№34445/04 SƏRDAR MƏMMƏDOV AZƏRBAYCANA QARŞI – 11 YANVAR 2007-Cİ İL

 

BİRİNCİ BÖLMƏ

Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı Qərar

(Şikayət № 34445/04)

 

Strasburq
11 yanvar 2007-ci il

 

Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı iş üzrə

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə), Palata qismində aşağıdakı tərkibdə iclas keçirərək:
cənab K.L. Rozakis, Sədr,
cənab L. Lukaides,
xanım F. Tulkens,
xanım N. Vajiç,
cənab A. Kovler,
xanım E. Ştainer,
cənab X. Hacıyev, hakimlər,
və Bölmənin Katibi cənab S. Nilsendən ibarət tərkibdə 2006-cı il dekabrın 7-də müzakirələr keçirərək, bu tarixdə aşağıdakı qərarı qəbul etmişdir:

Prosedur

1. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın («Konvensiya») 34-cü maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı Sərdar Cəlal oğlu Məmmədovun («ərizəçi») Məhkəməyə şikayəti üzrə (№ 34445/04) iş 17 sentyabr 2004-cü ildə başlanılmışdır.

2. Ərizəçini cənab F. Ağayev — Bakıda fəaliyyət göstərən vəkil təmsil etmişdir. Azərbaycan Hökumətini («Hökumət») onun nümayəndəsi cənab Ç. Əsgərov təmsil etmişdir.

3. Ərizəçi polis tərəfindən pis rəftara məruz qaldığını, səmərəli araşdırmanın aparılmadığını və qanunvericilikdə bunun əleyhinə heç bir vasitənin nəzərdə tutulmadığını, həmçinin onun barəsində siyasi mövqeyinə görə ayrı-seçkiliyə yol verildiyini iddia etmişdir.

4. 25 oktyabr 2005-ci il tarixdə Məhkəmə Reqlamentin 41-ci maddəsinə şikayətə prioritet verməsini və bu barədə Hökumətə bildirməsini qərara almışdır. Konvensiyanın 29-cu maddəsinin 3-cü hissəsinə əsasən məhkəmə işin məqbuliyyətini və mahiyyətini eyni vaxtda baxılmasını qərara almışdır.

Faktlar

I. İşin halları

5. Ərizəçi 1957-ci ildə anadan olmuş, Bakı şəhərində yaşayır. Siyasi dairələrdə daha çox Sərdar Cəlal oğlu kimi tanınır, Azərbaycan Demokratik Partiyasının Baş katibi olmuşdur. Bu partiya 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərini saxtakarlıq iddiası ilə qanunsuz hesab edən müxalifət partiyalarından biri olmuşdur.

A. Ərizəçinin həbs olunması

6. 16 oktyabr 2003-cü il tarixdə bir sıra müxalifət tərəfdarları Bakının mərkəzindəki Azadlıq meydanında razılaşdırılmamış nümayişlər keçirərək, seçkinin nəticələrinə öz etirazlarını bildirmişlər. Nümayişlər ictimai asayişin pozulması və polis ilə kütlə arasında kəskin toqquşmalar ilə nəticələnmişdir. Ərizəçi iddia etmişdir ki, o, birbaşa olaraq həmin nümayişlərdə iştirak etməmişdir.

7. Ərizəçinin iddiasına əsasən, 18 oktyabr 2003-cü il tarixdə, axşam saat 6 ilə 7 arasında maskalı və Kalaşnikov markalı avtomatlarla silahlanmış bir neçə polis nəfəri onun qapısına gəlmiş, qapının açılmasını tələb etmişlər. Ərizəçiyə bunu etməyə macal vermədən, onların üçü, yaxud dördü mənzilə pəncərədən daxil olmuşlar. Həbs haqqında qərar, yaxud digər sənəd olmadan polis əməkdaşları onu və onun qonağını — N.C. adlı şəxsi qandallamışlar. Bundan sonra polis əməkdaşları onları mənzildən sürükləyib çıxararaq, polis maşınına yerləşdirmişlər. Ərizəçi və N.C. adlı şəxs Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə (bundan sonra «MCQMİ») aparılmışlar.

8. Bundan sonra ərizəçi MCQMİ-nin otaqlarından birində təxminən dörd saat ərzində qandallı vəziyyətdə saxlanılmışdır. Ərizəçinin vəkili oraya gələrək, ərizəçinin həbsinin səbəblərini öyrənməyə cəhd göstərdikdə, MCQMİ-nin rəisi ona səbəblərin ertəsi gün deyiləcəyini bildirmişdir.

B. Ərizəçi MCQMİ-yə gətirildikdən sonra baş vermiş hadisələr

9. Həmin gün ərizəçi müvəqqəti saxlama yeri kimi istifadə olunmuş MCQMİ-nin binasının zirzəmisinə yerləşdirilmişdir. Orada saxlama yerinin rəhbərinin otağında ərizəçiyə bir neçə polis əməkdaşının qarşısında lüt soyunmaq əmr olunmuşdu. Polis əməkdaşları onun bədəninə baxış keçirərək xəsarət alıb-almamağını yoxlamış, heç bir xəsarət müşahidə olunmamışdır. Bundan sonra o, növbəti günün səhərinədək iki digər saxlanılan şəxslə birgə kameraya yerləşdirilmişdir.

10. Ertəsi gün, 19 oktyabr 2003-cü il tarixdə saat 12:00 ilə 13:00 arasında ərizəçi Baş Prokurorluğun İstintaq İdarəsinə aparılaraq, vəkilin iştirakı ilə dindirilmişdir. Dindirmədən sonra ona 16 oktyabr 2003-cü il tarixli hadisələrdə iddia edilən roluna görə «kütləvi iğtişaşların təşkili» və «dövlət rəsmilərinə qarşı zorakılıqdan istifadə olunması» ilə bağlı ittiham elan olunmuşdur. Ərizəçinin dediyinə görə, o, MCQMİ-yə aparılarkən və polisdə saxlanılması zamanı pis rəftara məruz qalması barədə müstəntiqə şifahi şəkildə bildirmişdir.

11. Həmin gün saat 16.00-da Nəsimi rayon məhkəməsi ərizəçinin barəsində üç ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar vermişdir. Həmin qərar Apellyasiya Məhkəməsinin 28 oktyabr 2003-cü il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır.

12. Ərizəçi Nəsimi rayon məhkəməsindən MCQMİ-yə geri aparılaraq, orada 22 oktyabr 2003-cü il tarixədək həmin kamerada digər iki şəxslə birgə saxlanılmışdır.

13.19 oktyabr 2003-cü il tarixdə saat 18 radələrində ərizəçi MCQMİ-nin rəis müavininin otağına aparılmış və orada ona bildirilmişdir ki, onunla «əlavə dindirmə» keçirəcəklər. Ərizəçi ittiham elan edildikdən sonra polisin onu dindirməyə səlahiyyətinin olmadığını əsas gətirərək, dindirmənin aparılmasına etiraz etmişdir. Təxminən saat 22-yə qədər davam etmiş dindirmə onun üzv olduğu siyasi partiyanın fəaliyyəti ilə bağlı sualları əhatə etmişdir.

14. Ərizəçinin dediyinə görə, dindirmə zamanı o, iki maskalı polis əməkdaşı tərəfindən dabanından dəyənəklə vurulmaqla və digər şəkildə pis rəftara məruz qalmışdır.

C. Ərizəçinin iddia olunan pis rəftara qarşı tədbirlərin görülməsinə nail olmaq cəhdləri

15. Səhər, 20 oktyabr 2003-cü il tarixdə Beynəlxalq Qızıl Xaç təşkilatının nümayəndələri ərizəçiyə baş çəkmişlər. Ərizəçi onlara polisdə saxlanılarkən pis rəftara məruz qalması barədə şikayət etmişdir.

16. 21 oktyabr 2003-cü il tarixdə ərizəçinin vəkili Baş Prokurorluğa teleqram göndərərək, MCQMİ-nin onun ərizəçi ilə 20 və 21 oktyabr 2003-cü il tarixlərdə görüşməsinə icazə vermədiyinə dair şikayət etmişdir. Nəhayət, 22 oktyabrda ərizəçi öz vəkili ilə görüşmüş və MCQMİ-də polis əməkdaşları tərəfindən döyülməsi barədə ona danışmışdır.

17. Həmin gün ərizəçi MCQMİ-nin müvəqqəti saxlanma təcridxanasından 1 saylı İstintaq Təcridxanasına keçirilmişdir. Keçirilməsindən sonra, Təcridxananın həkimi baxış keçirərkən onun bədənində xəsarətlər (daha dəqiq: sağ baldırında və dabanında iki hematoma) müşahidə etmiş və bu barədə müvafiq qeydlər aparmışdır.

18. 22 oktyabr 2003-cü il tarixdə ərizəçinin vəkili ərizəçi barəsində cinayət işinin istintaqını aparan Baş Prokurorluğun müstəntiqinə ərizə təqdim edərək, ərizəçidə olan xəsarətlərin tibbi müayinəsinin keçirilməsini xahiş etmişdir. Ərizədə qeyd etmişdir ki, ərizəçi MCQMİ-nin müvəqqəti saxlanma məntəqəsində işgəncəyə məruz qalması barədə ona şikayət etmişdir və o, özü ərizəçinin baldırında və ayağında xəsarətləri müşahidə etmişdir.

