AIHM – REQLAMENTƏ ƏLAVƏ: QAYDA A1-A8

AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİ – MƏHKƏMƏNİN REQLAMENTİ

Qayda A1. Məhkəmə istintaqı hərəkətləri
Qayda A2. Məhkəmə istintaqı hərəkətləri ilə bağlı tərələrin vəzifələri
Qayda A3. Məhkəmənin nümayəndə heyətinin apardığı araşdırmaya gəlməmə
Qayda A4. Məhkəmənin nümayəndə heyəti tərəfindən araşdırmanın aparılması
Qayda A5. Məhkəmənin nümayəndə heyəti tərəfindən aparılan araşdırmaya şahidlərin, ekspertlə- rin və digər şəxslərin çağırılması
Qayda A6. Məhkəmənin nümayəndə heyəti tərəfindən dinlənilən şahidlərin və ekspertlərin andı və ya təntənəli bəyanatı
Qayda A7. Məhkəmənin nümayəndə heyəti tərəfindən şahidlərin, ekspertlərin və digər şəxslərin dinlənilməsi
Qayda A8. Məhkəmənin nümayəndə heyətinin apardığı araşdırmanın stenoqrafik hesabatı

REQLAMENTƏ ƏLAVƏ (məhkəmə istintaqının aparılması barədə)

Qayda A1 (Məhkəmə istintaqı hərəkətləri)

1. Palata, iş üzrə tərəfin xahişi və ya öz təşəbbüsü ilə, iş üzrə faktlara aydınlıq gətirə biləcəyini hesab etdiyi məhkəmə istintaqı hərəkətlərini həyata keçirə bilər. Palata o cümlədən yazılı sübut- lar təqdim etmələrini tərəflərə təklif edə və təqdim edəcəkləri sübutlarla və ya ifadələrlə Palata- nın vəzifələrini yerinə yetirməsinə kömək edə biləcək hər hansı şəxsi şahid və ya ekspert qismin- də və ya digər qisimdə dinləməyi qərara ala bilər.

2. Palata həmçinin öz seçimi əsasında hər hansı şəxsdən və ya qurumdan xahiş edə bilər ki, Pala- tanın işə aidiyyəti olduğunu hesab etdiyi hər hansı məsələ ilə bağlı rəyini ifadə etsin və ya yazılı məruzə hazırlasın.

3. Şikayət qəbuledilən elan edildikdən sonra, yaxud müstəsna hallarda qəbuledilənlik barədə qə- rar çıxarılmazdan əvvəl Palata bir və ya bir neçə üzvünü və ya Məhkəmənin digər hakimlərini təhqiqat aparmaq, bilavasitə yerindəcə məhkəmə istintaqı hərəkətlərini həyata keçirmək, yaxud hər hansı digər üsulla sübutlar əldə etmək üçün öz nümayəndəsi və ya nümayəndələri qismində təyin edə bilər. Palata həmçinin nümayəndə heyətinə məqsədəuyğun hesab etdiyi qaydada kö- məklik göstərilməsi üçün öz seçimi əsasında hər hansı şəxsi və ya qurumu təyin edə bilər.

4. Bu fəslin nümayəndə heyəti tərəfindən məhkəmə istintaqı hərəkətlərinin həyata keçirilməsinə aid müddəaları Palatanın özü tərəfindən həyata keçirilən hər hansı prosedura mutatis mutandis (müvafiq qaydada) tətbiq olunur.

5. Palatanın Sədri və ya onun nümayəndə heyətinin başçısı başqa cür qərar qəbul etməyiblərsə, Palata və ya onun nümayəndə heyəti tərəfindən aparılan məhkəmə istintaqının tərkib hissəsini təşkil edən hər hansı prosedurlar qapalı şəkildə həyata keçirilir.

