etmişdir. Hökumət hesab edir ki, mübahisəli qərar hazırki işdə maraqların balanslaşdırılması tələbini ödəmişdir ; qərar ərizəçinin iddiasına görə, onun dini baxışları səbəbilə deyil, tamamilə xəbərdar edildiyi, bütün dövlət işçilərinə tətbiq edilən qaydalara riayət etməkdən imtina etməsinin nəticəsidir. Nəticədə, ərizəçinin dini rəmzdən istifadəsi 2000-ci ilə qədər tibb müəssisəsi tərəfindən qəbul edilmiş olsa belə, Hökumətin fikrincə, bu element mübahisəli müdaxiləni zərurilikdən məhrum etmir. Hökumət xatırladır ki, « hazırki kontekstdən asılı olaraq mövcud qaydanın az ciddi tətbiqi bu qaydanı əsaslarından məhrum etmir və onun hüquqi cəhətdən məcburi olmadığını göstərmir » (Kurtulmuş Türkiyəyə qarşı(qərar), no 65500/01, CEDH 2006 II).
45. Nəticədə, Hökumət iddia edir ki, tədbir qarşıya qoyulan məqsədlə proporsionaldır. Hökumət qeyd edir ki, Fransa hüququna əsasən ştatda olmayan dövlət işçisinin müqaviləsinin yenilənməsi hüququ yoxdur. Dövlət hakimiyyət orqanları müqavilənin yenilənməsi halını sərbəst şəkildə dəyərləndirir və işçinin xidmət şəklinə və ya müəssisənin marağına əsaslanmış tək bir motiv belə müqavilənin yenilənməsindən imtinanı əsaslandıra bilər. Hazırki işdə və milli məhkəmələrə istinad edildiyi kimi, məhz müəssisənin marağı çərçivəsində müqavilənin yenilənməməsi barədə qərar qəbul edilmiş və bu qərar açıq-aydın qeyri-proporsional deyil. Hökumət belə nəticəyə gəlir ki, müdaxilə prinsip etibarilə əsaslandırılmışdır və nəzərdə tutulan məqsədlə proporsionaldır.

2. Məhkəmənin dəyərləndirməsi

46. Yuxarıda qeyd edilənlərə əsasən Hökumət qeyd edir ki, SSMM ərizəçinin geyimini təsvir etmək üçün baş geyimi sözünü istifadə etmişdir. Ərizəçi müəssisədəki digər həmkarları ilə birgə çəkilmiş şəklini Məhkəməyə təqdim etmişdir. Həmin şəkildə ərizəçi saçlarını, ənsəsini və qulaqlarını örtən bir baş örtüsü geyinmiş olaraq görünür və üzü tamamilə açıqdır. İşə baxan milli məhkəmələrin əksəriyyəti tərəfindən baş yaylığına və ya hicaba yaxın olan bu baş örtüyü hicabla bağlı mübahisə kimi dəyərləndirilmişdir və Məhkəmə ərizəçinin şikayət ərizəsini araşdırmaq üçün məhz bu sonuncu addan istifadə edəcək.

a) Müdaxilənin mövcudluğuna dair

47. Məhkəmə qeyd edir ki, inzibati orqan tərəfindən belə müəyyən edilməməsinə baxmayaraq ərizəçinin müqaviləsinin yenilənməməsi onun müsəlman dininə mənsubiyyətinin bariz ifadəsi olan hicabını çıxartmaqdan imtina etməsinə əsaslanır. Məhkəmənin şübhə etməsinə əsas yoxdur ki, bu hicabın geyinilməsi Konvensiyanın 9-cu maddəsilə müdafiə edilən səmimi dini əqidəni « nümayiş etdirmə »dir (mutatis mutandis, Leyla Şahin, aşağıda istinad edilən, § 78 ; Bayatyan Ermənistana qarşı [BP], no 23459/03, § 111, CEDH 2011 ; Eveida və başqaları, aşağıda istinad edilən, §§ 82, 89 və 97). Ərizəçinin müqaviləsinin yenilənməməsi və ona qarşı intizam proseduru başlatmaq qərarı onun işəgötürəni olaraq məhz Dövlətə aiddir. Nəticədə, bu tədbir ərizəçinin Konvensiyanın 9-cu maddəsi ilə təmin edilən dinini və ya əqidəsini nümayiş etdirmək azadlığı hüququna müdaxilə olaraq təhlil edilməlidir (Eveidavə başqaları, aşağıda istinad edilən, §§ 83, 84 və 97).

