Pr1.1/№59391/12 ANNA POPOVA RUSİYAYA QARŞI – 4 YANVAR 2017-Cİ İL

AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİ 

ÜÇÜNCÜ BÖLMƏ

Anna Popova Rusiyaya qarşı

(Ərizə № 59391/12)

QƏRAR

1 Yanvar 2017

Bu qətnamə yekun qərardır, lakin ona redaktə xarakterli düzəlişlər edilə bilər.

 

 Anna Popova Rusiyaya qarşı işində,

   İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Üçüncü Bölmə) aşağıda qeyd olunan tərkibdə :

  Luis López Guerra, President,
Helena Jäderblom,
Helen Keller,
Dmitry Dedov,
BrankoLubarda,
Alena Poláčková,
Georgios A. Serghides, hakimlər,
and Stephen Phillips,  katib müavini ibarət Palatada,

13 sentyabr 2016-cı il tarixdə qapalı müşavirə keçirərək aşağıdakı qərarı elan edir:

 

PROSEDUR

1. İş, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən xanım Anna Stanislavovna Popova tərəfindən, 12 avqust 2012-ci il tarixdə Rusiya Federasiyasına qarşı yönəldilmiş ərizə (№ 59391/12) əsasında başlanmışdır.

2. Ərizəçi Moskvada fəaliyyət göstərən vəkil xanım M.Samorodkina tərəfindən təmsil olunmuşdur. Rusiya Hökumətini (“Hökumət”) nümayəndəsi cənab G.Matyuşkin təmsil etmişdir.

3. Ərəzəçi Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsinə zidd olaraq mənzilindən məhrum edilməsindən, oradan çıxarılmasından və bunun Konvensiyanın 8-ci maddəsinin pozuntusuna səbəb olmasından şikayət etmişdir.

4. 13 mart 2014-cü il tarixdə Birinci Bölmənin sədri Məhkəmə Qaydalarının 41-ci maddəsinə əsasən şikayətə üstünlük verilməsi və ərizəçinin Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsi və 8-ci maddəsindən vermiş olduğu şikayətibarədə Hökumətə məlumat vermək qərarını qəbul etmişdir. Ərizənin qalan hissəsi qəbuledilməz elan edilib.

 

FAKTLAR

I. İŞİN HALLARI

5. Ərizəçi 1964-cü ildə anadan olmuşdur və Çelyabinskdə yaşayır.

 

A. Ərizəçi tərəfindən alınmış mənzil barəsində məlumat

6. 1971-ci ildə çoxmənzilli binanın mülkiyyətçisi olan yerli zavod Çelyabinsk şəhəri, Kommuna küçəsi 125-56-da yerləşən mənzili sosial kirayə müqaviləsi üzrə P-nin istifadəsinə vermişdir. 1992-ci ildə mənzilə dair mülkiyyət hüquqları Çelyabinsk Bələdiyyəsinə keçmişdir. Cənab P. 03 dekabr 2010-cu ilədək, yəni vəfat edənədək mənzildə kirayəçi kimi yaşamışdır.

7. Cənab P-nin vəfatından sonra Çelyabinsk Bələdiyyəsi mənzili sosial mənzilə hüququ olan digər şəxsə satmaq məqsədilə mənzilin boş (vakant) olması ilə bağlı qeydiyyat işlərini başlamışdır. Halbuki, müvafiq sənədlərə əsasən mənzil artıq bələdiyyə mülkiyyətində deyildi və o, cənab L-in mülkiyyətində idi. 16 fevral 2011-ci il tarixdə Federal qeydiyyat şöbəsi bələdiyyə administrasiyasının başçısına müvafiq qeydiyyat sənədlərini göndərmişdir. Administrasiyanın başçısı yerli prokurorluq orqanlarından bu mənzillə bağlı məsələnin araşdırılmasını xahiş etmişdir.

