№13274/08 TAĞIYEV VƏ HÜSEYNOV AZƏRBAYCANA QARŞI – 5 DEKABR 2019-CU İL

YENİ © tərcümə – aihmaz.org – yüklə_Tağıyev və Hüseynov Azərbaycana qarşı

 

 

BEŞİNCİ BÖLMƏ

TAĞIYEV VƏ HÜSEYNOV AZƏRBAYCANA QARŞI

QƏRAR

(Ərizə № 13274/08)

Məqalə 10 • İfadə azadlığı • İslamı tənqid edən məqalənin nəşrinə görə cinayət məhkumluğu • Dindar insanların inanclarına görə təhqir olunmamaq hüququ • Yerli məhkəmələrin mübahisəli mülahizələri dini nifrətə təhrik kimi əsaslandıra bilməməsi • Yerli məhkəmələrin meydandakı rəqib maraqları tarazlaşdıra bilməməsi • Sanksiyaların kəskinliyi • Uyğunluq

 

 

STRASBURQ

5 Dekabr 2019

 

 

Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti qüvvəyə minir. Qərara redaktə xarakterli dəyişikliklər edilə bilər.

Tağıyev və Hüseynovun Azərbaycana qarşı məhkəmə işində

Avropa İnsan Hüquqları Məhkəməsinin (Beşinci Şöbə) Palatasının iclası ibarətdir:
Angelika Nüberger, Prezident,
Qabriele Kuksko-Stadlmayer,
Qanna Yudkivska,
Siofra Oleari,
Martins Mits,
Lətif Hüseynov,
Lado Çanturiya, hakimlər,
və Klaudia Vesterdiek, İclasın katibi,
5 Noyabr 2019-cu ildə xüsusi müşavirə keçirilərək,
Həmin tarixdə qəbul edilmiş müvafiq qərarı verir:

PROSEDUR

1. Məhkəmə işi 7 Mart 2008-ci il tarixində iki Azərbaycan vətəndaşı, cənab Rafiq Nazir oğlu Tağıyev (“ilk ərizəçi”) və cənab Samir Sədaqət oğlu Hüseynovun (“ikinci ərizəçi”) (“ərizəçilər”) İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Azərbaycan Respublikasını məhkəməyə verdikləri ərizələr (№ 13274/08) nəticəsində başladılmışdır.

2. Ərizəçiləri Azərbaycanda yaşayan vəkil cənab İ. Aşurov təmsil edib. Azərbaycan Hökumətini (“Hökumət”) isə hökumətin nümayəndəsi cənab Ç. Əsgərov təmsil etmişdir.

3. Ərizəçilər xüsusi olaraq iddia ediblər ki, dərc etdikləri məqaləyə görə, cinayət məsuliyyətinə cəlb olunmaları ifadə azadlığı hüquqlarının pozulmasına gətirib çıxarmışdır.

4. 14 dekabr 2011-ci il tarixli məktubla Məhkəmə ilk ərizəçinin 23 noyabr 2011-ci ildə vəfat etməsi və onun həyat yoldaşı xanım Mailə Bulud qızı Tağıyevanın məhkəmə prosesinə ilk ərizəçinin əvəzinə davam etməyi istəməsi barədə məlumatlandırılmışdır.

5. 17 may 2017-ci il tarixində Konvensiyanın 7-ci və 10-cu maddələri ilə bağlı şikayətlərə dair Hökumətə bildiriş verilmiş və Məhkəmə Qaydalarının 54-cü Qaydasının 3-cü bəndinə uyğun olaraq ərizənin qalan hissəsi qəbuledilməz elan edilmişdir. 9 Avqust 2017-ci il tarixli məktubla xanım Mailə Tağıyeva və ikinci ərizəçi Məhkəməyə məlumat veriblər ki, cənab İ. Aşurovun ölümündən sonra, onları Strasburqda fəaliyyət göstərən vəkil R. Hacılı təmsil edəcək, həmçinin ikinci ərizəçinin Azərbaycanda yaşayan vəkil cənab K. Ağalıyev tərəfindən təmsil ediləcəyi də bildirilmişdir.

FAKTLAR

I. HADİSƏNİN BAŞ VERDİYİ ŞƏRAİT

6. İlk ərizəçi 1950-ci ildə anadan olmuş və məqalənin nəşr edildiyi vaxt Bakıda yaşamışdır. İkinci ərizəçi 1975-ci ildə anadan olmuş və hazırda Lənkəranda yaşamaqdadır.

A. Ümumi Məlumat

7. İlk ərizəçi Rafiq Tağı imzası ilə müxtəlif qəzet və mətbu orqanlarla əməkdaşlıq edən tanınmış yazıçı və köşə yazarı olmuşdur. İkinci ərizəçi isə iki həftədə bir nəşr olunan və sənət, ədəbiyyat, teatr mövzularını əhatə edən, təxminən 800 nüsxə tirajla nəşr olunan “Sənət Qəzeti”nin baş redaktoru olmuşdur.

8. 1 noyabr 2006-cı il tarixində “Sənət Qəzeti”nin 16 (060) nömrəli nəşrinin 24-cü səhifəsində ilk ərizəçinin imzası ilə “Avropa və biz” adlı məqalə çap edilmişdir. Bu, ilk ərizəçinin “Şərq-Qərb araşdırmaları” seriyasında yazdığı məqalələrdən biri idi. Məqalənin tam mətni belədir:

“Avropa coğrafi məkan kimi də yox, mənəvi-əxlaqi areallıq baxımından, bəşəriyyəti həmişə düşündürüb. Çünki Avropa dəyərləri əslində bütün bəşəriyyətin uğurudur və heç də avropalıların təkəbbürünə səbəb olmamalıdır. Hərçənd əfsus, bu təkəbbür vaxt-bivaxt özünü göstərir, hətta cisimləşərək faşizm timsalında, ya militarizələşmiş aqressiv millət tərzində ortaya çıxır.

Əlbəttə, faşizm Avropanın bağışlanmaz səhvi idi.

Azadlıq və humanizm ideyaları, sən demə, Avropada yaranmış, yalnız burada işlək və realdır. Mənəvi postulatları bu ideyalarla üst-üstə düşdüyündəndi ki, xristianlıq Avropada oturuşmuş hala gəlib. Başqa heç bir din Avropada yeriməz, intişar tapa bilməz. Avropa başqa dinlərin, o cümlədən islamın yalançı humanist ideyalarını həmişə rədd edib və edir. İslamda əxlaq hoqqabazlıqdır; ondakı humanizm inandırıcı deyil. İslam humanizmi meyarları hətta əzbərlədiyimiz-öyrəşdiyimiz dialektik materialist tənqidlərə də tab gətirmir. İslam Şərq despotizmi tipindədir və yalnız despotizmin modifikasiyalarından biri sayıla bilər. İslam Avropada heç vaxt mənəvi imperativə çevrilməz; buna qadir deyil. Onu Ottoman imperatorluğunun çiyinlərində bütün Avropada tabut kimi gəzdirdilərsə də, qoymağa yer tapmadılar. Yenə gətirib Şərqdə – üzü qibləyə yerləşdirdilər. İsa Peyğəmbərə tapınan kəs heç vaxt Məhəmməd Peyğəmbərə burun silməz. İsa Peyğəmbərlə müqayisədə müharibə fətvalarının atası Məhəmməd Peyğəmbər, sadəcə, qorxunc bir məxluqdur. İslam Avropada olsa-olsa xırda demoqrafik addımlarla irəliləyər. Bəlkə elə də ölkə olar ki, orada islamı tək-tək fiziki şəxslər, ya inkoqnito yaşayan terroristlər təmsil edər.

Avropa Şərqin əlindən çıxmış imkanıdır. Şərq insan azadlığını dərk etmədi, yaxud bunu istəmədi. Şərqdə insan azadlığı bir problem olaraq ən axırıncı yerlərdə sürünür. İctimai-sosial azadlıqları əlindən alınmış insana qaranlıq islam təriqətləri səviyyəsində illüzor xoşbəxtliklər vəd edilir. Fəlakətlərlə süslü cənnət yolu sosial bataqlıqlardan çıxış yolu kimi göstərilir. İslam Şərq ölkə strukturlarında riyakar iş prinsipləri doğurmuşdur. Tabular sistemi Şərqi büsbütün fiaskoya uğradır, ondakı olan-qalan işıqlı ictimai ideya və fikirləri də yararsız hala salır. Baxın, islam dünyasında din alimliyi bu tabuların ancaq çoxaldılması və onların getdikcə təkmilləşdirilməsindən ibarətdir.

