YENİ © tərcümə – aihmaz.org – yüklə_Elçin Namazov Azərbaycana qarşı
BEŞİNCİ BÖLMƏ
ELÇİN NAMAZOV AZƏRBAYCANA QARŞI
(Ərizə № 74354/13)
QƏRAR
STRASBURQ
30 Yanvar 2020
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti qüvvəyə minir. Qərara redaktə xarakterli dəyişikliklər edilə bilər.
Namazov Azərbaycana qarşı məhkəmə işində,
Avropa İnsan Hüquqları Məhkəməsinin (Beşinci Bölmə) Palatasının iclası ibarətdir:
Angelika Nüberger, Prezident,
Qabriele Kuksko-Stadlmayer,
Yonko Qrozev,
Siofra Oleari,
Martins Mits,
Lətif Hüseynov,
Lado Çanturiya, hakimlər,
və Klaudia Vesterdiek, İclasın katibi,
3 dekabr 2019-cu ildə xüsusi müşavirə keçirilərək,
Həmin tarixdə qəbul edilmiş müvafiq qərarı verir:
PROSEDUR
1. Məhkəmə işi 7 Noyabr 2013-ci il tarixində Azərbaycan vətəndaşı, cənab Elçin Yusif oğlu Namazovun (“ərizəçi”) İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən, Azərbaycan Respublikasını məhkəməyə verdiyi ərizə (№ 74354/13) nəticəsində başladılmışdır.
2. Ərizəçini Azərbaycanda yaşayan vəkil cənab K. Bağırov təmsil edib. Azərbaycan Hökumətini (“Hökumət”) isə hökumətin nümayəndəsi cənab Ç. Əsgərov təmsil edib.
3. Ərizəçi iddia edib ki, kollegiyadan xaric edilməsi onun Konvensiya ilə qorunan hüquqlarının pozulmasına gətirib çıxarıb və müvafiq yerli məhkəmə araşdırmaları ədalətsiz olub.
4. 3 Sentyabr 2015-ci il tarixində ərizəçinin şəxsi həyatına hörmət hüququnun (Konvensiyanın 8-ci maddəsi) və ədalətli məhkəmə araşdırması hüququnun (Konvensiyanın 6-cı maddəsi) pozulmasıyla bağlı iddialarını əks etdirən şikayət bildirişləri Hökumətə təqdim edilmiş, ərizənin qalan hissəsi isə Məhkəmə qaydalarının 54-cü maddəsinin 3-cü bəndinə əsasən keçərsiz elan edilmişdir.
FAKTLAR
I. HADİSƏNİN BAŞ VERDİYİ ŞƏRAİT
5. Ərizəçi 1978-ci ildə anadan olub və Bakıda yaşayır.
6. Aşağıda göstərilən hadisələr baş verən zaman ərizəçi vəkil kimi fəaliyyət göstərib və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olub. O, insan hüquqlarının müdafiəçisi kimi ixtisaslaşıb və müxalif siyasi partiyalarla əlaqəli bir çox insanları təmsil edib.
A. Məhkəmə dinləmələrində ərizəçinin bəyanatları
7. Ərizəçi 233-cü maddə ilə (ictimai əsayişin pozulmasına gətirib çıxaracaq fəaliyyətlərin təşkilində) ittiham olunan R.H.-ın təmsilçisi olub, Cinayət Məcəlləsinin bu maddəsi cinayət araşdırmalarının bir elementi kimi müxalifətin təşkil etdiyi nümayişlərdə iştirak edən bir çox insanlara qarşı institutsional şəkildə tətbiq edilib.
8. 2011-ci ilin 9, 16, 18 və 27 avqust tarixlərində Nəsimi Rayon Məhkəməsində baş tutan məhkəmə işində ərizəçi hakimlə (Ş.A.) şifahi söz münaqişəsinə girib.
9. Ərizəçinin məhkəməyə təqdim etdiyi 9 Avqust 2011-ci il tarixli dinləmənin stenoqramından belə görünür ki, vəkil hakimdən R.H.-a qarşı ittihamları izah etməyi, xüsusilə ictimai əsayiş anlayışını müəyyənləşdirməyi tələb etdiyi zaman, hakim əvvəlcə suallara cavab verməkdən imtina edib. Ərizəçi məsələ barəsində təkid etdikdən sonra, hakim cavab verib və ictimai əsayişin pozulmasının vətəndaşların istirahət hüququnun pozulması olduğunu bəyan edib. Ərizəçi hakimin tərifinə etiraz edib və bəyan edib ki, vətəndaşların istirahət hüququnun pozulması heç də bütün hallarda ictimai əsayişin pozulması mənasına gəlmir. Ərizəçinin etirazından sonra hakim onun məhkəmədə şou göstərməkdə ittiham edib.
10. Ərizəçi ilə Ş.A. arasındakı söz münaqişəsi 2011-ci il 16 və 18 avqust tarixləri arasında keçirilən dinləmələrdə də davam edib. Məhkəmə işi qovluğundakı sənədlərdən belə görünür ki, 2011-ci ilin avqustunun qeyri-müəyyən günündə ərizəçi Ş.A.-ya qarşı etiraz məzmunlu ərizə irəli ilə müraciət edib, ərizədə hakimin müdafiə tərəfinin bütün ərizələrini rədd etdiyi və müdafiə tərəfini 28 iyul və 9, 16, 18 avqust 2011-ci il tarixindəki məhkəmə dinləmələrinin rəsmi sənədlərinin surətiylə təmin etməkdən imtina etdiyi irəli sürülüb.
11. Nəsimi Rayon Məhkəməsinin 22 avqust 2011-ci il tarixli qərarında ərizəçinin etirazı rədd edilib. Qərar Ş.A. tərəfindən verilib və apelyasiya şikayəti üçün münasib hesab edilməyib.
12. Ərizəçinin 27 avqust 2011-ci ildəki dinləmə ilə bağlı Məhkəməyə təqdim etdiyi stenoqramdan həmçinin bu da görünür ki, ərizəçi və Ş.A. arasındakı şifahi söz münaqişəsi müdafiə tərəfinin istintaqı üçün şahid dindirilməsi zamanı baş verib. Xüsusilə ərizəçinin şahidə bu iki suala cavab verməsini tələb edən zaman: “Siz namuzlu adamsınız?” və “Sizcə, özbaşınalıq edən hakim vicdanlı hakim hesab edilə bilərmi?” Hakim bu suallara etiraz edib və dinləməyə fasilə elan etməklə, müdaxilə edib.
13. Həmin gün hakim ərizəçinin vəkil etikasını pozduğunu iddia etməklə, Azərbaycan Vəkillər Kollegiyasını məlumatlandırmaq barədə qərar qəbul edib. Hakim qərarda qeyd edib ki, ərizəçi şahiddən “Siz özünüzü namuslu insan hesab edirsinizmi” sualına cavab verməyi tələb edərkən, dövlət ittihamçısı suala etiraz edib, sədrlik edən hakim, özü isə ərizəçiyə xəbərdarlıq edib. Ərizəçi ona cavabında belə deyib:
“Siz mənə heç bir şey edə bilməzsiniz, nə edirsinizsə axırıncısını edin. Mən qəbul edirəm ki, məhkəmədə qalmaqal yaradıram, istəyirsinizsə dediklərimlə bağlı protokola da qol çəkim.”
