BİRİNCİ BÖLMƏ
Abbasov Azərbaycana qarşı
(Ərizə №24271/05)
Qərar
Strasburq, 17 yanvar 2008-ci il
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti qüvvəyə minir. Qərara redaktə xarakterli dəyişikliklər edilə bilər.
Abbasov Azərbaycana qarşı iş üzrə,
İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə,
Xristos Rozakis, Sədr,
Lukis Lukaides,
Nina Vajiç,
Xanlar Hacıyev,
Din Spilman,
Sverr Erik Jebens,
Ciorcio Malinverni; hakimlər,
və Soren Nilsen, Bölmə Katibi,
11 dekabr 2007-ci ildə qapalı şəkildə müzakirə edərək, həmin gün bu qərarı qəbul etdi:
Prosedur
1. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın (bundan sonra — «Konvensiya») 34-cü maddəsinə əsasən, Azərbaycanın vətəndaşı Elçin Nəriman oğlu Abbasov (bundan sonra — «ərizəçi») tərəfindən Azərbaycana qarşı verdiyi şikayət (№ 24271/05) üzrə iş 30 may 2005-ci ildə başlanılmışdır.
2. Hüquqi yardım alan ərizəçini cənab E. Zeynalov təmsil edib. Azərbaycan Hökumətini (bundan sonra — «Hökumət») onun nümayəndəsi cənab Ç. Əsgərov təmsil edib.
3. Ərizəçi xüsusilə şikayət edib ki, onun şikayətinə dair məhkəmə baxışında iştirak etmək üçün Ali Məhkəmə tərəfindən ona çağırış vərəqəsinin göndərilməməsi nəticəsində onun ədalətli araşdırma hüququ pozulmuşdur.
4. 24 oktyabr 2006-cı ildə Məhkəmə şikayəti qismən qeyri-məqbul elan edib və qərara gəlib ki, şikayətinə baxılması ilə bağlı ərizəçinin məlumatsızlığı haqqında şikayəti Hökumətə göndərsin. Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndinə müvafiq olaraq, Məhkəmə qərara gəldi ki, şikayətin mahiyyətinə onun məqbuliyyəti ilə eyni vaxtda baxsın.
Faktlar
I. İşin halları
A. Ərizəçinin ilkin məhkum edilməsi və azadlığa buraxılması
5. Ərizəçi 1964-cü ildə Azərbaycanda — Daşkəsəndə anadan olub və hazırda Rusiyada yaşayır.
6. Ərizəçi Azərbaycan ordusunda hissə komandiri olub. 07 oktyabr 1994-cü ildə o, S. Hüseynov tərəfindən təşkil olunmuş dövlət çevrilişində iddia olunan iştirakına görə Azərbaycanın Gəncə şəhərində həbs olunub.
7. 31 iyul 1996-cı ildə xüsusilə ağır cinayətlərə görə birinci instansiya qismində Ali Məhkəmə ərizəçini vətənə xəyanətə, vətəndaşlara və konstitusion hakimiyyət orqanlarına qarşı silahlı qüvvələrdən istifadə etməsinə, qanunsuz silahlı qüvvələrin yaradılmasına və silahlara qanunsuz sahib olduğuna görə məhkum etmişdir. Ona əmlakı müsadirə olunmaqla 13 il azadlıqdan məhrumetmə cəzası verilmişdir. Bu qərar qəti olub və həmin vaxt qüvvədə olan cinayət prosessual qaydalara əsasən ondan şikayət verilə bilməzdi.
8. Azərbaycan Avropa Şurasına qəbul olunarkən, ərizəçinin adı Baş Katibin ekspertləri tərəfindən təqdim olunmuş «iddia olunan siyasi məhbusların» siyahısına daxil olunmuşdur.