19. Beş gündən sonra, oktyabrın 27-də müstəntiqdən cavab almadığından vəkil Baş Prokurorluğun İstintaq idarəsinin rəisinə müstəntiqin onun ərizəsinə cavab vermədiyindən şikayət vermişdir.

20. Bundan sonra, oktyabrın 28-də müstəntiq tibbi müayinə təyin etmiş, ərizəçi oktyabrın 29-da Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Patoloji Anatomiya kafedrasının eksperti tərəfindən müayinə olunmuşdur. Oktyabrın 30-da verilmiş rəydə ekspert qeyd etmişdir ki, ərizəçinin bədənində aşağıdakı xəsarətlər müşahidə olunur: (1) sol dirsək oynağında solğun çəhrayı rəngdə 1×1 sm ölçüsündə qançır; (2) sağ baldırın üst hissəsində qeyri-müəyyən formada 5×3 sm ölçüsündə sarımtıl hematoma; və (3) sağ dabanının içində qeyri-müəyyən formada 6×5 sm ölçüsündə sarımtıl hematoma. Həmin xəsarətlərin ağırlıq dərəcəsini müəyyən etməyi lazım bilməmiş ekspert rəyini xəsarətlərin küt möhkəm alətlə yetirilməsini qeyd etməklə yekunlaşdırır. Ekspert həmçinin qeyd etmişdir: «xəsarətlərin 16 oktyabr 2003-cü il tarixdə yetirilməsi [ehtimalı] istisna olunmur».

21. Oktyabrın 18-də MCQMİ-nin saxlanma məntəqəsinin rəhbəri ərizəçinin şikayəti ilə bağlı dindirilmişdir. O izahat vermişdir ki, ərizəçi onun işlədiyi saxlama məntəqəsinə oktyabrın 18-də gətirildikdə onun səhhəti qaydasında idi və onun bədənində xəsarət müşahidə olunmurdu. Daha sonra o, izahatında qeyd etmişdir ki, MCQMİ-yə gətirildikdə ərizəçi hər hansı səhhəti ilə bağlı şikayət etməmişdir. Saxlama məntəqəsinin rəhbəri ərizəçinin MCQMİ-də pis rəftara məruz qalması haqqında iddialarını təkzib etmişdir.

22. 8 yanvar 2004-cü il tarixdə Baş Prokurorluğun İstintaq idarəsinin rəisi 4 nəfər polis əməkdaşını dindirdikdən sonra ərizəçinin MCQMİ-nin saxlanma məntəqəsində pis rəftara məruz qalması haqqında iddialarının əsassız olmasını müəyyən edərək, rəsmi olaraq cinayət işinin başladılmasının rədd olunması haqqında qərar vermişdir. Müstəntiq qeyd etmişdir ki, polis əməkdaşları pis rəftar haqqında iddiaları təkzib etmişlər, tibbi ekspertiza ərizəçinin polisdə saxlanılarkən xəsarət alması haqqında yetkin rəy verməmiş və ərizəçi pis rəftara məruz qalmasına dair əlavə hər hansı sübut gətirə bilməmişdir.

23. Eyni zamanda, 14 dekabr 2003-cü il tarixdə ərizəçi ayrıca olaraq Nəsimi rayon məhkəməsinə şikayət vermiş, şikayətində qanunsuz olaraq həbs olunması və polisdə saxlanılarkən işgəncələrə məruz qalmasını qeyd etmişdir. Xüsusi olaraq o şikayət etmişdir ki, MCQMİ-nin rəis müavininin otağında təxminən dörd saat ərzində dindirilərkən iki maskalı şəxs dəyənəklərlə onun dabanlarından vurmuşlar. O, həmçinin, qeyd etmişdir ki, döyüldükdən sonra onunla birgə saxlanılan kamera yoldaşları onun xəsarətlərini müşahidə etmiş və ona yardım göstərmişlər. O, məsul şəxsləri cinayət məsuliyyətinə cəlb etməyi məhkəmədən xahiş etmişdir.

24. 28 yanvar 2004-cü il tarixdə Nəsimi rayon məhkəməsi ərazi aidiyyəti olmadığından şikayətə baxmaqdan imtina edərək, MCQMİ rəsmiləri barədə şikayətin Nərimanov rayon məhkəməsinə verilməli olduğunu verdiyi qərarda qeyd etmişdir.

25. 29 yanvar 2004-cü il tarixdə ərizəçi eyni məzmunlu şikayətlə Nərimanov rayon məhkəməsinə müraciət etmişdir. Bu məhkəmə də, ərazi aidiyyətinin olmadığından şikayətə baxmaqdan imtina etmişdir. Bununla bağlı Apellyasiya Məhkəməsinə müraciət olunmuş, sonuncu məsələyə baxılmasının Nəsimi rayon məhkəməsinin ərazi səlahiyyətinə aid olduğunu müəyyən etmişdir.

26. Nəhayət, 18 fevral 2004-cü il tarixdə Nəsimi rayon məhkəməsi Baş Prokurorluğun cinayət işinin rədd edilməsi haqqında qərarın qanunsuz olması barədə şikayətinə baxmış və əsassız olduğundan həmin şikayəti rədd etmişdir. Məhkəmə xüsusi olaraq qeyd etmişdir ki, tibbi ekspertiza birmənalı olaraq xəsarətlərin ərizəçiyə 16 oktyabr 2003-cü il tarixdə baş vermiş iğtişaşlar zamanı, yəni ərizəçinin həbsindən əvvəl yetirilməsi ehtimalını yetkin şəkildə istisna etməmişdir. Bununla da məhkəmə ekspertizanın rəyini ərizəçinin MCQMİ-nin saxlanma məntəqəsində döyülməsinə dair yetərli sübut kimi qəbul etməmişdir. Məhkəmə qərara gəlmişdir ki, ərizəçi iddiasının əsaslandırılması üçün yetərli sübut təqdim edə bilməmişdir.

27. Ərizəçi Nəsimi rayon məhkəməsinin onun polisdə saxlanılması zamanı işgəncəyə məruz qalmasına dair sübutlara düzgün şəkildə hüquqi qiymət verə bilmədiyi əsasında həmin məhkəmənin qərarından apellyasiya şikayəti vermişdir. 17 mart 2004-cü il tarixdə Apellyasiya Məhkəməsi Nəsimi rayon məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Apellyasiya Məhkəməsinin qərarının tam mətni ərizəçiyə 18 mart 2004-cü il tarixdə poçt vasitəsilə göndərilmişdir. Ölkə qanunvericiliyinə görə həmin qərardan apellyasiyanın verilməsi nəzərdə tutulmur.

28. 16 oktyabr 2003-cü il tarixdə baş vermiş iğtişaşların təşkilində ərizəçinin rolu ilə bağlı onun barəsində başlanılmış cinayət işinə gəldikdə, 22 oktyabr 2004-cü il tarixdə o, məhkəmə tərəfindən 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Məhkəmə müəyyən etmişdir ki, ərizəçi özü 16 oktyabr 2003-cü il tarixdə Azadlıq meydanında olmasa da, o, kütləvi iğtişaşların təşkilatçılarından biri olmaqla, öz tərəfdaşlarına partiyanın qərargahından göstərişlər vermişdir.

29. 2005-ci ilin mart ayında ərizəçi Prezidentin əfv fərmanı ilə cəzasının qalan hissəsinin çəkilməsindən azad edilmişdir.

II. Müvafiq daxili qanunvericilik və beynəlxalq məruzələr

A. Konstitusiya

30. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı (III) maddəsində aşağıdakılar nəzərdə tutulur:

«Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz…»

B. İşgəncə, qeyri-insani və alçaldıcı rəftara görə cinayət məsuliyyəti

31. Cinayət Məcəlləsində həbs altında olan, yaxud hər hansı şəkildə azadlıqdan məhrum edilən şəxsə işgəncənin verilməsi cinayət hesab edilməklə, bu əmələ görə yeddi ildən on ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur (113-cü maddə). Vəzifəli şəxs tərəfindən səlahiyyətlərini həyata keçirərkən sistematik döymə, yaxud digər zorakı hərəkətlərlə şəxsə fiziki, yaxud mənəvi iztirabların verilməsi isə cinayət hesab edilməklə, bu cinayətə görə beş ildən on ilədək cəza nəzərdə tutulur. (133-cü maddə).

32. Cinayət-Prosessual Məcəllənin 37-ci maddəsinə görə cinayət təqibi zərərçəkmiş şəxsin cinayətin törədilməsinə dair ərizəsi əsasında başlanılır.

C. Dövlət orqanlarının qanunsuz hərəkətlərinə, yaxud hərəkətsizliyinə qarşı mülki iddia

33. «Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» 11 iyun 1999-cu il tarixli Qanun (bundan sonra «Qanun») dövlət qurumlarından məhkəmələrə şikayət etmək üçün əsas təşkil edir. Qanunun 2-ci maddəsinə əsasən vətəndaşın hüquq və azadlığını pozan hər bir dövlət qurumunun hərəkət, yaxud hərəkətsizliyindən (a) birbaşa məhkəməyə; yaxud (b) tabelik qaydasında yuxarı dövlət orqanlarına şikayət etmək olar. Şikayət əvvəl nəzarəti həyata keçirən dövlət qurumuna verilirsə, həmin qurum şikayəti aldıqdan sonra bir ay müddət ərzində onun baxılmasına dair ərizəçiyə baxılmanın nəticəsinə dair yazılı şəkildə cavab verməlidir.