b) Müdaxilənin əsaslandırılması

i. Qanunla nəzərdə tutulmuş

48. « Qanunla nəzərdə tutulmuş » sözləri hər şeydən əvvəl tələb edir ki, sözügedən tədbir daxili hüquqda əsaslandırılmış olsun, lakin bu sözlər həm də sözügedən qanunun keyfiyyəti ilə də bağlıdır : bu sözlər qanunun əlaqədar şəxsə çatımlı olmasını tələb edir və üstəlik, həmin şəxs qanunun nəticələrini öngörə bilməlidir. Həmin sözlər qanunun hüququn aliliyi ilə uyğunluğunu tələb edir. Xüsusilə bu ifadə o deməkdir ki, daxili qanunvericilik hansı şəraitdə və hansı şərtlər altında dövlət hakimiyyətinə Konvensiyanın müdafiə etdiyi hüquqları məhdudlaşdıran tədbirləri görməyə səlahiyyət verdiyini hər kəsə qənaətbəxş şəkildə göstərmək üçün kifayət qədər aydın terminlərdən istifadə etməlidir. Məhkəmənin təşəkkül tapmış təcrübəsinə əsasən « qanun » anlayışı « formal » deyil, « maddi » anlamda başa düşülməlidir. Nəticədə, qanun yazılı hüququn bütününü, habelə infraqanunvericlik mətnlərini, eləcə də onu şərh edən məhkəmə təcrübəsini də ehtiva edir (Fernandez Martínez İspaniyaya qarşı [BP], no 56030/07, § 117, CEDH 2014 (çıxarışlar) ; Doğru, aşağıda istinad edilən, § 52).
49. Hazırki işdə ərizəçi 11 dekabr 2000-ci il tarixində Fransa qanunvericiliyində dini rəmzlərdən istifadəni tənzimləyən mətnlərin mövcud olmadığını qeyd edir. O hesab edir ki, Dövlət Şurasının 3 may 2000-ci il tarixli rəyi yalnız müəllimlərə aiddir və məktəblərdə dini rəmzlərdən istifadə ilə bağlı yalnız 27 noyabr 1989-cu il tarixli rəy tətbiq edilən « qanun »dur (yuxarıda qeyd edilən 36-cı bənd). Məhkəmə qeyd edir ki, bu sonuncu rəy yalnız şagirdlərin öz dini etiqadını nümayiş etdirmək hüququna aiddir və dövlət müəssisəsi işçilərinin vəziyyətini müzakirə etmir.
50. Məhkəmə müəyyən edir ki, Fransa Konstitusiyasının 1-ci maddəsi xüsusilə bəyan edir ki, Fransa bütün vətəndaşların hüquq qarşısında bərabərliyini təmin edən dünyəvi Respublikadır. Məhkəmə qeyd edir ki, bu konstitusion norma cavabdeh Dövlətin hüququnda bütün dini etiqadlara və ya onların ifadə şəkillərinə münasibətdə neytrallıq və bitərəflik öhdəliyinin əsasını müəyyən edir və bu norma milli məhkəmələrin tətbiqi ilə birgə şərh edilir və oxunur. Bununla bağlı Məhkəmə qeyd edir ki, İnzibati Məhkəmənin təcrübəsinə əsasən belə nəticəyə gəlmək olar ki, dövlət müəssisələrinin neytrallığı Dövlətin dünyəvilik prinsipinin elementidir və 1950-ci ildən etibarən Dövlət Şurası təsdiq etmişdir ki, xüsusilə təhsil sahəsində « ciddi neytrallıq öhdəliyi bütün işçilərə aiddir » (yuxarıda qeyd edilən 26 və 27-ci bəndlər). Digər tərəfdən, Məhkəmə qeyd edir ki, Konstitusiya Şurası qeyd etmişdir ki, bərabərlik prinsipi kimi zəruri nəticəyə malik olan neytrallıq prinsipi dövlət müəssisəsinin əsas prinsipidir (yuxarıda qeyd edilən 25-ci bənd). Məhkəmə buradan belə nəticəyə gəlir ki, Dövlət Şurasının və Konstitusiya Şurasının yurisprudensiyası ərizəçinin dini azadlığını məhdudlaşdırmaqda milli hakimiyyət orqanlarına icazə vermək üçün kifayət qədər qanuni əsasdır.
51. Bununla belə, Məhkəmə etiraf edir ki, hətta ərizəçini ehtiyyatlı olmağa vadar edəcək xarakterdı olsa belə, bu neytrallıq öhdəliyinin məzmunu ərizəçinin icra etdiyi peşəyə açıq-aydın istinad edən bir xatırlatma ehtiva etmirdi. Məhkəmə, nəticədə qəbul edir ki, ərizəçi öz əmək fəaliyyətinə başladığı zaman dini etiqadının ifadəsinin məhdudlaşdırılacağını öngörə bilməzdi. Bununla belə, Məhkəmə hesab edir ki, ərizəçinin müqaviləsinin yenilənməməsi qərarından altı ay əvvəl qəbul edilmiş və inzibati orqan tərəfindən ərizəçiyə xatırladılmış (yuxarıda qeyd edilən 8-ci bənd) Dövlət Şurasının 3 may 2000-ci il tarixli rəyi dərc olunduqdan etibarən bu məhdudiyyətlər, ərizəçinin hicabını çıxartmaqdan imtina etməsinin ona intizam sanksiyası tətbiq etdirəcək bir səhv olduğunu görməsi üçün kifayət qədər açıq-aydın ifadə edilmişdir. Bu rəy, xüsusilə dövlət təhsil müəssisələri ilə bağlı suala cavab verməsinə baxmayaraq əslində qeyd edir ki, Dövlətin dünyəvilik və dövlət müəssisələrinin neytrallıq prinsipi bütün dövlət müəssisələrinə tətbiq olunur. Rəydə qeyd edilir ki, işçi vicdan azadlığı hüququndan yararlana bilər, lakin bu azadlıq öz ifadəsi nöqteyi-nəzərindən işçinin dini mənsubiyyətini nümayiş etdirmək məqsədi daşıyan rəmzlərdən istifadəsinə mane olan müəssisənin neytrallıq prinsipi ilə uyğunlaşmalıdır. Bundan başqa, rəydə bildirilir ki, intizam nöqteyi-nəzərdən neytrallıq öhdəliyinin yerinə yetirilməməsinin nəticələri xüsusi şərtlərdən asılı olaraq işin hallarına görə dəyərləndirilməlidir (yuxarıda qeyd edilən 26-cı bənd). Beləliklə, Məhkəmə müəyyən edir ki, 3 may 2000-ci il tarixli rəy vəzifə borcunu yerinə yetirərkən dövlət işçilərinin dini neytrallıq tələbinin xüsusiyyətlərini dünyəvilik və neytrallıq prinsiplərinə əsasən açıq-aydın müəyyənləşdirir və Məhkəmənin təcrübəsinə əsasən « qanun »un öngörülə bilənliyi və çatımlılığı tələbini ödəyir. Beləliklə, tənqid edilən tədbir Konvensiyanın 9-cu maddəsinin 2-ci bəndinə əsasən qanunla nəzərdə tutulmuşdur.

