№5117/03 FAİNA KUNQUROVA AZƏRBAYCANA QARŞI – 13 APREL 2006-CI İL

BİRİNCİ BÖLMƏ

Kunqurova Azərbaycana qarşı
(Ərizə №5117/03)

Qərar
Strasburq
13 aprel 2006-cı il

 

Kunqurovanın Azərbaycana qarşı iş üzrə,

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə,
cənab Xristos Rozakis, Sədr,
cənab L. Lukaides,
xanım S. Botuçarova,
cənab Anatoli Kovler,
xanım E. Steyner,
cənab Xanlar Hacıyev,
cənab D. Spilman, hakimlər,
və cənab S. Nilsen, Bölmə Katibi,
23 mart 2006-cı ildə qapalı şəkildə müzakirə edərək, həmin gündə bu qərarı qəbul edir:

Prosedur

1. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın («Konvensiya») 34-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan xanım Faridə Kunqurovanın («ərizəçi») Azərbaycana qarşı verdiyi şikayət üzrə (№ 5117/03) iş 16 iyul 2002-ci ildə başlanılmışdır.

2. Hüquqi yardım alan ərizəçi Bakıda işləyən vəkil cənab E. Osmanov tərəfindən təmsil olunmuşdur. Azərbaycan Hökuməti («Hökumət») onun nümayəndəsi cənab Ç. Əsgərov tərəfindən təmsil olunub.

3. Ərizəçi iddia etdi ki, polisə tabe olmamağa görə aldığı on günlük «inzibati həbs» Konvensiyanın 5 və 6-cı maddələri ilə təmin olunmuş hüquqlarına zidd olub.

4. Şikayətə baxılması Məhkəmənin Birinci Bölməsinə həvalə olunub (Məhkəmə Reqlamentinin 52-ci qaydasının 1-ci bəndi). Bu Bölmənin daxilində işə baxacaq Palata (Konvensiyanın 27-ci maddəsinin 1-ci bəndi) 26-cı qaydanın 1-ci bəndində göstərildiyi kimi təşkil edilib.

5. 23 iyun 2005-ci il tarixli qərarla Məhkəmə şikayəti qismən məqbul elan edib.

6. Ərizəçi və Hökumət mahiyyəti üzrə qeydlərini təqdim etmişlər (59-cu qaydanın 1-ci bəndi).

Faktlar

7. Ərizəçi 1974-cü ildə anadan olub və Bakıda yaşayır.

8. 06 mart 2001-ci ildə ərizəçi və onun qonşusu ciddi dava ilə nəticələnən mübahisə ediblər ki, iddia olunana görə bu dava zamanı ərizəçi bıçaq götürdü və öldürməklə hədələdi. Bu hadisədən sonra qonşusu tərəfindən verilmiş şikayətə əsasən ərizəçiyə qarşı cinayət işi başlanıldı.

9. 24 aprel 2002-ci ildə səhər saat 11-də bir neçə polis əməkdaşı ərizəçinin mənzilinə gəlib və «söhbət» üçün onu polis bölməsinə getməyə «dəvət ediblər». Ərizəçi müqavimət göstərib və polis əməkdaşları onu məcburi qaydada polis bölməsinə aparıblar. Bölmədə onlar ərizəçini qonşu tərəfindən ona qarşı verilmiş şikayətə aid dindirilmə üçün polis bölməsinə getmək barədə qanuni tələblərinə tabe olmamaqda ittiham edərək, «inzibati xəta haqqında protokol» tərtib ediblər. Ərizəçiyə görə, bu ittiham saxta olub.

10. Həmin gündə ərizəçi Səbail rayon məhkəməsinin hakimi qarşısına gətirilib və nəticədə polisə tabe olmadığı üçün İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsinə əsasən on günlük «inzibati həbs» cəzası alıb. O, polisin «qanuni tələblərinə» tabe olmamaqda və Azərbaycan qanunvericiliyi və hüquq mühafizə orqanları barədə hörmətsiz bəyanatlar etməkdə təqsirli bilinib.