34. Qanunun 5-ci maddəsinə əsasən məhkəməyə şikayət hüquq və azadlıqlarının pozulmasının vətəndaşa məlum olduğu gündən bir ay keçənədək verilməlidir. Eyni zamanda, ərizəçi əvvəlcədən aşağı qurumun hərəkət, yaxud hərəkətsizliyindən yuxarı instansiyaya şikayət etdikdə şikayətin təmin edilməməsi barədə yuxarı orqan və ya vəzifəli şəxs tərəfindən yazılı cavabın verildiyi gündən bir ay keçənədək məhkəməyə şikayət verilə bilər. Şikayətin verilməsi müddəti üzrlü səbəbdən örürülübsə, həmin müddət məhkəmə tərəfindən bərpa oluna bilər.

35. Qanunun 6-cı maddəsinə əsasən məhkəmə şikayətin əsaslı olduğunu müəyyənləşdirdikdə şikayət edilən qərarları və hərəkətləri qanunsuz hesab edə, vətəndaşlar barəsində tətbiq edilən məsuliyyət tədbirlərini ləğv edə, onların pozulmuş hüquq və azadlıqlarını bərpa edə, habelə dövlət orqanlarının vətəndaşların hüquq və azadlıqlarını pozan qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə bağlı onların məsuliyyətini müəyyənləşdirə bilər.

36. Mülki Məcəllədə oxşar müddəalar mövcuddur. Mülki Məcəlləyə əsasən şəxsi hüquq və azadlıqlarla bağlı şəxslərlə dövlət qurumları arasında mübahisələrə məhkəmələrdə mülki qaydada baxıla bilər (Maddə 2 və Maddə 5). Dövlət qurumlarının, yaxud onların rəsmilərinin qanunsuz hərəkətləri, yaxud hərəkətsizlikləri dəymiş zərərlə bağlı Dövlət barəsində mülki iddianın qaldırılmasına əsas verir (Maddə 22). Dövlətin mülki məsuliyyəti adi hüquqi şəxsin məsuliyyəti ilə eynidir (Maddə 43).

37. Mülki-Prosessual Məcəllədə fərdin çəkdiyi zərərə görə mülki qaydada Dövlətə qarşı iddia verilməsi prosedurları nəzərdə tutulur.

D. İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) araşdırmaları

38. İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsi (CPT) Azərbaycana üç dəfə səfər etmişdir. Birinci səfər 2002-ci ilin noyabr-dekabr aylarında keçirilmiş, səfər ərzində 1 saylı İstintaq Təcridxanasına, həmçinin Daxili İşlər Nazirliyi nəzdində saxlama yerlərinə, o cümlədən, MCQMİ-nin müvəqqəti saxlanma məntəqəsinə baş çəkilmişdir. 2004-cü ilin yanvar ayında keçirilən ikinci (ad hoc) səfərin əsas məqsədi 15 oktyabr 2003-cü il tarixdə keçirilən prezident seçkilərindən sonra baş vermiş hadisələr ilə bağlı saxlanılmış şəxslərlə rəftar barəsində məlumatın toplanılmasından ibarət idi. Nümayəndə heyəti 1 saylı İstintaq Təcridxanasında saxlanılan otuza qədər şəxslə müsahibə keçirmişdir. Bundan əlavə nümayəndə heyəti MCQMİ-nin müvəqqəti saxlanma məntəqəsinə baş çəkmişdir. 2005-ci ilin may ayında keçirilən üçüncü (ad hoc) səfərinin əsas məqsədi Qobustan Həbsxanasındakı vəziyyəti öyrənməkdən ibarət idi. CPT-nin bu səfərlərə dair məruzələri — 2002-ci ilin noyabr — 1 dekabr aylarında edilən səfər istisna olmaqla – dərc olunmamışdır, bunun üçün dövlətin icazəsi tələb olunur ki, bu da hələlik gözlənilmir.

39. 2002-ci ilin noyabr-dekabr aylarında keçirilən səfərə dair məruzədə MCQMİ-nin müvəqqəti saxlanma məntəqəsində pis rəftara dair konkret hallar təsbit olunmasa da, orada qeyd edilir ki, nümayəndə heyəti polis tərəfindən Daxili İşlər Nazirliyinin nəzdində olan qurumlarda saxlanılan şəxslər barəsində pis rəftar edilməsinə dair çoxlu sayda iddialara rast gəlmişdir. Pis rəftarın növləri əsasən şillə, yumruq və təpiklərin vurulması, dəyənəklərlə, silahların qundağı və digər bərk alətlərlə zərbələrin yetirilməsindən ibarətdir. Bəzi hallarda isə iddia olunan pis rəftarın ağırlığı — elektrik cərəyanla vurulması, dabanlara döyülməsi, asılmış vəziyyətda qandallanmış şəxsə zərbələrin yetirilməsi kimi — onların işgəncə hesab olunması üçün yetərlidir. Bundan başqa bəzi şəxslər cinayəti törətdiklərini etiraf etməyə, yaxud məlumat verməyə məcbur etmək məqsədilə özləri, yaxud qohumları barəsində müxtəlif növ alçaltma və fiziki gücün tətbiqi ilə (o cümlədən, cinsi zorakılıq) hədələmə halları barədə məlumat vermişlər.

Hüquqi məsələlər

I. Konvensiyanın 3-cü maddəsinin iddia edilən pozuntusu

40. Ərizəçi Konvensiyanın 3-cü maddəsinə əsasən şikayət etmişdir ki, o, həbs olunarkən pis rəftara, MCQMİ-nin müvəqqəti saxlanma təcridxanasında işgəncəyə məruz qalmış, həmçinin onun 1 saylı İstintaq Təcridxanasında saxlanma şəraiti pis rəftar növünü təşkil etmişdir. Bundan əlavə o şikayət etmişdir ki, onun pis rəftar barədə şikayəti həmin maddə ilə nəzərdə tutulan prosessual öhdəliyinə uyğun olaraq səmərəli şəkildə araşdırılmamışdır. Konvensiyanın 3-cü maddəsində aşağıdakılar nəzərdə tutulur:
«Heç kəs işgəncəyə, yaxud qeyri-insani, yaxud alçaldıcı rəftara, yaxud cəzaya məruz qalmamalıdır.»

A. Qəbuledilənlik 

I. Tutulma zamanı pis rəftara dair şikayət

41. Şikayətin bu hissəsində ərizəçi iddia edir ki, 18 oktyabr 2003-cü il tarixdə həbsi zamanı, polis əməkdaşları onu vuraraq yerə yıxmış, qandallamış, yerə sürükləmiş və vurmuşlar. Maşınla MCQMİ-yə aparılarkən onu vurmuş və sözlə təhqir etmişlər. MCQMİ-nin həyətində onu üzü aşağı yaş yerdə uzandıraraq şəxsiyyətinə dair suallar vermişlər. Dediklərinə sübut olaraq ərizəçi bir neçə ailə üzvlərinin ifadələrini təqdim etmişdir ki, orada müxtəlif dərəcədə təfsilatı və ardıcıllıqla ərizəçinin öz evində həbsi zamanı kobud rəftara məruz qalması təsbit olunur.

42. Hökumət ərizəçinin həbs zamanı pis rəftara məruz qalması ilə bağlı şikayətinin bu hissəsi ilə bağlı bildirmişdir ki, ərizəçi ölkə qanunvericiliyində nəzərdə tutulmuş vasitələrin hamısından istifadə etməyib, çünki o, bu məsələni lazımi şəkildə dövlət qurumları qarşısında qaldırmayıb. Hökumət xüsusilə qeyd etmişdir ki, ərizəçi öz qohumlarının ifadələrini məhkəməyə təqdim etməmişdən əvvəl heç bir dövlət qurumuna təqdim etməmişdir. Ərizəçi konkret olaraq Hökumətin bu iradına şərh verməmişdir.

43. Məhkəmə müəyyən edir ki, ərizəçinin şikayətin bu hissəsi ilə bağlı ölkə qanunvericiliyində nəzərdə tutulmuş vasitələrin hamısından istifadə etməsinin müəyyən olunması vacib deyil, çünki belə olan halda da şikayətin bu hissəsi aşağıdakı səbəbdən qəbuledilən deyil.

44. Məhkəmə qeyd edir ki, ailə üzvlərinin şikayətlərindən başqa (onların baxılması üçün dövlət orqanlarına təqdim olunması görünmür), onda ərizəçinin həbs olunma zamanı polis tərəfindən pis rəftara məruz qalmasına dair heç bir sübut yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, ərizəçinin həbs olunma zamanı döyülməsi MCQMİ-nin müvəqqəti saxlanma məntəqəsinin rəisinin izahatı ilə təkzib olunur ki, hansı ki öz izahatında ərizəçi MCQMİ-yə gətirildikdə onun bədənində heç bir xəsarətin olmadığını göstərmişdir. Ərizəçi özü də şikayətin həbsdə saxlanılarkən pis rəftara məruz qalması barədə hissəsində bu izahata istinad etmiş və qeyd etmişdir ki, 30 oktyabr 2003-cü il tarixdə verilmiş ekspertizanın rəyindən təsbit olunan xəsarətlərin hamısı 19 oktyabr 2003-cü il tarixdə, yəni həbsindən bir gün sonra ona yetirilmişdir. Qeyd olunanlara və işdə olan bütün materiallara əsasən Məhkəmə hesab edir ki, şikayətin bu hissəsi ilə bağlı təqdim edilmiş sübutlar ərizəçinin həbs olunma zamanı pis rəftara məruz qalması məsələsinə onun tərəfindən baxmağa imkan vermir.