9. Prezidentin 18 oktyabr 2002-ci il tarixli əfv fərmanına əsasən ərizəçinin cəzası yarıyadək azaldılmışdır.
10. Prezidentin digər 28 avqust 2003-cü il tarixli əfv fərmanına əsasən ərizəçi cəzasının qalan hissəsinin çəkilməsindən azad olunmuşdur. Ərizəçi daha məhbus olmadığı üçün Baş Katibin ekspertləri tərəfindən onun siyasi məhbus kimi qiymətləndirilməli olub-olmamasına dair yekun rəy qəbul olunmamışdır.
B. Kassasiya araşdırmaları
11. 2000-ci ildə Azərbaycan Respublikasının yeni Cinayət Prosessual Məcəlləsi (bundan sonra — «CPM») və yeni Cinayət Məcəlləsi qəbul olunub. 01 sentyabr 2000-ci ildə yeni CPM qüvvəyə minənədək 14 iyul 2000-ci ildə Parlament köhnə cinayət prosessual qaydalara əsasən çıxarılmış yekun hökmlərdən yeni CPM-ə müvafiq olaraq şikayət etməyə icazə verən keçid qanunu qəbul edib (bundan sonra — «Keçid Qanunu»).
12. 11 avqust 2004-cü ildə ərizəçi Keçid Qanunu ilə verilmiş imkandan istifadə edərək, 31 iyul 1996-cı il tarixli hökmdən Ali Məhkəməyə kassasiya şikayəti verdi. 17 avqust 2004-cü ildə ərizəçi tərəfindən mübahisələndirilən hökmün surətinin təqdim edilmədiyinə əsaslanaraq, Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina etdi.
13. 04 oktyabr 2004-cü ildə ərizəçi yenidən Ali Məhkəmədə 06 oktyabr 2004-cü ildə qeydiyyatdan keçən kassasiya şikayəti verdi. Öz şikayətində o, qeyd etdi ki, onun əfv olunaraq həbsdən azad olunmasına baxmayaraq, vətənə xəyanətə görə məhkum olunması olduğu kimi qalıb. O iddia edib ki, onun barəsində birinci instansiya məhkəməsində araşdırma ədalətsiz ola bilərdi. O, həmçinin iddia etdi ki, törədilməsinə görə onun məhkum edildiyi əməllər yeni Cinayət Məcəlləsinə əsasən «vətənə xəyanət» kimi qiymətləndirilməməlidir. O, məhkəmədən xahiş etdi ki, 31 iyul 1996-cı il tarixli hökmü ləğv etsin.
14. Hökumətə görə, 15 oktyabr 2004-cü ildə Ali Məhkəmə «ərizəçini məlumatlandırdı ki, onun işinə dair məhkəmə iclası 07 dekabr 2004-cü ildə keçiriləcəkdir». Ərizəçiyə görə, o, hər hansı çağırış vərəqələri almayıb və ümumiyyətlə, onun işi ilə bağlı hər hansı məlumatı bir neçə ay ərzində almayıb.
15. 27 yanvar 2005-ci ildə ərizəçi araşdırmalarla bağlı vəziyyət barədə məlumat tələb etməklə, Ali Məhkəməyə məktub yazdı. Ərizəçiyə məlumat verildi ki, 07 dekabr 2004-cü ildə Ali Məhkəmə dövlət ittihamçısının iştirakı ilə, lakin onun iştirakı olmadan kassasiya şikayətinə baxmışdır. Qərar məhkəmə iclasının ərizəçinin iştirakı olmadan keçirilməsinə toxunmurdu. Məhkəmə iclası zamanı prokuror şikayəti rədd etməyi xahiş etdi. Məhkəmə müəyyən etdi ki, ərizəçinin təqsiri birinci instansiya məhkəməsində araşdırma zamanı tam sübuta yetirilib və bu əməllər cinayət qanununa əsasən düzgün qiymətləndirilib. Müvafiq olaraq, məhkəmə ərizəçinin şikayətini açıq-aşkar əsassız kimi rədd edib.