8. Prokurorluq müəyyən etmişdir ki, mənzil bir neçə satışın predmeti olmuşdur. Müvafiq sənədlərə əsasən, 09 noyabr 1992-ci ildə zavod mənzilin X-nin adına keçirilməsi məqsədilə özəlləşdirilmə müqaviləsi imzalamışdır. 25 yanvar 2011-ci ildə X. mənzili L-ə satmış, sonuncu öz növbəsində mənzili 21 aprel 2011-ci il tarixdə Ya-ya satmışdır.

9. Polis müstəntiqi, mənzillə heç bir əlaqəsinin olmadığını bildirən X-nin ifadəsini almışdir. Özəlləşmə müqaviləsində qeyd edilən pasport məlumatlarına əsasən, o, pasportunu 2009 və 2010-cu illərdə iki dəfə itirmiş və P və ya L-i heç vaxt görməmişdir. Polis daha sonra müəyyən etmişdir ki, həmin vaxt hərbi xidmətdə olan cənab L. də pasportunu itirmişdir.

10. 31 mart 2011-ci ildə prokuror administrasiya başçısına məktub göndərərək aşağıdakıları tövsiyə etmişdir:

“Müəyyən edilmişdir ki, mənzillə bağlı müqavilə üzrə tərəflər mənzillə bağlı cinayət törətmişlər. Beləliklə də, bu işlə bağlı materiallar daha geniş araşdrılmanın aparılması məqsədilə [polisə] göndərilmişdir…”.
[Polis] araşdırmanın nəticələrilə bağlı sizi məlumatlandıracaqdır… .
Bundan başqa, mənzillə bağlı müqavilələrin yenidən bağlanmasının qarşısını almaq məqsədilə mən, Şəhər Qeydiyyat şöbəsinin rəisindən gələcəkdə mənzillə bağlı hər hansı əməliyyatı dövlət qeydiyyatına almasından imtina etməsini xahiş etmişəm.”

11. Qeyri-müəyyən tarixdə polis mənzillə bağlı cinayət istintaqı başlatmışdır.

12. 22 iyun 2011-ci il tarixdə cənab Ya. mənzili ərizəçiyə satmışdı.

 

B. Mənzillə bağlı bələdiyyənin iddia tələbləri

13. 30 iyun 2011-ci ildə bələdiyyə tərəfindən çıxış edən prokuror X, L və Ya-ya qarşı mənzilin geri qaytarılması və mənzillə bağlı bütün müqavilələrin ləğv edilməsi barədə iddia qaldırmışdır. Prokuror X-nin mənzildə heç vaxt kirayədə qalmadığını və mənzilin ona bələdiyyə tərəfindən özəlləşdirilərək satılmadığını mübahisələndirmişdir. Prokuror məhkəmədən 09 noyabr 1992-ci il tarixli özəlləşdirmə müqaviləsinin və mənzillə bağlı aparılmış müvafiq qanunsuz hərəkətlərin etibarsız hesab edilməsini xahiş etmişdir. Çelyabinsk Mərkəzi Ərazi Məhkəməsinin iclası 01 sentyabr 2011-ci il tarixdə keçirilmişdir.

14. 06 iyul 2011-ci il tarixdə qeydiyyat şöbəsi mənzilin ərizəçi tərəfindən alınması və mülkiyyət hüquqları ilə bağlı şəhadətnamə vermişdir.

15. 16 sentyabr 2011-ci il tarixli ərazi məhkəməsi ərizəçinin vəsatətini təmin etmiş və prokuror tərəfindən qaldırılmış iddia üzrə məhkəmə proseslərində iştirak etməyə icazə vermişdir.

16. 05 oktyabr 2011-ci ildə ərazi məhkəməsi iddianın təmini tədbiri olaraq mənzillə bağlı hər hansı hərəkətlərin həyata keçirilməsinin qadağan edilməsi barədə qərar qəbul etmiş və qərarın icrasını qeydiyyat şöbəsinə həvalə etmişdir.