45. Bununla da, şikayətin bu hissəsi açıq-aydın əsassız olduğundan Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.

2. Polisdə saxlanılarkən pis rəftara dair şikayət

46. Şikayətinin bu hissəsində ərizəçi iddia edir ki, MCQMİ-nin müvəqqəti saxlanma məntəqəsində o, 19 oktyabr 2003-cü il tarixdə dindirilməsi zamanı döyülmüş və işgəncəyə məruz qalmış, zorlanma ilə hədələnmiş və beş gün ərzində hava ilə pis təmin olunan kamerada, ac, təmiz içməli su verilmədən saxlanılmışdır.

47. Məhkəmə qərara gəlmişdir ki, şikayətin bu hissəsi Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasına görə açıq-aydın əsassız deyildir. Məhkəmə onu da qeyd edir ki, bu şikayət heç bir başqa səbəbə görə qeyri-məqbul deyildir. Ona görə də, şikayətin bu hissəsi qəbuledilən hesab olunur.

3. 1 saylı İstintaq Təcridxanasında saxlanma şəraiti

48. Şikayətinin bu hissəsində ərizəçi iddia edir ki, o, sonradan 40 gün ərzində 1 saylı İstintaq Təcridxanasında 1.35×2.35 metr ölçüsündə çox kiçik, qeyri-gigiyenik, isidilməyən və elektrik işıqlanması gecə-gündüz qoşulmuş kamerada saxlanılmışdır. Ona demişlər ki, həmin kamerada əvvəllər ölüm cəzasına məhkum olunmuş şəxslər saxlanılmışdır və hətta belə şəxslərin ikisi ilə bağlı bir neçə il əvvəl elə oradaca ölüm cəzası icra olunmuşdur.

49. Hökumət şikayətin bu hissəsi ilə bağlı ərizəçinin ölkə qanunvericiliyində nəzərdə tutulmuş hüquqi müdafiə vasitələrinin tükəndirmədiyini qeyd etmişdir. O, bu məsələni məhkəməyə müraciət etməzdən əvvəl dövlət orqanları qarşısında qaldırmamışdır.

50. Ərizəçi bildirmişdir ki, bu məsələ ilə bağlı o, heç bir vasitəyə malik olmayıb. Ərizəçi iddia etmişdir ki, ölkə qanunvericiliyində həbsxana əməkdaşlarının işgəncə verməsi və qeyri-insani rəftar etməsi aydın şəkildə qadağan olunsa da və bu cür pis rəftara görə vasitələr nəzərdə tutulsa da, digər növ pis rəftar növləri, məsələn, ümumi saxlanma şəraiti ilə bağlı pis rəftar əleyhinə heç bir konkret hüquqi norma mövcud deyil. Ərizəçi həmçinin qeyd etmişdir ki, hər bir halda, onun barəsində həbsdə saxlanılarkən işgəncənin verilməsi ilə bağlı şikayətlərinin rəsmi araşdırılmasının səriştəsiz olduğuna görə, saxlanma şəraiti ilə bağlı hər hansı tədbirlərin görülməsinə nail olmaq cəhdləri nəticəsiz olardı.

51. Məhkəmə xatırladır ki, 35-ci maddədə nəzərdə tutulan ölkə qanunvericiliyində nəzərdə tutulmuş vasitələrin hamısından istifadə edilməsi qaydası tələb edir ki, dövlətə qarşı beynəlxalq məhkəmə, yaxud arbitraj qurumuna müraciət edən şəxs əvvəlcə milli hüquqi sistemdə mövcud olan vasitələrdən istifadə etməlidir ki, dövlətlərin hərəkətlərinə görə beynəlxalq qurumlar qarşısında cavab verməzdən öncə öz hüquqi sistemləri vasitəsilə məsələnin yoluna qoymaq imkanları olsun. Bu qaydaya riayət etmək üçün ərizəçi mövcud olan, habelə iddia olunan pozuntularla bağlı əvəzin ödənilməsi üçün kifayət olan hüquqi müdafiə vasitələrini istifadə etməlidir (bax, məsələn, Akdivar və digərləri Türkiyəyə qarşı, 16 sentyabr 1996-cı il tarixli qərar, Qərar və Qərardadlar Hesabatı 1996-IV, s. 1210, § 65-66).

52. Məhkəmə ölkə qanunvericiliyində onun saxlanılması şəraiti ilə bağlı tədbirlərə nail olmaq üçün hər hansı vasitənin olmadığı haqqında ərizəçinin arqumentini qəbul edə bilməz. Məhkəmə qeyd edir ki, «Şəxslərin hüquq və azadlıqlarına qarşı yönəlmiş hərəkətlərdən şikayətlər haqqında» Qanunda şəxsin hüquq və azadlıqlarını pozan dövlət orqanının hər hansı hərəkət və hərəkətsizliyinə qarşı məhkəməyə müraciət etmək imkanı nəzərdə tutulur. Birbaşa ölkənin hüquq sistemində tətbiq oluna bilən Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsi və Konvensiyanın 3-cü maddəsi qeyri-insani və alçaldıcı rəftarı qadağan edir. Ona görə də, bu müddəalara əsaslanaraq ərizəçi Ədliyyə Nazirliyinə (1 saylı İstintaq Təcridxanasına nəzarət orqanı olan) şikayət verərək, yaxud birbaşa yerli məhkəmələrdə mülki qaydada iddia qaldıraraq, ərizə verərək saxlanma şəraiti barədə şikayət edə bilərdi. Lakin ərizəçi buna cəhd etməmişdir. Bundan başqa o, inandırıcı şəkildə bu addımların səmərəsiz olacağını göstərə bilməmişdir. Vasitələrin səmərəsiz olacağı haqqında şübhələr mümkün olan vasitələrin normal istifadə edilməsi tələbinin yerinə yetirilməsi üçün kifayət deyil. (bax, məsələn, Kunqurova Azərbaycana qarşı (qərardad), № 5117/03, 03 iyun 2005-ci il).

53. Bununla da, şikayətin bu hissəsi daxili hüquqi müdafiə vasitələrinin tükəndirilmədiyinə görə Konvensiyanın 35-ci maddəsinin 1 və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.

B. Mahiyyət

1. Polisdə saxlanılarkən pis rəftara dair şikayət

(a) Tərəflərin dəlilləri

54. Hökumət bildirmişdir ki, ərizəçi polisdə saxlanılarkən pis rəftara məruz qalmasına dair yetkin dəlil gətirə bilməmişdir. 20 oktyabr 2003-cü il tarixli ekspertizanın rəyi ərizəçinin həmin zədələrin 16 oktyabr 2003-cü il tarixdə, yəni onun həbsindən öncə və seçkidən sonra baş vermiş iğtişaşlar zamanı alması ehtimalın istisna etmir. Hökumət həmçinin qeyd edir ki, hər bir halda, ekspertiza rəyinə əsasən ərizəçinin xəsarətləri onun səhhətinə ciddi təsir göstərməmişdir. Ona görə də, iddia edilən pis rəftar Konvensiyanın 3-cü maddəsi ilə nəzərdə tutulan ağırlıq dərəcəsinə çatmır.

55. Ərizəçi bildirmişdir ki, o, MCQMİ-də saxlanılarkən işgəncə səviyyəsinə çıxan pis rəftara məruz qalmışdır. O, dabanında, baldırında və dirsəyində olan izləri dəlil kimi gətirmişdir. O, həmçinin, dövlət qurumlarının onun bədənində bu xəsarətlərin olmasının səbəblərinə dair həqiqətə yaxın heç bir əsas gətirə bilmədiyini iddia etmişdir. Xüsusi olaraq, ərizəçi qeyd etmişdir ki, xəsarətləri 16 oktyabr 2003-cü il tarixdə alması ehtimalı belə ola bilməz, çünki o, həmin gün sadəcə Azadlıq meydanında olmamışdır. MCQMİ-nin müvəqqəti saxlanma təcridxanasına gətirildikdə onun bədənində hər hansı xəsarətin olmadığı həmin təcridxana əməkdaşının araşdırma zamanı verdiyi izahat ilə təsdiq olunur.

56. Ərizəçi qeyd etmişdir ki, MCQMİ-yə gətirildikdən qısa bir müddət sonra polis əməkdaşı onun qara ciyər nahiyəsinə, bədəninə yan tərəfdən dəyənək ilə zərbə yetirmişdir. Növbəti gün, 19 oktyabr 2003-cü il tarixdə, MCQMİ-nin rəis müavininin otağında dindirilərkən, ondan məlumat almaq məqsədilə iki maskalı polis əməkdaşı təxminən dörd saat ərzində dəyənəklərdən istifadə olunmaqla onun dabanlarına vurmuşlar. Polis əməkdaşları hərdən onun bədəninin digər hissələrinə zərbə yetirirdilər. Döymə zorlama hədəsi ilə də müşayiət olunurdu. Döymə ərizəçidə ciddi fiziki ağrıya səbəb olmuş, ona görə də o, müvəqqəti olaraq köməksiz gəzmək qabiliyyətini itirmişdir. MCQMİ əməkdaşları tərəfindən kameraya aparıldıqdan sonra kamera yoldaşları ona corablarını çıxarmağa yardım etmiş və onun ayaqlarının pis vəziyyətdə olmasını müşahidə etmişlər.