6. Palatanın Sədri məqsədəuyğun hesab etdikdə hər hansı üçüncü tərəfi məhkəmə istintaqında iş- tiraka dəvət edə və ya məhkəmə istintaqında onun iştirakına icazə verə bilər. Palatanın Sədri bu cür iştirakın şərtlərini müəyyən edir və həmin şərtlərə riayət edilmədikdə bu cür iştirakı məhdud- laşdıra bilər.

Qayda A2 (Məhkəmə istintaqı hərəkətləri ilə bağlı tərələrin vəzifələri)

1. Zərurət olduqda şikayətçi və Konvensiyanın iştirakçısı olan hər hansı maraqlı dövlət məhkəmə istintaqı hərəkətlərinin həyata keçirilməsində Məhkəməyə köməklik edə bilər.

2. Ərazisində nümayəndə heyəti tərəfindən bilavasitə yerindəcə məhkəmə istintaqı hərəkətləri həyata keçirilən iştirakçı dövlət prosedurların lazımi qaydada aparılmasından ötrü nümayəndə heyəti üçün zəruri şərait yaradır və onunla əməkdaşlıq edir. Buraya həmin dövlətin ərazisində nümayəndə heyəti, şikayətçi, bütün şahidlər və ekspertlər, habelə nümayəndə heyətinin dinləyə biləcəyi digər şəxslər üçün tam hərəkət sərbəstliyinin və adekvat təhlükəsizlik tədbirlərinin mak- simum zəruri olan dərəcədə təmin edilməsi daxildir. Nümayəndə heyətinə verdiyi hər hansı ifadə ilə və ya göstərdiyi hər hansı köməkliklə bağlı ortaya çıxan mənfi nəticələrdən hər hansı şəxsin və ya təşkilatın zərər çəkməməsini təmin etmək üçün tədbirlər görmək vəzifəsi müvafiq iştirakçı dövlətin üzərinə düşür.

Qayda A3 (Məhkəmənin nümayəndə heyətinin apardığı araşdırmaya gəlməmə)

İş üzrə tərəf və ya hər hansı digər şəxs nümayəndə heyətinin apardığı araşdırmağa gəlmədikdə və ya gəlməkdən yayındıqda, nümayəndə heyəti əmin olsa ki, araşdırmanın aparılması ədalət müha- kiməsinin lazımi qaydada həyata keçirilməsinə zidd deyil, o halda araşdırmanın aparılmasını da- vam etdirə bilər.

Qayda A4 (Məhkəmənin nümayəndə heyəti tərəfindən araşdırmanın aparılması)

1. Nümayəndələr Konvensiyaya və ya bu Reqlamentə uyğun olaraq Palatanın ona verdiyi hər hansı müvafiq səlahiyyətləri həyata keçirir və apardıqları araşdırmaya nəzarət edirlər.

2. Nümayəndə heyəti tərəfindən araşdırma aparılmasından əvvəl nümayəndə heyətinin başçısı tə- rəflərlə və ya onların nümayəndələri ilə hazırlıq görüşünün keçirilməsini qərara ala bilər.

Qayda A5 (Məhkəmənin nümayəndə heyəti tərəfindən aparılan araşdırmaya şahidlərin, ekspertlərin və digər şəxslərin çağırılması)

1. Nümayəndə heyəti tərəfindən dinlənilməli olan şahidlər, ekspertlər və digər şəxslər Katib tərə- findən çağırılırlar.

2. Çağırış haqqında bildirişdə aşağıdakılar göstərilir:

(a) çağırışın hansı işlə bağlıdırsa, həmin işin adı;

(b) Palatanın və ya Palata Sədrinin sərəncamı ilə həyata təhqiqatın, ekspert rəyinin və ya digər məhkəmə istintaqı hərəkətinin predmeti;

(c) çağırılan şəxsə çatmalı olan məbləğin ödənilməsi ilə bağlı hər hansı qaydalar.

