© aihmaz.org
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) gələn həftə, iyunun 25-də Azərbaycandan göndərilmiş şikayətlər üzrə bir qərarını elan edəcək. Qərar vəkillik fəaliyyətinə xitam verilmiş Xalid Bağırovun iki şikayəti üzrə elan olunur.
Xalid Zakir oğlu Bağırov 1976-cı il doğumludur, hüquqşunasdır, Azərbaycan Vəkillər Kollegiyasının üzvü olub. Bu məhkəmə işi X.Bağırovun polis zorakılığı, məhkəmə sisteminin fəaliyyəti ilə bağlı ictimai açıqlamalarına görə vəkillik fəaliyyətinin bir illiyinə dayandırılması, daha sonra onun fəaliyyətinə xitam verilməsi ilə əlaqəlidir.
İşin halları ilə bağlı
X.Bağırov 2011-ci ildə digər hüquqşünaslarla birlikdə Azərbaycanda hüquq peşəsinin qarşılaşdığı problemlərin müzakirə olunduğu ictimai toplantıya qatılıb. Həmin toplantıda konkret məhkəmə işindən çıxış edərək, polis zorakılığı haqda bəhs edib. Onun fikirləri yerli mediada yayılıb. Bunun ardınca Bakı Şəhər Baş Polis İdarəsi Azərbaycan Vəkillər Kollegiyasına şikayət edib və kollegiya dərhal polisə böhtan atması iddiası üzrə X.Bağırov barəsində intizam icraatına başlayıb. 2011-ci ilin avqustunda kollegiya onun vəkillik fəaliyyətini bir illiyə dayandırıb.
2014-cü ildə siyasətçi İlqar Məmmədovu cinayət işi üzrə müdafiə edərkən verdiyi açıqlamalara görə, Vəkillər Kollegiyası X.Bağırova qarşı yenidən intizam icraatı başlayıb. 2015-ci ilin yayında kollegiya X.Bağırovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət edib. Məhkəmə kollegiyanın istəyini təmin edib. Hesab edib ki, X.Bağırov məhkəmə hakimiyyətinin durumu və xüsusilə bir hakimə yönəlik ifadələri ilə “dövlətə kölgə salıb” və “məhkəmə sisteminin etibarını zədələyib”. Apellaysiya və kassasiya instansiyaları həmin qərarı dəyişməyib.
İddia olunan pozuntular
X.Bağırov AİHM-ə şikayətində Avropa Konvensiyasının 10-cu (ifadə azadlığı) və 8-ci (şəxsi həyata hörmət) maddələrinə söykənərək, barəsindəki intizam icraatının onun ifadə və şəxsi həyata hörmət haqqına müdaxilə təşkil etdiyini iddia edir. Eyni zamanda iddia edib ki, ifadələrinə görə cəzalandırılıb və bu, onun 18-ci maddə ilə təminat altına alınan hüquqlarına müdaxilə məzmununda olub.
X.Bağırovun şikayətləri Azərbaycan hökuməti ilə 2015-ci və 2016-ci illərdə kommunikasiya edilib.