C. Ərizəçinin mülkiyyət hüquqlarının ləğv edilməsi və köçürülmə ilə bağlı məhkəmə prosesləri
17. 23 dekabr 2011-ci il tarixdə Çelyabinsk Mərkəzi Ərazi Məhkəməsi prokurorun bələdiyyəyə qarşı iddia tələbini təmin etmişdir. Ərizəçinin mənzilə dair mülkiyyət hüquqları ləğv edilmiş və mənzil bələdiyyəyə verilmişdir. Məhkəmə, həmçinin, ərizəçinin mənzildən çıxarılması barədə qərar qəbul etmişdir. Nəhayət, məhkəmə, ərizəçinin mənzilə ödəmiş olduğu pul məbləğinin cənab Ya. tərəfindən geri qaytarılması barədə də qərar qəbul etmişdir. Məhkəmənin əsaslandırılması aşağıdakı kimi olmuşdur:

“Rusiya Federasiyasının Mülki Məcəlləsinin 302-ci maddəsinə əsasən, mənzil onu satmaq hüququ olmayan şəxs tərəfindən satıldığı və alıcının bundan xəbəri olmadığı və [bu fakt barədə] xəbərdar ola bilmədiyi, sözügedən mülkiyyət mülkiyyətçisi tərəfindən itirildiyi və ya mülkiyyətçi tərəfindən digər şəxsin sahibliyinə verildiyi və ya hər ikisindən oğurlandığı halda, mülkiyyətçi mülkiyyəti alıcıdan geri tələb edə bilər.

Məhkəmə proseslərində müəyyən olunmuşdur ki, mübahisə predmeti olan mənzil bələdiyyənin mülkiyyətindən onun iradəsinə zidd olaraq alınmışdır. Buna görə də, mənzil… [ərizəçidən] geri alınmalı və bələdiyyəyə qaytarılmalıdır.”

18. 05 mart 2012-ci ildə Çelyabisnk Regional Məhkəməsi 23 dekabr 2011-ci il tarixli qərarı qüvvədə saxlayaraq apellyasiya şikayətini təmin etməmişdir. Məhkəmə, həmçinin qeyd etmişdir ki, mənzil beş ay ərzində üç dəfə satıldığından ərizəçi bona fide vicdanlı alıcı kimi tanına bilməzdi.

19. 13 dekabr 2013-cü ildə cənab Ya. vəfat etmişdir. 23 dekabr 2011-ci il tarixli qərarın ərizəçiyə aid olan kompensasiya ilə bağlı hissəsi hələ də icra edilməmişdir.

20. Hökumətə əsasən, ərizəçi hələ mənzildən çıxarılmayıb və hələ də mənzilin kirayəçisidir.

 

D. Ərizəçinin Hökumətə qarşı zərərlə bağlı iddiası

21. Qeyri-müəyyən tarixdə ərizəçi Hökumətə qarşı iddia tələbi ilə müraciət edərək iddia etmişdir ki, milli dövlət orqanlarının hərəkətsizliyi mənzili satmaq hüququ olmayan şəxsdən almaq ilə nəticələnmişdir.

22. 19 dekabr 2013-cü ildə Moskva şəhəri Tverskaya Ərazi Məhkəməsi ərizəçinin iddia tələbini rədd etmişdir.

23. 16 iyun 2014-cü ildə Moskva Şəhər Məhkəməsi 19 dekabr 2013-cü il tarixli qərarı qüvvədə saxlayaraq apellyasiya şikayətini təmin etməmişdir.

 

II.  MÜVAFİQ MİLLİ HÜQUQ VƏ TƏCRÜBƏ

24. Müvafiq milli qanunvericiliyin müddəaları və təcrübəsinin xülasəsilə bağlı bax Gladysheva Rusiyaya qarşı (no. 7097/10, §§ 35-37, 6 dekabr 2011).

 

HÜQUQI MƏSƏLƏLƏR

I. KONVENSİYAYA DAİR 1 SAYLI PROTOKOLUNUN 1-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU

25. Ərizəçi iddia etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin müddəalarının pozulması ilə mülkiyyətindən məhrum edilmişdir. Bu maddədə aşağıdakılar deyilir:

“Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.”