Qərb həmişə dialektik, Şərq isə metafizik durumdadır. Şərq metafizik ictimai durumunda ancaq yalançı tərəqqi görüntüləri mümkündür. Qərbin irəli sıçrayışları fonunda Şərq geriyə hoppanırmış kimi görsənir.
Azərbaycanın dünyəvi dövlət quruculuğundakı bütün cəhdləri Avropa təsirindəndir. Bu səmimi cəhdlərində Azərbaycan xalqı Avropa ailəsinin həqiqi üzvü olduğunu tam sübut edir. Islam ölkələriylə dövləti münasibətlərimizsə darıxdırıcı və candərdidir, diplomatikcə-saxtakarcadır. Düşünər insanlarımız tərəfindən islam Azərbaycanda məcburi-zəruri bir Şərq əlaməti, zor qalığı olaraq qavranılır. Tarix boyu, ən azı ən yeni tariximizdə, Azərbaycan dövlət başçılarının islama “səmimi” münasibətləri də əksərən qeyri-səmimi “taxt-tac” maraqlarından irəli gəlib. Onlar üçün müsəlmanlar daim aşılması vacib əngəllər sırasında olub və sadəcə, seçici təbəqəsi kimi əhəmiyyət kəsb edib.

Mən nə qədər Roma Papasıyamsa, Azərbaycan dövlət başçıları da bir o qədər müsəlman olublar.

Azərbaycan türkü hətta İrandakı qatı şiə-islam rejimində belə avropalı olaraq qalır. Fikir verin, Güneydən mühacirətimiz də əsasən Avropayadır. Bu psixoloji özünütanıma sübutsuz-izahsız özü hər şeyi deyir; ondan maksimum bəhrələnmək gərək. Açığı, xarakterindəki Şərq ünsürləri mahiyyətcə avropalı olan azərbaycanlıda yabançı bir şey, mən deyərdim, qüsur kimi gözə girir.

Şərqliliyi azərbaycanlının dəyərlər sisteminə heç nə əlavə etmir.

Rusiya da özünü Qərbdən ayırmaq istəmədi; Qərbdən mütəmadi hərbi təcavüzlərə məruz qalsa belə. I Pyotr gah nala, gah mıxa vurmadan, sözünü inamla və qəti dedi. Onun Avropanı Rusiyaya calaq cəhdləri tam baş tutub. Rus mədəniyyəti, rus ədəbiyyatı büsbütün Avropanın yetirməsidir.

Dünya dövlətlərinin hamısı, axtarsan, bu, ya digər dərəcədə azadlıq interpretasiyalarıyla məşğuldur. Onlarda insan haqları problemi Avropanı düşünərəkdən, onun nümunəsində müzakirəyə qoyulur. Çünki yalnız Avropa dəyərləri qaçılmaz tərəqqi faktorudur. İnsan haqları bir ictimai Avropa ixtirasıdır və yalnız Avropa modelində məqbuldur.

Avropa mədəniyyəti bəşər xislətindəki vəhşilikləri rəf etməyi bacarıb. Cinayətlər minimuma endirilib; artıq bu yaşam amilinə ehtiyac qalmayıb. İnsan Avropa məkanında ilk öncə özünə qalib gəlib, Şərdən maksimum uzaqlaşa, Xeyirə maksimum yaxınlaşa bilib. Keçməyinə Avropa da qanlı inqilablardan keçib, lakin artıq təcrübələnərək hamıdan əvvəl, yenə ilk olaraq özü onlara yox deyir.

İnqilablardan imtina Qərbin Şərqdən üstünlüyüdür.
Yalnız sosial-siyasi inqilablara ehtiyac qalmayan cəmiyyətlər gözəldir.
Yeri gəlmişkən, Amerika və Cənub-Şərqi Asiyadakı elmi-texniki sıçrayışlar da Avropa elminin törəməsidir. Avropa olmasaydı, dünya bəlkə hələ yenə bu qənaətdə olacaqdı ki, Günəş Yer ətrafında fırlanır. Şərq bəlkə yenə elə hesab edəcəkdi ki, Yer öküz üzərində bərqərardır.

Avropa ağrılı mənəvi-etik, tarixi-fəlsəfi araşdırmalarını artıq yekunlaşdırmış, onları lazımi-layiqli, faydalı kondisiyaya çatdırmağı bacarmışdır. Bu gün Avropa insanı çoxəsrlik axtarış və düşüncələrinin bəhrəsini görməkdədir. Çünki bu axtarış və düşüncələr həmişə daha çox praktik yönlü, realistik və məntiqli olmuşdur. İnsanın real həyatı yalnız məntiqi əməllərlə var olur. Qeyri-məntiqilik ağıldan kəsirlik və gərəksizlikdir. Məntiq ağlın ən vacib atributudur. Şərq insanının düşüncələri sanki yaşam üçün deyil; bilmək olmur da nə üçündür. Avropa filosofu Şərq filosofu kimi oyunbazlıq etmir, özünü sufiliyə, yaxud gicliyə-səfehliyə vurmur. Bəli, Şərq filosofu təmizcənə aktyordur, onun bütün fəaliyyəti ideya adına uydurmalarla miniatür naxışlıdır. Şərq filosofu söz demək xatirinə söz deyir. Məqsəd-yol ya məlum deyil, ya da hədsiz mücərrəddir. Hər halda, məram insanın ağzını axirətə dirəməkdir. Şərq filosoflarının məktəbi islamdaxili məhdud düşüncələr sistemidir. Şərq filosofu olsa-olsa islam missioneri rolundadır. Demək gərək, islamla bağlılıq filosof üçün hələ heç də fəzilət deyil.

F. Nitsşe yaradıcılığı məhz dindən uzaqlığında gözəl idi. Fyodor Dostoyevskidəsə dinlə bağlılıq nə qədər cazibədar görünürsə də, bu onda vacib deyildi. Xristianlıqdan kənar Dostoyevski daha maraqlı, daha fundamental olacaqdı.

…Şərq-Qərb müqayisəli təhlilləri əksərən qısqanclıq və dözümsüzlüklə, bəzən də şiddətli basqı və təpkilərlə qarşılanır. Qəflətən qurtardığım bu yazı da bütün basqı və təpkilər göz önünə gətirilərək yazıldı. Üstəlik, deyirəm: hələ ardı var.”

9. Məqalənin dərc olunmasından sonra ərizəçilər Azərbaycanın və İranın müxtəlif din xadimləri və qrupları tərəfindən ictimai tənqidlərə məruz qalmışdır. Xüsusilə, 2006-cı ilin noyabrında İranın tanınmış dini liderlərindən biri Ayətullah Məhəmməd Fazil Lənkərani ərizəçilərin ölümünə çağırış edən dini fətva vermişdir. Məqalənin dərc olunması eyni zamanda İranda Azərbaycan səfirliyinin və konsulluğunun qarşısında etirazlara səbəb olmuşdur.

B. Ərizəçilərin cinayət məhkumluğu və sonrakı hadisələr

10. 11 Noyabr 2006-cı ildə ərizəçilərə qarşı Cinayət Məcəlləsinin 283-cü maddəsinə (etnik, irqi, ictimai və ya dini nifrət və düşmənçiliyə təşəbbüs) əsasən cinayət işi başladılmışdır.

11. Məhkəmə işi materialındakı sənədlərdən görünür ki, 14 noyabr 2006-cı ildə iş üzrə müstəntiq mübahisəli məqalə ilə əlaqədar məhkəmə-linqvistik islamşünaslıq ekspertizası barədə əmr vermişdir. Xüsusilə, o, ekspertdən “Avropa və biz” məqaləsində dini nifrət və düşmənçiliyə səbəb ola biləcək elementlərin olub-olmadığını və bu elementlərin məqalənin hansı hissəsində öz əksini tapdığını müəyyənləşdirməyi istəmişdir.

12. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini ekspertiza şöbəsinin müdiri C. M. tərəfindən imzalanmış 11908 nömrəli hesabat 15 Noyabr 2006-cı il tarixində yayımlanmışdır. Hesabatın müvafiq hissəsində belə yazılmışdır:

“Qiymətləndirməyə təqdim olunan və yoxlamadan keçirilən yazılar “Sənət Qəzeti”nin 16 (060) saylı nömrəsinin 24-cü səhifəsində dərc olunmuş Rafiq Tağının “Avropa və biz” məqaləsindən ibarətdir.
Müəllif 3-cü paraqrafda yazır: “Avropa başqa dinlərin, o cümlədən islamın yalançı humanist ideyalarını həmişə rədd edib və edir. İslamda əxlaq hoqqabazlıqdır; ondakı humanizm inandırıcı deyil.” Faktiki olaraq isə, İslam yüksək əxlaqi normalara və xeyirxah davranışlara çağırış edən humanist bir dindir. Müəllif bu cümlələrdən istifadə etməklə, fərdlər arasında İslama qarşı nifrəti və düşmənçiliyi təbliğ etməyə çalışır.
Müəllif sonra iddia edir ki, “İsa Peyğəmbərlə müqayisədə müharibə fətvalarının atası Məhəmməd Peyğəmbər, sadəcə, qorxunc bir məxluqdur.” Fakt isə odur ki, Məhəmməd Peyğəmbər yüksək əxlaqi məziyyətlərə sahib olub, onun insanlarla yaxşı davrandığı həm “Quran”da, həm də Qərb alimlərinin müxtəlif əsərlərində öz əksini tapmışdır. “Quran”ın “Qələm” surəsinin üçüncü ayəsində Allah Məhəmməd Peyğəmbərin yüksək əxlaqi məziyyətlərə sahib olduğunu ifadə edir. İsa Məsih və Məhəmməd Peyğəmbər arasındakı müqayisə və birinin digərindən üstün olduğu barədə mülahizə dini nifrət və düşmənçiliyi alovlandırmaq məqsədi güdür.
Müəllif həmçinin qeyd edir ki, “İslam Avropada olsa-olsa xırda demoqrafik addımlarla irəliləyər. Bəlkə elə də ölkə olar ki, orada islamı tək-tək fiziki şəxslər, ya inkoqnito yaşayan terroristlər təmsil edər.” Müəllif bu cümləsi ilə sübut etməyə çalışır ki, Qərbdə yaşayan müsəlmanlar terrorçudurlar və İslam terroru dəstəkləyir. Halbuki terrorçuluq “Quran” ayələrində və hədislərdə şiddətlə qınanmışdır.
Sonuncu paraqrafda isə müəllifi iddia edir: “Avropa filosofu Şərq filosofu kimi oyunbazlıq etmir, özünü sufiliyə, yaxud gicliyə-səfehliyə vurmur. Bəli, Şərq filosofu təmizcənə aktyordur, onun bütün fəaliyyəti ideya adına uydurmalarla miniatür naxışlıdır. Şərq filosofu söz demək xatirinə söz deyir. Məqsəd-yol ya məlum deyil, ya da hədsiz mücərrəddir.” Bu sözləriylə o, Şərq filosoflarınının səfeh və dəli olduqlarını iddia etməklə, onları alçaltmış və təhqir etmişdir. Halbuki dünyaca tanınmış Əl-Fərabi, Əl-Qəzali və İbn Rüşd kimi filosoflar Şərqə məxsusdurlar. Müəllifin Şərq filosoflarını bütövlükdə oyunbazlıqda ittiham edən nəzər-nöqtəsi İslama qarşı nifrət və düşmənçilik təbliğatı yaymaq məqsədi güdür.
Yuxarıda öz əksini tapan düşüncələr Rafiq Tağının “Sənət Qəzeti”nin 16 (060) sayının 24-cü səhifəsində getmiş “Avropa və biz” məqaləsində dini nifrət və düşmənçiliyin alovlanmasına gətirib çıxaracaq elementlər olduğu qənaətinə gəlmək üçün kifayət edir.

Nəticə

Rafiq Tağının “Sənət Qəzeti”nin 16 (060) sayının 24-cü səhifəsində getmiş “Avropa və biz” məqaləsinin üçüncü səhifəsindəki “Avropa başqa dinlərin, o cümlədən islamın yalançı humanist ideyalarını həmişə rədd edib və edir. İslamda əxlaq hoqqabazlıqdır; ondakı humanizm inandırıcı deyil” cümləsi; “İsa Peyğəmbərlə müqayisədə müharibə fətvalarının atası Məhəmməd Peyğəmbər, sadəcə, qorxunc bir məxluqdur”; “İslam Avropada olsa-olsa xırda demoqrafik addımlarla irəliləyər. Bəlkə elə də ölkə olar ki, orada islamı tək-tək fiziki şəxslər, ya inkoqnito yaşayan terroristlər təmsil edər”; və sonuncu paraqrafdakı “Avropa filosofu Şərq filosofu kimi oyunbazlıq etmir, özünü sufiliyə, yaxud gicliyə-səfehliyə vurmur. Bəli, Şərq filosofu təmizcənə aktyordur, onun bütün fəaliyyəti ideya adına uydurmalarla miniatür naxışlıdır. Şərq filosofu söz demək xatirinə söz deyir. Məqsəd-yol ya məlum deyil, ya da hədsiz mücərrəddir” cümləsi dini nifrətə və düşmənçilik fəaliyyətlərini alovlandıra biləcək elementlərə malikdir.

13. 15 Noyabr 2006-cı ildə Nəsimi Rayon Məhkəməsi ərizəçilərin məhkəməyə qədər həbs edilməsi barədə qərar çıxarıb.

14. 4 may 2007-ci ildə Səbayıl Rayon Məhkəməsi ilk ərizəçini Cinayət Məcəlləsinin 283.1-ci maddəsinə (ictimai və ya kütləvi informasiya vasitələrindən istifadə etməklə, etnik, irqi, sosial və ya dini nifrət və düşmənçiliyə təhrik etmə) əsasən günahkar hesab etmiş və üç il müddətinə həbs cəzasına məhkum etmişdir. Məhkəmə həmçinin ikinci ərizəçini Cinayət Məcəlləsinin 283.2.2-ci maddəsinə (vəzifədən sui-istifadə etməklə, etnik, irqi, sosial və ya dini nifrət və düşmənçiliyə təhrik etmə) əsasən təqsirli bilmiş və 4 il müddətinə azadlıqdan məhrum etmişdir. Qərardan görünür ki, ərizəçilər məhkəmə prosesinin gedişatındə heç bir cinayət əməli törətmədiklərini əsas gətirərək, təqsirkar olmadıqlarını iddia ediblər. “Sənət Qəzəti”nin əməkdaşları və qəzeti nəşr edən şirkətin işçiləri məhkəmədən əvvəl şahid qismində dindiriliblər, mübahisəli məqalənin birinci ərizəçi tərəfindən qəzetə göndərildiyi və onun ikinci ərizəçinin icazəsi ilə dərc edildiyi bildirilmişdir. Məhkəmənin rəyinə görə, 15 Noyabr 2006-cı il tarixli 11908 nömrəli hesabatda öz əksini tapan mübahisəli məqalənin pasajlarında dini nifrət və düşmənçiliyə səbəb ola biləcək elementlər vardır. Bu konteksdə, məhkəmə qərar çıxararkən, heç bir hüquqi qiymətləndirmə və əlavə izahat vermədən, məhkəmə ekspertizasının nəticələrinə bel bağlamışdır. Məhkəmə qərarının müvafiq hissəsində bildirilir:

“Məhkəmə-linqvistik islamşünaslıq ekspertizası nəticəsində təsdiq edilmişdir ki, 15 Noyabr 2006-cı il tarixinə aid 11908 nömrəli hesabatda əksini tapan Rafiq Tağının “Sənət qəzeti”nin 16 (060) sayının 24-cü səhifəsində dərc olunmuş “Avropa və biz” məqaləsinin üçüncü paraqrafındakı bu cümlələrdə “Avropa başqa dinlərin, o cümlədən islamın yalançı humanist ideyalarını həmişə rədd edib və edir. İslamda əxlaq hoqqabazlıqdır; ondakı humanizm inandırıcı deyil”; “İsa Peyğəmbərlə müqayisədə müharibə fətvalarının atası Məhəmməd Peyğəmbər, sadəcə, qorxunc bir məxluqdur”; “İslam Avropada olsa-olsa xırda demoqrafik addımlarla irəliləyər. Bəlkə elə də ölkə olar ki, orada islamı tək-tək fiziki şəxslər, ya inkoqnito yaşayan terroristlər təmsil edər”; və sonuncu paraqrafdakı “Avropa filosofu Şərq filosofu kimi oyunbazlıq etmir, özünü sufiliyə, yaxud gicliyə-səfehliyə vurmur. Bəli, Şərq filosofu təmizcənə aktyordur, onun bütün fəaliyyəti ideya adına uydurmalarla miniatür naxışlıdır. Şərq filosofu söz demək xatirinə söz deyir. Məqsəd-yol ya məlum deyil, ya da hədsiz mücərrəddir” cümlələrində dini nifrət və düşmənçiliyə səbəb ola biləcək elementlər vardır.

Buna görə də məhkəmə toplanmış sübutların məcmusunu qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri və məhkəmə ekspertizası tam sübut edir ki, Tağıyev Rafiq Nazir oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirlidir, həmçinin Hüseynov Samir Sədaqət oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir”.

15. 18 may 2007-ci ildə ərizəçilər Konvensiyanın 10-cu maddəsinə əsasən qorunan ifadə azadlığı hüquqlarının pozulduğunu iddia edərək, qərardan apelyasiya şikayəti veriblər. Xüsusilə iddia ediblər ki, birinci instansiya məhkəməsi çıxardığı qərarda Konvensiyanın 10-cu maddəsinə aid Məhkəmə işinə heç bir məhəl qoymadan, sadəcə olaraq 15 noyabr 2006-cı il tarixli 11908 nömrəli hesabatın nəticələrini təkrar etmişdir.