ii. Legitim məqsəd

52. Aşağıda istinad edilən (§ 99) Leyla Şahin işindəki tərəflərdən fərqli olaraq ərizəçi və Hökumət mübahisəli məhdudiyyətin məqsədi ilə bağlı razılığa gəlmirlər. Hökumət, Konstitusiyanın dünyəvilik prinsipindən irəli gələn digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı legitim məqsədinə istinad etdiyi halda, ərizəçi vəzifə borcunu yerinə yetirərkən dini etiqadını nümayiş etdirmək azadlığına müdaxiləni əsaslandıracaq heç bir hadisənin baş vermədiyini söyləyir.
53. Hazırki işin hallarını və ərizəçinin müqaviləsinin yenilənməməsi üçün göstərilən əsası, yəni dövlət müəssisəsindən istifadə edənlərin müdafiəsiz vəziyyətləri kontekstində dini neytrallığın tələb edilməsini nəzərə alaraq Məhkəmə hesab edir ki, mübahisəli müdaxilə, əsasən digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi kimi legitim məqsəd daşıyır (mutatis mutandis, Leyla Şahin, aşağıda istinad edilən, §§ 99 və 116 ; Kurtulmuş istinad edilən ; Ahmet Arslan və başqaları Türkiyəyə qarşı, no41135/98, § 43, 23 fevral 2010). Hazırki işdə söhbət xəstələrin, dövlət müəssisəsi istifadəçilərinin və ərizəçidən tələb edilən neytrallığın ünvanlandığı şəxslərin ciddi şəkildə bərabərliyini təmin edərək hər cür dini etiqadlarına və seçimlərinə hörmət edilməsindən gedir. Məqsəd həm də dini fərq qoymadan bu istifadəçilərin rəftar bərabərliyi prinsindən yararlanmasına nəzarət etməkdir. Bunu nəzərə alaraq Məhkəmə xatırladır ki, o artıq bildirmişdir ki, başqalarına münasibətdə imkanların bərabərliyini yaxşılaşdırmağı və hər cür ayrı-seçkilik davranışından yayınmağı nəzərdə tutan işəgötürənin siyasəti digər şəxslərin hüquqlarını müdafiə etmək kimi legitim məqsəd daşıyır (mutatis mutandis, Ladel və Mak Farlan işləri, Eveida və başqaları aşağıda istinad edilən, §§ 105, 106 və 109). Məhkəmə həmçinin xatırladır ki, dünyəvilik prinsipinin müdafiəsi Konvensiyanın qeyd edilən dəyərlərinə uyğun məqsəd daşıyır (Leyla Şahin, aşağıda istinad edilən, § 114). Bu şərtlərdə Məhkəmənin fikrincə, ərizəçinin vəzifə borcunu yerinə yetirərkən dini etiqadını nümayiş etdirməsinin qadağan edilməsi « digər şəxslərin hüquq və azadlıqları »nın müdafiəsi məqsədi daşıyır və üstəlik, belə bir məhdudiyyətin Konvensiyanın 9-cu maddəsinin ikinci bəndində qeyd edilən « ictimai asayiş » və ya « qaydanın qorunması » məcburiyyətləri ilə əsaslandırılması zəruri deyil.

