AİHM Ramil Səfərovun ekstradisiyası işi ilə bağlı qərarını elan etdi

© aihmaz.org

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, mayın 26-da Azərbaycanla bağlı növbəti qərarını elan edib. Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı işi üzrə qərar 2012-ci ildə Macarıstandan Azərbaycana ekstradisiya edilmiş hərbçi Ramil Səfərovla bağlıdır.

AİHM öz qərarında hesab edib ki, bu işdə Azərbaycan Konvensiyanın 2-ci (yaşamaq hüququ, prosedur) və 14-cü (ayrı-seçkiliyin qadağan olunması) maddələrinin pozuntusuna yol verib.

Qərara əsasən, Azərbaycan dövləti ərizəçilərə xərc və məsrəflərə görə 15 min 143,33 funt strerling məbləğində ədalətli əvəz ödəməlidilər.

Bu işdə ərizəçilır maddi və mənəvi zərər əvəzi tələbi irəli sürməyiblər. Onlar Məhkəmədən cavabdeh dövlətin üzərinə R.Səfərovun əfv edilməsi qərarının ləğv olunması daxil olmaqla bəzi ümumi tədbir məcburiyyəti qoymasını istəmişdilər. AİHM isə öz qərarında bununla bağlı qeyd edib ki, işin hallarının işığında Azərbaycana münasibətdə hər hansı ümumi və ya fərdi tədbirlərin görülməsi öhdəliyini məqsədəuyğun saymır.

Qərarın ingiliscə mətni
Qərarın Azərbaycan dilində mətni (tezliklə əlçatan olacaq)

İşin materiallarına görə, Ermənistanın işğalı altında olan Cəbrayıl rayonunda doğulan Ramil Səfərov 2004-cü ildə NATO proqramları çərçivəsində Macarıstanda keçirilən üç aylıq ingilis dili kurslarına qatılıb. O, kurs yoldaşı əslən erməni olan Qurqen Markaryanı təhqir etdiyi üçün qətlə yetirib və 2006-ci il, aprelin 13-də Budapeşt Şəhər Məhkəməsinin qərarı ilə ömürlük azadlıqdan məhrum olunub. 2012-ci ildə Macarıstan hökuməti Azərbaycanın müvafiq müraciəti üzrə R.Səfərovu Azərbaycana təhvil verib, o, Azərbaycanda əfv olunub.

Həmin vaxt vəfat etmiş erməni hərbçisinin ailəsi hüquqi prosedurları başladıb, yekunda AİHM-ə şikayət edib. Ərizəçilər iddia edirdi ki, hərbçinin Azərbaycanda əfv edilməsi Konvensiyanın 2-ci maddəsi ilə təminat altına alınan yaşamaq hüququna uyğun olmayıb. Eyni zamanda AİHM qarşısında ayrıseçkiliyin qadağan olunması hüququ (Maddə 14, ekstradisiya edilmiş hərbçinin əfv edilməsi, rütbə verilməsi ilə etnik məzmunlu nifrət iddiası) və 38-ci maddənin (dövlətin səmərəli təhqiqat üçün zəruri şəraiti yaratması) pozuntusunu mübahisələndirmişdilər.

Ərizəçilər bundan əlavə, R.Səfərovun Azərbaycanda həbs cəzasının qalan hissəsini çəkəcəyi mövzusunda məcburedici təminat almadan Azərbaycan tərəfinin tələbini təmin etməsi ilə Macarıstanın Konvensiyanın 2-ci maddəsini pozduğunu iddia edirdilər.