16. 6 iyul 2007-ci ildə Apelyasiya Məhkəməsi 4 may 2007-ci il tarixli qərarı qüvvədə saxlamışdır. Apelyasiya məhkəməsinin çıxardığı hökm demək olar ki, birinci instansiya məhkəməsinin qərarı ilə eynidir və qərarda ərizəçilərin Konvensiyanın 10-cu maddəsinə əsasən xüsusi şikayətlərinə dair heç bir fikir öz əksini tapmamışdır.

17. 31 avqust 2007-ci il tarixində ərizəçilər əvvəlki şikayətlərini təkrarlayaraq, apelyasiya məhkəməsinin qərarından kassasiya şikayəti vermişdirlər.

18. 22 Yanvar 2008-ci il tarixində Ali Məhkəmə Apelyasiya Məhkəməsinin 6 iyul 2007-ci il tarixli qərarını qüvvədə saxlamışdır. Ali Məhkəmə xüsusilə məhkəmə-linqvistik islamşünaslıq ekspertizası və şahid ifadələrinə əsaslanmaqla, ərizəçilərin Cinayət Məcəlləsinin 283-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiklərinə dair aşağı məhkəmələrin nəticələri ilə razılaşdığını bəyan etmişdir.

19. Bununla belə, 28 dekabr 2007-ci il tarixində ərizəçilər Prezidentin əfv fərmanı ilə həbs cəzalarının qalan hissəsini çəkməkdən azad edilmişdirlər və bir il bir aydan çox həbs cəzası çəkdikdən sonra həbsxanadan sərbəst buraxılmışdırlar.

20. 19 noyabr 2011-ci il tarixində ilk ərizəçi işdən evə qayıdarkən naməlum şəxs tərəfindən bıçaqlanmış, cinayətkar hadisə yerindən qaça bilmişdir. 23 Noyabr 2011 tarixində ilk ərizəçi xəstəxanada vəfat etmişdir. İlk ərizəçinin ölüm şərtləri ilə əlaqədar olaraq Konvensiyanın 2, 10 və 13-cü maddələrinə əsasən, ayrıca ərizə (bax ərizə № 72611/14) şəklində qaldırılan şikayətlər məhkəmə qərarını gözləməkdədir.

II. MÜVAFİQ YERLİ QANUN

A. Azərbaycan Respublikasının Konstitusiyası

21. Keçərli vaxtda, Konstitusiyanın müvafiq müddəaları aşağıdakıları əks etdirmişdir:

Maddə 7 Dövlətin Əsasları

“I. Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır…”
Maddə 18. Din və dövlət
“I. Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir…”
Maddə 47. Fikir və söz azadlığı
“I. Hər kəsin fikir və söz azadlığı vardır.
II. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz.
III. İrqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir.”
Maddə 48. Vicdan azadlığı
“I. Hər kəsin vicdan azadlığı vardır.
II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.”

B. Cinayət Məcəlləsi

22. Müvafiq dövrdə qüvvədə olan Cinayət Məcəlləsinin 283-cü maddəsi, aşağıdakıları ehtiva etmişdir:
Maddə 283. Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması

“283.1. Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə islah işləri və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
283.2. Eyni əməllər:
283.2.1. zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə;
283.2.2. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
283.2.3. mütəşəkkil dəstə tərəfindən törədildikdə; üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır…”

QANUN

I. İLKİN MƏSƏLƏ

23. Məhkəmə əvvəlcədən qeyd edir ki, ilk ərizəçi, cənab Rafiq Tağıyev 23 noyabr 2011-ci ildə bu ərizəni verdikdən sonra vəfat etmiş və həyat yoldaşı xanım Mailə Tağıyeva məhkəmənin gedişatında onun əvəzinə davam etməyi istəmişdir (yuxarıdakı 4-cü paraqrafa baxın). Hökumət ilk ərizəçinin həyat yoldaşının onun əvəzinə ərizəni davam etdirməsinə qarşı çıxmamışdır.

24. Məhkəmə qeyd edir ki, Konvensiyanın istintaqı zamanı ərizəçinin vəfat etdiyi müxtəlif hallarda, ərizəçinin varislərinin və ya yaxın ailə üzvlərinin məhkəmə istintaqına davam etmək istəyini ifadə edən müraciətləri nəzərə alınmışdır (baxın, digər səlahiyyətlilər arasında, Jėčius Litvaya qarşı, № 34578/97, § 41, AİHM 2000 IX; Pisarkiewicz Polşaya qarşı, № 18967/02, §§ 30-33, 22 yanvar 2008; və Ergezen Türkiyəyə qarşı, № 73359/10, §§ 27-30, 8 aprel 2014). Məhkəmə yaxın qohumun və ya varisin məsələyə kifayət qədər marağının olması şərti ilə prinsipcə ərizəni davam etdirə biləcəyini qəbul etmişdir (bax, Qanuni Resurslar Mərkəzi Valentin Câmpeanun xeyrinə Rumıniyaya qarşı [GC], № 47848/08, § 97, AİHM 2014 və Ksenz və Digərləri Rusiyaya qarşı, № 45044/06 və 5 digəri, § 86, 12 dekabr 2017). Yuxarıda göstərilənləri və hazırkı işin şərtlərini nəzərə alaraq, Məhkəmə xanım Mailə Tağıyevanın mərhum ərinin ərizəsinə baxılmasında qanuni marağının olduğunu qəbul edir. Hərçənd, bu gün yalnız xanım Mailə Tağıyeva Məhkəmə qarşısında ilk ərizəçi statusuna malik şəxs kimi qiymətləndirilsə də, bu hökmün mətni, asan olsun deyə, Rafiq Tağıyevi “ilk ərizəçi” adlandırmaqda davam edəcəkdir (bax. Gulub Atanasov Bolqarıstana qarşı, № 73281/01, § 4, 6 Noyabr 2008 və İsayeva Azərbaycana qarşı, № 36229/11, § 62, 25 iyun 2015).

II. KONVENSİYANIN 10-CU MADDƏSİNİN POZULMASI İDDİASI

25. Ərizəçilər Konvensiyanın 7, 9 və 10-cu maddələrini əsas tutmaqla, şikayət etmişdirlər ki, mübahisəli məqalənin dərcinə görə cinayət məsuliyyətinə cəlb olunmaları, onların Konvensiya ilə qorunan hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Məhkəmə işin şərtlərini nəzərə alaraq hesab edir ki, ərizəçilərin şikayətləri Konvensiyanın 7-ci və 9-cu maddələrinə əsasən qiymətləndirilə biləcək ayrıca bir məsələ mahiyyəti daşımır və Konvensiyanın 10-cu maddəsinə uyğun gəlmir, bununla belə, qeyd edilməlidir ki, burada 9-cu maddə ilə əlaqəli məsələlər balans yarada biləcək tapşırıqlar kimi ortaya çıxmaqdadırlar. 10-cu maddədə deyilir:

“1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı və dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radio-yayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.
2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, konfidensial şəkildə əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmi tələblərə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.”

A. Keçərlilik

26. Məhkəmə bildirir ki, bu şikayət Konvensiyanın 35-ci Maddəsinin üçüncü bəndi nöqteyi-nəzərindən açıq şəkildə əsassız deyildir. Daha sonra bildirir ki, başqa səbəblərə görə də keçərsiz deyildir. Məhz buna görə də keçərli hesab edilməlidir.

B. Ləyaqət

1. Tərəflərin iddiaları

27. Ərizəçilər “Avropa və biz” məqaləsinin dərc edilməsinə görə, cinayət məsuliyyətinə cəlb olunmalarının onların ifadə azadlığı hüquqlarına əsassız müdaxilə olduğunu bəyan etməklə, şikayətlərində israr etmişdirlər. Onlar iddia etmişdirlər ki, dini nifrət və düşmənçiliyə təhrik etməyə görə cinayət məsuliyyəti yerli məhkəmələr tərəfindən əsaslandırılmamışdır, onlar sadəcə dini nifrət və düşmənçiliyə səbəb ola biləcək elementlərin olduğuna dair məhkəmə ekspertizasının nəticələrinə istinad etməklə kifayətlənmişdirlər. Bununla əlaqədar olaraq, ərizəçilər qeyd ediblər ki, müvafiq məqalə dini nifrət və düşmənçiliyə təhrik kimi xarakterizə edilə bilməz, çünki o, yalnız Avropa və Şərq humanist dəyərləri və insan hüquqları anlayışları kontekstində İslam və Xristianlıq arasında müqayisə aparmaq niyyəti güdmüşdür.

