BİRİNCİ BÖLMƏ
Tarverdiyev Azərbaycana qarşı
(Ərizə №33343/03)
Qərar
Strasburq
26 iyul 2007-ci il
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti qüvvəyə minir. Qərara redaktə xarakterli dəyişikliklər edilə bilər.
Tarverdiyev Azərbaycana qarşı iş üzrə,
İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə,
cənab X. Rozakis, Sədr,
cənab L. Lukaides,
xanım N. Vajiç,
cənab X. Hacıyev,
cənab D. Spilman,
cənab S.E. Jebens,
cənab C. Malinverni; hakimlər,
və cənab S. Nilsen, Bölmə Katibi,
05 iyul 2007-ci ildə qapalı şəkildə müzakirə edərək, həmin gündə bu qərarı qəbul edir:
Prosedur
1. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 34-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan cənab Bəhram Bəy oğlu Tarverdiyevin («ərizəçi») Azərbaycana qarşı verdiyi şikayət üzrə (№ 33343/03) iş 29 iyul 2003-cü ildə başlanılmışdır.
2. Ərizəçini cənab S. Məmmədov təmsil edib. Azərbaycan Hökumətini («Hökumət») onun nümayəndəsi Ç. Məmmədov təmsil edib.
3. Ərizəçi iddia etdi ki, 20 avqust 2001-ci il tarixli qərarın icra olunmaması onun Konvensiyanın 6 və 13-cü maddələri ilə təmin olunmuş ədalətli məhkəmə araşdırılması hüququnu və səmərəli vasitə hüququnu pozub.
4. Bölmənin Sədri 26 noyabr 2004-cü ildə şikayət barədə Hökuməti məlumatlandırmaq qərarına gəlib. Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndinə əsasən Məhkəmə qərara gəldi ki, şikayətin mahiyyətinə onun məqbuliyyəti ilə eyni vaxtda baxsın.
Faktlar
I. İşin halları
5. Ərizəçi 1934-cü ildə anadan olub və İsmayıllıda yaşayır.
A. Ərizəçinin işindən azad olunması
6. Ərizəçi Meşələrin idarə olunmasına cavabdeh dövlət hakimiyyəti orqanı olan «Azərbmeşə» İstehsalat Birliyinə tabe şirkətdə — İsmayıllı meşə təsərrüfatında müdir işləyib. 2001-ci ilin may ayında o, qısa müddətə xəstələndi və 2001-ci ilin 21 may tarixindən 07 iyun tarixədək xəstəxanada yerləşdirilmişdir.
7. Ərizəçi xəstəxanada olarkən 23 may 2001-ci il tarixdə «Azərbmeşə» İstehsalat Birliyinin əmri ilə işdən azad olunub.
B. «Azərbmeşə» İstehsalat Birliyinin ləğvi
8. Ərizəçinin işdən azad edildiyi gün, yəni 23 may 2001-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması barədə Prezidentin sərəncamı ilə «Azərbmeşə» İstehsalat Birliyi ləğv olunub.
9. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin («Ekologiya Nazirliyi») Prezidentin 18 sentyabr 2001-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş Əsasnaməsi ona səlahiyyət verirdi ki, o, meşələrin istifadəsi, bərpası, yaradılması və qorunması sahələrində fəaliyyəti həyata keçirsin.
10. Nazirlər Kabinetinin 16 oktyabr 2001-ci il tarixli Qərarına əsasən, əvvəllər ləğv olunmuş «Azərbmeşə» İstehsalat Birliyinin tərkibində olan şirkət və təşkilatlar, o cümlədən İsmayıllı meşə təsərrüfatı Ekologiya Nazirliyinə verilmişdir.
C. Ərizəçinin işinə bərpasına dair məhkəmə araşdırmaları
11. Eyni zamanda, ərizəçi işdən çıxarılmasının qanunsuz olmasını hesab edərək, «Azərbmeşə» İstehsalat Birliyinin hüquqi xələfi kimi Ekologiya Nazirliyinə qarşı iddia qaldırmışdır. Nərimanov rayon məhkəməsinin 20 avqust 2001-ci il tarixli qətnaməsi ilə ərizəçinin iddiası təmin olunub. Məhkəmə qeyd etdi ki, Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsi, o cümlədən müvəqqəti xəstə olan və xəstəxanaya yerləşdirilən işçiləri əhatə edən, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin işəgötürən tərəfindən işdən azad olunmasını qadağan edib. Məhkəmə tapşırıb ki, ərizəçi İsmayıllı meşə təsərrüfatının müdiri kimi vəzifəsinə bərpa olunsun. Məhkəmə, həmçinin, maddi və mənəvi kompensasiya məsələsinə toxunmaması barədə ərizəçinin tələbini təmin etdi.
12. 20 avqust 2001-ci il tarixli qətnamədən apellyasiya şikayəti verilməyib və bu qətnamə qüvvəyə minib.
13. 12 dekabr 2001-ci ildə Ekologiya Nazirliyi regional meşə təsərrüfatlarının, o cümlədən İsmayıllı meşə təsərrüfatının ləğv olunmasına dair qərar qəbul edib.