Hakim həmçinin qeyd edib ki, onun xəbərdarlıqlarına baxmayaraq, ərizəçi şahidə növbəti sualları verib: Sizə rəhbərlik deyibmi ki, sən nə danışırsan danış, onsuz da hakim Ş.A. ona lazım olan hökmü çıxaracaq?; Bu saxta məhkəmədən nə gözləyirsiniz?; Hakimi namuslu və vicdanlı hakim hesab edirsinizmi?; Ş.A. kimi özbaşınalıq edən hakim görmüsünüzmü?
Qərarda həmçinin göstərilib ki, ərizəçi hakim barəsində bu cür sözlər bəyan edib: “Sizin hüquqi savadsızlığınızı bir daha təsdiqləyirəm, sizin qanunlardan xəbəriniz yoxdur.” Hakim həmin qərarın bir surətini Cinayət Məcəlləsinin 289-cu Maddəsinə əsasən (məhkəməyə hörmətsizlik), ərizəçiyə qarşı cinayət işinin açılması üçün prokurorluq orqanlarına göndərmək qərarına gəlib. Buna baxmayaraq, ərizəçinin məhkəməyə qarşı hörmətsizlik etməsiylə bağlı cinayət işinin açılmasına dair hansısa bir icraat və ya nəticə məhkəmə işi qovluğuna əlavə edilməyib. Daha sonra məhkəmə işi ilə bağlı sənədlərdən belə görünür ki, 27 avqust 2011-ci il tarixində hakim ərizəçini R.H.-ın məhkəmə işindən xaric etmək barədə qərar qəbul edib.
14. Ərizəçi Nəsimi Rayon Məhkəməsinin 27 avqust 2011-ci il tarixli qərarının surətiylə və 9, 16, 18 və 27 avqust tarixlərində keçirilən məhkəmə dinləmələrinin rəsmi sənədləri ilə təmin edilməyib. Ərizəçinin bildirdiyinə görə, həmin dinləmələrdə iştirak edən zaman o, digər vəkillərlə birgə məhkəmə dinləmələrinin rəsmi sənədləri barədə yazılı rəylər yazıb və onlar barədəki mətnin hakim tərəfindən hazırlandığını irəli sürüb. Məhkəmənin Hökumətə ərizəçiyə qarşı irəli sürülən intizam araşdırmaları ilə əlaqədar sənədləri təqdim etməklə bağlı aşkar müraciətinə baxmayaraq, Hökumət yuxarıda adı hallanan məhkəmə dinləmələrinin rəsmi sənədlərinin surətini Məhkəməyə təqdim etməyib.
B. Ərizəçiyə qarşı intizam araşdırmaları
15. Azərbaycan Vəkillər Kollegiyasının İntizam Komissiyası 2011-ci ilin 14 sentyabrında ərizəçiyə qarşı şikayətə baxmaq üçün iclas keçirib və şikayəti Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyətinə (bundan sonra “Rəyasət Heyəti”) göndərmək qərarına gəlib. Nəsimi Rayon Məhkəməsinin 27 avqust 2011-ci il tarixli qərarına və yuxarıda adı hallanan məhkəmə dinləmələrinin sənədlərinə istinad etməklə, intizam komissiyası bu qərara gəlib ki, ərizəçi Vəkillik Haqqında Qanunun və Vəkil Fəaliyyətinin (“Qanun”) 14, 16 (I) və 18-ci maddələrinin tələblərini pozub.
16. Ərizəçinin məhkəməyə təqdim etdiyi iclasın stenoqramından belə görünür ki, intizam komissiyasının üzvləri ərizəçidən ona qarşı qəbul olunmuş şikayəti izah etməyi tələb etdikləri halda, ona Nəsimi Rayon Məhkəməsinin 27 avqust 2011-ci il tarixində çıxardığı qərarı təqdim etməkdən imtina ediblər. Bununla olaraq əlaqədar, ərizəçi bəyan edib ki, qərarın surəti ona verilmədiyindən, o, ona qarşı olan şikayətin məzmunundan xəbərsiz olub. O, həmçinin qeyd edib ki, Nəsimi Rayon Məhkəməsinin hakimini təhqir etməyib və intizam komissiyasından bunun sübutu üçün həmin dinləmələrdə iştirak edən hüquqşünasları dinləməyi xahiş edib. Sonra məlum olub ki, intizam komissiyasının Prezidenti Z.X. tez-tez mətbuatda göründüyünə və müxalifətdə olan Musavat partiyasının üzvü olduğuna görə, ərizəçini açıq şəkildə tənqid edib. Cavabında ərizəçi heç bir siyasi partiyanın üzvü olmadığını və üstəlik vəkillərin mətbuatda görünməyini qadağan edən hansısa qanunun mövcud olmadığını bildirib. Bundan əlavə, ərizəçinin Nəsimi Rayon Məhkəməsindəki dinləmələr zamanı onunla hakim arasındakı şifahi söz münaqişəsini əks etdirən 10 səhifəlik bəyanatını təqdim etməsinə imkan verilməyib.
17. 2011-ci ilin 16 sentyabrında Rəyasət Heyəti ərizəçiyə qarşı şikayəti araşdırmaq üçün iclas keçirib. Rəyasət Heyəti Qanunun 22-ci (VIII) Maddəsinə əsasən, kollegiyadan xaric etmək məsələsinə baxmaq üçün ərizəçinin işini məhkəməyə göndərmək qərarına gəlib. Rəyasət Heyəti həmçinin məhkəmə qərarı verilənə qədər ərizəçinin vəkil fəaliyyətinin dayandırılması barədə qərar verib. Qurum ərizəçinin Qanunun 14, 16 (I) və 18-ci maddələrinə riayət etmədiyini bildirib. Bunun üçün Rəyasət Heyəti Nəsimi Rayon Məhkəməsinin 27 avqust 2011-ci il tarixli qərarına və 9, 18 və 27 avqust 2011-ci il tarixli məhkəmə dinləmələrinin sənədlərinə istinad edib. Rəyasət Heyətinin qərarı intizam komissiyasının qərarıyla demək olar ki, sözbəsöz eyni olub.
18. Ərizəçinin məhkəməyə təqdim etdiyi stenoqramdan belə görünür ki, Rəyasət Heyətinin iclası ərizəçinin iştirakı ilə keçirilib və o da ona qarşı olan şikayəti rədd edib. Vəkillər Kollegiyasının prezidenti A.T. ərizəçinin ona qarşı olan şikayətin və şikayətə tikilən sənədlərin surətiylə təmin edilmədiyini etiraf edib. Bundan başqa, o, mətbuatda tez-tez göründüyünə görə ərizəçini tənqid edib və ərizəçi ilə bağlı hakimlərdən və istintaqçılardan şikayətlər aldığını qeyd edib.
19. 30 sentyabr 2011-ci il tarixində Rəyasət Heyəti ərizəçinin kollegiyadan xaric edilməsi üçün Füzuli Rayon Məhkəməsinə şikayətlə müraciət edib. Bu ərizəsində Rəyasət Heyəti 26 Aprel 2006-cı ilə və 26 avqust 2009-cu ilə aid əvvəlki qərarlarına da – bu qərarlarda ərizəçiyə müvafiq olaraq ciddi xəbərdarlıq edilərək töhmət verilib – istinad edib.