28. Məhkəmənin presedent hüququna əsaslanmaqla, ərizəçilər iddia ediblər ki, mübahisəli məqalənin qiymətləndirilməsində bir sıra elementlər nəzərə alınmalıdır. Xüsusilə, məqalə heç bir dini qrupu və ya onun dindarlarını hədəf almamışdır və müxtəlif dini qruplar arasında nifrət və düşmənçilik yaratmaq niyyətində olmamışdır. Şikayətçilər daha sonra qeyd etmişlər ki, Məhkəmə tərəfindən işin qiymətləndirilməsində kontekst də nəzərə alınmalıdır, belə ki, mübahisəli məqalənin dərc olunmasından əvvəl və ya sonra yüksək dini dözümlülük və sülhün bərqərar olduğu Azərbaycanda dini qruplar arasında düşmənçilik mövcud olmamışdır. Üstəlik məqalə müəllifi heç bir siyasi mənsubiyyəti olmayan bir yazıçı olmuş və ölkədə heç bir sosial və ya dini qrupa heç bir nüfuz və ya təsir göstərməmişdir. Məqalə cəmiyyətə çox məhdud təsiri olan 800 tirajlıq bir qəzetdə dərc edilmişdir. Ən sonda isə ərizəçilər yerli hakimiyyət orqanları tərəfindən verilən sanksiyaların kəskinliyinə diqqət çəkmiş, bunların tamamilə qeyri-mütənasib olduğunu iddia etmişdirlər.

29. Hökumət ərizəçilərin cinayət məhkumluğunun onların ifadə azadlığına müdaxilə olduğunu qəbul etmişdir. Bu müdaxilənin Cinayət Məcəlləsinin 283-cü maddəsində nəzərdə tutulan və “başqalarının hüquqlarının müdafiəsi” və “iğtişaşların qarşısının alınması” kimi qanuni məqsədlərə müvafiq olduğu bildirilmişdir.

30. Hökumət ərizəçilərin cinayət məhkumluğunun aktual bir sosial ehtiyac olduğunu, belə ki, yayımlanan məqalədə dinə, xüsusən İslama qarşı təhqiramiz hücumlar olduğunu, onun dini hissləri təhqir etdiyini və alçaltdığını bildirmişdir. Həmin məqaləyə kəskin ictimai reaksiyalar olmuşdur. Cümə Məscidi Dini İcması, Azərbaycan İslam Partiyası və Qafqaz Müsəlmanları İdarəsi kimi müxtəlif dini qurumlar məqaləni pisləyən açıq bəyanatlar vermiş və Bakı ətrafında bir sıra ictimai yürüşlər keçirilmişdir.

31. Məhkəmə presedentinə istinad etməklə, hökumət milli qurumların belə bir müdaxilənin lazımlılığını və miqyasını ölçməkdə müəyyən bir qiymətləndirmə meyarına sahib olduqlarını, “əxlaqi” nöqteyi-nəzərdən isə Avropada dinin cəmiyyətdəki əhəmiyyəti haqqında vahid bir təsəvvür tapmağın mümkünsüz olduğunu bildirmişdir. Hökumət bu cür şərtlər daxilində Tərəfdaş Ölkələrin öhdəsinə buraxılan qiymətləndirmə meyarını nəzərə almaqla, hesab etmişdir ki, yerli məhkəmələr hazırkı işdə ərizəçilərin hüquqlarına müdaxilə etmək ixtiyarından istifadə etmişdir. Bundan əlavə, yerli məhkəmələr Konvensiyanın 9 və 10-cu maddələrinə əsasən qorunan hüquqlar arasında düzgün balans yaratmışdırlar. Həmçinin, hökumət ərizəçilərin prezidentin sərəncamı ilə 2007-ci ilin dekabrında cəzalarının qalan hissəsini çəkməkdən azad edildikləri faktına da diqqət çəkmişdir.

2. Məhkəmənin qiymətləndirməsi

(a) Müdaxilənin olub-olmaması

32. Məhkəmə qeyd edir ki, tərəflər ərizəçilərin cinayət məhkumluğunun onların Konvensiyanın 10-cu maddəsi ilə təmin olunmuş ifadə azadlığı hüquqlarına müdaxilə olduğu fikriylə şəksiz razıdırlar. Məhkəmə də bu nöqteyi-nəzəri bölüşür.

(b) Müdaxiləyə bərəatin olub-olmaması

33. 10-cu Maddənin nəzərə alınmaması üçün bu cür müdaxilə o zaman keçərli olardı ki, 2-ci paraqrafdakı bir və ya daha çox konstitusion məqsədə əsaslanmaqla “qanunauyğun olsun” və “demokratik bir cəmiyyət üçün zəruri” olsun (bax: Perinçek İsveçrəyə qarşı [GC], № 27510/08, § 124, AİHM 2015 (çıxarışlar)).

(i) Qanunauyğunluq

34. Məhkəmənin müşahidəsinə görə, ərizəçilərin cinayət məhkumluğu Cinayət Məcəlləsinin 283-cü maddəsinə əsasən mümkün və proqnozlaşdırılan olmuşdur və buna görə də, onların ifadə azadlığına müdaxilə Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən “qanunauyğundur”.

(ii) Qanuni hədəflər

35. Məhkəmənin müşahidəsinə görə, Hökumət müdaxilənin “başqalarının hüquqlarının müdafiəsi” və “iğtişaşların qarşısının alınması” qanuni hədəflərini həyata keçirdiyini bildirmişdir. Məhkəmə bu qiymətləndirməni təsdiqləyir (bax, İ.A. Türkiyəyə qarşı, № 42571/98, § 22, AİHM 2005 VIII və Aydın Tatlav Türkiyəyə qarşı, № 50692/99, § 21, 2 may 2006).

(iii) Demokratik cəmiyyət üçün zəruri

(a) Ümumi prinsiplər

36. Söz azadlığı hüququnun həyata keçirilməsinə müdaxilənin “demokratik cəmiyyət üçün zəruri” olub-olmadığını qiymətləndirməyin ümumi prinsipləri Məhkəmənin presedent hüququnda yaxşı təsbit olunmuş və bir çox hallarda təkrar edilmişdir. Məhkəmə xüsusən ifadə azadlığının demokratik cəmiyyətin əsas təməllərindən biri olduğunu və onun tərəqqisi və hər bir insanın şəxsi nailiyyəti üçün əsas şərtlərdən biri olduğunu bəyan etmişdir. 10-cu maddənin 2-ci bəndinə uyğun olaraq, bu, təkcə müsbət qəbul edilən və ya təhqirdən uzaq və ya indifferent bir məsələ kimi qəbul olunan “məlumat” ya da “fikirlərə” deyil, həmçinin təhqiramiz, sarsıdıcı və ya narahatverici hallar üçün də keçərlidir. Plüralizmin, tolerantlığın və geniş açıqfikirliliyin bu cür tələbləri olmadan “demokratik cəmiyyət” mövcud ola bilməz (bax, bir çox digər səlahiyyətlilər arasında, Pentikäinen Finlandiyaya qarşı [GC], № 11882/10, § 87, AİHM 2015; Perinçek, yuxarıda sitat gətirilmişdir yuxarıda, § 196; və Bédat İsveçrəyə qarşı [GC], № 56925/08, § 48, AİHM 2016).

37. Bundan əlavə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndi altında siyasi nitqə və ya ictimai maraq doğuran məsələlərə dair mübahisələrin məhdudlaşdırılması imkanları azdır. Buna görə də ictimai maraqlarla bağlı məsələdən söhbət gedəndə, dövlətlərin qiymətləndirmə meyarı daralır (bax, Baka Macarıstana qarşı [GC], № 20261/12, § 159, 23 iyun 2016 və Satakunnan Markkinapörssi Oy ilə Satamedia Oy Finlandiyaya qarşı [GC], № 931/13, § 167, 27 iyun 2017). Bununla belə, 10-cu maddənin 2-ci bəndində göstərildiyi kimi, ifadə azadlığı özü ilə bərabər müəyyən məsuliyyət və öhdəliklər də daşıyır. Bunların arasında, dini inanc kontekstində inanc sahiblərinin 9-cu maddədə əksini tapmış hüquqlarla dinc şəkildə təmin edilməsi ümumi tələb kimi nəzərdə tutulmuşdur, buraya həmçinin başqaları üçün ehtiram doğuran obyektlərə heç bir səbəb olmadan alçaldıcı və aşağılayıcı ifadələr işlətməkdən mümkün olduğu qədər çəkinmək öhdəliyi də daxildir. (bax, Giniewski Fransaya qarşı, № 64016/00, § 43, AİHM 2006 I, və Sekmadienis Ltd. Litvaya qarşı, № 69317/14, § 74, 30 yanvar 2018). Bu cür ifadələr digər insanların dini inanclarını inkar etməklə kəskin şəkildə həddi aşarsa və dini dözümsüzlüyü təhrik edərsə, məsələn, dini ehtiram obyektinə kobud və ya hətta təhqiramiz hücum edilərsə, dövlət bunu qanuni şəkildə fikir, vicdan və din azadlığı nöqteyi-nəzərindən uyğunsuz hesab edə və müvafiq məhdudlaşdırıcı tədbirlər görə bilər (bax, məsələn, mutatis mutandis, Otto Preminger-İnstitutu Avstriyaya qarşı, 20 sentyabr 1994, § 47, A seriyası № 295 A; İ. A., yuxarıda göstərilən, §§ 29-31; və E.S. Avstriyaya qarşı, № 38450/12, § 43, 25 oktyabr 2018).