II. Uyğun daxili qanunvericilik
17. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin qəbul edilməsi və qüvvəyə minməsi haqqında 14 iyul 2000-ci il tarixli Qanununa (bundan sonra — «Keçid Qanunu») əsasən yeni CPM-in qüvvəyə minməsindən əvvəl köhnə CPM-ə müvafiq olaraq birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və digər yekun qərarlarına yeni CPM-in müvafiq müddəalarına əsasən apellyasiya məhkəməsi və ya Ali Məhkəmə tərəfindən yenidən baxıla bilər.
18. Yeni CPM-in 415.0.3-cü maddəsinə əsasən, şikayəti verən şəxs mübahisələndirilən hökm və ya qərarın surətini şikayətinə qoşmadığı təqdirdə, Ali Məhkəmə kassasiya şikayətini baxılmamış saxlaya bilər.
19. Ali Məhkəməyə verilən kassasiya şikayəti ilkin öyrənilmə üçün Ali Məhkəmənin müvafiq kollegiyasının hakimlərinin birinə təqdim olunur (CPM-in 418.1-ci maddəsi). Şikayəti aldıqdan sonra üç gün müddətində onun ilkin öyrənilməsini aparan hakim, inter alia, dövlət ittihamçısını, məhkum olunmuş (və ya bəraət almış) şəxsi, işdə iştirak edən digər şəxsləri və ya maraqlı şəxsləri şikayətin mahiyyəti üzrə araşdırılmasının vaxtı və yeri barədə məlumatlandırmalıdır (CPM-in 418.2 və 418.2.7-ci maddələri).
20. Şikayətin mahiyyətini araşdırarkən, Ali Məhkəmə yalnız hüquqi məsələlərə baxır və cinayət və cinayət prosessual qanunvericiliyin qaydalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır (CPM-in 419.1-ci maddəsi). Mahiyyət üzrə araşdırma üç hakimdən ibarət olan kollegiya tərəfindən həyata keçirilir. Şikayəti vermək hüququna malik olan şəxslər və Ali Məhkəmə qarşısında prokurorluğu təmsil edən dövlət ittihamçısı məhkəmə icasında iştirak etmək hüququna malikdirlər (CPM-in 419.2-ci maddəsi).
21. Ali Məhkəmənin iclası hansı məhkəmə qərarına və nə əsasla baxıldığını, işə baxan kollegiyanın tərkibini və iclasda tərəflərdən kimin iştirak etdiyini elan edən kollegiyanın sədri tərəfindən açılır. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış şikayətçinin iştirak etməməsi Ali Məhkəmə tərəfindən onun iştirakı olmadan işə baxılmasına mane olmur (CPM-in 419.4-cü maddəsi).
Hüquqi məsələlər
I. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusu iddiası
22. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə istinadən ərizəçi şikayət edib ki, Ali Məhkəmə tərəfindən 07 dekabr 2004-cü il tarixdə onun kassasiya şikayətinə baxılması barədə məlumatlandırılmayıb və buna görə məhkəmə iclasında iştirak edə bilməyib. O, həmçinin Konvensiyanın 6-cı maddəsinin 3 (b) və (c) bəndlərinə əsasən şikayət edib ki, belə olan halda, o, lazımi müdafiəni təşkil edə, özünü şəxsən müdafiə edə və ya məhkəmə iclası zamanı Dövlət tərəfindən təyin olunmuş vəkil vasitəsi ilə təmsil oluna bilməyib.
23. Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin təminatları fundamental elementlərdir və onların arasında ədalətli araşdırma barədə ümumi anlayış mövcuddur (bax: Kolozza İtaliyaya qarşı, 12 fevral 1985-ci il tarixli Qərar, A Seriyaları, № 89, s. 14, § 26). Hazırkı işin halları baxımından Məhkəmə hesab edir ki, bu təminatları nəzərə almaqla, o, Konvensiyanın aşağıda göstərilən 6-cı maddəsinin 1-ci bəndinə əsasən şikayəti araşdırmalıdır:
«Hər kəs, … ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, … məhkəmə vasitəsilə, … işinin ədalətli… araşdırılması hüququna malikdir.»