 

A. Qəbuledilənlik

26. Avropa Məhkəməsi qeyd edir ki, şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənası çərçivəsində açıq-aşkar əsassız deyildir. Məhkəmə, həmçinin qeyd edir ki, şikayət hər hansı digər əsaslarla da qəbuledilməz deyildir. Ona görə də, şikayət qəbuledilən elan edilməlidir.

 

B. İşin mahiyyəti

1. Tərəflərin izahatları

(a) Hökumət

27. Hökumət iddia etmişdir ki, ərizəçinin mülkiyyət hüquqlarına müdaxilə “qanuna müvafiq qaydada” olmuşdur. Onların fikrincə, özəlləşdirmə müqaviləsini saxtalaşdıran şəxsiyyəti müəyyən olmayan şəxslərin dələduzluğu nəticəsində mənzil bələdiyyənin mülkiyyətində qalmışdır. Hökumətin fikrincə, hazırkı iş Gladyshevanın (yuxarıda qeyd edilmişdir) işindən fərqləndirilməlidir. Qeyd edilən işdə dövlət orqanlarının sənədlərin həqiqiliyini yoxlamaq üçün böyük imkanları var idi. Araşdırılan hazırkı işdə, mülkiyyət üzrə fiziki şəxsə mülkiyyət hüquqları verən özəlləşmə müqaviləsi saxta olmuşdur. Bələdiyyə öz əmlakı ilə bağlı hər hansı sərəncam vermək niyyətində deyildi. Üçüncü tərəfin mülkiyyətlə bağlı hüquqlarının mövcud olması bələdiyyəyə sosial mənzil müqaviləsinə əsasən mənzildə kirayə yaşayan kirayəçinin ölümündən sonra məlum olmuşdur.

28. Hökumət, həmçinin qeyd etmişdir ki, ərizəçinin mülkiyyət hüquqlarına müdaxilə digər şəxslərin, yəni mənzilə ehtiyacı olan şəxslərin hüquqlarını qorumaq kimi qanuni məqsəd daşımışdır. Hökumət daha sonra qeyd etmişdir ki, mənzilin bələdiyyə tərəfindən geri qaytarılması ərizəçinin üzərinə həddindən artıq yük qoymamışdır. Ərizəçi mənzilindən köçürülməmiş və mənzili kirayələməyə davam etmişdir. Xüsusilə, ərizəçi digər daşınmaz əmlak almışdır (ərizəçi həmin daşınmaz əmlakı prokuror mənzillə bağlı iddia qaldırdıqdan sonra satmışdır). Nəhayət, Hökumət bildirmişdir ki, ərizəçi sosial mənzilə ehtiyacı olan şəxslər siyahısına salınmışdır. Onun, həmçinin, mənzili ona satan şəxsə qarşı olan iddiası da uğurlu olmuşdur.

 

(b) Ərizəçilər

29. Ərizəçi iddia etmişdir ki, onun mülkiyyət hüquqlarına olan müdaxilə tətbiq edilən qanunlara uyğun olmamışdır. O, mənzili vicdanlı alıcı kimi əldə etmiş və qanunla bələdiyyə mənzilə olan hüquqlarını itirmişdir. O, daha sonra bildirmişdir ki, mənzili itirməklə onun Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə təminat verilən hüquqlarına qeyri-mütənasib müdaxilə baş vermişdir.Milli dövlət orqanları onun üzərinə həddindən artıq böyük yük qoymuş və mənzilin ərizəçidən geri alınması barədə qərarla onun maraqları arasında ədalətli balansı saxlaya bilməmişlər. Mənzillə bağlı dələduzluq hərəkətlərinin ardıcıllığı dövlət orqanlarının hərəkətsizliyi və onlar tərəfindən səy göstərilməməsinin nəticəsində olmuşdur. Mənzilin satışlarını qeydiyyata alanda qeydiyyat şöbəsi aidiyyəti olan sənədlərin həqiqiliyini yoxlamamışdır. Bundan başqa, dövlət orqanları saxta özəlləşdirmə barədə mənzil hələ X-nin mülkiyyəti kimi qeydiyyata alınanda xəbərdar olmuşlar. Buna baxmayaraq, onlar mənzilin geri qaytarılmasını təmin etmək üçün hər hansı bir addım atmamışlar. Bunun nəticəsi olaraq, mənzil üç dəfə satılmışdır. Hər satış federal qeydiyyat şöbəsi tərəfindən qeydiyyata alınmışdır. Nəhayət, ərizəçi vurğulamışdır ki, mənzilə dair mülkiyyət hüquqlarını itirməsi ilə bağlı hər hansı kompensasiya almamışdır. Onun dövlət orqanlarına qarşı zərərlə bağlı iddiasının heç bir nəticəsi olmamışdır. Ya. vəfat etmiş və ona münasibətdə qərar icra olunmayaraq qalmışdır.