57. Ərizəçi bildirmişdir ki, zorlama hədələri döymədən sonra onun havasız kamerada vəkillə görüşməyə icazə verilmədən üç gün saxlanılması zamanı da davam edirdi. Həmin vaxt o, pis rəftara məruz qalan digər saxlanılan şəxslərin qışqırtılarını eşidirdi. Hansı şəraitdə və məkanda edilməsini nəzərə alaraq, bu hədələr nəticəsində ərizəçi kəskin mənəvi iztirablar keçirmişdir.

58. Ərizəçi daha sonra qeyd etmişdir ki, döymə 19 oktyabr 2003-cü il tarixdə baş versə də, ona öz vəkili ilə görüşərək olanlar barədə məlumat vermək imkanı yalnız üç gündən sonra verildi. Vəkil dərhal tibbi müayinə keçirilməsinə nail olmağa cəhd etsə də, müayinə dövlət qurumları tərəfindən qəsdən bunu uzatdıqlarına görə yalnız 29 oktyabr 2003-cü il tarixdə baş tutmuşdur. Həmin vaxtadək ərizəçiyə köməksiz gəzmək qabiliyyəti qayıtmış, onun xəsarətləri qismən sağalmış və döymədən əmələ gəlmiş əksər xırda izlər yox olmuşdur. Tibbi müayinənin keçirilmə vaxtının uzadılması xəsarətlərin yetirilmə vaxtının dəqiq müayinə olunmasının qarşısını almışdır. Bundan başqa, ərizəçi qeyd etmişdir ki, ekspert dövlət müəssisəsinin işçisi olduğundan və buna görə də, müstəqil olmadığından onun xəsarətlərinin hamısını rəyinə qeyd etməmişdir.

(b) Məhkəmənin mövqeyi

59. Məhkəmə dəfələrlə qeyd etdiyi kimi, Konvensiyanın 3-cü maddəsində demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən biri təsbit olunur. Hətta ən çətin şəraitdə, məsələn, terrorçuluqla və mütəşəkkil cinayətkarlıqla mübarizə zamanı Konvensiya işgəncəni, qeyri-insani və alçaldıcı rəftarı və cəzanı tamamilə qadağan edir. Konvensiyanın, onun 1 və 4 saylı protokollarının əksər maddi müddəalarından fərqli olaraq, hətta xalqın həyatına təhlükə törədən fövqəladə hallarda 15-ci maddənin 2-ci bəndinə əsasən 3-cü maddə üçün istisna halının, yaxud qeyd-şərtin edilməsi nəzərdə tutulmur (bax, məsələn, Selmuni Fransaya qarşı (Böyük Palata), № 25803/94, § 95, İHAM 1999-V; Labita İtalyaya qarşı (Böyük Palata), № 26772/95, § 119, İHAM 2000-IV və Dikme Türkiyəyə qarşı, № 20869/92, § 89, İHAM 2000-VIII).

60. Məhkəmə bir daha vurğulayır ki, «şəxs polisə aparılarkən sağlam olduğu, azad edildiyi zaman isə bədənində xəsarət müəyyən olunduğu halda həmin xəsarətlərin əmələ gəlməsi səbəblərinə dair inandırıcı əsaslar gətirilməsi Dövlətin öhdəliyidir, əks halda Konvensiyanın 3-cü maddəsinə əsasən aydın məsələ ortaya çıxır» (bax, Tomasi Fransaya qarşı, 27 avqust 1992-ci il tarixli qərar, A Seriyaları № 241-A, s. 40-41, §§ 108-11 və yuxarıdakı Selmouni işi, § 87).

61. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflərin təqdim etdiyi yeganə tibbi sənəd ərizəçi tərəfindən iddia olunan döyülmədən bir neçə gün sonra verilmiş 30 oktyabr 2003-cü il tarixli ekspert rəyidir. Lakin məhkəmə qeyd edir ki, digər saxlanma müəssisəsinə keçirilməsinə baxmayaraq, ərizəçi davamlı olaraq həbs altında idi, yəni iddia olunan pis rəftar günündən rəyin tərtib olunma gününədək dövlət orqanlarının nəzarəti altında olmuşdur.

62. Ərizəçinin polis tərəfindən pis rəftara məruz qalmasına dair yetərli dəlil gətirə bilmədiyi barədə Hökumətin mülahizəsinə gəldikdə isə, məhkəmə xatırladır ki, dəlilləri dəyərləndirərkən məhkəmə ümumən «əsaslı şübhənin olmaması» meyarını tətbiq edir. (bax, İrlandiya Birləşmiş Krallığa qarşı, 18 yanvar 1978-ci il tarixli qərar, A Seriyaları № 25, s. 64-65, § 161). Lakin bu cür dəlil fakt barədə kifayət qədər güclü, səlis və bir-birinə uyğun mülahizələrin, yaxud təkzibolunmaz gümanların mövcudluğundan irəli gələ bilər. Dövlət orqanlarının nəzarəti altında həbsdə olan şəxslərə münasibətdə olduğu kimi, hadisələr barədə məlumata müstəsna olaraq dövlət orqanları malik olduğu təqdirdə belə saxlama zamanı əmələ gələn xəsarətlər ilə bağlı faktın mövcudluğu haqqında ciddi gümanlar ortaya çıxır. Həqiqətən də, kifayət edən və inandırıcı izahatın verilməsinə dair sübut etmə öhdəliyinin dövlət qurumlarının üzərinə düşməsi qəbul edilə bilər (bax, Ribitş Avstriyaya qarşı, 4 dekabr 1995-ci il tarixli qərar,A Seriyaları № 336, s. 25-26, § 34 və Salman Türkiyəyə qarşı (Böyük Palata), № 21986/93, § 100, İHAM 2000-VH).

63. Məhkəmə qeyd edir ki, Hökumət ərizəçinin pis rəftara dair iddialarına qarşı mübahisə etsə də, bu xəsarətlərin nə vaxt və necə əmələ gəlməsi barədə məqbul bir izah verməmişdir. Məhkəmə ekspertiza rəyində ərizəçinin həmin xəsarətləri həbsdən əvvəl alması ehtimalının istisna etmədiyi haqqında Hökumətin arqumentini qəbul edə bilməz. Onun xəsarət alması vaxtına gəldikdə isə, rəy dolaşıq şəkildə yazılıb və yetkin deyil. Həmin məruzə eyniliklə xəsarətlərin həbs edildikdən sonra və MCQMİ-də saxlanılarkən almasını da istisna etmir. Beləliklə də məhkəmə hesab edir ki, tibbi ekspertizanın rəyi yetkin şəkildə ərizəçinin bədənində xəsarətlərin olmasını qeyd etsə də, həmin xəsarətlərin nə zaman yetirildiyini müəyyən etmir.

64. Məhkəmə qeyd edir ki, ərizəçi 16 oktyabr 2003-cü il tarixli hadisələr zamanı Azadlıq Meydanında olmadığı və ona görə də orada onun xəsarət almasının mümkün olmadığı barədə dövlət qurumları və məhkəmə qarşısında davamlı olaraq israr etmişdir. Lakin araşdırma zamanı dövlət qurumları bunun təkzib edilməsi üçün heç bir addım atmamışlar. Heç bir təsdiqləyici sübut təmin etmədən ərizəçinin onun həbs olunmasından əvvəl xəsarət alması ehtimalı özündə Hökumət tərəfindən təqdim olunası kifayət və inandırıcı izahatı təşkil etmir. Bundan başqa, ərizəçinin aldığı xəsarətə — küt alətlə vurulan zərbə nəticəsində əmələ gəlmiş dabanındakı hematoma — nəzər salaraq, məhkəmə hesab edir ki, bu xəsarətlər polislə adi küçə toqquşmaları zamanı yetirilə bilməyən xüsusi növ xəsarətdir. Bununla əlaqədar məhkəmə ərizəçinin barəsində cinayət işi üzrə bir neçə ay sonra keçirilmiş məhkəmə baxışı zamanı onun həqiqətən həmin gün Azadlıq Meydanında olmadığının müəyyən olunması faktını nəzərə alır.

65. Bundan əlavə, Məhkəmə qeyd edir ki, Hökumət ərizəçinin həbs edildiyindən əvvəl xəsarət aldığını göstərən heç bir maddi sübut hesab olunan sənədi təqdim etməmişdir, çünki onun müvəqqəti saxlama yerinə gətirildiyi zaman heç də zəruri tibbi müayinə keçirilməmişdir (müqayisə et, Doğanay Türkiyəyə qarşı, № 50125/99, § 30, 21 fevral 2006-cı il tarixli qərar və Akkurt Türkiyəyə qarşı, № 47938/99, § 36, 4 may 2006-cı il tarixli qərar). Bunun əksinə, MCQMİ-nin müvəqqəti saxlama təcridxanası əməkdaşının istintaq zamanı verdiyi birmənalı ifadəsinə əsasən, müvəqqəti saxlama təcridxanasında ərizəçi barəsində qeydiyyat aparıldığı zaman onun bədənində xəsarət izləri müşahidə edilməmişdir (bax, yuxarıda 21 -ci paraqraf).

66. Məhkəmə hesab edir ki, ərizəçinin sağ dabanında olan hematoma bədənində olan digər qançırlarla birlikdə götürüldükdə, İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsinin bildirdiyinə görə Daxili İşlər Nazirliyinin tabeçiliyindəki müvəqqəti saxlama yerlərində istifadə olunan pis rəftarın formalarından biri olan falakkanın (ayaqların altından döyülmə) tətbiq edilməsinə uyğundur. Bu tipli xəsarətlər təsadüfən əmələ gələ bilməzdi (bax, yuxarıda göstərilən Salman, § 113).