14. Nərimanov rayon məhkəməsi 31 yanvar 2002-ci ildə Nərimanov rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Şöbəsinin (bundan sonra — «Məhkəmə İcraçıları Nərimanov Şöbəsi») vasitəsi ilə 14 fevral 2002-ci ildə Ekologiya Nazirliyinə göndərilən icra vərəqəsini verdi.
15. Ekologiya Nazirliyi 20 fevral 2002-ci ildə Məhkəmə İcraçıları Nərimanov Şöbəsini məlumatlandırdı ki, Nazirliyin yenidan təşkil olunması ilə bağlı 12 dekabr 2001-ci il tarixdə İsmayıllı meşə təsərrüfatı ləğv olunub və buna görə ərizəçini əvvəlki işinə bərpa etmək mümkünsüzdür.
16. Ekologiya Nazirliyi, həmçinin 25 fevral 2002-ci il tarixli məktubu ilə ərizəçini məlumatlandırdı ki, qətnaməni icra etmək mümkün deyildir.
17. 10 may 2002-ci ildə icra vərəqəsi Nərimanov rayon məhkəməsinə qaytarıldı.
18. 01 may 2003-cü ildə, ərizəçi Ekologiya Nazirliyinin İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisində təsərrüfat müdiri vəzifəsinə işə götürülmüşdür. 01 dekabr 2003-cü ildə, o, öz xahişi ilə işdən azad olunmuşdur.
19. Eyni zamanda, ərizəçi 20 avqust 2001-ci il tarixli qətnamənin icra olunmaması ilə bağlı Ədliyyə Nazirliyinə, Prezident Aparatına, Ombudsmana, Parlamentə və Konstitusiya Məhkəməsinə bir neçə məktublar göndərmişdir. Bu məktublar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları İdarəsinə («Ədliyyə Nazirliyi») göndərilib. Sonuncu özünün 16 may 2002-ci il, 04 iyul 2002-ci il, 30 noyabr 2002-ci il, 23 iyul 2003-cü il və 05 iyun 2004-cü il tarixli oxşar cavab məktubları ilə ərizəçiyə məlumat verdi ki, 20 avqust 2001-ci il tarixli qətnamənin icra olunmasının mümkünsüzlüyünə görə icra vərəqəsi Nərimanov rayon məhkəməsinə qaytarılmışdır. Buna görə, ərizəçiyə məsləhət verilmişdir ki, icra icraatının bərpası üçün həmin məhkəməyə müraciət etsin.
20. Sonradan iş Yasamal rayon məhkəməsinə göndərilib, ona görə ki, Ekologiya Nazirliyi bu yerli məhkəmənin ərazisində yerləşir. 04 aprel 2004-cü ildə Yasamal rayon məhkəməsi Məhkəmə İcraçıları Yasamal Şöbəsini 20 avqust 2001-ci il tarixli qətnamənin icra olunmasında davam etməyi göstərməklə yeni icra vərəqəsi verdi.
21. Ədliyyə Nazirliyi ərizəçinin əvvəlki işinə bərpa etməyin mümkünsüzlüyünü qeyd etməklə, 23 iyul 2004-cü il tarixli məktubu ilə Ekologiya Nazirliyindən tələb etdi ki, ərizəçini onun peşə ixtisasına adekvat olan oxşar işlə təmin etsin.
22. 03 sentyabr 2004-cü ildə Ədliyyə Nazirliyi ərizəçiyə məlumat verdi ki, Məhkəmə İcraçıları Yasamal Şöbəsi icra vərəqəsini rayon məhkəməsinə qaytardı.
23. 11 noyabr 2004-cü il tarixdə Ədliyyə Nazirliyi məsələnin hələ də həll olunmadığını qeyd edərək, Ekologiya Nazirliyindən qətnaməni yerinə yetirməyi və ərizəçini Əmək Məcəlləsinin 74-cü maddəsinə uyğun olaraq başqa işlə təmin etməyi bir daha tələb etdi. Belə görünür ki, Ekologiya Nazirliyi bu tələbə cavab vermədi.
24. 2005-ci ilin əvvəllərində Ekologiya Nazirliyi 20 avqust 2001-ci il tarixli qətnamədən apellyasiya şikayəti vermək üçün müddətin bərpasına dair vəsatət verdi. Tərəflərlə son əlaqə zamanı vəsatət bir neçə şikayətlərə əsasən daxili məhkəmələrdə baxılmaqda idi.
II. Müvafiq daxili qanunvericilik
A. 1999-cu ilin Əmək Məcəlləsi
25. 74-cü maddənin 2-ci hissəsinə müvafiq olaraq, əgər qanunsuz və ya əsassız işdən çıxarılan işçinin əvvəlki işinə bərpa olunmasına dair məhkəmə qərar çıxarırsa, işəgötürən dərhal məhkəmə qərarını icra etməli və işçini əvvəlki işinə bərpa etməlidir (və ya işçinin razılığı ilə başqa vəzifəyə).
B. 2000-ci ilin Mülki Prosessual Məcəlləsi
26. 231.1-ci maddə nəzərdə tutur ki;
«İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.»