A. Qəbuledilənlik
24. Məhkəmə qeyd edir ki, ərizəçinin ilkin araşdırılması Məhkəmənin zaman səlahiyyətindən kənara düşür (bax: qəbuledilənliklə bağlı 24 oktyabr 2006-cı il tarixli hissəvi qərardada) və məhkum edildiyi dövrdə əvvəlki cinayət prosessual qaydalarına əsasən onun üçün əlçatan olan hər hansı şikayət mövcud olmayıb. Ərizəçinin məhkum edilməsindən sonra qəbul olunmuş yeni CPM və Keçid Qanunu cinayət prosesinin köhnə qaydalarına əsasən çıxarılmış yekun qərarlardan yeni cinayət prosessual qaydalarına müvafiq olaraq şikayət vermək hüququnu verdi. Bununla bağlı, Məhkəmə özünün mövqeyini xatırladır ki, Konvensiyanın 6-cı maddəsi cinayət işləri üzrə Keçid Qanuna əsasən verilmiş şikayətlərə dair qəbulediləndir (bax: Hacıyev Azərbaycana qarşı, № 5548/03, § 32, 16 noyabr 2006-cı il).
25. Daha sonra Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənası baxımından açıq-aydın əsassız deyildir. Şikayət hər hansı digər əsaslar üzrə qeyri-məqbul deyildir və buna görə qəbuledilən sayılmalıdır.
B. Mahiyyət
1. Tərəflərin dəlilləri
26. Hökumət bildirdi ki, CPM-in 419.4-cü maddəsinə əsasən şikayətçi məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırıldığı halda, iclasda iştirak etməməsi işə onun iştirakı olmadan baxılmasına mane olmur. Hökumət iddia etdi ki, ərizəçi məhkəmə iclasının günü barədə lazımi qaydada məlumatlandırılıb. Onlar ərizəçiyə ünvanlanan və üstündə 15 oktyabr 2004-cü il tarixi qoyulan Ali Məhkəmənin sədr müavini tərəfindən imzalanmış çağırış vərəqələrinin surətlərini təqdim ediblər. Çağırış vərəqələrində göstərilib ki, məhkəmə iclası 07 dekabr 2004-cü il tarixə saat 10-a təyin olunub.
27. Ərizəçi israr etdi ki, o, çağırış vərəqələrini almayıb və iddia etdi ki, bunun nəticəsində, o, çəkişmə ilə həyata keçirilən məhkəmə araşdırılması hüququndan məhrum olunmuşdur.
2. Məhkəmənin qiymətləndirməsi
28. Məhkəmə qeyd edir ki, 07 dekabr 2004-cü il tarixdə Ali Məhkəmə tərəfindən ərizəçinin kassasiya şikayətinə onun iştirakı olmadan baxılmasını tərəflər mübahisələndirmir. Lakin, tərəflər ərizəçinin bu barədə əvvəlcədən məlumatlandırılması ilə bağlı məsələdə mübahisə etmişlər.
29. Hökumət tərəfindən 15 oktyabr 2004-cü ildə verilmiş çağırış vərəqələrinin təqdim olunmasına baxmayaraq, Məhkəmə qeyd edir ki, bu çağırış vərəqələri poçtda qeydiyyata alınmayıb və Hökumət onların həqiqətən ərizəçiyə göndərilməsinə və ya digər yolla ona çatdırılmasına dair hər hansı sübut təqdim etməyib. Belə olan halda, məhkəmə iclasının keçirilməsi barədə ərizəçinin lazımi qaydada məlumatlandırılması ilə bağlı mövqeyinin təsdiqi üçün Hökumət tərəfindən təqdim olunmuş sübut Məhkəmə üçün inandırıcı deyildir (müqayisə et, Metelitsa Rusiyaya qarşı, № 33132/02, § 33, 22 iyun 2006-cı il).