C. Ərizəçinin kollegiyadan xaric edilməsiylə bağlı məhkəmə dinləmələri
20. Qeyri-müəyyən bir tarixdə ərizəçi Füzuli Rayon Məhkəməsinə məhkəmə işinin Nərimanov Rayon Məhkəməsinə yönləndirilməsi ilə bağlı müraciət edib. Müraciətini o, yaşayış yerinin Füzulidə deyil, Bakıda olması faktıyla əsaslandırıb.
21. 2011-ci ilin 3 noyabr tarixində Füzuli Rayon Məhkəməsi müraciəti rədd edib və işin araşdırılmasına davam edib.
22. 15 dekabr 2011-ci il tarixində Füzuli Rayon Məhkəməsi məsələ ilə əlaqədar qərar verib və ərizəçinin kollegiyadan xaric edilməsi barədə göstəriş verib. Hökmün müvafiq hissəsində belə deyilir:
“Məhkəmə müəyyən etmişdir ki, Rəyasət Heyətinin 26 aprel 2006-cı il tarixli qərarında peşə fəaliyyətinin həyata keçirilməsi ilə bağlı [Qanunun] tələblərini pozduğuna görə [ərizəçi]… ciddi xəbərdarlıq almış və ona Qanunun tələblərinə uyğun fəaliyyət göstərmək barədə təlimat verilmişdir. Peşə fəaliyyətinin qanunauyğun şəkildə həyata keçirilməsində qanunun tələblərini pozduğuna görə, [ərizəçiyə] qarşı növbəti dəfə intizam araşdırmaları başladılmış və Rəyasət Heyətinin 26 avqust 2009-cu il tarixində qəbul etdiyi qərarla ona töhmət verilmişdir. Bundan başqa, ilkin dinləmələrdə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 233-cü Maddəsiylə ittiham olunan R.H.-ın Nəsimi Rayon Məhkəməsində keçirilən məhkəmə araşdırmasında ittiham olunanın nümayəndəsi [ərizəçi]… vəkil etikasını pozmaqla, məhkəməyə sədrlik edən hakimi və şahidi təhqir etmiş, dinləmələrdəki iştirakçılara qarşı nalayiq ifadələr işlətmiş, sədr hakimin qanuna riayət etməklə bağlı tələblərini qulaq ardına vurmuş, öz ərizələrində məhkəmə ilə bağlı nalayiq ifadələr, etirazlar, çağırışlar işlətmiş və bu hərəkətləri ilə məhkəmə dinləməsində gərgin və əsəbi mühit yaratmışdır. 9, 18 və 27 avqust 2011-ci il tarixli məhkəmə dinləmələrində [ərizəçi] dəfələrlə məhkəmə dinləmələrinin qaydalarını pozmağa cəhd göstərmiş, məhkəmə araşdırması iştirakçılarını təhqir etməklə, məhkəməyə qarşı hörmətsizlik etmiş, sədr hakimin sakitliyə riayət etməklə və təlimatlara əməl etməklə bağlı xəbərdarlıqlarına qəsdən məhəl qoymamışdır; onun qanunsuz davranışlarına görə məhkəmə dinləmələri pozulmuş, qarışıqlıq yaranmışdır və situasiyanın qarşısını almaq üçün araşdırmalar dayandırılmışdır.
Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, [ərizəçi] özünün vəkil kimi fəaliyyəti zamanı [Qanunun] tələblərini kobud şəkildə pozmaqla, vəkil andına, vəkil etikasına və vəkil peşəsinə hörmət etməkdə müvəffəqiyyətsizliyə uğramış və ona qarşı tətbiq edilmiş intizam sanksiyalarından nəticə çıxarmamışdır. Məhkəmə hesab edir ki, ərizə qanuna uyğundur və iddiaçı müdafiəçiyə qarşı belə bir ərizə ilə çıxış etməkdə haqlıdır, buna yol verilməlidir.
[Qanunun] 14-cü (I) Maddəsinə görə, Vəkillər Kollegiyasına üzv qəbul olunmuş şəxs Kollegiyanın Rəyasət Heyətinin iclasında Azərbaycan Respublikasının Dövlət bayrağı önündə aşağıdakı məzmunda and içir:
“Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməklə vəkil vəzifələrimi şərəflə və vicdanla yerinə yetirməyə, ədalətli və prinsipial olmağa, insan hüquq və azadlıqlarını mərdliklə və dönmədən müdafiə etməyə, peşə sirrini qorumağa təntənəli surətdə and içirəm”.
Qanunun 16-cı (I) Maddəsində bildirilir ki, peşə fəaliyyətini həyata keçirərkən vəkil vəkillik sirrini qorumalı, vəkil andına və vəkil etikasına riayət etməlidir, yalnız qanunun tələblərini rəhbər tutmalıdır və s.
Qanunun 18-ci maddəsinə görə, vəkil peşə fəaliyyətini həyata keçirərkən, bu Qanunla müəyyən edilmiş qaydada öz vəzifələrini mükəmməl icra etməli, vəkil sirrindən özünün şəxsi və başqalarının tamahkarlıq və digər məqsədləri üçün istifadə etməməli, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə, qanunsuz hərəkətlərin törədilməsinə çağırışlara, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, məhkəmə iclasını aparan hakimə mane olmamalı, bu iclasda çıxış edənlərin sözlərini kəsməməli, iclasın iş qaydasını pozmamalı və Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul olunmuş Vəkillərin davranış qaydaları haqqında Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının digər tələblərinə riayət etməlidir.
Qanunun 22-ci (VIII) Maddəsinə uyğun olaraq, Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslı motivlər olduqda İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti məsələnin həlli üçün məhkəməyə müraciət edərək, həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər”.
Hökmdə qeyd edilib ki, vəkil dinləmə ilə bağlı lazımi qaydada məlumatlandırılsa da, dinləmədə iştirak etməyə müvəffəq olmayıb.
23. 23 Yanvar 2012-ci il tarixində ərizəçi qərarla bağlı apelyasiya verib. Xüsusilə o, Nəsimi Rayon Məhkəməsində keçirilən dinləmə zamanı hakimi təhqir etmədiyinə, sadəcə öz müştərsini müdafiə etməyə çalışdığına dair şikayət verib. Ardınca ərizəçi işinin onu azadlığına və ictimai fəallığına görə, cəzalandırmaq istəyən Vəkillər Kollegiyası tərəfindən lazımınca araşdırılmadığını qeyd edib. Həmçinin o, birinci instansiya məhkəməsinin onun əvvəlki intizam sanksiyaları ilə bağlı qərarının uyğunsuz olduğunu bildirib. Belə ki, o qeyd edib ki, 2006-cı ildə ciddi xəbərdarlıq ala bilməzdi, çünki qanunvericilikdə bununla əlaqədar intizam cəzası hələlik mövcud deyildi və həmçinin o, 2009-cu ildə heç bir halda intizam dinləmələri ilə bağlı töhmətə məruz qalmamışdır. Bundan sonra ərizəçi şikayət edərək bildirib ki, birinci instansiya məhkəməsi onun kollegiyadan xaric etməyə qanuni əsas kimi Qanunun 22-ci maddəsinə əsaslansa da, Qanun vəkilin kollegiyadan xaric edilməsiylə bağlı səbəbləri əsaslandırmaqda uğursuzluğa uğrayır və qanunun tələblərinin keyfiyyətinə uyğun gəlmir. Bundan başqa, vəkillərin davranış qaydalarıyla bağlı hansısa əsasnamə olmadığı halda, vəkil etikasını pozduğu iddia edilməklə, o, cəzaya məruz qalmışdır, ki bu qərar da əslində, vəkillərin davranış qaydalarına əsaslanmış olmalı idi.