C. «Dövlət qulluğu haqqında» 01 sentyabr 2001-ci il tarixli Qanun
27. 2-ci maddəyə əsasən, bu Qanunun müddəaları dövlət icra, qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarında, eləcə də prokurorluq, ədliyyə, milli təhlükəsizlik, sərhəd xidməti, .daxili işlər, gömrük, vergi, xarici işlər, rabitə orqanlarında və Milli Bankda çalışan dövlət qulluqçularına şamil olunur. Qanun dövlət hakimiyyəti orqanlarına tabe olan müxtəlif şirkətlərin işçilərinə şamil olunmur. Belə işçilərin işə götürülməsi ilə bağlı məsələlər Əmək Məcəlləsi ilə tənzimlənir.
D. «Məhkəmə qərarlarının icrası haqqında» 27 sentyabr 2001-ci il tarixli Qanun
28. 23.7-ci maddəyə əsasən, icra sənədinin rayon məhkəməsinə qaytarılması barədə məhkəmə icraçısı qərar qəbul etdikdə, tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.
Hüquqi məsələlər
I. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 13-cü maddəsinin iddia edilən pozuntusu
29. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə və 13-cü maddəsinə istinadən, ərizəçi Nərimanov rayon məhkəməsinin 20 avqust 2001-ci il tarixli qətnaməsinin icra edilməməsindən şikayət edib. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi aşağıdakıları nəzərdə tutur:
«Hər kəs mülki hüquq və vəzifələri müəyyən edilərkən…, məhkəmə vasitəsi ilə… ədalətli araşdırma hüququna malikdir…»
Konvensiyanın 13-cü maddəsi aşağıdakıları nəzərdə tutur:
«Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.»
A. Qəbuledilənlik
1. Məhkəmənin səlahiyyəti, ratione temporis
30. Məhkəmə bir daha qeyd edir ki, o, Razılığa gələn Yüksək Tərəfə münasibətdə yalnız Konvensiyanın qüvvəyə mindiyi tarixdən sonrakı hadisələri əhatə edən Konvensiyanın pozuntularına dair şikayəti araşdırmaq səlahiyyətinə malikdir (bax: məsələn, Kazımova Azərbaycana qarşı (qərardad), № 40368/02, 06 mart 2003-cü il). Məhkəmə qeyd edir ki, Konvensiya Azərbaycana münasibətdə 15 aprel 2002-ci il tarixdə qüvvəyə minib.
31. Müvafiq olaraq, Məhkəmənin səlahiyyəti şikayətin 15 aprel 2002-ci ildən sonrakı məsələlərlə bağlı hissəsi ilə məhdudlaşır və şikayətin qalan hissəsi onun səlahiyyətindən kənara çıxır, ratione temporis. Lakin zəruri olduqda, Məhkəmə müzakirə olunan dövrün başlanğıcında mövcud olan işlərin vəziyyətini nəzərə alacaq.
2. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tətbiqi
32. Pelleqrin Fransaya qarşı ((Böyük Palata), № 28541/95, İHAM 1999-VIII) işə istinad edərək, Hökumət iddia etdi ki, Konvensiyanın 6-cı maddəsi sözügedən məhkəmə araşdırmalarına tətbiq edilməmişdir. Hökumət israr etdi ki, ərizəçi İsmayıllı meşə təsərrüfatının müdiri kimi əvvəlki vəzifəsində dövlət qulluqçusu olmuş, ümumi maraqlara toxunan məsuliyyətə sahib olmuş, ümumi hüquqa aid səlahiyyətləri həyata keçirmiş və Dövlətin müstəsna hakimiyyətinin müəyyən hissəsinə malik olmuşdur. Meşə təsərrüfatı birbaşa Nazirlər Kabinetinə tabe olan «Azərbmeşə» İstehsalat Birliyinin şirkəti olmuşdur. Ərizəçinin vəzifələri Dövlətin öz müstəsna hakimiyyətini həyata keçirən sahə olan təbii sərvətlərin nizamlanması sahəsində əhəmiyyətli məsuliyyəti ehtiva edirdi.
33. Ərizəçi bu dəlilə şərh verməmişdir.
34. İlk əvvəl Məhkəmə qeyd edir ki, əgər şikayət yekun qərarın icra olunmamasının davamiyyətinə aid olsa belə, hazırkı işdə olduğu kimi, Məhkəmə, qərarla nəticələnən «araşdırmaya» dair Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tətbiq olunub-olunmamasını araşdıracaq, ona görə ki, irəli gələn icra icraatı «araşdırmanın» ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir (bax: Kanayev Rusiyaya qarşı, № 43726/02, § 19, 27 iyul 2006-cı il; bax: həmçinin, aşağıda 58-ci paraqraf).
35. Məhkəmə bir daha qeyd edir ki, «mülki» sahə üzrə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tətbiqi üçün daxili qanunvericilikdə heç olmasa mübahisəli əsaslarla tanına bilən «hüquq» barəsində mübahisə olmalıdır. Mübahisə həqiqi və ciddi olmalıdır. O, hüququn yalnız həqiqi mövcudluğuna deyil, həmçinin onun əhatəsi və həyata keçirilməsi tərzinə aid olmalıdır. Bundan başqa, məhkəmə araşdırmalarının nəticəsi sözügedən mülki hüquqlar üçün birbaşa qəti olmalıdır (bax: məsələn, Stojakoviç Avstriyaya qarşı, № 30003/02, § 38, 09 noyabr 2006-cı il və Fridlender Fransaya qarşı (Böyük Palata), № 30979/96, § 27, İHAM 2000-VII). Hazırkı işdə mübahisələndirilmir ki, burada daxili qanunvericiliklə tanınan hüquq üzrə «mübahisə» mövcud olmuş, mübahisə həqiqi və ciddi olmuş və məhkəmə araşdırmalarının nəticəsi sözügedən hüquq üçün birbaşa qəti olmuşdur.
