Avropa İnsan Haqları Məhkəməsi (AİHM) mayın 26-da Azərbaycanla bağlı 2 qərar elan edəcək.
Qərarlardan biri Ermənsitan vətəndaşları Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı işi üzrə elan ediləcək. Həmin qərar 2012-ci ildə Macarıstandan Azərbaycana ekstradisiya edilmiş hərbçi Ramil Səfərovun işi ilə bağlıdır.
Bu işin hallarına görə, Ermənistanın işğalı altında olan Cəbrayıl rayonunda doğulan Ramil Səfərov 2004-cü ildə NATO proqramları çərçivəsində Macarıstanda keçirilən üç aylıq ingilis dili kurslarına qatılmışdı. O, kurs yoldaşı əslən erməni olan Qurqen Markaryanı təhqir etdiyi üçün qətlə yetirmişdi. 2006-ci il, aprelin 13-də Budapeşt Şəhər Məhkəməsinin qərarı ilə ömürlük azadlıqdan məhrum edilmişdi. 2012-ci ildə Macarıstan hökuməti Azərbaycanın müvafiq müraciəti üzrə R.Səfərovu Azərbaycana təhvil vermis, o, Azərbaycanda əfv edilmişdi.
Həmin vaxt vəfat etmiş erməni hərbçisinin ailəsi hüquqi prosedurları həyata keçirmiş, yekunda AİHM-ə şikayət etmişdi. Ərizəçilər iddia edib ki, hərbçinin Azərbaycanda əfv edilməsi Konvensiyanın 2-ci maddəsi ilə təminat altına alınan yaşamaq hüququna uyğun olmayıb. Eyni zamanda AİHM qarşısında ayrıseçkiliyin qadağan olunması hüququ (Maddə 14, ekstradisiya edilmiş hərbçinin əfv edilməsi, rütbə verilməsi ilə etnik məzmunlu nifrət iddiası) və 38-ci maddənin (dövlətin səmərəli təhqiqat üçün zəruri şəraiti yaratması) pozuntusunu mübahisələndirblər.
Ərizəçilər bundan əlavə, R.Səfərovun Azərbaycanda həbs cəzasının qalan hissəsini çəkəcəyi mövzusunda məcburedici təminat almadan Azərbaycan tərəfinin tələbini təmin etməsi ilə Macarıstanın Konvensiyanın 2-ci maddəsini pozduğunu iddia edir.
AİHM-in elan edəcəyi digər qərar 90-cı illərdə Naxçıvan Muxtar Respublikasının rəhbərlərindən olmuş, hazırda Türkiyə, Ankarada yaşayan Becan Fərzəliyevin şikayəti üzrədir.
B.Fərzəliyev 2005-ci ildə (90-cı illərin əvvəllərində Naxçıvan rəhbərlərindən olduğu zamana aid) dövlət əmlakını mənimsəmədə ittiham edilib, cinayət işi açılıb. Bir ilə sonra cinayət ittihamları ləğv edilib, amma mülki qaydada onun üzərinə 2 milyon avrodan çox mənimsənilmiş vəsaitin ödənilməsi vəzifəsi qoyulub. Bu işdə ərizəçi AİHM qarşısında ədalətli məhkəmə araşdırması və mülkiyyət hüququnun pozuntusunu mübahisələndirib.