 

2. Məhkəmənin qiymətləndirməsi

(a) Ümumi prinsiplər

30. Mülkiyyətin müdafiəsi ilə bağlı ümumi prinsiplər Məhkəmənin presedent hüququnda müəyyən olunmuşdur (bax Gladysheva, yuxarıda qeyd olunmuşdur, §§ 64-68).

 

(b) Bu prinsiplərin hazırkı işə tətbiqi

31. Məhkəmə qeyd edir ki, mənzilin ərizəçinin sahibliyində olması və mülkiyyət hüquqlarının ləğv edilməsi ərizəçinin Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit edilmiş hüquqlarına müdaxiləni təşkil etməsi mübahisəsizdir. Məhkəmə başqa nəticəyə gəlmək üçün əsas görmür.

32. Bundan başqa, Məhkəmə hazırkı işin hallarına əsasən, ərizəçinin mənzilə olan mülkiyyət hüququndan məhrum edilməsinin qanuniliyinin və ya mübahisə edilən tədbirin legitim məqsəd daşıdığının yoxlanılmasını zəruri hesab etmir. Mütənasibliklə bağlı məsələ aşağıdakı 33-39-cu bəndlərdə araşdırılacaqdır (müqayisə et Gladysheva v.Russia, yuxarıda qeyd edilən, §§ 72-76, və Stolyarovav. Russia, no. 15711/13, §§ 45-46, 29 January 2015).

33. Demokratik cəmiyyətin ümumi maraqları və ərizəçinin mülkiyyət hüquqları arasında ədalətli balansın olmasına gəldikdə isə, Məhkəmə bu suala mənfi cavab verir. Məhkəmənin fikrincə, bələdiyyə tərəfindən mənzilin geri alınması nəticəsində ərizəçinin üzərinə həddindən artıq böyük yük qoyulmuşdur.

34. Bununla bağlı Məhkəmə müəyyən etmişdir ki, Hökumət tərəfindən qeyd edildiyi kimi, bələdiyyə mənzilə dair mülkiyyət hüquqlarını şəxsiyyəti bilinməyən şəxslər tərəfindən özəlləşmə müqaviləsi saxtalaşdırıldıqdan sonra dələduzluq nəticəsində itirmişdir. Məhkəmə, həmçinin, qəbul etmişdir ki, kirayəçinin 2010-cu ildə vəfat etməsindən sonra bələdiyyənin boşalan mənzilə mülkiyyət hüquqlarının dələduzluqla başqa şəxsə keçməsi barədə məlumatı əldə etmək imkanı olmamışdır. Məhkəmə, halbuki, hesab edir ki, dələduzluq aşkar edildiyində dövlət orqanları yetərincə diqqətli olmamış və ya mənzilin geri qaytarılması üçün vaxtında tədbir görməmişlər.

35. Hökumət tərəfindən verilmiş məlumata əsasən, 16 fevral 2011-ci ildə bələdiyyə mənzilin artıq bələdiyyənin mülkiyyətində olmadığı barədə məlumat almışdır. Aydındır ki, dövlət orqanlarının bu məsələni araşdırmaq və işin hallarını müəyyən etmək üçün zamana ehtiyacları var idi. Halbuki, 31 mart 2011-ci ilədək prokuror mənzilin vəziyyətilə bağlı artıq qeydiyyat şöbəsini məlumatlandırmış və mənzilin qeydiyyatı ilə bağlı gələcəkdə hər hansı bir əməliyyatın aparılmamasını xahiş etmişdir. Hökumət, halbuki, mənzilin hansı səbəbdən prokurorun xəbərdarlığından sonra iki dəfə satılması barədə hər hansı bir izahat təqdim etməmişdir. Mənzillə bağlı hər hansı əməliyyatın aparılmasının qadağan edilməsi barədə qərar, ərizəçi mənzili əldə etdiyi 2011-ci ilin oktyabr ayında qəbul edilmişdir.