36. Bundan başqa, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin həm təsbit olunmuş, həm də müqavilə əsasında dövlət qulluqçularına tətbiqinin müəyyənləşdirilməsi üçün, Məhkəmə əvvəllər işçinin səlahiyyət və məsuliyyətlərinin xarakterinə əsaslanan funksional meyardan istifadə edirdi. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin əhatəsindən yeganə istisna olunan mübahisələr onlardır ki, Dövlətin və ya digər ictimai hakimiyyət orqanlarının ümumi maraqlarının qorunmasına məsuliyyətli olan ictimai hakimiyyət orqanının daşıyıcısı kimi hərəkət edən ictimai xidmətin xüsusi fəaliyyətlərini ifadə edən dövlət qulluqçuları tərəfindən qaldırılsın (bax: Pelleqrin, yuxarıda qeyd olunan, § § 64-66).
37. Lakin Məhkəmə qeyd edir ki, o, Pelleqrin işində qəbul olunmuş funksional meyarın daha da təkmilləşdirməli olmasını müəyyən edərək, yaxın vaxtlarda öz yanaşmasını dəyişmişdir (bax: Eskilenen və digərləri Finlandiyaya qarşı (Böyük palata), № 43803/98, § § 50-56, 19 aprel 2007-ci il). Xüsusilə, Eskelinenin işində Məhkəmə qərara aldı ki, bu Məhkəməyə deyil, ilk əvvəl Razılığa gələn Yüksək Tərəflərə, o cümlədən müvafiq milli qanunvericiliyə aiddir ki, fərdin maraqlarının arxaya çəkilməli olan Dövlətin müstəsna səlahiyyətinə xas olan hakimiyyətin həyata keçirilməsinə toxunan ictimai xidmətin sahələrini açıq-aydın müəyyən etsin. Əgər daxili sistem məhkəməyə müraciəti məhdudlaşdırırsa, onda Məhkəmə mübahisənin həqiqətən Konvensiyanın 6-cı maddəsinin təminatlarının istisna olmasının əsaslandırılmasını yoxlayacaq. Əgər bu belə deyilsə, hər hansı məsələ mövcud deyil və Konvensiyanın 6-cı maddəsi tətbiq ediləcək. Cavabdeh Dövlətin üzərinə düşür ki, göstərsin: birincisi, dövlət qulluqçusu olan ərizəçi milli qanunvericiliyə əsasən məhkəməyə müraciət etmək hüququna malik deyildir və ikincisi, dövlət qulluqçuları üçün Konvensiyanın 6-cı maddəsinin hüquqlarının istisna olunması əsaslıdır (bax: həmin yerdə, § § 61-61).
38. Hazırkı işdə mübahisəsizdir ki, ərizəçi daxili qanunvericiliyə əsasən onun işdən azad olunmasının qanunsuzluğunun mübahisələndirilməsi üçün məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Belə nəticəyə gəlinir ki, Konvensiyanın 6-cı maddəsi tətbiq ediləndir.
3. Ərizəçinin qurban statusu
39. Hökumət bildirdi ki, Əmək Məcəlləsinin 74.2-ci maddəsinə əsasən, 20 avqust 2001-ci il tarixli qətnamə icra olunmuşdur, ona görə ki, 01 may 2003-cü il tarixdə ərizəçi İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə təsərrüfat müdiri təyin olunmuşdur. Məhkəmə hesab edir ki, mahiyyət etibarilə bu dəlil onu ifadə edirdi ki, ərizəçi artıq Konvensiyanın pozulmasının qurbanı deyildir.
40. Ərizəçi bununla razılaşmadı və qeyd etdi ki, bu iş üçün özü müraciət etdi, həmin iş əvvəlki işindən aşağı səviyyəli olmuş, o, əvvəlki işinə bərpa olunmasını tələb etməkdə davam etmiş və o, İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsində işləməyə başlayandan sonra icra icraatı xitam olunmamışdır.
41. Məhkəmə xatırladır ki, qərar və ya ərizəçi üçün faydalı olan tədbir onu «qurban» statusundan məhrum etmir, o vaxtadək ki, milli hakimiyyət orqanları ya açıq-aydın, ya da mahiyyətcə Konvensiyanın pozulduğunu tanısın və bundan sonra buna görə kompensasiyanı təmin etsin (bax: Amuur Fransaya qarşı, 25 iyun 1996-cı il tarixli qərar, Qərar və Qərardadların Hesabatı, 1996-III, s. 846, § 36 və Dalban Rumıniyaya qarşı (Böyük Palata), № 28114/95, § 4, İHAM 1999-VI). Yalnız bu şərtlər təmin olunduğu halda, Konvensiyanın qoruyucu mexanizminin subsidiar xarakteri şikayətin araşdırılmasının qarşısını alır.