24. Apelyasiya Məhkəməsindən əvvəlki məhkəmə araşdırmaları zamanı baş verən hadisələr barədə özünün versiyasını irəli sürməkdən ötrü, ərizəçi məhkəmədən 27 avqust 2011-ci il tarixindəki Nəsimi Rayon Məhkəməsindəki dinləmələrdə olan şahidlərin sübutlarını dinləməyi tələb edib. Bunun üçün o, haqqında bəhs olunan dinləmədə iştirak edən 6 hüquqşünas daxil olmaqla, 16 şahidin siyahısını təqdim edib.
25. 2012-ci ilin 10 may tarixində Şirvan Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünün düzgün olduğunu bəyan etməkdə, apelyasiya qərarı verməkdən imtina etmişdir. Apelyasiya məhkəməsi bəyan edib ki, ərizəçinin xeyrinə şahidlərin sübutlarını dinləyə bilməz, çünki ərizəçi birinci instansiya məhkəməsindəki dinləmədə iştirak etməyib və eyni ərizəni heç də yaxşı olmayan səbəbdən yenidən məhkəməyə təqdim edib. Buna baxmayaraq, apelyasiya məhkəməsi ona qarşı tətbiq edilən əvvəlki dövrlərə aid sankisiyalar, Qanunun qanuni tələblərin keyfiyyətinə uyğun olmaması və hüquqşünasların davranışı barədə qanuni əsasnamənin olmaması barədəki xüsusi şikayətinə dair heç bir açıqlama verməmişdir.
26. 31 oktyabr 2012-ci il tarixində ərizəçi əvvəlki şikayətlərini təkrar etməklə, qərardan kassasiya şikayəti vermişdir.
27. 8 may 2013-cü il tarixində Ali Məhkəmə Şirvan Apelyasiya Məhkəməsinin 10 may 2012-ci il tarixli qərarını qüvvədə saxlamışdır.
II MÜVAFİQ YERLİ QANUN
A. 28 dekabr 1999-cu il tarixli vəkillər və vəkillik fəaliyyəti haqqında qanun (“Qanun”)
28. Qanunun müvafiq hissəsi material dövründə qüvvədə olmaqla aşağıdakı qaydada olub:
Maddə 14. Vəkilin andı
“I. Vəkillər Kollegiyasına üzv qəbul olunmuş şəxs Kollegiyanın Rəyasət Heyətinin iclasında Azərbaycan Respublikasının Dövlət bayrağı önündə aşağıdakı məzmunda and içir:
“Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməklə vəkil vəzifələrimi müstəqil olaraq şərəflə və vicdanla yerinə yetirməyə, ədalətli və prinsipial olmağa, insan hüquq və azadlıqlarını mərdliklə və dönmədən müdafiə etməyə, peşə sirrini qorumağa təntənəli surətdə and içirəm…”
Maddə 16. Vəkilin vəzifələri
“I. Peşə fəaliyyətini həyata keçirərkən vəkil:
qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməlidir;
vəkil sirrini qorumalı, vəkil andına və vəkil etikasına riayət etməlidir;
yalnız qanunun tələblərini rəhbər tutmalıdır;
…”
Maddə 18. Vəkil etikası
“Vəkil peşə fəaliyyətini həyata keçirərkən bu Qanunla müəyyən edilmiş qaydada öz vəzifələrini mükəmməl icra etməli, vəkil sirrindən özünün şəxsi və başqalarının tamahkarlıq və digər məqsədləri üçün istifadə etməməli, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə, qanunsuz hərəkətlərin törədilməsinə çağırışlara, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, məhkəmə iclasında hakimə mane olmamalı, bu iclasda çıxış edənlərin sözlərini kəsməməli, iclasın iş qaydasını pozmamalı və Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul olunmuş Vəkillərin davranış qaydaları haqqında Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının digər tələblərinə riayət etməlidir.”
Maddə 21. Vəkillərin İntizam Komissiyası
“I. Vəkillər tərəfindən peşə vəzifələrinin həyata keçirilməsi ilə bağlı yol verilən intizam pozuntularına dair şikayətlərə və müraciətlərə baxılması və onların intizam məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar məsələlərin həll olunması üçün Vəkillər Kollegiyasının nəzdində Vəkillərin İntizam Komissiyası yaradılır.
…”
Maddə 22. Vəkillərin intizam məsuliyyəti
I. Vəkil peşə borcunu həyata keçirərkən bu qanunun və digər qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir.
…
VI. İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkilə aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: [67]
irad tutma;
töhmət;
üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması;
…
VIII. Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər.
B. Vəkillərin davranış qaydaları ilə bağlı əsasnamə (“Əsasnamə”)
29. Əsasnamə ilk dəfə 8 dekabr 2012-ci il tarixində Vəkillər Kollegiyasının ümumi iclasında qəbul olunmuşdur.
III. MÜVAFİQ BEYNƏLXALQ SƏNƏDLƏR
30. Üzv ölkələrdə vəkil peşəsinin sərbəst həyata keçirilməsinə dair Avropa Şurası Nazirlər Komitəsinin 25 oktyabr 2000-ci il tarixli R(2000) 21 saylı Tövsiyəsi;
“Nazirlər Komitəsi…
…Vurğulayır ki, vəkillər və vəkillərin peşəkar birlikləri insan hüquqlarının və fundamental azadlıqların qorunmasının təmin edilməsində rol oynayırlar;
Xüsusilə fərdi azadlıqların qoruyucusu kimi vəkilin də iştirakçısı olduğu Qanunun Aliliyini gücləndirməkdən ötrü vəkil peşəsinin sərbəst həyata keçirilməsini təşviq etməyi arzu edir;
Ədliyyə administrasiyasında ədalətli sistemə ehtiyac duyulduğunu dərk etmək, ki bu da hansısa uyğunsuz məhdudiyyət, təsir, niyyət, təzyiq, birbaşa və ya dolayı təhdid və müdaxilə tətbiq etmədən, hansısa səbəb və ya məcburiyyət qoymadan, vəkilin azadlığına təminat verir;
… Üzv ölkələrin hökumətlərinə, vəziyyətdən asılı olaraq, bu Tövsiyyədə yer alan prinsiplərin həyata keçirilməsi məqsədiylə vacib bildikləri bütün ölçüləri nəzərə almalarını və ya qüvvəyə mindirmələrini məsləhət görür.
…
VI Prinsip – İntizam Araşdırmaları
Əgər vəkillər – vəkillər kollegiyaları, digər vəkil birlikləri tərəfindən tərtib olunan davranış kodekslərində və ya qanunvericilikdə nəzərdə tutulan peşəkar standartlara uyğun davranmırlarsa, intizam araşdırmaları daxil olmaqla, müvafiq ölçülər götürülməlidir.
Vəkillər Kollegiyaları və vəkillərin digər peşə birlikləri məsuliyyət daşımalı və yaxud ehtiyac yaranarsa, vəkillərlə bağlı intizam araşdırmalarının aparılmasında iştirak etmək hüququna malik olmalıdırlar.