iii. Demokratik cəmiyyətdə zəruri

α. Ümumi prinsiplər

54. Ümumi prinsiplərlə bağlı, Məhkəmə aşağıda qeyd edilən (§§ 104 -111) Leyla Şahin işi üzrə qərara istinad edir. Həmin qərarda Məhkəmə xatırlatmışdır ki, vicdan və din azadlığı « demokratik cəmiyyət »in əsaslarından biri olsa belə (§ 104 ; bax : həmçinin ümumi prinsiplər, Kokkinakis Yunanıstana qarşı, 25 may 1993, § 31, A seiyası no 260 A), Konvensiyanın 9-cu maddəsi din və ya əqidə ilə əsaslandırılmış və ya onlar vasitəsilə təlqin edilən istənilən aktı müdafiə etmir. Eyni əhali arasında birdən çox dinin bərabər mövcud olduğu demokratik cəmiyyətdə din və etiqadlarını nümayiş etdirmək azadlığını müxtəlif qrupların maraqlarına uyğunlaşdırmağa və hər kəsin etiqadına hörməti təmin edən məhdudiyyətlər müəyyən edilməsi zərurəti meydana çıxır. Bu, həmçinin Konvensiyanın 9-cu maddəsinin 2-ci bəndindən və pozitiv öhdəliklərdən irəli gəlir. Bu öhdəliklər Konvensiyanın 1-ci maddəsinə uyğun olaraq Dövlətin üzərinə öz yurisdiksiyası altındakı bütün şəxslərin Konvensiyada müəyyən edilmiş hüquq və azadlıqlarını tanıması öhdəliyini qoyur (§ 106).
55. Bu qərarda Məhkəmə həmçinin dəfələrlə müxtəlif dinlərin, ibadətlərin və etiqadların icrasının neytral və bitərəf təşkilatçısı kimi Dövlətin oynadığı rolu vurğulamış və qeyd etmişdir ki, bu rol, demokratik cəmiyyətdə ictimai qaydanı, dini sabitliyi və toleransı təmin etməyə yardım edir. Beləliklə, dini etiqadların legitimliyinə və ya onların ifadə xüsusiyyətləri ilə bağlı, Dövlətin neytrallığı və bitərəfləyi prinsipi Dövlət tərəfindən hər hansı dəyərləndirmə edilməsi ilə uyğun deyildir və bu öhdəlik Dövlətdən qarşı qrupların tolerantlığını təmin etməyi tələb edir. Bu səbəblə, hazırki işdə hakimiyyət orqanlarının rolu pluralizmi kənarlaşdıraraq gərginlik səbəblərini aradan qaldırmaq deyil, qarşı qrupların tolerantlığını təmin etməkdir (§ 107).
56. Digər tərəfdən, Dövlət və dinlər arasında münasibətlərə dair məsələlərdən söhbət gedərkən demokratik cəmiyyətdə dərin fərqlərin mövcud olması məntiqlidir və bu halda milli məhkəmənin roluna xüsusi əhəmiyyət vermək lazımdır. Məhkəmə qeyd etmişdir ki, söhbət, xüsusilə bu məsələ ilə bağlı milli yanaşmaların müxtəlifliyi nəzərə alınmaqla, təhsil müəssisələrində dini rəmzlərdən istifadənin tənzimlənməsindən gedir. Xüsusilə qeyd edilən Dahlab işinə istinad edərək Məhkəmə bildirmişdir ki, Avropa vasitəsilə cəmiyyətdə din anlayışının vahid konsepsiyasını müəyyənləşdirmək mümkün deyil və dini etiqadın ifadəsinə uyğun olan hərəkətlərin mənası və təsiri zamandan və kontektsdən asılı olaraq eyni deyil. Məhkəmə qeyd etmişdir ki, məsələ ilə bağlı tənzimləmə, nəticə etibarilə, milli ənənələr, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi tələbləri və ictimai qaydanın qorunmasından asılı olaraq ölkədən ölkəyə dəyişə bilər. Məhkəmə belə nəticəyə gəlmişdir ki, belə bir tənzimləmənin dairəsi və xüsusiyyətləri ilə bağlı seçim müəyyən ölçüdə əlaqədar Dövlətin üzərinə düşməlidir, belə ki, seçim aidiyyatı olan milli kontekstdən asılıdır (Leyla Şahin,istinad edilən, § 109).
57. İstanbul universitetinin müəlliməsinin islami baş yaylığı taxmasına qoyulan qadağanla bağlı istinad edilən Kurtulmuş işində Məhkəmə qeyd etmişdir ki, 51-ci bənddə qeyd edilmiş prinsiplər həm də dövlət müəssisələrində işləyənlərə də tətbiq edilir : « Statusları səbəbilə dövlət müəssisələrində işləyənlərin üzərinə dini etiqadlarını ictimaiyyət arasında ifadə etməkdə diskresion öhdəlik qoymaq Dövlət üçün ağlabatan görünür, lakin bu məsələdə söhbət Konvensiyanın 9-cu maddəsinin təmin etdiyi müdafiədən yaralanan fərddən gedir. Qeyd edilən Leyla Şahin və Dahlab işlərinə istinad edərək Məhkəmə bu məsələ ilə əlaqədar qeyd etmişdir ki, « əgər islami baş örtüyünün taxılması digər şəxslərin hüquq və azadlıqlarının və ictimai qaydanın müdafiəsini nəzərdə tutan məqsədə ziyan vurarsa, demokratik cəmiyyətdə Dövlət bunu məhdudlaşdıra bilər ». Bu prinsipləri həyata keçirərkən Məhkəmə qeyd etmişdir ki, « dövlət qulluqçularının geyimi ilə bağlı qaydalar vəzifələrindən və dini etiqadlarından asılı olmayaraq bütün dövlət qulluqçularına eyni qaydada aiddir. Bu qaydalar tələb edir ki, dünyəvilik prinsipini və bu prinsipdən irəli gələn dövlət müəssisələrinin neytrallıq prinsipinin qorunub saxlanması məqsədilə Dövləti təmsil edən hər bir dövlət qulluqçusu vəzifə borcunu yerinə yetirərkən neytral bir görünüşə malik olsun. Bu qaydalara görə dövlət qulluqçusu öz iş yerində başı açıq olmalıdır » (Kurtulmuş, istinad edilən). Xüsusilə Türkiyə Dövlətinin əsasını təşkil edən dünyəvilik prinsipinin əhəmiyyətini nəzərə alaraq Məhkəmə qəbul etmişdir ki, « hicab geyinilməsinə qadağa dövlət müəssisələrinin neytrallıq prinsipi ilə bağlı olan imperativlərlə əsaslandırılmışdır » və bununla bağlı qeyd edilən Vogt Almaniyaya qarşı işi üzrə qərara istinad edərək xatırlatmışdır ki, o, « keçmişdə, demokratik bir Dövlətin əsaslandığı konstitusion prinsiplərə dövlət qulluqçularının sədaqətini tələb etmək hüququna malik olduğunu qəbul etmişdir ».
58. Xüsusilə dövlət təhsili kontekstində Məhkəmə azyaşlı uşaqların tez təsir altna düşdüyü ibtidai məktəblərdəki təhsil fəaliyyəti çərçivəsində Dövlətin neytrallıq prinsipinə riayət edilməsinin əhəmiyyətini vurğulamışdır (Dahlab, yuxarıda istinad edilən).
59. Bu yaxınlarda, iş yerlərində dini azadlıqla bağlı bir çox işdə Məhkəmə bəyan etmişdir ki, « demokratik cəmiyyətdə dini azadlığın əhəmiyyətini nəzərə alaraq Məhkəmə hesab edir ki, iş yerində bu azadlığın məhdudlaşdırılmasından şikayət edildiyi zaman, iş yerinin dəyişdirilməsi imkanının sözügedən hüququn həyata keçirilməsində hər cür müdaxiləni aradan qaldıracağını demək əvəzinə, məhdudiyyətin proporsionallığının araşdırıldığı zaman bu imkanı, balanslaşdırılmış bütün şərtlər arasında dəyərləndirmək daha yaxşı olardı » (Eveida və başqaları, istinad edilən, § 83).