42. Məhkəmə hesab edir ki, hazırkı işdə hakimiyyət orqanları Konvensiyanın iddia edilən pozulmasını nə tanıyıblar, nə də onun bərpasını təmin ediblər. 20 avqust 2001-ci il tarixli qətnamə ərizəçinin əvvəlki tam ştat İsmayıllı meşə təsərrüfatının müdiri vəzifəsinə bərpasını açıq-aydın əmr edib. Təsərrüfat ləğv olunanadək ərizəçi konkret olaraq bu vəzifəyə bərpa olunmayıb. Nə də ki, ona Təsərrüfat ləğv edildikdən sonra ekvivalent təşkilatda ekvivalent vəzifə təklif olunub. Baxmayaraq ki, ərizəçi sonradan 01 may 2003-cü il tarixdən 01 dekabr 2003-cü il tarixədək İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsində təsərrüfat müdiri kimi işə götürülüb, onun oradakı vəzifəsi müdir vəzifəsinə uyğun olmayıb və aşağı dərəcəli olub.
Ərizəçinin İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə işə götürülməsinin 20 avqust 2001-ci il tarixli qətnamənin nəticəsi olduğuna və ərizəçi tərəfindən öz tələblərindən imtina etməsinə, yaxud da 20 avqust 2001-ci il tarixli qətnamənin icrası əvəzinə İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə işə götürülməsinə razılaşmasına dəlalət edən hər hansı sübut işin materiallarında mövcud deyildir. Faktiki olaraq, icra icraatı hələ də bitməmiş və ərizəçi işə götürüləndə də davam edirdi (bax: yuxarıda 20-23-cü paraqraflar).
43. Müvafiq olaraq, Məhkəmə ərizəçinin qurban statusunun itirilməsinə dair Hökumətin etirazını rədd edir.
4. Daxili vasitələr
44. Hökumət iddia etdi ki, ərizəçi daxili vasitələri tükəndirməyib. Xüsusilə, ərizəçini həmin vəzifəyə bərpa etməyin mümkünsüz olması səbəbindən 10 may 2002-ci il tarixdə icra vərəqəsi Nərimanov rayon məhkəməsinə qaytarılarkən, ərizəçi icra icraatının bərpası üçün məhkəməyə müraciət etmək hüququna malik olması barədə məlumatlandırılmışdır. Bərpa etməyin bu yolu «Məhkəmə qərarlarının icrası haqqında» Qanunun 23.7-ci maddəsində nəzərdə tutulub. Lakin ərizəçi bu vasitədən istifadə etməyib. Hökumət, həmçinin iddia etdi ki, İsmayıllı Meşə Təsərrüfatında onun vəzifəsinin ləğv olunmasını nəzərə alaraq, o, Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə («MPM») əsasən qətnamənin «icrasının üsul və prosedurunun dəyişdirilməsi üçün» məhkəməyə müraciət etmək hüququna malik olmuşdur.
45. Ərizəçi qətnamənin icra olunmamasından müxtəlif hakimiyyət orqanlarına şikayətlər etməsini iddia edərək, bu dəlilləri mübahisələndirdi. Ərizəçi bildirdi ki, icra vərəqəsinin rayon məhkəməsinə qaytarılmasına dair qərarı mübahisələndirməli deyildir, ona görə ki, o bu barədə qərar qəbul olunarkən məlumatlı olmayıb. Bundan başqa, müxtəlif orqanlara şikayətləri nəticəsində Nərimanov rayon məhkəməsi işi, sonradan icra vərəqəsini yenidən icra olunmaq üçün təqdim edən Yasamal rayon məhkəməsinə göndərib.
46. Məhkəmə təkrar edir ki, Konvensiyanın daxili vasitələrin tükənməsinə dair qaydanı nəzərdə tutan 35-ci maddəsinin 1-ci bəndi sübutetmə vəzifəsinin təqdim olunmasını nəzərdə tutur. Hökumətin üzərinə düşür ki, tükənmədiyini iddia edərək Məhkəməni inandırsın ki, vasitə həmin vaxtda nəzəriyyədə və təcrübədə əlçatan olmaqla səmərəli olub, yəni, ona müraciət etmək mümkün və bu vasitə ərizəçinin şikayətlərinin bərpası imkanına malik olub və uğurun ağlabatan gözləntilərini vəd edib (bax: Selmuni Fransaya qarşı (Böyük palata), № 25803/94, § 76, İHAM 1999-V və Mifsud Fransaya qarşı (qərardad) (Böyük palata), № 57220/00, § 15, İHAM 2002-VIII). Daha sonra, Məhkəmə vurğulayır ki, daxili vasitələr ya iddia olunan pozuntunun, ya da onun davamiyyətinin qarşısının alınması və ya artıq baş vermiş hər hansı pozuntunun adekvat bərpasının təmin olunması baxımından «səmərəli» olmalıdır (bax: Kudla Polşaya qarşı (Böyük Palata), № 30210/96, § 158, İHAM-XI).