3. Tərəflər imkan daxilində şahidlərin, ekspertlərin və ya çağırılan digər şəxslərin kimliyini və ünvanlarını müəyyən etmək üçün yetərli olan informasiyaları təqdim edirlər.

4. Ərazisində şahidlərin yaşadığı iştirakçı dövlət Palatanın təqdim edilmək üçün ona göndərdiyi çağırışları təqdim etməyə görə 37-ci Qaydanın 2-ci bəndinə uyğun olaraq cavabdehlik daşıyır. Çağırışın təqdim edilməsi mümkün olmadıqda iştirakçı dövlət bunu yazılı şəkildə əsaslandırma- lıdır. İştirakçı dövlət onun yurisdiksiyasında və ya nəzarəti altında olan şəxslərin çağırış əsasında gəlməsini təmin etmək üçün bütün ağlabatan tədbirləri görməlidir.

5. Nümayəndə heyətinin başçısı nümayəndə heyəti tərəfindən aparılan araşdırma zamanı şahidlə- rin, ekspertlərin və digər şahidlərin bilavasitə araşdırma yerinə gəlməsi üçün müraciət edə bilər. Ərazisində araşdırma aparılan iştirakçı dövlət, bu barədə ona müraciət olunduqda, həmin şəxslə- rin gəlməsinə şərait yaratmaq üçün bütün ağlabatan tədbirləri görməlidir.

6. Palata başqa cür qərar qəbul etməyibsə, şahid, ekspert və ya digər şəxs iştirakçı dövlətin xahişi ilə və ya onun adından çağırıldıqda onların araşdırmaya gəlmələri ilə bağlı xərcləri həmin dövlət çəkir. Palata başqa cür qərar qəbul etməyibsə, ərazisində nümayəndə heyəti tərəfindən araşdırma aparılan iştirakçı dövlətdə həbsdə saxlanılan hər hansı belə şəxslərin araşdırma yerinə gəlməsinin xərclərini həmin dövlət çəkir. Bütün digər hallarda Palata Avropa Şurasının həmin xərcləri çə- kib-çəkməyəcəyi barədə, yaxud da həmin xərclərin şikayətçinin üzərinə, ya da çağırılmış şəxsin Məhkəməyə gəlməsini xahiş edən və ya onun adından çağırılmasını xahiş edən üçüncü tərəfin üzərinə qoyulacağı barədə qərar çıxarır. Bütün hallarda xərclərin məbləğini Palatanın Sədri mü- əyyən edir.

Qayda A6 (Məhkəmənin nümayəndə heyəti tərəfindən dinlənilən şahidlərin və ekspertlərin andı və ya təntənəli bəyanatı)

1. Şahidin şəxsiyyəti müəyyən edildikdən sonra və nümayəndə heyəti qarşısında öz vəzifəsini yerinə yetirməzdən əvvəl hər bir şahid aşağıdakı andı içir və ya təntənəli bəyanatı söyləyir:

“And içirəm ki,” (yaxud “Şərəf və vicdanımla zəmanət verərək, təntənəli surətdə bəyan edi- rəm ki,”) “həqiqəti, özü də tam həqiqəti söyləyəcəyəm və həqiqətdən başqa heç nə söyləməyə- cəyəm”.

Bu akt barəsində protokolda qeyd edilir.

2. Ekspertin şəxsiyyəti müəyyən edildikdən sonra və nümayəndə heyəti qarşısında öz vəzifəsini yerinə yetirənə qədər hər bir ekspert aşağıdakı andı içir və ya təntənəli bəyanatı söyləyir:

“And içirəm ki,” (yaxud “Təntənəli surətdə bəyan edirəm ki,”) “öz ekspert vəzifələrimi şərəf və vicdanla yerinə yetirəcəyəm”.

Bu akt barəsində protokolda qeyd edilir.