β. İşin hallarına tətbiqi

60. Bundan belə, Məhkəmə qeyd edir ki, dövlət müəssisələrində neytrallıq prinsipinin xatırladılmasından başqa, müəssisənin rəhbərliyi xəstəxananın psixiatriya şöbəsində işləyən sosial işçi ilə bağlı bu prinsipin xüsusi tətbiqini əsaslandıran səbəblər haqqında ərizəçiyə məlumat vermişdir. Rəhbərlik həmin şöbənin daxilində onun vəziyyətinin səbəb olduğu problemləri müəyyənləşdirmiş və ərizəçinin öz dini etiqadını nümayiş etdirməkdən imtina etməyə inandırmağa çalışmışdır (yuxarıda qeyd edilən 8-ci bənd).
61. Məhkəmə qeyd edir ki, milli məhkəmələr dövlət işçilərinin neytrallığı prinsipinin təkcə təhsil sahəsində işləyənlərə deyil, bütün işçilərə tətbiq edildiyini və istifadəçiləri vicdan azadlıqlarına göstəriləcək hər cür təsir və ya ziyan təhlükəsindən müdafiə etməyi nəzərdə tutduğunu açıq-aydın təsdiq edərək, ərizəçinin müqaviləsinin yenilənməməsinə icazə vermişdir. İnzibati Məhkəmə 17 oktyabr 2002-ci il tarixli qərarında bu istifadəçilərin müdafiəsiz vəziyyətdə olduqlarını vurğulamış və hesab etmişdir ki, ərizəçi zəif və asılı vəziyyətdə olan xəstələrlə ünsiyyətdə olduğundan ondan tələb edilən neytrallıq prinsipi, xüsusilə məcburidir (yuxarıda qeyd ediləm 11-ci bənd).
62. Üstəlik, Məhkəmə qeyd edir ki, ərizəçi xəstələrə və ya xəstəxanadakı həmkarlarına qarşı təzyiq, təbliğat və ya prozelitik hərəkətlərə görə mühakimə edilməmişdir. Lakin onun hicab geyinməsi dinini nümayişkaranə şəkildə göstərmə kimi nəzərdən keçirilir və dövlət müəssisəsinin tələb etdiyi neytrallığa ziddir. Belə olduğu halda, ərizəçinin müqaviləsinin yenilənməməsinə və çalışdığı müddətdə baş örtüyünü taxmaqda israr etməsi səbəbilə ona qarşı intizam xarakterli prosedur başladılmasına qərar verilmişdir.
63. Ərizəçini işə götürən və ondan dini etiqadından və ya tərzindən asılı olmayaraq vəzifə borcunu yerinə yetirərkən neytrallıq öhdəliyinə riayət etməsini tələb edən dövlət müəssisəsinin istifadəçilərlə münasibətdə rəftar bərabərliyi prinsipini təmin etmək zərurəti səbəbilə ərizəçinin əleyhinə olan məhz Fransa Konstitusiyasının 1-ci maddəsinə əsasən dünyəvilik prinsipi və bu prinsipdən irəli gələn dövlət müəssisələrinin neytrallığı prinsipidir. Milli məhkəmələrin fikrincə, söhbət Dövlətin dünyəviliyini təmin etmək məqsədilə neytrallığını təmin etməkdən, nəticə etibarilə, müəssisələrdən istifadə edənləri, xəstəxanada qalan xəstələri vicdan azadlıqlarına göstərilə biləcək hər cür təsir və ya ədalətsizlik təhlükəsindən qorumaqdan gedirdi (yuxarıda qeyd edilən 11, 16 və 25-ci bəndlər ; hətta tibb müəssisələrində dünyəviliklə bağlı təlimat məktubundan sonra nəzərə alınan fikir, yuxarıda qeyd edilən 30-cu bənd). Beləliklə, hazırki işdən belə nəticə çıxartmaq olar ki, bu, məhz digər şəxslərin hüquq və azadlıqlarının müdafiə edilməsi imperatividir, yəni, dini etiqadlar deyil, hər kəsin dini azadlığına hörmət mübahisəli qərarın əsasını təşkil edir.
64. Məhkəmə artıq qəbul etmişdir ki, dövlət qulluqçuları, xüsusilə də müəllimlər tərəfindən dövlət müəssisələrində dini rəmzlərdən istifadə edilməsinə qoyulan məhdudiyyəti əsaslandırmaq üçün Dövlətlər Dövlətin dünyəvilik və neytrallıq prinsiplərinə istinad edə bilərlər (yuxarıda qeyd edilən 57-ci bənd). Onları « dövlət işinin icrasında Dövləti heç bir şəkildə təmsil etməyən » və « rəsmi status səbəbilə dini etiqadlarını ictimaiyyət arasında ifadə etməkdə üzərinə diskresion öhdəlik » qoyulmayan sadə vətandaşlardan fərqləndirən məhz dövlət işçisi statusudur (Ahmet Arslan və başqaları Türkiyəyə qarşı, no 41135/98, § 48, 23 fevral 2010) və bu status onlardan şagirdlər qarşısında dini neytrallığı tələb edir. Eynilə, hazırki işin hallarında Məhkəmə qəbul edə bilər ki, Dövlət zəruri hesab edir ki, dövlət xəstəxanasında işləyən və burada xəstələrlə ünsiyyətdə olan ərizəçi vəzifə borcunu yerinə yetirərkən xəstələrlə münasibətdə rəftar bərabərliyi prinsipini təmin etmək üçün dini etiqadını kənara qoysun. Bu anlamda dövlət tibb müəssisələrinin neytrallığı işçilərinin davranışları ilə əlaqədar olaraq nəzərdən keçirilə bilər və tələb edə bilər ki, xəstələr işçilərin bitərfliyindən şübhəyə düşməsin.