47. Məhkəmə qeyd edir ki, Hökumət icra vərəqəsinin rayon məhkəməsinə qaytarılmasından şikayətin davam edən pozuntuya hansı yolla son qoymasını və ya şikayətin nəticəsi olaraq ərizəçinin əldə edə bildiyi bərpa olunmanın mahiyyəti barədə hər hansı izahları verməyib. Hər bir halda Məhkəmə qeyd edir ki, ərizəçi icraçılar barəsində hər hansı qanunsuz aktdan şikayət etməyib, lakin o, qətnamənin icra olunmaması faktından şikayətlər edib. Ərizəçi icraçılar barəsində şikayət vermiş olsaydı və icra vərəqəsinin qaytarılmasının daxili qaydalara görə qanunsuz olması haqqında qərar əldə etsəydi belə, bu hərəkət yalnız təkrar nəticələrə gətirib çıxara bilərdi və onların yeganə nəticəsi o olardı ki, icraçılara 20 avqust 2001-ci il tarixli qətnamənin icrasını mümkün edən başqa icra vərəqəsi verilərdi (bax: Yavorivskaya Rusiyaya qarşı (qərardad), № 34687/02, 15 may 2004-cü il və Casiunien Litvaya qarşı (qərardad), № 41510/986, 24 oktyabr 2000-ci il). Məhkəmə hesab edir ki, belə bir hərəkət səmərəli olmazdı.
48. Ərizəçi tərəfindən MPM-in 231.1-ci maddəsində nəzərdə tutulmuş prosedurdan istifadə etməli olmasına dair Hökumətin iddiasına gəldikdə, Məhkəmə onun bu işə aidiyyətini görmür. MPM-in yuxarıda qeyd olunan maddəsi məhkəmədən qətnamənin icrasını təxirə salmaq və ya onu hissə-hissə icra etməyə icazə vermək və ya başqa yolla onun icra üsulunu dəyişdirmək xahişini etmək hüququnu nəzərdə tutur. Hökumət dəqiqləşdirmədi və hər hansı xüsusi misallar gətirmədi ki, bu müddəa hazırkı işə necə tətbiq edilə və ərizəçi bundan istifadə edərək hansı nəticələrin əldə olunmasını nail ola bilər. Hər bir halda görünür ki, adətən, bu prosedur müdafiə olunan tərəfindən maddi çətinliklərlə və ya digər maneələrlə bağlı qərarı icra etmədiyi üçün istifadə olunur. Məhkəmə hər hansı əsas görmür ki, niyə işə bərpa edilməyə dair iddiası təmin edilən və bu səbəbdən icra üçün məcburi xarakter daşıyan məhkəmənin yekun qətnaməsinə malik olan ərizəçi, onun üzərinə hər hansı məsuliyyət düşmədiyi halda, qətnamənin icra olunmamasına görə bu prosedurdan istifadə etməlidir. Nəticədə Məhkəmə hesab edir ki, Hökumət vasitənin səmərəli olmasına dair mövqeyini əsaslandıra bilmədi.
49. Bu səbəblərə görə Məhkəmə hesab edir ki, şikayət daxili vasitələrin tükənmədiyinə görə rədd edilə bilməz.
5. Şikayət üçün 6 ay tələbi
50. Hökumət iddia etdi ki, hazırkı işdə «sonuncu qərar», Məhkəmə İcraçıları Nərimanov Şöbəsi icra vərəqəsini Nərimanov rayon məhkəməsinə qaytararkən, 10 may 2002-ci ildə qəbul olunub. Hökumətə görə, bu «sonuncu qərar»la 2003-cü ildə şikayətin Məhkəməyə verilməsi tarixi arasında altı aylıq müddət keçmişdir.
51. Aydınlıq gətirilməsi məqsədilə Məhkəmə qeyd edir ki, şikayətin tam şəkildə Məhkəməyə verilməsi tarixi daha sonrakı dövrə təsadüf etsə də, şikayətin verilməsinin rəsmi tarixi 29 iyul 2003-cü ildə olub, ona görə ki, həmin gün ərizəçi Məhkəməyə şikayətin verilməsi üçün ilkin məktubu təqdim edib. Bundan başqa, 10 may 2002-ci il tarixli qərardan sonra icraçılar tərəfindən yeni qərarlar qəbul olunmuşdur (bax: yuxarıda 20 və 22-ci paraqraflar).
52. Hər bir halda Məhkəmə hesab edir ki, bu dəlil əsassızdır. 10 may 2002-ci il tarixli qərar icra icraatı ilə bağlı məhkəmə icraçısı tərəfindən qəbul olunmuşdur. Yuxarıda qeyd olunduğu kimi, ərizəçi məhkəmə icraçılarının qanunsuz hərəkətlərindən şikayət etməyib və o, 20 avqust 2001-ci il tarixli qərarın icra olunmamasından şikayətlənib. Müvafiq olaraq, qətnamənin hələ də qüvvədə olmasını və icra edilməməsini nəzərə alaraq, ərizəçinin şikayətləndiyi vəziyyət davamlı xarakter daşıyır. Belə olan halda, Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinə əsasən, altı aylıq müddətlə bağlı hər hansı məsələ ortaya çıxmır.