38. Bundan başqa, xüsusilə zorakılığı, nifrəti və ya dözümsüzlüyü təhrik etdiyi və yaxud bunlara bəraət qazandırdığı ehtimal edilən ifadələrlə bağlı ifadə azadlığına müdaxilə məsələsinə gəldikdə, Avropa Məhkəməsi xatırladır ki, bütün insanların bərabər ləyaqətinə dözümlülük və hörmət demokratik, plüralist cəmiyyətin təməlini təşkil edir. Həmçinin demokratik cəmiyyətlərdə prinsip etibarilə qeyri-tolerantlığa əsaslanan zorakılığı və ya nifrəti yayan, təhrik edən, təbliğ edən və bəraət qazandıran bütün ifadə formalarının cəzalandırılması, hətta əngəllənməsi zəruri hesab edilə bilər, bir şərtlə ki, tətbiq edilən istənilən “formallıqlar”, “şərtlər”, “məhdudiyyətlər” və “cəzalar” əsas tutulan məqsədin legitimliyinə uyğun olsun. (bax, mutatis mutandis, Gündüz Türkiyəyə qarşı, № 35071/97, § 40, AİHM 2003 XI). Əlbəttə ki, bu cür hallara qanunauyğun şəkildə və ifrata varmadan reaksiya verməli olan müvafiq dövlət qurumları ictimai əsayişin, ölçü götürməyin, hətta cinayət-hüquqi xarakterin qarantı kimi tədbirlər görməyə açıqdırlar (bax, Erdoğdu Türkiyəyə qarşı. 25723/94, § 62, AİHM 2000 VI).

39. Konvensiyanın zəmanət verdiyi hüquq və azadlıqların məhdudlaşdırılmasının “demokratik cəmiyyət üçün zəruri” olub-olmayacağı məsələsini araşdırarkən, Məhkəmə müntəzəm surətdə qeyd etmişdir ki, dini inanclara hücumlarla əlaqədar olaraq, başqalarının hüquqlarının qorunması tələbləri barədə vahid Avropa konsepsiyasının mövcud olmaması, Tərəfdaş Dövlətlərin əxlaq və ya din sahəsində fərdi inanclara xələl gətirə biləcək məsələlərlə əlaqəli ifadə azadlıqlarının tənzimləməsi sahəsindəki qiymətləndirmə meyarlarını genişləndirir (bax: Vingrov Birləşmiş Krallığa qarşı, 25 Noyabr 1996, § 58, Hökm və Qərarlar Barədə Hesabatlar 1996 V; Yuxarıda göstərilən Aydın Tatlav, § 24; və yuxarıda göstərilən E.S., § 44).

40. Burada “zəruri” sifəti inandırıcı şəkildə təyin edilməli olan “aktual sosial ehtiyacın” mövcudluğunu nəzərdə tutur. Məlum olduğu kimi, burada ilk növbədə milli qurumlar müdaxiləni əsaslandıra biləcək bir ehtiyacın olub-olmadığını qiymətləndirir və bu məqsədlə müəyyən bir qiymətləndirmə meyarlarına sahib olurlar (bax: məsələn, yuxarıda göstərilən Erdoğdu, § 53). Bununla belə, mətbuat azadlığı kontekstində, rəsmi qurumlar “aktual sosial ehtiyacın” olub-olmadığını meyarını qiymətləndirərkən, məhdud qərarvermə imkanlarına malik olurlar (bax: Görmüş və başqaları Türkiyəyə qarşı, № 49085/07, § 42, 19 yanvar 2016). Həmçinin qiymətləndirmə meyarı məsələsində Avropa Məhkəməsinin həm qanunları, həm də qanun tətbiq edən qərarları əsas götürülür, üstəlik burada müstəqil məhkəmələrin verdikləri qərarlar da nəzərə alınır. Buna görə də Məhkəmə “məhdudiyyət”in 10-cu Maddə ilə qorunan ifadə azadlığına uyğun olub-olmaması ilə bağlı son qərar vermək hüququna malikdir (bax: bir çox digər qurumlar arasında, Karataş Türkiyəyə qarşı [GC], № 23168/94, § 48, AİHM 1999 IV və yuxarıda göstərilən Perinçek, § 196).

41. Məhkəmənin nəzarət funksiyası təkcə milli hakimiyyət qurumlarının öz səlahiyyətlərini ağlabatan, ehtiyatlı və vicdanlı şəkildə tətbiq edib-etmədiyini müəyyən etməklə qalmır. Bundan daha çoxu, o, məhkəmə işinə müdaxiləni bütövlükdə araşdırmalı, milli hakimiyyət qurumlarının məsələnin əsaslı olduğuna dair sübut göstərdikləri səbəblərin “müvafiq və yetərli” olub-olmadığını və götürülmüş ölçülərin qanuni məqsədə “uyğun” olub-olmadığını müəyyən etməlidir. Məhkəmə bunu həyata keçirən zaman milli qurumların müvafiq faktlarla bağlı məqbul qiymətləndirməyə əsaslanarkən Konvensiyanın 10-cu maddəsində əksini tapan prinsiplərə uyğun standartları tətbiq etdiklərindən əmin olmalıdır (bax: Chauvy and Others Fransaya qarşı, № 64915/01, § 70, AİHM 2004 VI). Bunun uyğunluğunu müəyyənləşdirmək üçün Məhkəmə mübahisəli müdaxiləni yalnız müzakirə olunan ifadələrin məzmununda deyil, həmçinin onların əmələ gəldiyi kontekstdə də nəzərdən keçirməlidir. Bundan əlavə, tətbiq olunan cəzanın xarakteri və şiddəti də nəzərə alınmalı amillər arasındadır (bax: məsələn, hər ikisi yuxarıda göstərilən Gündüz, § 42 və Bédat, § 79).

(β) Yuxarıdakı prinsiplərin cari məhkəmə işinə tətbiqi

42. Hazırkı məhkəmə işində birinci və ikinci ərizəçi cinayət əməlində ittiham olunublar və “Sənət Qəzeti”ndə dərc olunan “Avropa və biz” məqaləsinə görə, müvafiq olaraq üç və dörd il müddətinə azadlıqdan məhrum ediliblər. Xüsusilə məhkəmə hesabatına əsaslanan yerli məhkəmələr ərizəçilərin yuxarıda adı çəkilən məqalədəki 4 mülahizədən istifadə etməklə, dini nifrət və düşmənçiliyi təhrik etdiklərini bildirərək, Cinayət Məcəlləsinin 283-cü maddəsinə əsasən günahkar biliblər: (a) “Avropa başqa dinlərin, o cümlədən islamın yalançı humanist ideyalarını həmişə rədd edib və edir. İslamda əxlaq hoqqabazlıqdır; ondakı humanizm inandırıcı deyil.”; (b) “İsa Peyğəmbərlə müqayisədə müharibə fətvalarının atası Məhəmməd Peyğəmbər, sadəcə, qorxunc bir məxluqdur.”; (c) “İslam Avropada olsa-olsa xırda demoqrafik addımlarla irəliləyər. Bəlkə elə də ölkə olar ki, orada islamı tək-tək fiziki şəxslər, ya inkoqnito yaşayan terroristlər təmsil edər.”; və (d) “Avropa filosofu Şərq filosofu kimi oyunbazlıq etmir, özünü sufiliyə, yaxud gicliyə-səfehliyə vurmur. Bəli, Şərq filosofu təmizcənə aktyordur, onun bütün fəaliyyəti ideya adına uydurmalarla miniatür naxışlıdır. Şərq filosofu söz demək xatirinə söz deyir. Məqsəd-yol ya məlum deyil, ya da hədsiz mücərrəddir.”

43. Məhkəmə başlanğıcdaca qeyd edir ki, Hökumət onun qarşısında yuxarıda göstərilən məqalədəki mübahisəli mülahizələrin nifrət nitqindən ibarət olması ilə bağlı mübahisə etməyib və buna görə də ərizəçilərin Konvensiyanın 17-ci maddəsinin tətbiqinə əsaslanmaqla (yuxarıda göstərilən Perinçeklə, §§ 103-15, və Stern Taulats və Roura Capellera İspaniyaya qarşı ilə müqayisə et, 51168/15 və 51186/15, §§ 25-42, 13 Mart 2018), Konvensiyanın 10-cu maddəsinin müdafiəsindən faydalanmamalı olduqlarını qeyd edir. Bundan əlavə, iş materiallarını nəzərdən keçirən Məhkəmə mübahisəli mülahizələrdə Konvensiyanın əsas dəyərlərinin əksinə olacaq hansısa məqamlar olduğuna və ya ərizəçilərin Konvensiyaya arxayın olmağa cəhd etməklə, orada mövcud olan insan haqları və azadlıqları məhv etməyə yönəlmiş bir fəaliyyət göstərəcəklərinə və ya hərəkət edəcəklərinə dair bir şey görməyib (müqayisə et Belkacem Belçikaya qarşı (dek.), № 34367/14, §§ 29 37, 27 iyun 2017 və ROJ TV A/S Danimarkaya qarşı (dek.), № 24683/14 , §§ 34-42, 17 aprel 2018).