36. Məhkəmə, daha sonra Hökumətin ərizəçinin qısa müddət ərzində iki dəfə satılan mənzili almasına görə məsuliyyətli olduğu barədə arqumentini rədd etmişdir. Qeydiyyat şöbəsi bu satışları tətbiq edilən qanunlara uyğun hesab etmişdir. Nə milli məhkəmələr, nə də ki, Hökumət ərizəçinin hansı səbəbdən bu satışların qanuniliyi ilə bağlı hər hansı bir şübhəsinin olması barədə heç bir izahat təqdim etməmişlər.

37. Nəhayət, Məhkəmə qeyd edir ki, ərizəçi heç bir kompensasiya verilmədən və ya Hökumət tərəfindən digər mənzillə təmin edilmədən mülkiyyət hüquqlarından məhrum edilmişdir. Ya. tərəfindən pulun geri qaytarılması barədə ərizəçi ilə bağlı qərar hələ də icra edilməmişdir. Eləcə də, ərizəçinin dövlət orqanlarına qarşı qeydiyyat şöbəsinin hərəkətsizliyi barədə vermiş olduğu iddia da uğurlu olmamışdır

38. Məhkəmənin fikrincə ərizəçinin mənzilə olan mülkiyyət hüquqlarından məhrum edilməsi şərtləri ilə ərizəçinin üzərinə fərdi və həddən artıq böyük yük qoyulmuşdur və bu dövlət orqanlarının bir tərəfdən ictimai maraqlar və digər tərəfdən ərizəçinin öz mülkiyyətindən maneəsiz istifadə hüququ arasında ədalətli balansı təmin etmədikləri barədə fikrə gəlməsi üçün yetərlidir.

39. Beləliklə də, hazırkı işdə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusu baş vermişdir.

II. KONVENSİYANIN 8-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU

40. Ərizəçi iddia etmişdir ki, onun mənzildən çıxarılması mənzilə hörmət hüququnun pozuntusu ilə nəticələnmişdir. O, Konvensiyanın 8-ci maddəsinə istinad etmişdir və maddədə aşağıdakılar deyilir:

“1. Hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir.

2. Milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.”

41. Hökumət bu arqumentə etiraz etmişdir.

42. Ərizəçi iddiasını müdafiə etmişdir.

43. Məhkəmə qeyd edir ki, bu şikayət yuxarıda araşdırılan şikayətlə bağlı deyildir və bu səbəbdən də, şikayət qəbuledilən elan edilməlidir. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi üzrə pozuntunun tapılmasına baxmayaraq (bax yuxarıda 30-39-cu bəndlərə), və ərizəçinin hələ də mənzildə yaşamasını nəzərə alaraq, Məhkəmə hesab edir ki, eyni faktların Konvensiyanın 8-ci maddəsi üzrə araşdırılmasına ehtiyac yoxdur (mutatis mutandis, Akhverdiyev v. Azerbaijan, no. 76254/11, § 101-05, 29 January 2015).

 

III. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ

43.  Konvensiyanın 41-ci maddəsində deyilir:

“Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Yüksək Müqavilə Tərəfinin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edərsə, zəruri halda zərərçəkən tərəfə ədalətli təzminat təyin edir”.

 

A. Ziyan

46. Ərizəçi maddi ziyanla bağlı 1,870,000 rubl (RUB) və mənəvi ziyana görə 48,500 avro (EUR) məbləğinin ödənilməsini tələb etmişdir.