65. Nəticədə, Məhkəmənin üzərinə mübahisəli müdaxilənin bu məqsədə nəzərən proporsionallığına nəzarət etmək düşür. Dövlətin mülahizə səlahiyyəti ilə bağlı, hazırki işdə Məhkəmə qeyd edir ki, Avropa Birliyi ölkələrinin əksəriyyətində dövlət qulluğu da daxil olmaqla iş yerində dini xarakterli geyimlərdən və ya rəmzlərdən istifadə tənzimlənmir (yuxarıda qeyd edilən 32-ci bənd) və biri Fransa olmaqla yalnız beş ölkə (iyirmi altı ölkədən) dini rəmzlərdən istifadəni tamamilə qadağan etmişdir. Bununla belə, artıq qeyd edildiyi kimi (yuxarıda qeyd edilən 56-cı bənd) cəmiyyətdə baş verən dəyişiklər səbəbilə zamanla dəyişən Dövlət və Kilsələr arası münasibətlərin milli kontekstini də nəzərə almaq məqsədəuyğundur. Beləliklə, Məhkəmə qeyd edir ki, Fransa, Konvensiya tərəfindən qorunan əks və ya fərqli olan şəxsi və ümumi maraqlar arasında dövlətin yaratmalı olduğu tarazlığı müəyyənləşdirərək dövlət hakimiyyətinin neytrallıq prinsipi ilə dini azadlıq arasında uyğunlaşma aparmışdır (yuxarıda qeyd edilən 21-ci bənddən 28-ci bəndə qədər) və bunda cavabdeh hökumətin geniş mülahizə səlahiyyəti vardır (Leyla Şahin, istinad edilən, § 109 ; Obst Almaniyaya qarşı, no 425/03, § 42, 23 sentyabr 2010). Bundan başqa, Məhkəmə artıq qeyd edtmişdir ki, xəstəxana rəhbərliyi öz müəssisələrində qərar qəbul etmək üçün hakimdən və ya beynəlxalq məhkəmədən daha yaxşı imkana malik olduğundan xəstəxanalar geniş mülahizə səlahiyyətinə malikdir» (Eveida və başqaları, istinad edilən, § 99).
66. Hazırki işdə qarşıya qoyulan əsas məsələ Dövlətin ərizəçinin müqaviləsinin yenilənməməsi barədə qərar qəbul edərkən öz mülahizə səlahiyyətini aşıb-aşmadığını öyrənməkdir. Bunu nəzərə alaraq Məhkəmə müəyyən edir ki, Fransada dövlət işçiləri, xüsusilə işə qəbul edilərkən və ya vəzifədə irəliləyərkən hər cür ayrı-seçkiliyin qoyulmasını qadağan edən vicdan azadlığına hörmət hüququndan yararlanırlar. Bu azadlıq, xüsusilə dövlət qulluqçularının hüquq və vəzifə öhdəlikləri ilə bağlı 13 iyul 1983-cü il tarixli qanunun 6-cı maddəsi ilə təmin edilir və müəssisənin iş fəaliyyətinin zəruriyyətləri ilə uyğunlaşmalıdır (yuxarıda qeyd edilən 25-ci bənd). Bununla belə, işçilərin vəzifə borclarini yerinə yetirərkən dini etiqadlarını nümayiş etdirmək qadağandır (yuxarıda qeyd edilən 25 və 26-cı bəndlər). Istinad edilən 3 may 2000-ci il tarixli rəy, beləliklə, açıq-aydın bəyan edir ki, dövlət işçilərinin vicdan azadlığının ifadəsi istisnasız olaraq neytrallıq öhdəliyi ilə uyğunlaşmalıdır. Məhkəmə dəfələrlə təkrar edir ki, belə bir məhdudyyətin əsasını Dövlətin dünyəvilik prinsipi təşkil edir ki, Dövlət Şurasının fikrincə, bu prinsip « dövlət orqanları ilə fərdlər arasında münasibətləri maraqlandırır » (yuxarıda qeyd edilən 28-ci bənd) və dövlət müəssisələrinin fəaliyyətini idarə edən və bütün etiqadlara hörməti nəzərdə tutan bərabərlik prinsipinin labüd nəticəsi kimi bu müəssisələrin neytrallığı prinsipi durur.
67. Beləliklə, Məhkəmə qeyd edir ki, o, Fransada olduğu kimi (mutatis mutandis, Kurtulmuş və Dalhab,istinad edilən), Dövlətin əsas prinsipindən söhbət getdiyi zaman, (artıq Konstitusiyanın təmin etdiyi hüquq və azadlıqlar arasında olan, yuxarıda qeyd edilən 24-cü bənd) dünyəvilik və neytrallıq prinsiplərinin ciddi şəkildə həyata keçirilməsini haqqlı hesab etmişdir. Dünyəvilik və neytrallıq prinsipi pluralizm və müxtəlifliyə hörmət çərçivəsində bütün dini etiqadlara münasibətdə bitərəf olan Dövlətlə etiqadlar arasında əlaqə yaradılması qaydasının ifadəsidir. Məhkəmə hesab edir ki, milli məhkəmələrin, ərizəçinin öz dini etiqadının ifadəsini məhdudlaşdırmamaq marağından daha çox bu prinsipə və Dövlətin marağına üstünlük verməsi Konvensiyaya əsasən problem yaratmır (yuxarıda qeyd edilən 54 və 55-ci bəndlər).
68. Bununla bağlı Dövlət Şurasının dəfələrlə xatırlatdığı və Kassasiya Məhkəməsinin də bu yaxınlarda qeyd etdiyi kimi, Məhkəmə qeyd edir ki, neytrallıq pinsipi bütün dövlət müəssisələrinə tətbiq edilir (yuxarıda qeyd edilən 26 və 27-ci bəndlər) və işçilərin vəzifə borcunu yerinə yetirərkən dini rəmzdən istifadəsi, mahiyyət etibarilə, öhdəliklərini yerinə yetirməməsi deməkdir (yuxarıda qeyd edilən 25 və 26-cı bəndlər). Əslində, Dövlət Şurasının heç bir mətnindən və heç bir qərarından belə nəticə çıxmır ki, mübahisəli neytrallıq öhdəliyi işçilərə və onların yerinə yetirdikləri işlərə görə dəyişdirilə bilər (yuxarıda qeyd edilən 26 və 31-i bəndlər). Məhkəmə fərqindədir ki, söhbət Dövlətin dünyəviliyini və vicdan azadlığını dəstəkləyən və kökləri ənənəvi yanaşma ilə bağlı olan və Konstitusiyanın 1-ci maddəsində bəyan edilən ciddi bir öhdəlikdən gedir (yuxarıda qeyd edilən 21-ci bənd). Məhkəmənin dəyərləndirmə səlahiyyəti olmadığı fransız modelinə görə Dövlətin neytrallığı onu təmsil edən işçilərin üzərinə düşür. Bununla belə, Məhkəmə nəzərə alır ki, Dövlətin neytrallığına istinad edildiyi zaman müəssisə rəhbərliyinin dövlət işçilərinin vicdan azadlığını qeyri-proporsional şəkildə məhdudlaşdırmamasına nəzarət etmək inzibati məhkəmənin öhdəsinə düşür (yuxarıda qeyd edilən 26 və 28-ci bəndlər).
