© aihmaz.org
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, iyunun 25-də Azərbaycandan göndərilmiş şikayətlər üzrə növbəti qərarını elan edib.
Bu məhkəmə işi hüquqşunas Xalid Bağırovun polis zorakılığı, məhkəmə sisteminin fəaliyyəti ilə bağlı ictimai açıqlamalarına görə vəkillik fəaliyyətinin bir illiyinə dayandırılması, daha sonra isə onun vəkillik fəaliyyətinə ümumiyyətlə xitam verilməsi ilə əlaqəlidir. X.Bağırovun eyni məzmunlu iki şikayəti Azərbaycan hökuməti ilə 2015-ci və 2016-ci illərdə kommunikasiya edilmişdi.
AİHM qərarı
AİHM öz qərarında hesab edib ki, X.Bağırovun vəkillik fəaliyyətinin dayandırılması və daha sonra ona xitam verilməsi Avropa Konvensiyasına uyğun olmayıb. Qərara əsasən, X.Bağırova münasibətdə (hər iki şikayət üzrə) onun Konvensiyanın 10-cu (ifadə azadlığı) və 8-ci (şəxsi həyata hörmət) maddələri ilə təminat altına alınan hüququları pozulub.
Qərara görə, hökumət X.Bağırova dəymiş mənəvi zərərə görə, ümumilikdə, 18 000 (on səkkiz min) avro təzminat ödəməlidir.
Qərarın ingiliscə mətni
Qərarın Azərbaycan dilində mətni
İşin halları – nə baş vermişdi?
X.Bağırov 2011-ci ildə Azərbaycanda hüquq peşəsinin qarşılaşdığı problemlərin müzakirə olunduğu ictimai toplantıya qatılmış, orda konkret məhkəmə işindən çıxış edərək, polis zorakılığından bəhs etmişdi. Fikirlərinin yerli mediada yayılmasının ardınca, Bakı Şəhər Baş Polis İdarəsi Azərbaycan Vəkillər Kollegiyasına ondan şikayət etmiş, kollegiya isə öz növbəsində X.Bağırov barəsində intizam icraatı başlamışdı. Nəticədə kollegiya onun vəkillik fəaliyyətini bir illiyə dayandırmışdı.
Vəkillər Kollegiyası X.Bağırova qarşı 2014-cü ildə yenidən intizam icraatı başlamışdı. Bu dəfə intizam icraatı X.Bağırovun siyasətçi İlqar Məmmədovu cinayət işi üzrə müdafiə edərkən verdiyi açıqlamalarla bağlı idi. Həmin vaxt kollegiya X.Bağırovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət etmiş, məhkəmə kollegiyanın istəyini təmin etmişdi. Məhkəmələr hesab etmişdilər ki, X.Bağırov məhkəmə hakimiyyətinin durumu və xüsusilə bir hakimə yönəlik ifadələri ilə “dövlətə kölgə salıb” və “məhkəmə sisteminin etibarını zədələyib”.
Bağırovun AİHM-dən tələbləri
X.Bağırov AİHM-ə şikayətində Avropa Konvensiyasının 10-cu (ifadə azadlığı) və 8-ci (şəxsi həyata hörmət) maddələrinə söykənərək, barəsindəki intizam icraatının onun ifadə və şəxsi həyata hörmət haqqına müdaxilə təşkil etdiyini iddia edirdi. Eyni zamanda iddia edirdi ki, ifadələrinə görə cəzalandırılıb və bu, onun 18-ci maddə ilə təminat altına alınan hüquqlarına müdaxilə məzmununda olub.