44. Buna görə Məhkəmə qarşısında duran məsələ iki əsas azadlığın həyata keçirilməsindəki ziddiyyətli maraqların, yəni bir tərəfdən ərizəçilərin mətbuat vasitəsilə dinə dair görüşlərini ictimaiyyətə çatdırmaq hüquqlarının, digər tərəfdən isə başqalarının fikir, vicdan və din azadlıqlarına hörmət edilməsinə dair hüquqlarının dəyərləndirilməsindən ibarətdir (bax: Otto Preminger İnstitutu, § 55; İ.A., § 27; və Aydın Tatlav, § 26, hamısı yuxarıda göstərilmişdir). Məhkəmə bir daha təkrar edir ki, nə qədər ki, müzakirə olunan ifadələr nifrət və ya dini dözümsüzlüyə səbəb olmur, hansısa bir dini qrup onların dini inanclarının başqaları tərəfindən inkar olunmasına və hətta onların inanclarına düşmən olan doktrinaların başqaları tərəfindən təbliğ olunmasına dözümlü yanaşmalıdır (bax: E.S., yuxarıda göstərilib, § 52).

45. Bununla əlaqədar olaraq, Məhkəmə qeyd edir ki, “Avropa və biz” məqaləsində İslam və onun sosial, fəlsəfi məqsədləri ilə bağlı bir neçə irad olsa da, mətni bütövlükdə oxuyanda aydın olur ki, məqalə əsasən Qərb və Şərq dəyərlərinin müqayisəsi ilə əlaqədardır, müəllifin bu dəyərlərin formalaşmasında dinin rolu, habelə həmin dəyərlərin dünyada və Azərbaycanda insan hüquqları və inkişafı kontekstində təsiri barədəki fikirlərini ifadə edir. Buna görə məqalə yalnız dini etiqadla əlaqəli bir məsələ kontekstində deyil, eyni zamanda ictimai maraq kəsb edən bir məsələ, yəni bir dinin cəmiyyətdəki və onun inkişafındakı rolunda mübahisə doğuran məsələ konstekstində analiz edilməlidir.

46. Yerli məhkəmələrin mətndəki mübahisəli mülahizələri dini nifrət və düşmənçiliyə təhrik kimi xarakterizə etməsinə gəldikdə, Məhkəmə qeyd edir ki, bəzi mülahizələr, xüsusən də Məhəmməd Peyğəmbərə və Avropada yaşayan müsəlmanlara dair mülahizələr (bax yuxarıdakı 42-ci paraqraf) bəzi dindarlar tərəfindən İslam Peyğəmbərinə və Avropada yaşayan müsəlmanlara qarşı dini nifrətə səbəb ola biləcək təhqiramiz hücum kimi görünə bilərlər. Buna baxmayaraq, hər şeydən əvvəl milli hakimiyyət qurumları müdaxiləni əsaslandıracaq müvafiq və yetərli səbəblər irəli sürməli və ərizəçilərin ifadə azadlıqlarının dindar insanların öz inanclarına görə təhqir olunmamaları hüquqlarının qorunması ilə tarazlaşdırmaqla, mübahisə doğuran mülahizələrin müfəssəl qiymətləndirilməsini həyata keçirməlidir.

47. Bununla əlaqədar olaraq, Məhkəmə qeyd edir ki, cari məsələdə, o, yerli məhkəmələrin məsələ ilə əlaqədar müdaxiləni əsaslandırmaq üçün irəli sürdükləri səbəbləri müvafiq və yetərli kimi qəbul edə bilməz. Məhkəmənin müşahidəsinə əsasən, daxili məhkəmələr məhkəmə hesabatının nəticələrini təkrar etdikləri qərarlarında məqalədəki məxsusi mülahizələrin nəyə görə dini nifrət və düşmənçiliyi təhrik etdiyini izah etmədən, özlərini məhdudlaşdırmışdırlar.

Daxili məhkəmələr hesabatı araşdıra bilməyiblər, sadəcə olaraq onun nəticələrini təsdiq ediblər. Müvafiq qiymətləndirmə, məsələn, müəyyən sözlərin və ifadələrin mənasını və ya onların din nöqteyi-nəzərindən əhəmiyyətini təyin etmək kimi sadə dil və dini məsələlərinin həllindən çox uzağa getmiş və mahiyyət etibarilə, sadəcə olaraq mübahisəli mülahizələrlə bağlı hüquqi xarakteristikanı təmin etmişdir. Məhkəmə bu vəziyyəti qəbuledilməz hesab edir və bütün hüquqi məsələlərin yalnız məhkəmələr tərəfindən həll edilməli olduğunu vurğulayır (bax: Dmitriyevski Rusiyaya qarşı, № 42168/06, § 113, 3 oktyabr 2017 və Mariya Alyoxina və başqaları Rusiyaya qarşı, № 38004/12, § 262, 17 iyul 2018).

48. Habelə yerli məhkəmələr mübahisəli mülahizələri məqalənin ümumi kontekstində analiz etməklə, qiymətləndirilməni həyata keçirməkdə müvəffəqiyyətsizliyə uğramışdır. Əksinə, onlar müəllifin niyyətini, müzakirə olunan məsələnin və digər müvafiq elementlərin ictimai əhəmiyyətini dəyərləndirməməklə, mübahisəli mülahizələri ümumi konkteksdən və məqalənin məzmunundan kənarda analiz etmişdirlər. Halbuki bu cür məsələlərdə yerli məhkəmələrdən tələb olunan budur ki, məsələnin kontekstinin, ictimai marağın və mübahisəli məqalə müəllifinin niyyətinin şişirtmədən və ya təxribatdan mümkün istifadəyə haqq qazandırıb-qazandırmadığını nəzərə alsınlar. (bax: Paraskevopoulos Yunanıstana qarşı, № 64184/11, § 40, 28 iyun 2018). Bundan başqa, Məhkəmə Hökumətin yerli məhkəmələrin Konvensiyanın 9 və 10 Maddəsi ilə qorunan hüquqlar arasında düzgün balans yaratdığı ilə bağlı təsdiqini qəbul edə bilməz, çünki yerli məhkəmələr qərarlarında ərizəçilərin ifadə azadlığı hüquqları ilə dindar insanların inanclarına görə təhqir olunamamaları hüquqlarının təmin olunmasında balans yaratmağa ümumiyyətlə, cəhd belə etməmişdirlər (yuxarıdakı 14, 16 və 18 paraqraflara bax).

49. Məhkəmə bundan sonra cinayət əməlinə görə mühakimə olunmuş və üç və dörd il müddətinə azadlıqdan məhrum edilmiş, müvafiq olaraq bir il bir aydan çox həbsdə qalmış ərizəçilərə verilən cəzaların kəskinliyinə diqqət yetirməyi də zəruri hesab edir. Bununla əlaqədar olaraq, məhkəmə təkrar edir ki, digər müdaxilə və təkzib vasitələri olduğu təqdirdə, cinayət məhkumiyyəti çox ağır sanksiyadır (bax: Perinçek, yuxarıda göstərilib, § 273). Bundan əlavə, həbsetmə milli məhkəmələrdə prinsipial məsələ olsa belə, Məhkəmə cari məsələdəki şərtlərin ərizəçilərə bu cür sərt cəzalar verilməsinə haqq qazandıra biləcəyini hesab etmir, ki bunlar həmçinin Azərbaycandakı ifadə azadlıqları təcrübəsinə xələlgətirici təsir göstərə və mətbuatın dinlə əlaqədar mövzulardan və dinin cəmiyyətdəki və ictimai maraq kəsb edən digər məsələlərdəki roluna dair mövzulardan yayınmasına gətirib çıxara bilər (bax Aydın Tatlav, yuxarıda göstərilib, § 30 və Fatullayev Azərbaycana qarşı, № 40984/07, § 128, 22 April 2010).

50. Yuxarıda göstərilən mülahizələr kifayət edir ki, Məhkəmə ərizəçilərin cinayət məhkumiyyətinin məqsəduyğun olmadığı və müvafiq olaraq “demokratik cəmiyyətdə zəruri olmadığı” barədə nəticə çıxarsın. Müvafiq olaraq burada Konvensiyanın 10-cu maddəsi pozulmuşdur.

III. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ

51. Konvensiyanın 41-ci maddəsi nəzərdə tutur:

“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”

A. Zərər

1. Maddi ziyan

52. Ərizəçilər dəqiq məbləğ göstərmədən, cinayət məhkumluqları nəticəsində 408 gün ərzində maddi gəlir itirdiklərini irəli sürərək, maddi ziyana görə kompensasiya tələb etmişdirlər. Bununla əlaqədar olaraq, birinci ərizəçi orta aylıq əmək haqqı və qazancının 800-900 manat (AZN), ikinci ərizəçi isə orta aylıq əmək haqqı və qazancının ümumilikdə 650-800 manat olduğunu bildirmişdir. Ərizəçilər daha sonra iddia ediblər ki, ailələri onlara yemək göndərmək üçün və onları həbsxanada mütəmadi olaraq ziyarət etmək üçün ayda təxminən 400-500 avro (AVRO) xərcləmişdir.

53. Hökumət ərizəçilərin sübut gətirə bilmədiklərini əsas göstərərək, onların iddialarına qarşı çıxmışdır.

54. Ərizəçilərin qazanc itkisi ilə bağlı iddiasına gəldikdə, Məhkəmə bir daha bildirir ki, Məhkəmə Reqlamentinin 60-cı Qaydasına əsasən, ədalətli əvəz üçün hər hansı bir iddia müvafiq təsdiqedici sənədlər və ya çeklərlə birlikdə yazılı şəkildə təqdim edilməlidir, əks təqdirdə, məhkəmə iddianı tamamilə və ya qismən rədd edə bilər. Cari işdə isə, iddia edilən ziyanla aşkar edilmiş qanun pozuntusu arasında səbəbiyyət əlaqəsinin olduğunu fərz etsək də, Məhkəmə ərizəçilərin tələblərini dəstəkləmək üçün heç bir sənədli sübut təqdim etmədiklərini görür (bax: Hacıbəyli və Əliyev Azərbaycana qarşı № 6477/08 və 10414/08, § 73, 19 aprel 2018 və Həziyev Azərbaycana qarşı, № 19842/15, § 48, 6 dekabr 2018).

55. İddianın yemək və ziyarət xərcləri ilə bağlı hissəsinə gəldikdə, Məhkəmə iddia olunan ziyan ilə aşkar olunmuş pozuntu arasında heç bir səbəbiyyət əlaqəsi tapmır (bax: yuxarıda göstərilən Fətullayev, § 186; Əfəndiyev Azərbaycana qarşı, № 27304/ 07, § 60, 18 dekabr 2014; və Yaqublu Azərbaycana qarşı, № 31709/13, § 68, 5 noyabr 2015).

56. Yuxarıdakı səbəblərə görə, Məhkəmə ərizəçilərin maddi ziyana dair tələblərini rədd edir.

2. Qeyri-maddi ziyan

57. Ərizəçilərin hər biri qeyri-maddi ziyana görə, 50.000 avro tələb etmişdirlər.

58. Hökumət bildirmişdir ki, pozuntunun aşkarlanması kifayət qədər ədalətli əvəz olacaqdır.

59. Məhkəmə isə hesab edir ki, ərizəçilər qeyri-maddi cəhətdən zərər çəkmişdirlər və yalnız pozuntu halının aşkar edilməsi ədalətli əvəz hesab edilə bilməz. Konvensiyanın 41-ci maddəsində tələb olunduğu kimi, ədalətli əsaslarla qiymətləndirmə apararaq, Məhkəmə hər bir ərizəçiyə bu başlıq altında 12.000 avro məbləğində (əlavə olaraq bu məbləğ üçün verilməli olan vergi) mükafat verir.

B. Xərclər və məsrəflər

60. Ərizəçilərin hər biri Məhkəmə zamanı çəkilən xərclər və məsrəflərə görə 1450 avro tələb etmişdirlər. Bu iddianı dəstəkləmək üçün, onlar xanım Mailə Tağıyeva və cənab R. Hacılı arasında, o cümlədən ikinci ərizəçi və onun nümayəndələri ilə cənab R.Hacılı və cənab K. Ağəliyev arasında imzalan müqavilələri təqdim etmişdirlər. Bundan əlavə, ərizəçilər yerli məhkəmələr zamanı çəkilən xərc və məsrəflərə, həmçinin cənab İ Aşurovun apardığı hüquqi xidmətlər əsasında Məhkəməyə ilkin müraciətin hazırlanmasına görə, 5.000 avro tələb etmişdirlər. Lakin bu iddianı dəstəkləyəcək hər hansı bir müqavilə təqdim edilməmişdir.

61. Hökumət iddiaların əsassız olduğunu iddia etmişdir. Xüsusilə daxili məhkəmələr zamanı çəkilən qanuni xərclər və cənab İ.Aşurov tərəfindən Məhkəməyə ilkin müraciətin hazırlanması üçün tələb olunan məbləğə dair heç bir sənədin təqdim edilmədiyi qeyd edilmişdir. Daha sonra onlar ərizəçilər tərəfindən təqdim olunan müqavilələrin həqiqiliyini mübahisələndirməklə və müqavilələr əsasında maliyyə xərclərinin gerçəkdən də aparılmasının mümkün olmadığına diqqət çəkməklə, Məhkəmədən ərizəçilərin Məhkəmə qarşısındakı təmsilçiliklə bağlı iddialarının bir qisminin rədd edilməsini xahiş etmişdirlər.

62. Məhkəmənin presedent hüququna əsasən, ərizəçi xərc və məsrəflərin əvəzini yalnız o halda ala bilər ki, onların həqiqətən və labüd şəkildə aparıldığını və ağlabatan miqdarda olduğunu göstərsin. Hazırkı işdə isə Məhkəmənin müşahidəsinə görə, ərizəçilər daxili məhkəmələr qarşısında çəkilən qanuni məhkəmə xərclərini və cənab İ Aşurov tərəfindən Məhkəməyə ilkin müraciətin hazırlanması iddiasını əks etdirən heç bir sənəd təqdim etməyiblər. İddianın qalan hissəsinə gəldikdə, Məhkəmə qeyd edir ki, ərizəçilər Məhkəmə qarşısında eyni təqdimatlar irəli sürüblər və Məhkəmə qarşısında təmsilçiləri tərəfindən görülən işlərin həcmi onların müşahidələrinin hazırlanması ilə məhdudlaşmışdır. Bu faktları, həmçinin əlindəki sənədləri və yuxarıda göstərilən meyarları nəzərə almaqla, Məhkəmə hər bir ərizəçiyə bütün başlıqlar altındakı xərcləri əhatə edən 850 avro məbləğində pul verməyi məqsədəuyğun hesab edir.

C. Qərarın icrasının gecikdirilməsinə görə faiz

63. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı kredit faizinin yuxarı həddinə əsaslanmalı və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.

 

BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ:

1. Qərara alır ki, Birinci ərizəçinin həyat yoldaşı Xanım Maila Tağıyeva ərizəni birinci ərizəçinin yerinə davam etdirir;

2. Bəyan edir ki, müraciət keçərlidir;

3. Qərara alır ki, Konvensiyanın 10-cu Maddəsində pozuntuya yol verilmişdir;

4. Qərara alır ki,

(a) cavabdeh Dövlət Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq, qərar qüvvəyə mindiyi gündən etibarən üç ay müddətində xanım Mailə Tağıyevaya və ikinci ərizəçiyə aşağıdakı məbləğləri ödəməli, həmin məbləğlər ödəniş tarixində tətbiq edilən məzənnə üzrə Azərbaycan manatına çevrilməlidir:

(i) maddi ziyana görə 12,000 avro (on iki min avro), qeyri-maddi ziyan qismində tətbiq ediləcək istənilən vergi məbləği əlavə olunmaqla;

(ii) Hər birinə 850 avro (səkkiz yüz əlli avro), xərc və məsrəflərə görə, tətbiq ediləcək istənilən vergi məbləği əlavə olunmaqla; (b) yuxarıda qeyd olunan üç aylıq müddət bitdikdən sonra qərarın icrasınadək gecikdirilmə müddəti ərzində yuxarıda göstərilən məbləğin üzərinə Avropa Mərkəzi Bankındakı kredit faizinin yuxarı həddi ilə hesablanmış faiz və onun üzərinə daha üç faiz gəlməlidir;

5. İddianın ədalətli əvəz ilə bağlı qalan hissəsini rədd edir.

 

Qərar ingilis dilində tərtib edilib və Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq 5 Dekabr 2019-cu ildə yazılı şəkildə elan olunub.

Klaudia Vesterdiek                      Ancelika Nusberger
Katib                                                      Sədr

Qərar Media Hüququ Qrupu tərəfindən ingilis dilindədən tərcümə edilərək yayılıb. Müəllifliklə bağlı baxın: https://aihmaz.org