67. Məhkəmə-tibb ekspertizasının rəyi ilə təsdiq edilən ərizəçinin davamlı və detallı şikayətlərini nəzərə alaraq, habelə ərizəçinin bədənində aşkar edilmiş xəsarətlərin səbəblərinə dair həqiqətə uyğun izahın olmaması ilə əlaqədar olaraq məhkəmə qəbul edir ki, həmin xəsarətlər dövlət orqanlarının məsuliyyət daşıdığı pis rəftarın formasına aid edilməlidir.

68. Pis rəftar aktının ağırlığına gəldikdə isə, məhkəmə təkrar edir ki, pis rəftarın xüsusi formasının işgəncə kimi müəyyən edilib-edilməməsi zamanı 3-cü maddədə əks etdirilən, bu məfhumla qeyri-insani və ya alçaldıcı rəftar arasındakı fərqə diqqət yetirilməlidir. Görünür ki, çox ağır və qəddar əzablara gətirib çıxaran qəsdən qeyri-insani rəftarın belə fərqləndirmə vasitəsilə xüsusən biabır etmək Konvensiyanın niyyətində olmuşdur (bax, yuxarıda göstərilən İrlandiya, s. 66-67, § 167 və Aksoy Türkiyəyə qarşı, 18 dekabr 1996-cı il tarixli qərar, Hesabatlar 1996-VI, s. 2278-79, § 63). Rəftarın ağırlığına əlavə olaraq, hətta 26 iyun 1987-ci il tarixdə qüvvəyə minmiş İşgəncələrə və digər qəddar, qeyri-insani və ya alçaldıcı rəftar və ya cəzaya qarşı BMT-nin Konvensiyasında tanınmış məqsəd elementi mövcuddur. Onun 1-ci maddəsində işgəncə ciddi ağrının və ya əzabların, inter alia, məlumatı əldə etmək, cəzalandırmaq və ya qorxutmaq məqsədilə qəsdən verilməsi kimi müəyyən edilir (bax, yuxarıda göstərilən Salman, § 114 və yuxarıda göstərilən Dikme, §§ 94-95). .

69. Pis rəftarın xarakterini (ərizəçinin ayaqlarının altından döyülməsi) nəzərə alaraq, məhkəmə hesab edir ki, bu, yalnız qəsdən törədilə bilərdi, çünki onun yerinə yetirilməsi üçün müəyyən qədər hazırlığın görülməsi və gücün tətbiqi tələb olunurdu. Görünür ki, o, ərizəçidən etiraf və məlumatın alınması məqsədilə yerinə yetirilmişdir (yuxarıda göstərilən Aksoy, s. 2279, § 64; həmçinin məhkəmənin falakkanın tətbiqinin işgəncə olması barədə nəticəyə gəldiyi yuxarıda göstərilən Salman iş ilə, § 115, ilə müqayisə et). Məhkəmə hesab edir ki, bu rəftar elə ağır və qəddar xarakterli olmuşdur ki, o, işgəncə kimi xarakterizə oluna bilər.

70. Nəticədə məhkəmə müəyyən edir ki, bununla əlaqədar Konvensiyanın 3-cü maddəsinin pozulması baş vermişdir.

2. Səmərəli araşdırmanın aparılmadığı barədə şikayət

(a) Tərəflərin dəlilləri

71. Hökumət bildirmişdir ki, dövlət orqanları ərizəçinin pis rəftar barədə şikayətləri üzrə səmərəli rəsmi araşdırma aparmışlar. Xüsusən, Hökumət vurğulamışdır ki, Baş Prokurorluq tərəfindən istintaq aparılmış və bu zaman ərizəçinin şikayətləri ilə əlaqədar MCQMİ-nin dörd əməkdaşı dindirilmiş, şikayətlərin əsassız olması müəyyən edilmişdir. Bundan əlavə ərizəçi araşdırmanın nəticələrinə etirazını məhkəmədə bildirmiş və onun şikayəti yerli məhkəmələrdə araşdırılmışdır.

72. Ərizəçi bildirmişdir ki, nəinki istintaq orqanı, hətta yerli məhkəmələr onun şikayətləri üzrə hərtərəfli və səmərəli araşdırma aparmamışlar. O, bildirmişdir ki, istintaq səthi aparılmış və çoxsaylı saxtakarlıqlarla müşayiət olunmuşdur. Xüsusən, dövlət orqanları MCQMİ-nin müvəqqəti saxlanma təcridxanasının əməkdaşının ərizəçinin təcridxanaya gətirildiyi zaman sağlam olması barədə ifadəsinə açıq-aşkar şəkildə əhəmiyyət verməmişlər. Həmçinin, onlar bu faktı təsdiq edə biləcək hər hansı digər şahidlərin ifadələrini almamışlar. Yerli məhkəmələr onun işinin baxılmasını iki aydan çox müddətə təxirə salmış və cinayət təqibi orqanlarının səhvlərini təkrar etmişlər.

(b) Məhkəmənin mövqeyi

73. Məhkəmə bir daha qeyd edir ki, şəxs polis tərəfindən 3-cü maddəyə zidd olaraq ağır şəkildə pis rəftara məruz qaldığı barədə sübut oluna biləcək iddia irəli sürdüyü halda, bu müddəa Konvensiyanın 1-ci maddəsinə əsasən Dövlətin «yurisdiksiyasında olan hər kəs üçün bu Konvensiyada … müəyyən olunmuş hüquq və azadlıqların təmin edilməsinə» dair ümumi öhdəliyi ilə birlikdə oxunulduqda öz mənasında səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Həmin araşdırma məsuliyyət daşıyanların müəyyən edilməsi və cəzalandırılmasına gətirib çıxarmaq iqtidarında olmalıdır. Əks təqdirdə, işgəncələrin və qeyri-insani, yaxud alçaldıcı rəftar və cəzaların ümumi hüquqi qaydada qadağan edilməsi, öz fundamental vacibliyinə baxmayaraq (bax, yuxarıda 59-cu paraqraf), təcrübədə qeyri-effektiv olardı və bəzi hallarda Dövlətin nümayəndələri üçün onların nəzarəti altında olanların hüquqlarını faktiki olaraq cəzalandırılmadan pozmaq imkanı yaradılacaqdı (bax, Assenov və digərləri Bolqarıstana qarşı, 28 oktyabr 1998-ci il tarixli qərar, Hesabatlar 1998-VIII, s. 3290, § 102 və yuxarıda göstərilən Labita, § 131). Məhkəmənin presedent hüququnda müəyyən edilmiş səmərəliliyin minimal standartlarına həmçinin belə tələb daxildir ki, araşdırma müstəqil, qərəzsiz və ictimaiyyətin nəzarəti altında olmalı, habelə səlahiyyətli orqanlar nümunəvi səylə və çevik hərəkət etməlidirlər (bax, İsayeva və digərləri Rusiyaya qarşı, № 57947/00, 57948/00 və 57949/00, § 208-213, 24 fevral 2005-ci il və Meneşeva Rusiyaya qarşı, № 59261/00, § 64, İHAM 2006-…).

74. Məhkəmə ilk növbədə qeyd edir ki, döyülmədən sonrakı üç gün ərzində vəkili ilə görüşməyinə icazə verilmədiyindən ərizəçi pis rəftar barədə şikayətini dövlət orqanlarının nəzərinə təqdim etmək imkanında olmamışdır. Məsələ birinci dəfə dövlət orqanlarının diqqətinə 2003-cü il oktyabrın 22-də, ərizəçinin vəkili tibbi müayinənin keçirilməsi barədə vəsatəti qaldırdıqda çatdırılmışdır. Lakin onun vəsatətinə kifayət qədər səylərlə baxılmamışdır, çünki beş gündən sonra tibbi müayinənin keçirilmədiyi barədə şikayət vəkil tərəfindən prokurora verilənə qədər heç bir hərəkət yerinə yetirilməmişdir. Hətta bundan sonra tibbi müayinə iki gündən sonra keçirilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, polis orqanlarının müvəqqəti saxlanma yerlərində işgəncə qurbanı xarici aləmdən təcrid edildiyi, zəruri sübutları təsdiq və ya toplaya biləcək həkim, vəkil, ailə üzvləri və dostları ilə görüşmək imkanından məhrum edildiyi halda işgəncə barədə şikayətlərin əsaslandırılması xüsusilə çətindir (bax, yuxarıda göstərilən Aksoy, s. 2286, § 97). Dövlət orqanları hadisə ilə bağlı sübutları, o cümlədən məhkəmə-tibb ekspertizasının rəyini almaq üçün bütün münasib tədbirləri həyata keçirməlidirlər. Araşdırmanın xəsarətin səbəblərini və ya məsuliyyətli şəxsi müəyyən etmək qabiliyyətini pozan onun hər hansı çatışmazlığı bu standartın pozulmasına gətirib çıxara bilər (bax, Batı və digərləri Türkiyəyə qarşı, № 33097/96 və 57834/00, § 134, İHAM 2004-IV (çıxarışlar)). Bununla belə məhkəmə hesab edir ki, məhkəmə-tibb ekspertizası rəyinin vaxtında təmin edilməməsi hazırkı işdə araşdırmanın effektsizliyinə gətirib çıxaran vacib amillərdən biri olmuşdur. Vaxtında keçirilmiş tibbi müayinə məhkəmə-tibb eksperti üçün xəsarətlərin səbəbləri və onların yetirilməsi vaxtı barədə daha dəqiq nəticələrə gəlmək imkanını yaradacaqdı.