53. Müvafiq olaraq, Məhkəmə bu etirazı rədd edir.
6. Nəticə
54. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə onu da qeyd edir ki, şikayət hər hansı başqa əsaslara görə qeyri-məqbul və Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənası baxımından açıq-aşkar əsassız deyildir. Buna görə, o, 15 aprel 2002-ci il tarixindən sonrakı dövrə aid hissədə məqbul elan edilməlidir.
B. Mahiyyət
55. Ərizəçinin sonradan İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə təsərrüfat müdiri «təyin olunmasının» 20 avqust 2001-ci il tarixli qətnamənin Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsinə əsasən tam icrasını ifadə etməsi barədə dəlilin təkrarlanmasından başqa, Hökumət mahiyyətlə bağlı hər hansı qeydlərini təqdim etməyib. Məhkəmə qeyd edir ki, o, ərizəçinin qurban statusuna aid identik dəlili artıq rədd edib (bax: yuxarıda 39-43-cü paraqraflar).
56. Ərizəçi öz şikayətini təkrarladı. O, həmçinin qeyd etdi ki, Hökumətin mövqeyi özünümüdafiə xarakteri daşıyıb. Digər tərəfdən, daxili məhkəmə icraçıları orqanları təkrarən iddia edirdilər ki, İsmayıllı Meşə Təsərrüfatı ləğv olunduğu üçün 20 avqust 2001-ci il tarixli qətnamənin icrası mümkün deyildir. Bununla belə, Hökumət Məhkəmə qarşısında iddia etdi ki, qətnamə artıq icra olunub.
57. Ərizəçi daha sonra hazırda mövcud olan İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin ləğv olunmuş İsmayıllı Meşə Təsərrüfatını faktiki olaraq əvəz etməsini və ona ekvivalent olmasını iddia etdi. Buna görə, 20 avqust 2001-ci il tarixli qətnaməyə əsasən, o, Ekologiya Nazirliyinin əmri ilə həmin müəssisəyə müdir təyin olunmalı idi.
58. Məhkəmə bir daha qeyd edir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin hüquq və vəzifələrinə aid iddiasının məhkəmə və ya tribunal qarşısına çıxarılması hüququnu təmin edir; bu mənada, o, «məhkəmə hüququnu» ehtiva edir ki, mülki məsələlərdə icraatı başlamaq hüququ olan məhkəməyə müraciət etmək hüququ onun bir aspektidir. Lakin, Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemləri yekun məcburi məhkəmə qərarının bir tərəfin zərərinə hərəkətsiz qalmasını mümkün edərsə, bu hüquq xəyali olar. Bu ağlasığmaz olar, əgər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi tərəflərə verilən prosessual təminatları təfsilatı ilə izah etsin — ədalətli, açıq və sürətli məhkəmə araşdırmaları — lakin, məhkəmə qərarlarının icrası qorunmasın; Konvensiyanın 6-cı maddəsini yalnız məhkəməyə müraciət etmək hüququnu və araşdırmaların nəticələnməsi hüququnu verən kimi şərh etmək, Razılığa gələn Yüksək Tərəflərin Konvensiyanı ratifikasiya edərkən üzərlərinə götürdükləri qanunun aliliyi prinsipi ilə zidd olan vəziyyətlərə gətirib çıxarmaq kimi olar. Buna görə, Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması «araşdırmanın» ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir (bax: Hornsbi Yunanıstana qarşı, 19 mart 1997-ci il tarixli qərar, Hesabatlar, 1997-II, s. 510, § 40).
59. Məhkəmə, həmçinin qeyd edir ki, məhkəmə qərarının icrasının təxirə salınması konkret hallarda əsaslandırılmalıdır. Lakin təxirə salınma elə tərzdə olmamalıdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə müdafiə olunan hüququn mahiyyətinə zərər vursun (bax: Burdov Rusiyaya qarşı, № 59498/00, § 35, İHAM 2002-III). Hazırkı işdə ərizəçi tərəfindən işindən səhv azad olunmasından sonra onun bərpasına aid mübahisənin müvəffəqiyyətindən faydalanmağın qarşısı alınmamalı olmuşdur.
60. Məhkəmə qeyd edir ki, Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi gündən, yəni 15 aprel 2002-ci ildən sonra Nərimanov rayon məhkəməsinin 20 avqust 2001-ci il tarixli qətnaməsi beş ildən artıq müddətə icra olunmamış qalmışdır (bu günə kimi). 15 aprel 2002-ci ilədək qətnamə bir neçə ay ərzində icra edilməmişdir. Məhkəmə qəbul etməyə hazırdır ki, hazırkı işdə İsmayıllı Meşə Təsərrüfatının ləğvi daxil olmaqla, Ekologiya Nazirliyinin tərkibinin daxilində olan təşkilatların yenidən təşkili 20 avqust 2001-ci il tarixli qətnamənin icrasına müəyyən çətinliklər törədib. Buna baxmayaraq, qətnamə qüvvədə qalmış, lakin bir neçə il ərzində hakimiyyət orqanları tərəfindən onun yerinə yetirilməsi üçün adekvat tədbirlər görülməmişdir. Hökumət tərəfindən bu gecikməyə görə hər hansı əsaslı dəlillər gətirilməyib.