30. Məhkəmə xatırladır ki, ədalətli araşdırma anlayışı tərəflərin bərabərliyi prinsipini və cinayət araşdırmalarının çəkişməli olması barədə fundamental hüququ ehtiva edir. Bu nəzərdə tutur ki, həm prokurorluğa, həm də müdafiə tərəfinə digər tərəfin təqdim etdiyi bütün dəlillərdən və verilmiş bütün sübutlardan xəbərdar olmasına və onlara dair mövqeyinin bildirilməsinə imkan verilsin (bax: Brandsteter Avstriyaya qarşı, 28 avqust 1991-ci il tarixli Qərar, A Seriyaları, № 211, s. 27, § § 66-67).
31. Bundan başqa, Konvensiyanın 6-cı maddəsi bütövlükdə götürülməklə təminat verir ki, cinayətdə təqsirləndirilən şəxs ümumi prinsip kimi ona qarşı cinayət ittihamına aid məhkəmə iclasında səmərəli olaraq iştirak etsin. Bu hüquq çəkişmə prosesinin özünün anlayışında olmaqla, Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (c), (d) və (e) yarımbəndlərində təsbit olunan təminatlardan da irəli gələ bilər (bax: yuxarıda qeyd edilən Kolozza, s. 14, § 27, və Stanford Birləşmiş Krallığa qarşı, 23 fevral 1994-cü il tarixli Qərar, A Seriyaları, № 282-A, s. 10-11, § 26). Hazırkı işdə görmək çətindir ki, hansı yolla ərizəçi məhkəmə iclası barədə əvvəlcədən məlumatlandırılmadan bu hüquqlarını həyata keçirə bilər.
32. Daha sonra, Məhkəmə qeyd edir ki, dövlət ittihamçısı məhkəmə iclasında iştirak edib və məhkəməyə şifahi dəlillərini bildirib. Bu dəlillər ərizəçinin şikayətinin rədd olunmasına və onun hökmünün qüvvədə saxlanılmasına yönəlib. Belə olan halda və ərizəçinin hüquqi şəkildə təmsil olunmamasını nəzərə alaraq, Ali Məhkəmənin üzərinə vəzifə düşürdü ki, araşdırmaları çəkişməli xarakterdə həyata keçirmək üçün ərizəçinin iştirakının təmin edilməsi məqsədilə tədbirlər görsün. Lakin ərizəçinin iştirakı olmadan məhkəmə iclasını davam etdirmək üçün məsələni həll edərkən, çağırış vərəqələrinin həqiqətən ərizəçiyə çatmasında Ali Məhkəmə tərəfindən əmin olmasına dair hər hansı əsaslar mövcud deyildir. Ali Məhkəmənin qərarı məhkəmə iclasının ərizəçinin iştirakı olmadan həyata keçirilməsi məsələsinə toxunmurdu.
33. Məhkəmə daha sonra xatırladır ki, bəzi işlərdə o müəyyən etdi ki, şikayət üzrə yalnız hüquqi məsələlərə baxıldığı məhkəmə iclasında təqsirləndirilən şəxsin şəxsən iştirakı həlledici deyildir (bax: məsələn, Kremzov Avstriyaya qarşı, 21 sentyabr 1993-cü il tarixli Qərar, A Seriyaları, № 268-B və Karamasinski Avstriyaya qarşı, 19 dekabr 1989-cu il tarixli Qərar, A Seriyaları, № 168). Lakin Məhkəmə hesab edir ki, hazırkı iş təqsirləndirilən şəxslərin vəkil vasitəsi ilə təmsil olunduqları və prinsipcə hər birinin öz müdafiəsini təşkil etmək imkanında olduğu Kremzov və Karamasinskinin işlərindən fərqlənir. Hazırkı işdə, ərizəçi daha əhəmiyyətli şəkildə bunu etmək imkanında olmayıb, ona görə ki, o, məhkəmə iclası barədə əvvəlcədən məlumatlandırılmayıb (müqayisə et, Ziliberberq Moldovaya qarşı, № 61821/00, § 41, 01 fevral 2005-ci il).