İntizam araşdırmaları Avropa İnsan Hüquqları Konvensiyasında nəzərdə tutulan prinsiplərə tam əməl olunmaqla aparılmalıdır, həmçinin əlaqədar vəkil araşdırmalarda iştirak etmək və qərarın hüquqi qiymətləndirilməsinə müraciət etmək haqqına malik olmalıdır.
Vəkillərin yol verdikləri intizam pozuntularına görə cəza müəyyənləşdirilərkən, proporsionallıq prinsipinə əməl edilməlidir.
QANUN
1. KONVENSİYANIN 8-Cİ MADDƏSİNİN POZULMASI İDDİASI
32. Konvensiyanın 6-cı maddəsinə istinad edən ərizəçi kollegiyadan xaric edilməsinin qanunsuz olduğuna, Konvensiyada qorunan hüquqlarının pozulduğuna və yerli araşdırmaların ədalətsiz olmasından şikayət verib.
33. Məhkəmə işin faktlarına hüquqi cəhətdən verilə biləcək qiymətləndirməyə yaxşı bələd olduğundan, özünü tərəflərin verdiyi qiymətləndirmədən asılı olduğunu düşünmür. (bax, Aksu Türkiyəyə qarşı [GC], № 4149 və 41029/04, & 43, AİHQ 2012). Şikayət əsaslandığı faktlarla qiymətləndirilir, təkcə qanuni əsaslarla və ya etibar olunan arqumentlərlə deyil. (bax, Radomilja və Digərləri Xorvatiyaya qarşı [GC], № 37685/10 və 22768/12, && 123-26, 20 mart 2018, və Molla Sali Yunanıstana qarşı [GC], № 20452/14, & 85, 19 dekabr 2018). Buna görə də Məhkəmə hazırkı işdə ərizəçinin şikayətinin 8-ci Maddəyə əsaslanaraq araşdırılmalı olduğunu düşünür, maddə belədir:
1. Hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.
A. Qəbuledilənlik
34. Məhkəmə məsələnin əvvəlindəcə hazırkı işə 8-ci Maddənin tətbiq edilməsiylə bağlı hansısa bir etiraz etməyib. Bununla əlaqədar olaraq, Məhkəmə təkrar edir ki, Konvensiyanın 8-ci Maddəsindəki “şəxsi həyat” anlayışı qəti tərifə uyğun gəlməyən geniş termindir. O, şəxsin fiziki və ictimai kimliyinin çoxsaylı aspektlərini ehtiva edə bilər. Öz növbəsində 8-ci Maddə peşəkar inkişaf hüququnu, həmçinin peşəkar və ya biznes xarakterli münasibətlər daxil olmaqla, digər insanlarla və kənar sahələrlə əlaqələr yaratmaq və inkişaf etditmək hüququnu dəstəkləyir. Hər bir halda, nə də olsa, əksər insanlar özlərinin iş həyatında kənar dünya ilə münasibətlər yaratmaq üçün müstəsna imkana sahib olurlar (bax, Denisov Ukraynaya qarşı [GC], № 76639/11, §§ 95-96, §§ 100-09, §§ 115-17, 25 sentyabr 2018 ). Hazırkı işdə isə bu şübhəsizdir ki, ərizəçinin peşəkar davranış pozuntusuna görə kollegiyadan xaric edilməsi onu peşəsini icra etməkdən məhrum edib və buna görə də onun bir çox peşəkar və digər münasibətlərinə təsir göstərib, həmçinin onun peşəkar və ictimai reputasiyasına ziyan törədib. Məhkəmə buna görə də hesab edir ki, mübahisələndirilən bu tədbir ərizəçi üçün çox ciddi aqibət yaradıb və onun şəxsi həyatına əhəmiyyətli dərəcədə təsir göstərib (Denisovu müqayisə et və tutuşdur, yuxarı istinad göstərilib, §§ 123 və 125) Buna görə də 8-ci Maddə tətbiq edilir.
35. Məhkəmə qeyd edir ki, bu şikayət mahiyyət etibarilə Konensiyanın 35-ci Müddəasının 3-cü (A) bəndinə zidd deyil. O, həmçinin qeyd edir ki, bu digər nöqteyi-nəzərlərdən də keçərsiz deyil. Buna görə də o, qəbuledilən hesab edilməlidir.
B. Dəyərlər
1. Tərəflərin təqdimatları
(A) Ərizəçi
36. Ərizəçi qeyd edib ki, onun kollegiyadan xaric edilməsi qanunsuz olub, çünki Qanunun 22-ci (VIII) maddəsi qanunun keyfiyyət tələbinə uyğun olmayıb. Xüsusilə Qanunun 22-ci (VIII) maddəsi vəkilin xaric edilməsi üçün “əsaslı motivlər” anlayışına dair hansısa açıqlama vermir və bu anlayış yetərincə aydınlıqdan və dəqiqlikdən məhrum olmaqla, geniş bir formulanı özündə əks etdirir. O, həmçinin qeyd edib ki, o, vəkil etikasını pozduğuna görə, xaric edilsə də, həmin dövrdə bu barədə əsasnamə hələ qəbul edilməmişdi. Ərizəçi ardınca bildirib ki, bu müdaxilə hansısa qanuni məqsəd daşımamışdır.
37. Müdaxiləyə bəraət qazandırılmasına gəldikdə isə, ərizəçi 27 avqust 2011-ci il tarixində şahidə “Siz namuslu adamsınız?” və “Sizcə, özbaşınalıq edən hakim vicdanlı hakim hesab edilə bilərmi?” suallarını verdiyini etiraf etsə də, bildirib ki, o, Nəsimi Rayon Məhkəməsi hakiminin 27 avqust 2011-ci il tarixli qərarında göstərilən digər ifadələri işlətməmişdir. Bununla əlaqədar olaraq, o, bəyanatlarının səhv yazıldığını və müvafiq məhkəmə dinləmələrindəki sənədlərin hakim tərəfindən saxtalaşdırıldığını iddia edib. Ərizəçi həmçinin qeyd edib ki, onun kollegiyadan xaric edilməsi çox sərt və qeyri-proporsional tədbir olmuşdur ki, bu da demokratik bir cəmiyyətdə zəruri olmayacaq bir haldır.
(b) Hökumət
38. Hökumət ərizəçinin kollegiyadan xaric edilməsinin onun şəxsi həyata hörmət hüququna müdaxilə ilə nəticələndiyini qəbul edib. Bu müdaxilənin Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş, qarışıqlığın və cinayətin qarşısının alınması üçün qanuni əsas daşıdığını bildirmişdir.
39. Demokratik cəmiyyətdə zərurət məsələsinə qaldıqda, Məhkəmənin müvafiq presendent-hüququna əsaslanmaqla, Hökumət ədliyə administrasiyasındakı vəkillərin oynadığı vacib rolu vurğulayıb. Hökumət ərizəçiyə qarşı intizam araşdırmalarının vəkil etikasının pozulmasına, ərizəçinin nalayiq dilinə və hakimə qarşı qəbuledilməz rəftarına görə tətbiq edildiyini qeyd edib. Həmçinin bildirib ki, demokratik qurumlar ərizəçini cəzalandırarkən həddi aşmayıblar, çünki o, ilk dəfə deyildi ki, vəkil fəaliyyətində dövlətin müvafiq qanuni tələblərini pozmuş olub. Bununla əlaqədar olaraq, Hökumət Rəyasət Heyətinin iki qərarına istinad edib, bunların birində ərizəçi 26 aprel 2006-cı ildə ciddi xəbərdarlıq almış, digərində isə 26 avqust 2009-cu il tarixində töhmət almışdır.
