№138/03 ETİMAD ƏSƏDOV VƏ DİGƏRLƏRİ AZƏRBAYCANA QARŞI – 26 OKTYABR 2006-CI İL

BİRİNCİ BÖLMƏ

Əsədov və digərləri Azərbaycana qarşı Qərar
(Ərizə №138/03)

Qərar

Strasburq
26 oktyabr 2006-cı il

Əsədov və digərləri Azərbaycana qarşı iş üzrə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə,
cənab X. Rozakis, Sədr,
cənab L. Lukaides,
xanım F. Tulkens,
xanım E. Steyner,
cənab X. Hacıyev,
cənab D. Spilman,
cənab S.E. Jebens, hakimlər,
və cənab S. Nilsen, Bölmə Katibi,
05 oktyabr 2006-cı ildə qapalı şəkildə müzakirə edərək, həmin gündə bu qərarı qəbul edir:

Prosedur

1. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın («Konvensiya») 34-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının beş vətəndaşları olan cənab Etimad Əsədov, Firudin Məmmədov, Asəf Əliyev, Bəhruz Camalov və Oqtay Mehdiyevin («ərizəçilər») Azərbaycana qarşı verdikləri şikayət üzrə (№ 318/03) iş 19 noyabr 2002-ci ildə başlanılmışdır.

2. Ərizəçiləri Bakıda vəkil işləyən cənab İ. Əliyev və cənab A. Quliyev təmsil edib. Azərbaycan Hökumətini («Hökumət») onun nümayəndəsi Ç. Əsgərov təmsil edib.

3. Ərizəçilər əsasən iddia etdilər ki, Ədliyyə Nazirliyi tərəfindən onların ictimai birliyinin vaxtında qeydiyyata alınmaması onların Konvensiyanın 11-ci maddəsi ilə təmin olunmuş birləşmək azadlığına müdaxiləni təşkil edib.

4. Şikayət Məhkəmənin Birinci Bölməsinə həvalə olunub (Məhkəmə Reqlamentinin 52-ci qaydasının 1-ci bəndi). Bu Bölmə daxilində işə baxacaq Palata 26-cı qaydanın 1-ci bəndində nəzərdə tutulduğu kimi təşkil olunub.

5. Məhkəmə 12 yanvar 2006-cı il tarixli qərardadı ilə şikayəti qismən məqbul elan edib.

Faktlar

I. İşin halları

6. Azərbaycan vətəndaşları olan ərizəçilər cənab Etimad Əsədov, Firudin Məmmədov, Asəf Əliyev, Bəhruz Camalov və Oqtay Mehdiyev müvafiq olaraq 1963, 1970, 1965, 1962 və 1968-ci illərdə anadan olmuş və Bakıda yaşayırlar.

7. 20 dekabr 2001-ci ildə ərizəçilər «Qarabağ Qaziləri» adlanan ictimai birlik təsis etmişlər. Bu, Qarabağ müharibəsi əlillərinə yardım göstərilməsinə və onların maraqlarının müdafiəsinə yönələn qeyri-kommersiya təşkilatı olub.

8. Təsisçilərin yığıncağından sonra ərizəçilər birliyin dövlət qeydiyyatı üçün hüquqi şəxslərin dövlət qeydiyyatını aparan Ədliyyə Nazirliyinə müraciət etmişlər. Daxili qanunvericiliyə müvafiq olaraq, qeyri-hökumət təşkilatı hüquqi şəxs statusunu yalnız Ədliyyə Nazirliyində qeydə alındıqdan sonra əldə edir. Ərizəçilər müraciəti 2001-ci ilin dekabrında etdiklərini iddia edərkən, Hökumət bildirdi ki, bu müraciət Nazirliyə rəsmi olaraq 08 fevral 2002-ci ildə daxil olub.

9. 15 fevral 2002-ci ildə Ədliyyə Nazirliyi hər hansı hərəkət etmədən, yəni dövlət qeydiyyatı şəhadətnaməsini və ya birliyi qeydə almaqdan rəsmi imtinanı vermədən qeydiyyat sənədlərini ərizəçilərə qaytarmışdır. Müşayiətedici məktubda Nazirlik ümumi şəkildə qeyd etdi ki, birliyin nizamnaməsi «Qeyri-hökumət təşkilatları haqqında» Qanunun nizamnamənin məzmununa aid ümumi tələbləri nəzərdə tutan 13.1-ci maddəsinə cavab verməyib.