34. Belə nəticə çıxır ki, Ali Məhkəmə qarşısında araşdırmalar ədalətlilik barədə tələbə uyğun deyildir. Müvafiq olaraq, bu iş üzrə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulub.
II. Konvensiyanın 46 və 41-ci maddələri
A. Konvensiyanın 46-cı maddəsi
35. Konvensiyanın 46-cı maddəsi aşağıdakıları nəzərdə tutur:
«1. Razılığa gələn Yüksək Tərəflər Məhkəmənin onların tərəf olduqları işlər üzrə yekun qərarına riayət etməyi öhdələrinə götürürlər.
2. Məhkəmənin yekun qərarı onun icrasına nəzarəti həyata keçirən Nazirlər Komitəsinə göndərilir.»
36. Məhkəmə xatırladır ki, onun qərarları əsasən deklarativ xarakter daşıyır və ümumiyyətlə, bu, ilkin olaraq Dövlətə aiddir ki, Nazirlər Komitəsinin nəzərəti altında Konvensiyanın 46-cı maddəsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək üçün daxili qanunvericilik sistemində istifadə edilməli olan tədbirləri seçsin (bax: digərləri ilə yanaşı, Ocalan Türkiyəyə qarşı (Böyük Palata), № 46221/99, § 210, İHAM 2005-IV və Skozzari və Giunta İtaliyaya qarşı (Böyük Palata), № 39221/98 və 41963/98, § 249, İHAM 2000-VIII).
37. Lakin müstəsna olaraq, cavabdeh Dövlətə Konvensiyanın 46-cı maddəsinə əsasən onun götürdüyü öhdəliklərin yerinə yetirilməsinə kömək etmək üçün, Məhkəmə mövcud olmasını aşkar etdiyi sistemli vəziyyətə son qoyulması məqsədilə görülməli olan tədbir növünü göstərməyə çalışacaq. Belə olan halda, o, müxtəlif variantlar təklif edə, tədbirin seçilməsini və onun həyata keçirilməsini müvafiq Dövlətin diskresional seçiminə saxlaya bilər (bax: məsələn, Broniovski Polşaya qarşı (Böyük Palata), № 31443/96, § 194, İHAM 2004-V). Digər müstəsna işlərdə, aşkar olunmuş pozuntunun mahiyyəti onun aradan qaldırılması üçün tələb olunan tədbirlərə dair real seçimi qoymayan kimi ola bilər və Məhkəmə qərara gələ bilər ki, yalnız belə yeganə tədbiri göstərsin (bax: həmçinin Assanidze Gürcüstana qarşı (Böyük Palata), № 71503/01, § 202, İHAM 2004-II).
38. Bundan başqa, məhkəmə araşdırılmasında iştirak etmək hüququnun pozulmasına dair bir çox işlərdə Məhkəmə belə qənaətə gəlib ki, Konvensiyanın 6-cı maddəsinin ədalətlilik tələblərinin pozulmasına görə ən münasib bərpa olunma ərizəçi üçün onun işinin yenidən araşdırılması olardı (bax: digərləri ilə yanaşı, Somoqi İtaliyaya qarşı, № 67972/01, § 86, İHAM 2004-IV və Secdoviç İtaliyaya qarşı (Böyük Palata), № 56581/00, § 126, İHAM 2006-…). Oxşar mövqe ittiham tərəfin şahidlərinin dindirilməsi hüququnun pozulmasına aid işlərdə (bax: Braki İtaliyaya qarşı, № 36822/02, § 75, 13 oktyabr 2005-ci il) və müstəqillik və qərəzsizliklə bağlı Konvensiya tələblərinə cavab verməyən məhkəmələr tərəfindən ərizəçilərin məhkum edilməsi işlərində (bax: digərləri ilə yanaşı, Gençel Türkiyəyə qarşı, № 53431/99, § 27, 23 oktyabr 2003-cü il; Tahir Duran Türkiyəyə qarşı, № 40997/98, § 23, 29 yanvar 2004-cü il və yuxarıda qeyd olunan Ocalan, § 210) qəbul olunmuşdur.