1. Məhkəmənin qiymətləndirməsi
(a) Müdaxilənin olub-olmaması
40. Məhkəmə qeyd edir ki, hazırkı işdə ərizəçinin kollegiyadan xaric edilməklə vəkil kimi fəaliyyətinin əngəllənməsinin Konvensiyanın 8-ci Maddəsində zəmanət verilən şəxsi həyata hörmət hüququna müdaxiləylə nəticələndiyini hər iki tərəf qəbul edib. Məhkəmə bu nöqteyi-nəzəri bölüşür (bax Bigayeva Yunanıstana qarşı, № 26713/05, §§ 22-25, 28 May 2009; Mateesku Rumıniyaya qarşı, № 1944/10, § 27, 14 Yanvar 2014; və Lekaviçiene Litvaya qarşı, № 48427/09, § 38, 27 İyun 2017).
(b) Müdaxiləyə bəraət qazandırılıb-qazandırılmaması
41. Bu cür müdaxilə, 8-ci Maddənin 2-ci paraqrafına əsasən “qanunauyğun olmaqla” bəraət qazandırılmadığı, orada sıralanmış bir və ya bir neçə qanuni məqsədi izləmədiyi və nəzərdə tutulan məqsəd və ya məqsədlərə nail olmaqdan ötrü “demokratik cəmiyyətdə zəruri” olmadığı təqdirdə, Konvensiyanın 8-ci maddəsini pozmuş hesab olunacaq.
(i) Müdaxilənin qanunauyğun olub-olmaması
42. Məhkəmənin qənaətinə görə, Qanunun 22-ci (VIII) maddəsinə əsasən, əgər vəkilin Vəkillər Kollegiyasından xaric edilməsi üçün əsaslı motivlər varsa, Rəyasət Heyəti intizam komissiyasının fikri əsasında məsələnin həlli üçün məhkəməyə müraciət edə və məhkəmənin məsələ ilə əlaqədar qərarı qüvvəyə minənə qədər vəkilin fəaliyyətinə xitam verə bilər (bax, yuxarıdakı 28-ci paraqraf). Bundan başqa, əsasnamə ancaq 2012-ci ilin 8 dekabrında qəbul edilsə də, Qanunun 18-ci maddəsində vəkil etikası ilə bağlı göstərişlər yer alıb (bax, yuxarıdakı 28 və 29-cu paraqraflar). Buna görə də Məhkəmə ərizəçiyə tətbiq edilən cəzanın yerli qanuna əsaslandığını və qanunun keçərli olduğunu qəbul edir.
43. Ərizəçinin Qanunun 22-ci (VIII) maddəsinin qanunun keyfiyyət tələbinə uyğun gəlmədiyi, çünki “əsaslı motivlər” anlayışının yetərincə aydınlıqdan və dəqiqlikdən məhrum olduğu arqumentinə gəldikdə isə (bax 51 və 52-ci paraqraflar), müdaxilənin zəruriliyi ilə bağlı nəticəsinə əsaslanmaqla, Məhkəmə hazırkı işdə bu nöqteyi-nəzəri müəyyənləşdirməyi zəruri hesab etmir (bax Özpınar Türkiyəyə qarşı, № 20999/04, § 54, 19 Oktyabr 2010, və Şahin Kuş Türkiyəyə qarşı, № 33160/04, § 43, İyun 2016). Buna görə də, Məhkəmə ərizəçinin şəxsi həyatına hörmət hüququna edilən müdaxilənin Konvensiyanın 8-ci Maddəsinin 2-ci bəndi çərçivəsində “qanunauyğun olaraq” dəyərləndirilib-dəyərləndirilməməsi məsələsini açıq saxlayır.
(ii) Müdaxilənin qanuni məqsədə uyğun olub-olmaması
44. Məhkəmə tərəflərin müdaxilənin qanuni məqsədə uyğun olub-olmaması məsələsində razılaşmadığını görür (yuxarıdakı 36 və 38-ci paraqraflara bax). Bununla belə, Məhkəmə hökumətin müdaxilənin ”qarışıqlığın qarşısını almaq” kimi qanuni məqsəd daşıdığı barədəki qiymətləndirməsini təsdiqləyir, belə ki, o, ədalətin yaxşı təmin olunması üçün qanuni peşənin tənzimlənməsini ehtiva edir.
(iii) Müdaxilənin “demokratik cəmiyyətdə zəruri” olub-olmadığı
45. Müdaxilə qanuni məqsəd kimi ”demokratik cəmiyyətdə” yalnız o zaman ”zəruri” hesab oluna bilər ki, o, ”labüd ictimai ehtiyac”dan doğsun, xüsusilə izlənilən qanuni məqsədə uyğun olsun və milli qurumlar ona ”müvafiq və yetərli” kimi bəraət qazandıracaq səbəblər irəli sürmüş olsunlar. (bax Fernandez Martínez İspaniyaya qarşı [GC], № 56030/07, § 124, AİHM 2014 (çıxarışlar)) Araşdırmalardakı ədalət və təqdim olunan prosedur üsulu ilə əlaqəli zəmanətlər elə faktorlardır ki, Konvensiyanın 8-cü Maddəsindəki şəxsi həyatın toxunulmazlığına edilən müdaxilənin proporsionallığını ölçmək məsələsində nəzərə alınırlar. (bax İhsan Ay Türkiyəyə qarşı, № 34288/04, § 37, 21 Yanvar 2014).
46. Qanuni peşənin tənzimlənməsinə qaldıqda, Məhkəmə bunu təkrarlamağı labüd hesab edir ki, məhkəmələr ədliyyə sistemindəki müxtəlif simalar – ən əvvəldə elə məhz hakimlər və vəkillər gəlirlər – arasındakı qarşılıqlı hörmətə və etimada əsaslanan əlaqələr olmadan lazımi qaydada işləyə bilməzlər. (bax Bono Fransaya qarşı, № 29024/11, § 51, 15 dekabr 2015, və Ottan Fransaya qarşı, № 41841/12, § 72, 19 Aprel 2018). Vəkillərin xüsusi statusu onlara cəmiyyət və məhkəmələr arasında vasitəçi kimi ədliyyə sistemində mərkəzi mövqe verir. Vəkillərin müstəqil peşəkarlar kimi xüsusi rola malik olmaları, özəlliklə, ədalətin təmin olunmasında davranış nöqteyi-nəzərindən onların üzərinə bir çox öhdəliklər qoyur. Onlar peşəkar davranışlarında ehtiyatlı, dürüst və ləyaqətli olmaqla, müəyyən məhdudiyyətlərə məruz qalsalar da, müxtəlif qanunvericiliklərdə fərqlənə biləcək müstəsna hüquq və imtiyazlara da sahib olurlar – bunların arasında adətən, məhkəmədə işlədilən arqumentlərlə bağlı müəyyən sərbəstlik olur (bax Moris Fransaya qarşı [GC], № 29369/10, §§ 132 33, AİHM 2015). Öz növbəsində, vəkillərin peşəkar birlikləri insan hüquqlarının qorunmasında əsaslı rol oynayırlar, buna görə də onlar müstəqil hərəkət etmək iqtidarında olmalıdılar, peşəkar həmkarlara qarşı ehtiram və vəkillik peşəsində şəxsi intizam hədsiz böyük əhəmiyyət daşıyır (bax Yankauskas Litvaya qarşı (№ 2), № 50446/09, § 78, 27 June 2017).