Qayda A7 (Məhkəmənin nümayəndə heyəti tərəfindən şahidlərin, ekspertlərin və digər şəxslərin dinlənilməsi)

1. Nümayəndə heyətinin hər hansı üzvü tərəflərin nümayəndələrinə, vəkillərinə və ya məsləhətçi- lərinə, şikayətçiyə, şahidlərə, ekspertlərə və nümayəndə heyəti qarşısına çıxarılmış hər hansı di- gər şəxslərə suallar verə bilərlər.

2. Nümayəndə heyəti qarşısına çıxarılmış şahidlər, ekspertlər və digər şəxslər, nümayəndə heyə- tinin başçısı tərəfindən nəzarətin olması şərtilə, tərəflərin nümayəndələri, vəkilləri və ya məslə- hətçiləri tərəfindən dinlənilə bilərlər. İşə aidiyyəti olmadığına görə suala etiraz bildirildikdə, bu barədə qərarı Palatanın Sədri qəbul edir.

3. Nümayəndə heyəti başçısının razılıq verdiyi müstəsna hallar istisna olmaqla, nümayəndə he- yəti tərəfindən dinlənilməli olan şahidlər, ekspertlər və digər şəxslər ifadə verənə qədər dinlənil- mənin keçirildiyi zala buraxılmırlar.

4. Ədalət mühakiməsinin maraqları bunu tələb etdikdə nümayəndə heyətinin başçısı şahidlərin, ekspertlərin və digər şəxslərin iş üzrə tərəflərin iştirakı olmadan dinlənilməsi üçün xüsusi tədbir- lər görə bilər.

5. Şahidə və ya ekspertə etiraz edilməsi ilə bağlı hər hansı mübahisə yarandıqda bu məsələ ilə bağlı nümayəndə heyətinin başçısı qərar verir. Nümayəndə heyəti şahid və ya ekspert qismində dinlənilə bilməyən şəxsi məlumat məqsədləri üçün dinləyə bilər.

Qayda A8 (Məhkəmənin nümayəndə heyətinin apardığı araşdırmanın stenoqrafik hesabatı)

1. Katib nümayəndə heyəti tərəfindən həyata keçirilən hər hansı məhkəmə istintaqı hərəkətləri barədə stenoqrafik hesabat hazırlayır. Stenoqrafik hesabata aşağıdakılar daxil edilir:

a) nümayəndə heyətinin tərkibi;

b) nümayəndə heyəti qarşısına çıxarılan şəxslərin, yəni tərəflərin nümayəndələrinin, vəkillərinin və məsləhətçilərinin siyahısı;

c) şahidlərin, ekspertlərin və ya digər dinlənilən şəxslərin hər birinin soyadı, adı, şəxsiyyəti barə- də digər məlumatlar və ünvanı;

d) verilən ifadələrin, eləcə də verilən sualların və alınan cavabların məzmunu;

e) nümayəndə heyətinin və ya nümayəndə heyəti başçısının apardığı araşdırmanın gedişində qə- bul edilən hər bir qərarın məzmunu.

2. Stenoqrafik hesabat bütünlüklə və ya qismən rəsmi olmayan dildə tərtib edilibsə, Katib onun rəsmi dillərdən birinə tərcüməsini təşkil edir.

3. Stenoqrafik hesabatın surətləri tərəflərin nümayəndələrinə göndərilir ki, onlar, Katibin və ya nümayəndə heyəti başçısının nəzarətinin olması şərtilə, düzəlişlərini edə bilsinlər, lakin həmin düzəlişlər deyilənlərin mənasına və istiqamətinə təsir etməməlidir. Bunların hansı müddətdə edil- məli olduğunu Katib nümayəndə heyəti başçısının təlimatlarına uyğun olaraq müəyyən edir.

4. Həmin düzəlişlərdən sonra stenoqrafik hesabat nümayəndə heyətinin başçısı və Katib tərəfin- dən imzalanır və Məhkəmənin rəsmi sənədinə çevrilir.