39. Məhkəmə qeyd edir ki, hazırkı işdə, yuxarıdakı paraqrafda qeyd olunan işlərdən fərqli olaraq, Konvensiyanın 6-cı maddəsinin pozulması ərizəçinin ilkin olaraq məhkum edildiyi məhkəmə araşdırılması mərhələsində deyil, məhkəmə araşdırmalarının yuxarı mərhələsində baş vermişdir. Lakin hazırkı işin xüsusi hallarında, Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, bu fərqləndirici element əsas əhəmiyyət kəsb etmir.
40. Məhkəmə xatırladır ki, ərizəçinin işi üzrə birinci instansiya məhkəməsində məhkəmə araşdırmaları ratione temporis Məhkəmənin səlahiyyətindən kənara çıxır. Lakin bu məsələ üzrə qərar qəbul olunmasından kənarda olmasına baxmayaraq, Məhkəmə o faktı inkar edə bilməz ki, ərizəçi onun 1996-cı ildə məhkum olunmasının ədalətliliyinə dair müəyyən şübhələrin olduğu qeyd olunmaqla, Azərbaycan Avropa Şurasına daxil olarkən, Baş Katibin ekspertlərinə təqdim olunmuş «iddia olunan siyasi məhbusların» siyahısına daxil olunmuşdur. Azərbaycanın cinayət prosessual qanununa sonradan edilmiş dəyişikliklər ərizəçiyə şikayət etmək hüququnu vermiş və bu imkan daxili səviyyədə onun məhkum olunmasına yenidən baxılması və iddia olunan ədalətsizliklə bağlı dəlillərinin bildiriməsi üçün yeganə prosessual imkana çevrilmişdir. Ərizəçi tərəfindən belə şikayətin Konvensiyanın qüvvəyə minməsindən sonra verilməsini nəzərə alaraq, daxili hakimiyyət orqanları və xüsusilə Ali Məhkəmə Konvensiyanın 6-cı maddəsinin bütün ədalətlilik təminatlarının ərizəçinin şikayətinə baxılması zamanı təmin olunmasında xüsusi diqqət göstərməli olmuşlar.
41. Yuxarıda müəyyən olunduğu kimi, ərizəçi Konvensiyanın 6-cı maddəsi ilə təmin olunmuş hər hansı hüquqlarının həyata keçirilməsindən məhrum olunduğu üçün Ali Məhkəmə qarşısında məhkəmə araşdırmaları ədalətlilik tələbinə cavab verməyib. Belə olan halda, Məhkəmə hesab edir ki, yenidən baxılma və ya işin yenidən açılması, tələb olunduğu halda, hazırkı işdə baş vermiş pozuntunun mütənasib bərpa edilməsini prinsipcə ifadə edir.
42. Hər hansı yeni məhkəmə araşdırılmasının (və ya ərizəçinin şikayətinə yenidən baxılması) necə həyata keçirilməsinin və hansı formada olmasının göstərilməsi Məhkəməyə aid deyildir. Cavabdeh Dövlət, Nazirlər Komitəsinin nəzarəti altında, Konvensiyanın tələblərinə riayət edildiyi halda ərizəçinin olduğu vəziyyəti mümkün qədər bərpa etmək üçün öz öhdəliklərini yerinə yetirmək məqsədilə tədbirlərin seçilməsində azad olmaqla (bax: Pyrsak Belçikaya qarşı (50-ci maddə), 26 oktyabr 1984-cü il tarixli Qərar, A Seriyaları, № 85, s. 16, § 12), belə tədbirlərin Məhkəmənin qərarında müəyyən olunan nəticələrə uyğun olmasını təmin etməlidir (bax: yuxarıda qeyd olunan Assanidze, § 202, sonrakı istinadlarla).