47. Hökumət hesab etmişdir ki, ərizəçinin tələbi həddindən artıq şişirdilmiş və əsaslandırılmamışdır.

48. Məhkəmə hazırkı iş üzrə gəldiyi nəticəyə əsasən hesab edir ki, ərizəçinin hüquqlarının ən uyğun bərpası onun mənzilə dair mülkiyyət hüquqlarının geri qaytarılması və mənzildən çıxarılma qərarının ləğv edilməsi olacaqdır. Beləliklə də, ərizəçi Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusu baş vermədiyinə mümkün qədər ekvivalent olan bir vəziyyətə geri qaytarılacaqdır(müqaisə et Gladysheva, yuxarıda qeyd edilən, § 106).

49. Bundan başqa, Məhkəmənin ərizəçinin mülkiyyət itkisindən çəkdiyi çətinlik və məyusluq hissləri ilə bağlı heç bir şübhəsi yoxdur. Bu əsaslarla Məhkəmə ərizəçiyə mənəvi ziyana görə 5.000 avro məbləğini təyin edir.

 

B. Məhkəmə xərcləri və digər məsrəflər

50. Ərizəçi, həmçinin Məhkəmədə çəkilmiş xərclər və digər məsrəflər üçün 576.204 rubl və 2.000 avro məbləğini tələb etmişdir.

51. Hökumət məhkəmə xərcləri və digər məsrəflər üçün tələb edilən məbləğ nə zəruri, nə də ki, ərizəçi bu xərcləri çəkməsini yetərincə sübut etmişdir. Ərizəçi, xüsusilə, xanım Samorodkinaya ödəmiş olduğu 2.000 avro məbləğini təsdiq edən sənədləri və onun adından şikayəti təqdim edən cənab Puzanovla bağlamış olduğu müqaviləni təqdim etmişdir.

52. Məhkəmə təcrübəsinə əsasən ərizəçiyə yalnız o halda çəkilən xərclərin və məsrəflərin əvəzi ödənilə bilər ki, həmin xərc və məsrəflərin həqiqətən, zəruri olaraq və ağlabatan kəmiyyətdə çəkilmiş olması göstərilsin. Hazırkı işdə  iş materiallarını və yuxarıdakı meyarı nəzərə alaraq, Məhkəmə bu başlıq altında bütün xərclər üçün 2.000 avro məbləğini təyin etməyi ağlabatan hesab edir.
C. Qərarın icrasının gecikdirilməsinə görə faiz

53. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı kredit faizinin yuxarı həddinə əsaslanmalı və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.

 

BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ:

1. Yekdilliklə ərizəni qəbuledilən elan edir;

2. Qərara alır ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi pozulmuşdur;

3. Qərara alır ki, şikayəti Konvensiyanın 8-ci maddəsi üzrə araşdırmağa ehtiyac yoxdur;

4. Qərara alır ki,

(a) Cavabdeh Dövlət tərəfindən Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq qərar qüvvəyə mindiyi gündən etibarən üç ay müddətində ərizəçinin mənzilə olan mülkiyyət hüquqları geri qaytarılmalı və mənzildən çıxarılma barədə qərar ləğv edilməlidir.

(b) Cavabdeh Dövlət Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq qərar qüvvəyə mindiyi gündən etibarən üç ay müddətində ərizəçiyə aşağıdakı məbləğləri ödəməlidir:

(i) mənəvi ziyana görə EUR 5.000 (beş min avro);

(ii) xərc və məsrəflər üçün, tətbiq ediləcək bütün vergi məbləği əlavə olunmaqla, EUR 2.000 (iki min avro);

(c) yuxarıda qeyd olunan üç aylıq müddət bitdikdən sonra qərarın icrasınadək gecikdirilmə müddəti ərzində yuxarıda göstərilən məbləğin üzərinə Avropa Mərkəzi Bankındakı kredit faizinin yuxarı həddi ilə hesablanmış faiz və onun üzərinə daha üç faiz gəlməlidir;

5. Ərizəçinin əvəzin ədalətli ödənilməsi ilə bağlı iddiasının qalan hissəsini rədd edir.

 

Stephen Phillips               Luis Lopez Guerra
  Katib                                         Sədr