61. Hazırkı işdə yekun qətnamənin yerinə yetirilməsi üçün zəruri tədbirləri görməməklə, hakimiyyət orqanları Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin müddəalarını bütün faydalı səmərəsindən məhrum ediblər (bax: yuxarıda qeyd olunan Burdov, § 37). Müvafiq olaraq, iş üzrə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulub.
62. Məhkəmə hesab edir ki, şikayətin Konvensiyanın 13-cü maddəsi baxımından araşdırılması tələb olunmur, ona görə ki, şikayətin bu hissəsinə aid Konvensiyanın 6-cı maddəsi lex specialis (xüsusi qanun) olmuşdur (bax: məsələn, Casiuniene Litvaya qarşı, № 41510/98, § 32, 06 mart 2003-cü il).
II. Konvensiyanın 41-ci Maddəsinin tətbiqi
63. Konvensiyanın 41-ci maddəsi aşağıdakıları nəzərdə tutur:
«Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, zəruri halda zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.»
64. Ərizəçi 20 avqust 2001-ci il tarixli qətnamənin icra olunmasını tələb etdi, lakin Məhkəmə tərəfindən müəyyən olunmuş müddətdə ədalətli kompensasiya tələbini irəli sürməyib. Müvafiq olaraq, Məhkəmə hesab edir ki, bu baxımdan ona hər hansı məbləğin ödənilməsinin qərara alınması üçün əsas yoxdur.
65. Lakin Məhkəmə hesab edir ki, 20 avqust 2001-ci il tarixli qətnamənin qüvvədə qalmasını nəzərə alaraq, onun icra olunmasına dair Dövlətin ilkin öhdəliyi mübahisə oluna bilməz. Məhkəmə qeyd edir ki, Konvensiyanın 6-cı maddəsinin pozulmasının bərpasının ən müvafiq forması ondan ibarətdir ki, ərizəçi Konvensiyanın 6-cı maddəsinin nəzərə alınmaması baş vermədiyi halda, olacağı vəziyyətə mümkün qədər yaxınlaşdırılsın (bax: Piersak Belçikaya qarşı (50-ci maddə), 26 oktyabr 1986-cı il tarixli qərar, A Seriyaları, № 85, s. 16, § 12). Aşkar olunmuş pozuntunu nəzərə alaraq, Məhkəmə hesab edir ki, hazırkı işdə də bu prinsip tətbiq ediləndir. Buna görə, o hesab edir ki, Hökumət zəruri tədbirlərlə 20 avqust 2001-ci il tarixli qətnamənin icrasını təmin etməlidir.
66. Məhkəmə daha sonra ona işarə edir ki, onun qərarları əsasən mahiyyət etibarilə deklarativ xarakterlidir. Ümumiyyətlə, bu ilkin olaraq Dövlətə aiddir ki, onun daxili qanunvericiliyində olan istifadə ediləcək tədbirləri seçsin ki, Konvensiyanın 46-cı maddəsi ilə üzərinə düşən öhdəliyi yerinə yetirsin (bax: Şofman Rusiyaya qarşı, № 74826/01, § 53, 24 noyabr 2005-ci il, sonrakı istinadlarla). Hazırkı işdə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulmasını aşkar edərək, Məhkəmə ərizəçinin fərdi vəziyyətini düzəltmək üçün müvafiq tədbirlərin görülməsinə, 20 avqust 2001-ci il tarixli qətnaməyə əsasən ərizəçinin məcburi tələbinə uyğunluğu təmin etməsinə dair Hökumətin öhdəliyini müəyyən etdi (müqayisə et, Fadayeva Rusiyaya qarşı, № 55723/00, § 142, İHAM 2005-…). Belə tədbirlərin ərizəçinin ekvivalent təşkilatda ekvivalent vəzifəyə bərpasını əhatə edib-etməyəcəyi və ya bu mümkün olmadıqda, icra olunmadığı üçün ona ağlabatan kompensasiyanın verilib-verilməməsi, yaxud da bu və digər tədbirlərin ümumilikdə görülüb-görülməməsinin müəyyən olunması cavabdeh Dövlətin üzərinə düşür. Lakin Məhkəmə vurğulayır ki, görülmüş hər hansı tədbirlər Məhkəmənin qərarında əks olunmuş hüquqi mövqeyə uyğun olmalıdır (bax: Assanidze Gürcüstana qarşı (Böyük Palata), № 71503/01, § 202, İHAM 2004-II, sonrakı istinadlarla).
Bu səbəblərə görə məhkəmə yekdilliklə
1. Şikayəti qəbuledilən elan edir;
2. İş üzrə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulmasını qərara alır;
3. Şikayətin Konvensiyanın 13-cü maddəsi baxımından araşdırılmasının zəruri olmadığını qərara alır;
4. Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə müvafiq olaraq, qərarın qəti olacağı tarixdən üç ay müddətində Dövlət tərəfindən zəruri tədbirlərlə 20 avqust 2001-ci il tarixli qətnamənin icra olunmasını təmin edilməli olmasını qərara alır.
İngilis dilində tərtib olunub və Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2 və 3-cü bəndlərinə müvafiq olaraq, qərar barədə məlumat yazılı şəkildə 26 iyul 2007-ci ildə göndərilib.
Soren Nilsen Xristos Rozakis
Katib Sədr