B. Konvensiyanın 41-ci maddəsi
43. Konvensiyanın 41-ci maddəsi aşağıdakıları nəzərdə tutur:
«Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkah verdiyini müəyyən edirsə, zəruri halda zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.»
1. Zərər
44. Ərizəçi maddi zərərə görə 2.500 avro (EUR) tələb etdi. Onun qiymətləndirməsinə görə bu, 31 iyul 1996-cı il tarixdə müsadirə olunmuş əmlakının dəyərini təşkil edirdi. O iddia etdi ki, işinə Ali Məhkəmə tərəfindən ədalətli baxılması əvvəlkindən fərqli olaraq cinayət cəzası kimi əmlakın müsadirəsini nəzərdə tutmayan yeni 2000-ci ilin Cinayət Məcəlləsinin müvafiq müddəalarına əsasən onun məhkum edilməsinin «yenidən tövsifi» ilə nəticələnərdi. Ərizəçi, həmçinin mənəvi zərərə görə 3.000 avro tələb etdi.
45. Hökumət izahlarını təqdim etmədi.
46. Maddi zərərlə bağlı tələbə gəldikdə, Məhkəmə Konvensiya pozulmadığı halda, sözügedən məhkəmə araşdırmalarının nəticələnməsi ilə bağlı fərziyyə irəli sürə bilməz. Buna görə, o, bu tələbi rədd edir.
47. Mənəvi zərərlə bağlı tələbə gəldikdə isə, Məhkəmə hesab edir ki, ədalətli araşdırma hüququnun pozulması ərizəçini məyus etmişdir. Konvensiyanın 41-ci maddəsinin tələb etdiyi kimi öz qiymətləndirməsini ədalətli əsaslarla etməklə Məhkəmə bu məbləğin üstünə hesab edib bilən hər hansı vergi məbləğini gəlməklə mənəvi zərərlə bağlı 1.000 avronun ərizəçiyə ödənilməsini qərara alır.
2. Xərc və məsrəflər
48. Avropa Şurası tərəfindən göstərilmiş hüquqi yardımın həcmindən razı qalaraq, ərizəçi xərc və məsrəflər üzrə tələb irəli sürməyib. Müvafiq olaraq, bu məsələ üzrə ona hər hansı məbləğin ödənilməsinin qərara alınması üçün əsas mövcud deyildir.
3. Faiz dərəcəsi
49. Məhkəmə məqsədəmüvafiq hesab edir ki, faiz dərəcəsi üstünə üç faiz əlavə edilməli olan, Mərkəzi Avropa Bankının təqdim etdiyi dərəcənin son həddinə əsaslanmalıdır.
Bu səbəblərə görə məhkəmə yekdilliklə
1. Şikayətin qalan hissəsini qeyri-məqbul elan edir;
2. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulduğunu qərara alır;
3. Qərara alır ki,
(a) Qərarın Konvensiyanın 44-cü maddəsinin 2-ci hissəsinə əsasən qəti olduğu gündən üç ay müddətində mənəvi zərərə görə Dövlət tərəfindən ərizəçiyə həll olunma gününə tətbiq edilən dərəcəyə uyğun olaraq milli valyuta ilə üstünə gələ bilən hər hansı vergi hesablanmaqla 1.000 EUR (bir min avro) ödənilsin;
(b) yuxarıda qeyd olunan üç ay bitdiyi vaxtdan həll olunma gününədək adi faiz yuxarıdakı məbləğ üstünə Mərkəzi Avropa Bankının faiz dövründəki təqdim etdiyi dərəcənin son həddinə uyğun ödənilməlidir;
4. Ədalətli kompensasiyaya aid ərizəçinin qalan tələbini rədd edir.
İngilis dilində tərtib olunub və Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2 və 3-cü bəndlərinə müvafiq olaraq, qərar barədə məlumat yazılı şəkildə 17 yanvar 2008-ci ildə göndərilib.
Soren Nilsen Xristos Rozakis
Katib Sədr