11. Ərizəçi inzibati cəzasını çəkərkən, onun vəkili Səbail rayon məhkəməsinin 24 aprel 2002-ci il tarixli qərarından apellyasiya şikayəti verdi. O iddia edib ki, polis əməkdaşları ərizəçini məcburi qaydada polis bölməsinə aparmaqla və saxtalaşdırılmış ittiham aktı tərtib etməklə hakimiyyətdən sui-istifadə ediblər. Ərizəçinin polisə tabe olmamaqda ittiham edilməsi üçün qanuni əsas olmayıb, ona görə ki, polis əməkdaşları ərizəçinin mənzilinə həbs qərarı və ya polis bölməsinə gəlmək üçün çağırış vərəqəsi olmadan daxil olublar və hər hansı qanuni əsas olmadan onu həbs ediblər. 02 may 2002-ci ildə Apellyasiya Məhkəməsi ərizəçinin dəlillərinə cavab vermədən Səbail rayon məhkəməsinin qərarını qüvvədə saxladı. İnzibati proses üzrə daxili qanunvericiliyə əsasən, inzibati xətaya dair Apellyasiya Məhkəməsinin qərarından şikayət verilə bilməz.

12. «İnzibati həbsin» on günlük müddəti bitdikdə, ərizəçinin buraxılmasından sonra o, qonşusunu döyməklə və bıçaqla hədələməklə cinayət törətməkdə ittiham olunmuşdur. 17 iyul 2002-ci ildə Nəsimi rayon məhkəməsi Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən ərizəçini «silahdan istifadə etməklə xuliqanlıq» törətməkdə təqsirli bilib və onu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə üç il azadlıqdan məhrum etmə ilə cəzalandırıb. 10 may 2004-cü ildə Prezident ərizəçini cəzasının qalan hissəsini çəkməsindən azad edən əfv fərmanı verib. O, həmin gün həbsxanadan azad edilib.

Hüquqi məsələlər

13. 15 sentyabr 2005-ci ildə ərizəçi məhkəməyə «inamının itirilməsi»ni və şikayətini geri götürmək istəyini ifadə edən məktubu Məhkəməyə göndərib. 28 sentyabr 2005-ci ildə ərizəçi işinin baxılmasına xitam verilməsi istəyini ifadə edən başqa məktub göndərib. Şikayətin geri götürülməsinə səbəblərin aydınlaşdırılması üçün Məhkəmənin müraciətinə cavab olaraq, 28 oktyabr 2005-ci ildə ərizəçi təkid edib ki, hər hansı izahları təqdim etmədən şikayətinə aid araşdırmalara xitam verilsin.

14. Məhkəmənin araşdırması üzrə 12 noyabr 2005-ci ildə ərizəçinin vəkili E. Osmanov təsdiq edib ki, şikayəti geri götürmək ərizəçinin istəyi olub, ona görə ki, o, həm daxili, həm də beynəlxalq səviyyədə hüquqlarının müdafiəsində marağı itirib.

15. Yuxarıda qeyd olunan yazışmalardan ərizəçinin öz şikayətini geri götürmək üçün hər hansı yolla yolverilməz təzyiqə məruz qaldığı görünmür. Müvafiq olaraq, Məhkəmə hesab edir ki, ərizəçi öz şikayətində marağı itirib və artıq Məhkəmə qarşısında onu müdafiə etmək istəmir.
Belə olan halda, Məhkəmə hesab edir ki, Konvensiyanın 37-ci maddəsinin 1 (c) bəndinin mənasına görə artıq şikayətin araşdırılmasının davam etdirilməsi əsaslı deyildir. Bundan başqa, Məhkəmə Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndində göstərildiyi kimi bu maddənin məqsədinə görə şikayətin araşdırılmasını tələb edən ümumi xarakterli səbəbləri görmür.

Müvafiq olaraq, iş siyahıdan çıxarılmalıdır.

Bu səbəblərə görə, məhkəmə yekdilliklə,

Şikayəti siyahıdan çıxarmağı qərara alır.

İngilis dilində tərtib olunub və Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2 və 3-cü bəndlərinə müvafiq olaraq, qərar barədə məlumat yazılı şəkildə 13 aprel 2006-cı ildə göndərilib.

Soren Nilsen                         Xristos Rozakis
Katib                                       Sədr