69. Bu kontekstdə Məhkəmə qeyd edir ki, vəzifə borcunu yerinə yetirərkən ərizəçinin hicabını çıxartmaqdan imtina etməsinin intizam nəticələri « digər şərtlər kimi rəmzin xüsusiyyəti və nümayişkaranəliyi nəzərə alınaraq (yuxarıda qeyd edilən 26-cı bənd)» rəhbərlik tərəfindən dəyərləndirilmişdir. Rəhbərlik bu məsələ ilə bağlı qeyd etmişdir ki, neytrallıq tələbi ərizəçinin xəstələrlə olan ünsiyyəti nəzərə alınmaqla məcburi idi (yuxarıda qeyd edilən 13-cü bənd). Digər tərəfdən, rəhbərlik şöbədəki çətinlikləri bildirmişdir, amma bəlkə bunları daha yaxşı ifadə etməli idi (yuxarıda qeyd edilən 8-ci bənd). Öz növbəsində, işə mahiyyəti üzrə baxan məhkəmələr, ərizəçinin dini azadlığına açıq-aydın ziyan vurulmadığını hesab edərkən əsasən Fransanın dövlət müəssisələrinin konsepsiyasını və hicabın nümayişkaranəliyini xatırlatmışdır. Beləliklə, ərizəçinin dini rəmzdən istifadəsi onun tərəfindən neytrallıq öhdəliyinin yerinə yetirlməməsi olsa da, vəzifə borcunu yerinə yetirərkən bu geyimin təsiri pozuntunun ciddiliyini dəyərləndirmək və onun müqaviləsinin yenilənməməsi barədə qərar verilərkən nəzərə alınmışdır. Məhkəmə müəyyən edir ki, 13 iyul 1983-cü il tarixli qanunun 29-cu maddəsi səhvin anlayışını vermir (yuxarıda qeyd edilən 41-ci bənd) və rəhbərlik bu məsələ ilə bağlı diskresion səlahiyyətə malikdir. Məhkəmə qeyd edir ki, rəhbərlik ərizəçiyə qarşı intizam proseduru başlatmaq məqsədilə kifayət qədər elementlərə malik olduğunu hesab etmək üçün sübutlar toplamışdır (yuxarıda qeyd edilən 8-ci bənd). Digər tərəfdən, inzibati məsələlər üzrə hakim müqavilənin yenilənməməsi barədə sanksiyanı təsdiq etmiş və dövlət işçilərinin neytrallığı öhdəliyini nəzərə alaraq bu sanksiyanın səhv ilə proporsional olduğunu hesab etmişdir. Məhkəmə hesab edir ki, milli hakimiyyət orqanları Konvensiyanın 9-cu maddəsinə riayət etmək məqsədilə pozuntunun müəyyənləşdirildiyi şərtlərin bütünü nöqteyi-nəzərdən müəyyən edilməli olan sanksiyanın proporsionallığını dəyərləndirmək üçün bütün imkanlara malikdirlər.
70. Məhkəmə qeyd edir ki, dini etiqadı səbəbilə açıq-aydın hicab geyinərək dinini nümayiş etdirməyi əhəmiyyətli hesab edən ərizəçi intizam prosedurunun ağır nəticələrinə məruz qalırdı. Bununla belə, şübhəsiz ki, ərizəçi Dövlət Şurasının 3 may 2000-ci il tarixli rəyi dərc edilmədən öncə bilirdi ki, vəzifə borcunu yerinə yetirərkən geyim ilə bağlı neytrallıq öhdəliyinə riayət etməlidir (yuxarıda qeyd edilən 26 və 51-ci bəndlər). Rəhbərlik bunu ərizəçiyə xatırlatmış və ondan hicab məsələsini yenidən gözdən keçirməyi tələb etmişdir. Məhz bu öhdəliyə riayət etməkdən imtina etməsi səbəbilə peşəkarlıq keyfiyyətlərindən asılı olmayaraq ərizəçiyə intizam prosedurunun başladılması xəbərdarlığı edilmişdir. Belə olan halda, ərizəçi intizam prosedurunun təminatlarından istifadə etmiş, eləcə də inzibati məhkəmələrə müraciət etmişdir. Digər tərəfdən, SSMM-nin məsələ haqqında tam məlumatının olmasına baxmayaraq sosial işçi vəzifəsi üzrə müsabiqə üçün tərtib etdiyi namizədlər siyahısında ərizəçinin adını qeydə alsa da ərizəçi müsabiqədə iştirak etməkdən imtina etmişdir (yuxarıda qeyd edilən 10-cu bənd). Bu şərtlərdə Məhkəmə hesab edir ki, milli hakimiyyət orqanları ərizəçinin dini etiqadı ilə onu nümayiş etdirməmək öhdəliyi arasında mümkün uyğunluğun olmadığını müəyyən etməklə və Dövlətin neytrallıq və bitərəflik tələbinə üstünlük vermək barədə qərar qəbul etməklə mülahizə səlahiyyətini aşmamışdır.
71. Dünyəvilik Müşahidə Mərkəzinin məruzəsinin « Sağlamlıq müəssisələrində dünyəviliklə bağlı əsasların vəziyyəti » (yuxarıda qeyd edilən 29-cu bənd) başlıqlı hissəsindən belə nəticəyə gəlmək olar ki, tibb müəssisələrində işləyən şəxslərin dini əqidələrini nümayiş etdirməkdən irəli gələn fikir ayrılığı hər işin hallarına görə dəyərləndirilir və rəhbərlik, hazırki işdə maraqları razılaşdıraraq qarşılıqlı anlaşma əsasında həll yolu tapmağa çalışmışdır. Bu dostca həll yolu tapma istəyi bu cür mübahisələrin məhkəmələrə nadirən getməsi faktı və eləcə də 2005-ci il tarixli təlimat məktubundan və ya dünyəvilik haqqında son zamanlarda aparılan araşdırmalarda da təsdiqinui tapır (yuxarıda qeyd edilən 26 və 30-cu bəndlər). Nəticədə, Məhkəmə qeyd edir ki, xəstəxana elə bir yerdir ki, burada həmçinin dini etiqadını ifadə etmək azadlığına malik olan istifadəçilərdən də hər cür dini təbliğatdan uzaq duraraq və xidmətin təşkilinə və xüsusilə tibbi və gigiyena tələblərinə hörmət edərək dünyəvilik prinsipinin həyata keçirilməsində iştirak etmələri tələb olunur (yuxarıda qeyd edilən 23, 29 və 30-cu bəndlər) ; başqa sözlə, əlaqədar Dövlətin nizamlaması burada ərizəçinin dini etiqadını nümayiş etdirməsindən daha çox, digər şəxslərin hüquqlarına, xəstələrlə münasibətdə rəftar bərabərliyi prinsipinə və müəssisənin fəaliyyətinə üstünlük verir.
72. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Məhkəmə hesab edir ki, mübahisəli müdaxilə qarşıya qoyulan məqsədlə proporsionaldır. Nəticədə, ərizəçinin dinini nümayiş etdirmək azadlığının həyata keçirilməsinə müdaxilə edilməsi demokratik cəmiyyətdə zəruridir və Konvensiyanın 9-cu maddəsinin pozuntusu baş verməmişdir.