47. Hazırkı işin şərtlərinə gəldikdə, ərizəçiyə qarşı tətbiq edilmiş intizam araşdırmalarından sonra, Rəyasət Heyəti ərizəçinin işini Füzuli Rayon Məhkəməsinə göndərmək qərarına gəlib, məhkəməsə isə 15 dekabr 2011-ci il tarixində vəkil etikasının pozulduğunu əsas gətirərək, ərizəçinin kollegiyadan xaric edilməsiylə bağlı qərar çıxarıb. Şirvan Apelyasiya Məhkəməsi və Ali Məhkəmə müvafiq olaraq, 10 may 2012-ci il və 8 may 2013-cü il tarixində hökmün qüvvədə qalmasıyla bağlı qərar çıxarıblar.
48. İntizam və daxili məhkəmə araşdırmaları dövründə, habelə Məhkəmədən əvvəl, ərizəçi bəyanatlarının təhrif olunduğunu və müvafiq məhkəmə dinləmələrindəki sənədlərin hakim tərəfindən saxtalaşdırıldığını irəli sürüb. Bununla əlaqədar olaraq, Məhkəmə qeyd edir ki, aşkar müraciətlərə baxmayaraq, Hökumət ərizəçiyə qarşı intizam araşdırmalarını əks etdirən bütün sənəd surətlərini və 9, 18 və 27 avqust 2011-ci il tarixində Nəsimi Rayon Məhkəməsindəki dinləmələrin sənədlərin surətlərini təqdim etməkdə uğursuzluğa uğrayıb. Bununla belə, məhkəmə hazırkı işdə məsələylə əlaqəli bütün bəyanatların ərizəçiyə aid olub-olmadığını araşdırmağı vacib hesab etmir, çünki istənilən halda mübahisəli müdaxiləyə gətirib çıxaran hadisə demokratik cəmiyyətdə müvafiq səbəblərə görə, zərurət hesab oluna bilməz.
49. Məhkəmə müşahidə edir ki, ərizəçiyə qarşı intizam araşdırmaları intizam komissiyası və vəkil peşəsinin özünü tənzimləyən orqan olan Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən aparılıb və tətbiq edilib. Hərçənd, Məhkəmə onu da bildirir ki, ərizəçi həmin intizam araşdırmalarında çox az müdafiəyə malik olmuşdur (yuxarıda göstəriləni tutuşdur § 77, Özpınarla müqayisə et). Xüsusilə, Vəkillər Kollegiyasının Rəyasət Heyəti ərizəçiyə qarşı intizam cəzası verilməsinə qərar verərkən, Nəsimi Rayon Məhkəməsinin 27 avqust 2011-ci il tarixli qərarına və 9, 18 və 27 avqust 2011-ci il tarixli dinləmələrinin sənədlərinin çıxarışlarına aşkarca istinad edib, bununla belə, ərizəçinin davamlı müraciətlərinə rəğmən onu həmin sənədlərin surətləriylə təmin etməkdən imtina edib. İntizam komissiyası ərizəçiyə qarşı intizam şikayətinə gətirib çıxaran hadisələri aydınlaşdırmaqdan ötrü Nəsimi Rayon Məhkəməsində yuxarıda bəhs edilən dinləmələrdə iştirak edən digər hüquqşünasların sübutlarını da dinləməkdən imtina etmişdir. Habelə, nəzərə alınmalıdır ki, Məhkəmə intizam komissiyası və Vəkillər Kollegiyası rəhbərliyinin tez-tez mətbuatda görünməsi və müxalifət partiyasına üzv olması (hansı ki, bunlar ona qarşı tətbiq edilən intizam araşdırmalarının mahiyyətinə aid deyil) ilə bağlı vəkilə yönəltdikləri açıq tənqidləri də görməzdən gələ bilməz.
50. Ərizəçinin kollegiyadan xaric edilməsiylə əlaqədar məhkəmə araşdırmalarına gəldikdə, Məhkəmə qeyd edir ki, yerli məhkəmələr nəinki yuxarıda sadalanan çatışmazlıqlarla bağlı tədbir görüblər, həmçinin müdaxilənin proporsionallığını ölçməkdə də uğursuzluğa uğrayıblar. Məhkəmə Üzv ölkələrdə vəkil peşəsinin sərbəst həyata keçirilməsinə dair Avropa Şurası Nazirlər Komitəsinin 25 oktyabr 2000-ci il tarixli R (2000) 21 saylı Tövsiyəsinə nəzər salmağı vacib hesab edir, burada vəkillərin yol verdikləri intizam pozuntularıyla bağlı cəzaların müəyyənləşdirilməsi zamanı proporsionallıq prinsipinə əməl edilməli olduğu aşkarca göstərilir (yuxarıdakı 30-cu paraqrafa bax). Halbuki hazırkı işdə daxili məhkəmələr verdikləri qərarlarda ərizəçinin əvvəlki intizam cəzalarına istinad etməklə özlərini məhdudlaşdırıblar, belə ki, əgər ərizəçinin 26 aprel 2006-cı il tarixində Rəyasət Heyətinin qərarıyla ciddi xəbərdarlıq aldığı ehtimal edilsə belə, bu qərarın intizam cəzası hesab edilə bilməyəcəyi, çünki Qanunun 22-ci Maddəsində belə bir intizam cəzasına təminat verilməyəcəyinə məhəl qoymayıblar (yuxarıdakı 28-ci paraqrafa bax). Bundan başqa, onlar hazırkı işdə kollegiyadan xaric etməyin əvəzinə, Qanunun 22-ci maddəsində də göstərildiyi kimi vəkilə niyə 3 aydan bir ilə qədər işini həyata keçirməkdən məhrumetmə kimi yüngül cəzanın verilmədiyini izah etməkdə uğursuzluğa düçar olublar, halbuki, belə bir cəza sərt bir cəza hesab edilməz və vəkillərin müdafiəçi tərəf kimi öhdəliklərini yerinə yetirmələrində də ayıldıcı bir təsir göstərə bilərdi. (bax Iqor Kabanov Rusiyaya qarşı, № 8921/05, §§ 55 və 57, 3 Fevral 2011).
51. Yuxarıdakı mülahizələr Məhkəmə üçün yetərlidir ki, ərizəçinin kollegiyadan xaric ediıməsi üçün daxili məhkəmələrin rəhbər tutduqları səbəblərin əsaslı və müvafiq olmadığı və ərizəçiyə qarşı tətbiq edilən cəzanın izlənilən məqsədin qanuniliyinə uyğun gəlmədiyi barədə qərar çıxarsın.
52. Müvafiq olaraq da Konvensiyanın 8-ci Maddəsində pozuntuya yol verilmişdir.
II. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
53. Konvensiyanın 41-ci maddəsi təminat verir:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir”
A. ZƏRƏR
1. Maddi zərər
54. Ərizəçi maddi zərər kimi 5000 Azərbaycan manatını (AZN) göstərmiş, bunun kollegiyadan xaric edilməklə, 5 il ərzində məruz qaldığı zərər kimi göstərmişdir. Bununla əlaqədar olaraq, ərizəçi iddiasını Azərbaycanda vəkilin orta əmək haqqının ildə 1000 AZN olması ilə əlaqələndirmişdir.