10. Ərizəçilər Nazirliyin izahlarına uyğun olaraq nizamnaməni yenidən tərtib edərək, 12 aprel 2002-ci ildə onun yeni versiyasını dövlət qeydiyyatı üçün yenidən təqdim etmişlər. Qeydiyyat sənədlərinin yenidən təqdim olunmasından sonra ərizəçilər Nazirlikdən cavabı qanunla müəyyən olunmuş beş günlük müddətdə almağı gözləmələrinə baxmayaraq, onlar sonrakı üç ay ərzində Nazirlikdən heç bir cavab almayıblar.

11. 2002-ci ilin iyulunda ərizəçilər Yasamal rayon məhkəməsinə müraciət edərək, Nazirliyin onların təşkilatını qeydə almaqdan «yayınmağından» şikayətlənməklə, məhkəmədən Nazirliyə onu qeydə almağı tapşırmağı xahiş etmişlər. Həmin vaxtda, 19 iyul 2002-ci ildə Nazirlik ərizəçilərə sənədlərin yenə də Nazirlik tərəfindən hər hansı hərəkət edilmədən qaytarılmasını məlumatlandıran məktub göndərdi. Bu dəfə qeydiyyatın aparılmamasının səbəbini «Qeyri-hökumət təşkilatları haqqında» Qanunun 25.1-ci maddəsinin tələb etdiyi kimi birliyin idarə orqanlarının fəaliyyət müddətinin nizamnamədə göstərilməməsi təşkil edib. Daha dəqiq, Nazirlik qeyd etdi ki, nizamnamə birliyin sədr müavininin səlahiyyət müddətini əks etdirməyib. Ərizəçilər iddia etdilər ki, bu məktub məhkəmə araşdırmalarında təqdim edilməmişdən əvvəl onlar həmin məktubu heç zaman görməyiblər.

12. 07 avqust 2002-ci ildə Yasamal rayon məhkəməsi Nazirliyin hərəkətlərində qanunsuzluq müəyyən etməyərək, ərizəçilərin tələbini rədd etdi. Məhkəmə müəyyən edib ki, birliyin nizamnaməsi daxili qanunvericiliyin tələblərinə müvafiq olaraq tərtib edilməyib. Ərizəçilər nizamnamədə sədr müavininin səlahiyyət müddətinin göstərilməməsinə dair tələbin «absurd» olmasını və təşkilatın qeydə alınmasından yayınmaq üçün əsas ola bilməməsini iddia edərək şikayət etdilər. 11 oktyabr 2002-ci ildə Apellyasiya Məhkəməsi rayon məhkəməsinin qətnaməsini qüvvədə saxladı. 12 fevral 2003-cü ildə Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qətnaməsini qüvvədə saxladı.

13. Həmin vaxtda, məhkəmə araşdırılmaları davam edən zaman ərizəçilər 19 iyul 2002-ci il tarixli məktubla Nazirliyin etdiyi qeydləri nəzərə almaqla, birliyin nizamnaməsini yenidən tərtib edərək, 16 sentyabr 2002-ci ildə qeydiyyat sənədlərini bir daha təqdim etmişlər. 19 aprel 2006-cı ildə Ədliyyə Nazirliyi ictimai birliyi hüquqi şəxs kimi qeydiyyata aldı və dövlət qeydiyyatı şəhadətnaməsini verdi.
Hüquqi məsələlər

14. 22 may 2006-cı ildə ərizəçilərdən biri cənab Əsədov onların ictimai birliyinin Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınması faktına görə ərizəçilərin öz şikayətlərini geri götürmək niyyəti barədə Məhkəməni məlumatlandıraraq məktub göndərdi. 18 iyul 2006-cı ildə Məhkəmə bu məktubu ərizəçilərin vəkillərinə, eləcə də Hökumətə izahatlar üçün təqdim etdi. Heç bir tərəf Məhkəmənin təyin etdiyi müddətdə hər hansı izahat təqdim etmədi.

15. Belə olan halda, Məhkəmə hesab edir ki, Konvensiyanın 37-ci maddəsinin 1 (c) bəndinin mənasına görə şikayətin araşdırılmasının davam edilməsinə daha əsas yoxdur. Bundan başqa, Məhkəmə Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndində müəyyən edildiyi kimi ona qüvvəsinə əsasən şikayətin araşdırılmasını tələb edən ümumi xarakterli səbəblər görmür.

16. Müvafiq olaraq, iş siyahıdan çıxarılmalıdır.

Bu səbəblərə görə, məhkəmə yekdilliklə

İşin siyahıdan çıxarılmasını elan edir.

İngilis dilində tərtib olunub və Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2 və 3-cü bəndlərinə müvafiq olaraq, qərar yazılı şəkildə 26 oktyabr 2006-cı ildə açıqlanıb.

 

Soren Nilsen                    Xristos Rozakis
Katib                                   Sədr