75. Bundan əlavə, hazırkı işdə sonradan aparılmış istintaq məqbul olmamışdır. İstintaq orqanları yalnız məhkəmə-tibb ekspertizası rəyinin öyrənilməsi və MCQMİ-də ərizəçi ilə ünsiyyətdə olmuş dörd polis əməkdaşının dindirilməsi ilə kifayətlənmişlər. Hər hansı başqa şahid dindirilməmişdir. Bununla əlaqədar olaraq, ərizəçinin pis rəftara məruz qalmasının müəyyən edilməsi nəticəsində MCQMİ əməkdaşlarının cinayət məsuliyyətinə cəlb olunması ehtimalını nəzərə alaraq pis rəftar barədə iddiaların dindirilmiş polis əməkdaşları tərəfindən rədd edilməsi məhkəməyə heç də qeyri-adi hal kimi görünmür. Bununla belə, ərizəçinin ifadələrinin və inkaredilməz bədən xəsarətlərinin olmasına baxmayaraq, müstəntiq polis əməkdaşlarının ifadələrini əsas götürərək, cinayət işinin başlanmasını rədd etmişdir.

76. Belə məhdud araşdırma əsasında müstəntiq xəsarətlərin 2003-cü il 16 oktyabr hadisələri zamanı yetirilməsi ehtimalının istisna olmadığını göstərən məhkəmə-tibb ekspertizasının qəti olmayan rəyinə əsaslanaraq, ərizəçinin xəsarətlərinin belə qaydada əmələ gəlməsini güman etmişdir. Eyni zamanda, müstəntiq nəzərə almamışdır ki, məhkəmə-tibb ekspertizasının rəyində xəsarətlərin ərizəçinin tutulmasından sonra yetirilməsi ehtimalı, oxşar qaydada, istisna edilməmişdir. Əslində, bununla pis rəftar barədə iddiaları sübut etmək vəzifəsi ərizəçinin üzərinə qoyulmuşdur. Eyni zamanda, yuxarıda qeyd edildiyi kimi, şəxsin azadlıqdan məhrum etmə yerlərində xəsarət alması aşkar edildiyi hallarda xəsarətlərin səbəblərinə dair məqbul və inandırıcı izahat verilməsi və sübut etmək vəzifəsi dövlət orqanları üzərindədir (bax, yuxarıda 60 və 62-ci paraqraflar).

77. Məhkəmə həmçinin qeyd edir ki, istintaq orqanı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etdikdə MCQMİ müvəqqəti saxlama təcridxanası əməkdaşının ərizəçinin MCQMİ-yə daxil olması zamanı sağlam vəziyyətdə olduğu barədə birmənalı ifadələrini tamamilə nəzərə almamışdır. Cinayət prosesinin heç bir mərhələsində dövlət orqanları bu əməkdaşın ifadələrinin etibarsız olmasını müəyyən etməmişlər. Tək bu ifadə müstəntiqin ərizəçi üzərində xəsarətlərin müvəqqəti saxlama yerində yetirildiyi nəticəsina gəlməsinə gətirib çıxara bilərdi.

78. Bundan əlavə, ərizəçi davamlı olaraq bildirmişdir ki, o, 2003-cü il 16 oktyabr hadisələri zamanı Azadlıq meydanında olmamış və buna görə orada xəsarət ala bilməzdi. Lakin istintaq zamanı dövlət orqanları bu məlumatı yoxlamaq üçün ərizəçinin Azadlıq meydanında olmadığının təsdiq edə biləcək hər hansı şahidin dindirilməsi kimi heç bir tədbir görməmişlər. Onlar ərizəçinin tutulmasından əvvəl zədələnmiş olub-olmadığını bildirə biləcək digər hər hansı şahidlərin (məsələn, ərizəçinin ailə üzvləri, qonşular, yaxud ərizəçinin tutulmasından əvvəl onunla ünsiyyətdə olmuş digər şəxslər) ifadələrini almaq üçün də tədbir görməmişlər. Onlar həmçinin ərizəçini döyülməsindən dərhal sonra görmüş, MCQMİ-də onunla bir kamerada saxlanılan şəxsləri də dindirməmişlər.

79. Həmin çoxsaylı nöqsan və çatışmazlıqları nəzərə alaraq, məhkəmə müəyyən edir ki, ərizəçinin pis rəftar barədə şikayətləri ilə bağlı effektiv araşdırma aparılmamışdır. Bununla da, bu baxımdan Konvensiyanın 3-cü maddəsinin pozulması baş vermişdir.

II. Konvensiyanın 13-cü maddəsinin pozuntusu iddiası

80. Ərizəçi şikayət etmişdir ki, polis orqanının müvəqqəti saxlama yerində onun pis rəftara məruz qalması barədə Konvensiyaya əsasən şikayəti ilə əlaqədar effektiv hüquqi müdafiə vasitəsindən məhrum edilmişdir. O, Konvensiyanın aşağıdakı məzmunda olan 13-cü maddəsinə əsaslanmışdır:
«Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.»

A. Qəbuledilənlik

81. Məhkəmə qeyd edir ki, bu şikayət yuxarıda baxılmış şikayətlə bağlıdır və buna görə eyni qaydada qəbuledilən sayılmalıdır.

B. Mahiyyət

82. Tərəflərin dəlilləri və Konvensiyanın 3-cü maddəsinin prosessual məqamları ilə bağlı dəlillər mahiyyətcə eyni olmuşdur.

83. Məhkəmə təkrarlayır ki, Konvensiyanın 13-cü maddəsi Konvensiya hüquq və azadlıqlarının mahiyyətinin onların dövlətdaxili hüquq qaydasında təmin edilməsi formasından asılı olmayaraq yerinə yetirilməsi üçün hüquqi müdafiə vasitələrinin milli səviyyədə mümkünlüyünü təmin edir. Ümumi qayda olaraq, bir hüquqi müdafiə vasitəsi özlüyündə 13-cü maddənin tələblərini tam şəkildə təmin edə bilmədikdə, daxili qanunvericilikdə nəzərdə tutulmuş hüquqi müdafiə vasitələrinin məcmusu bunu edə bilər (bax, məsələn, Kudla Polşaya qarşı (Böyük Palata), № 30210/96, § 157, İHAM 2000-XI və yuxarıda göstərilən Meneşeva, § 71).

84. Eyni zamanda, 13-cü maddəyə əsasən Dövlətin öhdəliyinin dairəsi ərizəçinin şikayətlərinin xarakterindən asılı olaraq müxtəlifdir və müəyyən hallarda Konvensiya xüsusi hüquqi müdafiə vasitəsinin nəzərdə tutulmasını tələb edir. Bununla belə, şübhəli ölüm və ya pis rəftar hallarında, 2 və 3-cü maddələri ilə qorunan hüquqların fundamental əhəmiyyətini nəzərə alaraq 13-cü maddə tələb edir ki, müvafiq hallarda kompensasiyanın ödənilməsindən əlavə məsuliyyətli şəxslərin müəyyən edilməsi və cəzalandırılmasına gətirib çıxarmaq iqtidarında olan hərtərəfli və səmərəli araşdırma aparılsın (bax, yuxarıda göstərilən Aksoy, s. 2286 and 2287, § 95 and 98 və yuxarıda göstərilən Assenov və digərləri, s. 3293, § 117).

85. Hazırkı işdə təqdim edilmiş sübutlar əsasında məhkəmə müəyyən etmişdir ki, ərizəçinin MCQMİ müvəqqəti saxlama təcridxanasında aldığı xəsarətlərə görə dövlət orqanları məsuliyyət daşımışlar. Ərizəçinin bununla bağlı dövlət orqanlarına şikayətləri eyni sübuta əsaslandırılmış və buna görə, 13-cü maddənin məqsədləri üçün «sübut oluna bilən» olmuşlar (bax, Boyle və Rice Birləşmiş Krallığa qarşı, 27 aprel 1988-ci il tarixli qərar, A Seriyaları № 131, s. 23, § 52). Bununla belə, dövlət orqanlarının üzərində polis əməkdaşlarına qarşı irəli sürülmüş şikayətlər üzrə səmərəli araşdırma aparmaq öhdəliyi olmuşdur.

86. Yuxarıda göstərilmiş səbəblərə görə, məhkəmə müəyyən etmişdir ki, ərizəçinin iddiaları ilə bağlı araşdırma kifayət qədər hərtərəfli və səmərəli olmamışdır. Eynilə, cinayət işi üzrə istintaqın nəticələrini yoxlamış yerli məhkəmələr işin hallarını müstəqil qaydada qiymətləndirməyə cəhd göstərmədən ərizəçinin şikayətlərinin əsassız olması barədə müstəntiqin rəyini sadəcə təsdiq etmiş və əslində, cinayət işinin istintaqı zamanı müstəntiq tərəfindən buraxılmış nöqsan və çatışmazlıqlara yol vermişlər.

87. Bununla belə, hazırkı işdə səmərəli araşdırmanın aparılmadığı barədə nəticəni nəzərə alaraq məhkəmə müəyyən edir ki, ərizəçi polis orqanının müvəqqəti saxlama yerində pis rəftara məruz qalması ilə əlaqədar səmərəli hüquqi müdafiə vasitəsindən məhrum edilmişdir. Nəticə etibarilə, Konvensiyanın 13-cü maddəsinin pozulması baş vermişdir.