55. Hökumət iddianın əsassız olduğunu bildirməklə, Məhkəmədən onu rədd etməyi tələb etmişdir.
56. Məhkəmə təkrar edir ki, Məhkəmə Qaydalarının 60-cı qaydasına əsasən, istənilən iddia yetərli olmaq üçün müfəssəl olmalı və müvafiq dəstəkləyici sənədlərlə və ya qəbzlərlə birgə yazılı şəkildə təqdim edilməlidir, bu olmazsa, Məhkəmə iddianı bütövlükdə və ya qismən rədd edə bilər. Hazırkı işdə iddia olunan zərər və aşkar edilən pozuntu arasında səbəb-nəticə əlaqəsinin olduğunu ehtimal etsək belə, Məhkəmə ərizəçinin iddiasını təmin etməkdən ötrü heç bir sənəd təqdim etmədiyini görür. Məhkəmə bu cür məhkəmə işlərinin şərtlərində qazancı dəqiqliklə hesablamağın çətin olduğunu qəbul etsə də, ərizəçinin daha əvvəl qazandığı gəlirin və ya onun müvafiq dövr ərzində qazandığı gəlirin miqyası göstərilmədən, Azərbaycanda vəkilin orta illik əmək haqqına ümumi istinad etmək, aydındır ki, maddi ziyanı ölçmək üçün kifayət qədər əsas vermir. (bax Hacıbəyli və Əliyev Azərbaycana qarşı, № 6477/08 və 10414/08, § 73, 19 Aprel 2018).
57. Yuxarıdakı səbəblərlə əlaqədar olaraq, Məhkəmə ərizəçinin maddi zərər iddiasını rədd edir.
1. Qeyri-maddi zərər
58. Ərizəçi qeyri-maddi zərər qismində 30,000 avro (AVRO) iddia edib.
59. Hökumət ərizəçinin iddia etdiyi miqdarın əsassız olduğunu bildirib. Hökumət hesab edib ki, pozuntunun aşkarlanmasının özü ədalətli əvəz üçün yetərlidir.
60. Məhkəmə hesab edir ki, ərizəçi qeyri-maddi zərərdən əziyyət çəkib, bu isə sadəcə pozuntunun aşkarlanması ilə ədalətli əvəz hesab oluna bilməz. Konvensiyanın 41-ci Maddəsində də göstərildiyi kimi qiymətləndirməni məqbul əsaslarla ölçməklə, Məhkəmə bu başlıq altında ərizəçini 7,000 Avro (əlavə olaraq bu məbləğ üçün verilməli olan vergi) miqdarında mükafatlandırır.
B. Xərc və məsrəflər
61. Ərizəçi məhkəmə üçün 1,200 avro miqdarında xərc və məsrəflər çəkdiyini iddia etmişdir. Bundan başqa, o tərcümə üçün 595 avro xərclədiyini iddia etmişdir. Bunu sübut etməkdən ötrü o, Məhkəmə qarşısındakı nümayəndəsi və tərcüməçiylə iki müqaviləsini təqdim etmişdir. Həmçinin o, nümayəndəsi və tərcüməçisinin xidmətlərini əks etdirən iki sənəd təqdim etmişdir. Nümayəndənin xidmətlərini əks etdirən sənəd Məhkəməyə edilən müraciətin hazırlanmasına, Hökumətin təqdimatlarıyla əlaqəli müşahidələrə və təzminat tələblərinə aiddir.
62. Hökumət iddianın əndazəni aşdığını iddia etmiş və Məhkəmədən ərizəçinin iddialarıyla bağlı sərt yanaşma tətbiq etməyi tələb etmişdir. Daha sonra ərizəçinin nümayəndəsinin etibarnamə təqdim edə bilmədiyini bildirmişdir. Hökumət ərizəçi ilə nümayəndəsi arasında müqavilənin 23 may 2016-cı il tarixində bağlandığını və ərizəçinin Məhkəməyə təqdim etdiyi ilkin müraciətdə nümayəndənin adının göstərilmədiyini də vurğulayıb.
63. Məhkəmə əvvəldən qeyd edir ki, ərizəçi Məhkəməyə 8 iyun 2016-cı il tarixli etibarnamə təqdim etmiş və etibarnamə ərizəçi ilə onun nümayəndəsi tərəfindən müvafiq qaydada imzalanmışdır. Etibarnamənin surəti ərizəçinin müşahidələri ilə birgə 6 iyul 2016-cı il tarixində Hökumətə göndərilmişdir. Məhkəmə daha sonra bir daha xatırladır ki, ərizəçi xərc və məsrəflərin əvəzini yalnız o halda ala bilər ki, onların həqiqətən və labüd şəkildə aparıldığını və ağlabatan miqdarda olduğunu göstərsin. Hazırkı işdə isə, nümayəndənin xidmətlərini göstərən sənəd Məhkəməyə verilmiş müraciətin hazırlanmasına aid olsa da, iş qovluğundakı sənədlərdən aydın olur ki, ərizəçinin Məhkəməyə müraciət edən zaman nümayəndəsi olmayıb. Buna görə, ərizəçinin müraciəti onun nümayəndəsi tərəfindən hazırlanmamış və Məhkəmə qarşısında nümayəndə tərəfindən görülən işlərin həcmi ərizəçinin müşahidələrinin və təzimanat tələblərinin hazırlanması ilə məhdudlaşmışdır. Bu faktları, habelə əlindəki sənədləri və yuxarıda göstərilən meyarları nəzərə alaraq, Məhkəmə ərizəçiyə bütün başlıqlar altında düşən xərcləri əhatə edən 850 avro ödəməyi məqsədəuyğun hesab edir.
C. Qərarın icrasının gecikdirilməsinə görə faiz
63. Məhkəmənin qənaətinə görə, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı kredit faizinin yuxarı həddinə əsaslanmalı və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ:
1. Bəyan edir ki, müraciət qəbulediləndir;
2. Qərara alır ki, Konvensiyanın 8-ci Maddəsində pozuntuya yol verilmişdir;
3. Qərara alır ki,
(a) cavabdeh Dövlət Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq, qərar qüvvəyə mindiyi gündən etibarən üç ay müddətində ərizəçiyə aşağıdakı məbləğləri ödəməli, həmin məbləğlər ödəniş tarixində tətbiq edilən məzənnə üzrə cavabdeh dövlətin valyuta məzənnəsinə çevrilməlidir:
(i) qeyri-maddi maddi ziyana görə 7,000 avro (yeddi min avro), vergi məbləği əlavə olunmaqla;
(ii) 850 avro (səkkiz yüz əlli avro), xərc və məsrəflərə görə, tətbiq ediləcək istənilən vergi məbləği əlavə olunmaqla; (b) yuxarıda qeyd olunan üç aylıq müddət bitdikdən sonra qərarın icrasınadək gecikdirilmə müddəti ərzində yuxarıda göstərilən məbləğin üzərinə Avropa Mərkəzi Bankındakı kredit faizinin yuxarı həddi ilə hesablanmış faiz və onun üzərinə daha üç faiz gəlməlidir;
4. İddianın ədalətli əvəz ilə bağlı qalan hissəsini rədd edir.
Qərar ingilis dilində tərtib edilib və Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq, 5 Dekabr 2019-cu ildə yazılı şəkildə elan olunub.
Klaudia Vesterdiek Ancelika Nusberger
Katib Sədr