BU ƏSASLARLA, MƏHKƏMƏ,

1. Yekdilliklə elan edir ki, ərizə qəbulediləndir ;

2. Altı səsə qarşı bir səs olmaqla qət edir ki, Konvensiyanın 9-cu maddəsinin pozuntusu baş verməmişdir. ;
Fransız dilində hazırlanmış və Məhkəmə Reqlamentinin 77-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən 26 noyabr 2015-ci ildə yazılı şəkildə elan edilmişdir.

Milan Blaşko                                                     Jozep Kazadeval
Katib müavini                                                    Sədr

 

Hazırki qərara Konvensiyanın 45-ci maddəsinin 2-ci bəndinə və reqlamentin 74-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq hakimlər De Qaytanonun və O’Lirinin fərqli rəyləri əlavə edilmişdir.
J.C.M.
M.B.

Xüsusi rəylər tərcümə olunmamışdır, lakin qərarın Məhkəmənin HUDOC məlumat bazasındakı ingiliscə və ya fransızca olmaqla, rəsmi versiyalarında onları oxumaq olar.

 

©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (www.coe.int/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından (http://hudoc.echr.coe.int) və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@echr.coe.int.

© Council of Europe/European Court of Human Rights, 2016
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (www.coe.int/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights (http://hudoc.echr.coe.int) or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@echr.coe.int.

© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (www.coe.int/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (http://hudoc.echr.coe.int), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@echr.coe.int