III. Konvensiyanın 14-cü maddəsinin iddia edilən pozuntusu

88. Ərizəçi şikayət etmişdir ki, o, öz siyasi fikirlərinə və müxtəlif partiyada üzvlüyünə görə işgəncəyə və başqa yolla pis rəftara məruz qalmışdır. Bununla da, o, aşağıdakı məzmunda olan Konvensiyanın 14-cü maddəsində nəzərdə tutulmuş qadağaya zidd olaraq ayrı-seçkiliyə məruz qalmışdır:
«Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır.»

89. Hökumət bildirmişdir ki, ərizəçi yerli hüquqi müdafiə vasitələrini tükəndirməmişdir, çünki o, ayrı-seçkiliklə bağlı şikayətlərini heç bir yerli dövlət orqanı qarşısında irəli sürməmişdir. Hər halda, Hökumət bildirmişdir ki, ərizəçi hər hansı ayrı-seçkiliyə məruz qalmamışdır.

90. Ərizəçi öz şikayətində təkid edərək bildirmişdir ki, bununla əlaqədar hər hansı ayrıca yerli hüquqi müdafiə vasitələrinin tükəndirilməsi tələb edilməmişdir.

91. Həmin şikayətlə əlaqədar ərizəçi tərəfindən bütün yerli hüquqi müdafiə vasitələrinin tükəndirilməsi ehtimal edilsə də, məhkəmə hesab edir ki, o, ayrı-seçkiliklə bağlı belə sübutları təqdim etməmişdir ki, onlar məhkəmə üçün hazırkı işdə 14-cü maddənin pozulub-pozulmadığı məsələsini araşdırmaq imkanını yaratsınlar. Bununla da, həmin şikayət açıq-aydın əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndərinə uyğun olaraq rədd edilməlidir.

IV. Konvensiyanın 41-ci maddəsinin tətbiqi

92. Konvensiyanın 41-ci maddəsində aşağıdakılar nəzərdə tutulur:

«Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.»

A. Zərər

1. Maddi zərər

93. Ərizəçi maddi zərərlə əlaqədar 100.000 Avro məbləğində tələb irəli sürmüşdür. O, iddia etmişdir ki, müvəqqəti saxlama yerində döyülməsi nəticəsində ona «həyatın qalan hissəsində bərpa olunmaz zərər vurulmuşdur». O, indiyə kimi ayaqlarındakı post-travmatik ağrılardan əziyyət çəkir və mütəmadi tibbi yardım almalıdır. O, bu iddiaları əsaslandıraraq psixoterapiya, masaj müalicəsini təyin etdirən, yaxın keçmişdə (2006-cı ildə) verilmiş tibbi arayışları təqdim etmişdir.

94. Hökumət bildirmişdir ki, ərizəçi maddi ziyanı təsdiq edən hər hansı sübutları təqdim edə bilmədi.

95. Məhkəmə aşkar olunmuş pozuntu ilə iddia edilən maddi ziyan arasında hər hansı səbəbli əlaqə görmür. Xüsusən, ərizəçinin səhhətindəki mövcud problemlərin 2003-cü ildə müvəqqəti saxlama yerində döyülməsindən birbaşa irəli gəlməsi təqdim olunmuş tibbi arayışlardan aydın görünmür. Bundan əlavə, bu arayışlarda müəyyən tibbi müalicənin təyin olunmasına baxmayaraq, onlarda bu müalicənin müddəti, intensivliyi və ya dəyəri göstərilmir. Nəhayət, ərizəçi saxlama yerindən çıxdıqdan sonra həqiqətən müalicə almasını təsdiq edən, yaxud müalicənin dəyərini göstərən sübutları təqdim etməmişdir. Buna görə Məhkəmə ərizəçinin maddi zərərlə bağlı iddialarını rədd edir.

2. Mənəvi zərər

96. Ərizəçi mənəvi zərərlə bağlı 400.000 Avro məbləğində tələb irəli sürmüşdür. O, bildirmişdir ki, müvəqqəti saxlama yerində ona qarşı pis rəftar nəticəsində ciddi mənəvi əzablar çəkmişdir.

97. Hökumət qeyd etmişdir ki, iddia edilən məbləğ əsassız olaraq yüksək olmuşdur.

98. Ərizəçinin polis saxlama yerində işgəncəyə məruz qalması və onun şikayətləri üzrə aparılmış yerli araşdırmanın səmərəsiz olması barədə nəticələri nəzərə alaraq məhkəmə hesab edir ki, bunların əvəzi yalnız pozuntunun müəyyən edilməsi ilə ödənilə bilməz. Bununla belə, tələb edilən məbləğ həddindən artıq yüksəkdir. Konvensiyanın 41-ci maddəsi ilə tələb edildiyi kimi, ədalətli əsaslarla qiymətləndirmə nəticəsində məhkəmə ərizəçiyə mənəvi zərərlə bağlı 10.000 Avro məbləğinin, bu məbləğdən hesab oluna biləcək hər hansı vergilər məbləği üstünə gəlməklə ödənilməsini təyin edir.

B. Xərc və məsrəflər

99. Ərizəçi həmçinin poçt xərclərinə görə 100 Avro, yerli məhkəmələr qarşısında çəkilmiş xərclər və məsrəflərə görə 890 Avro və məhkəmə qarşısında çəkilmiş xərclər və məsrəflərə görə 890 Avro məbləğində tələbi irəli sürmüşdür. O, yalnız 46 ABŞ dolları (təxminən 37 Avro) məbləğində poçt xərclərini təsdiq edən sənədi təqdim etmişdir. O, yerli məhkəmələr qarşısında çəkilmiş xərclər və məsrəfləri təsdiq edən sənədləri təqdim etməmişdir.

100. Hökumət həmin xərclər və məsrəflər ilə əlaqədar heç bir rəy bildirməmişdir.

101. Məhkəmənin presedent hüququna müvafiq olaraq, yalnız xərclər və məsrəflərin həqiqətən və zəruri olaraq, həmçinin əsaslandırılmış həcmdə çəkilməsi göstərildiyi halda ərizəçi onların əvəzinin ödənilməsi hüququna malikdir. Hazırkı işdə məhkəmə poçt xərclərinin ərizəçinin əsaslandırdığı məbləğdə, yəni 37 Avro məbləğində ödənilməsini təyin edəcəkdir. Yerli məhkəmələr qarşısında çəkilmiş xərclər və məsrəflərə gəldikdə, işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, ərizəçinin həmin xərclər və məsrəflər ilə əlaqədar sübutları təqdim etmədiyinə baxmayaraq, ərizəçinin tələb etdiyi məbləğin ödənilməsinin təyin edilməsi məqsədəuyğun olar. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə qarşısında çəkilmiş xərclər və məsrəflərə görə ərizəçinin tələb etdiyi məbləğin ödənilməsinin təyin edilməsi məqsədəuyğun olar. Bununla belə, məhkəmə bütün başlıqlar altında xərclərə görə 1.817 Avro məbləğinin, əlavə olaraq bu məbləğdən hesab oluna biləcək hər hansı vergilər məbləğinin ödənilməsini təyin edir.

C. Faiz dərəcəsi

102. Məhkəmə müddəti keçmiş ödənişə görə faizlərin üç faiz nöqtəsi əlavə etməklə Avropa Mərkəzi Bankının son faiz dərəcəsinə əsasən hesablanmasının münasib olduğunu hesab edir.

 

Bu səbəblərə əsasən məhkəmə yekdilliklə

1. Saxlama yerində pis rəftara və yerli hüquqi müdafiə vasitələrinin səmərəli olmadığına dair şikayətləri qəbuledilən, ərizənin qalan hissəsini isə qəbuledilməz elan edir;

2. Qərara alır ki, polis saxlama yerində pis rəftar ilə əlaqədar Konvensiyanın 3-cü maddəsi pozulmuşdur;

3. Qərara alır ki, ərizəçinin pis rəftar barədə şikayətləri üzrə səmərəli araşdırmanın olmadığı ilə əlaqədar Konvensiyanın 3-cü maddəsi pozulmuşdur;

4. Qərara alır ki, Konvensiyanın 13-cü maddəsi pozulmuşdur;

5. Qərara alır ki,

(a) cavabdeh Dövlət qərarın Konvensiyanın 44-cü maddəsinin 2-ci hissəsinə müvafiq olaraq qəti qüvvəyə minməsi tarixindən sonra üç ay müddətində ərizəçiyə mənəvi ziyanla bağlı 10.000 (on min) Avro və xərclər və məsrəflərə görə 1.817 (bir min səkkiz yüz on yeddi) Avro məbləğini, əlavə olaraq bu məbləğlərdən hesab oluna biləcək hər hansı vergilər məbləğini ödəniş günü tətbiq edilən məzənnə ilə Yeni Azərbaycan Manatı ilə ödəməlidir;

(b) həmin üç ay müddəti keçdikdən sonra ödənməyə qədər gecikdirilmiş müddətə görə yuxarıda göstərilən məbləğlərə üç faiz nöqtəsi əlavə etməklə, Avropa Mərkəzi Bankının son faiz dərəcəsinə bərabər faizlər əlavə ödənilməlidir;

6. Əvəzinin ədalətli ödənilməsi üzrə ərizəçinin iddialarının qalan hissəsini rədd edir.

İngilis dilində tərtib edilmiş və Məhkəmə Reqlamentinin 77-ci maddəsinin 2 və 3-cü bəndlərinə müvafiq olaraq 2007-ci il yanvarın 11-də yazılı surətdə elan edilmişdir.

Soren Nilsen                                                              Xristos Rozakis
Katib                                                                                      Sədr