AKİMOVA AZƏRBAYCANA QARŞI – Qətnamə CM/ResDH(2019)70 (Əlavə)


Qətnamə CM/ResDH(2019)70-ə Əlavə

Akimova Azərbaycana qarşı işi üzrə məhkəmə qərarının icra edilməsi üçün
görülən tədbirlər haqqında məlumat

 

İşin icmalı

Bu iş ərizəçinin öz əmlakından maneə olmadan istifadə etməsinə müdaxilə ilə bağlıdır. Apelyasiya Məhkəməsi 2005-ci ildə ərizəçinin mənzilin qanuni sahibi olduğunu etiraf etdi, ancaq hər hansı hüquqi əsasa söykənmədən, qərarın icrasını 1997-ci ildə həmin mənzilə yerləşmiş məcburi köçkünlərin doğma torpaqlarına, Dağlıq Qarabağa geri qayıdana kimi təxirə saldı (Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması).

I.Ədalətli əvəzin ödənilməsi və fərdi tədbirlər

a) Əldə edilən dostca anlaşma çərçivəsində razılaşdırılmış ədalətli əvəzin detalları

Akimova Azərbaycana qarşı, 10 000 avro mənəvi zərər; ödənilib: 06.11.2008

b) Digər fərdi tədbirlər

Azərbaycan Ali Məhkəməsinin Plenumunun 21 yanvar 2008-ci il tarixli qərarından sonra – 14 mart 2008-ci il tarixdə Ərizəçinin mənzilinə olan hüquqları bərpa edildi. Nəticə olaraq, başqa bir fərdi tədbirin həyata keçirilməsi tələb olunmur.

II. Ümumi tədbirlər

Konvensiyanın 1 Saylı Protokolunun 1-ci maddəsinin pozuntusu, Apellyasiya Məhkəməsinin mənizlin ərizəçiyə qaytarılması barədə qərarın icrasını təxirə salmasından qaynaqlanıb. Avropa Məhkəməsi hesab etdi ki, bu işdə yerli məhkəmələr mənzilin sahibinə qaytarılması qərarını təxirə salarakən, hər hansı hüquqi əsasa söykənmədən qərar veriblər (§ 45). Bu pozuntu daxili qanunvericiliyin Apelyasiya Məhkəməsi tərəfindən düzgün tətbiq edilməməsi səbəbindən ortaya çıxıb və bu səbəbdən, qanunvericiliklə bağlı tədbirlərin həyata keçirilməsi tələb olunmur. Eyni zamanda, Avropa Məhkəməsi Azərbaycana qarşı digər oxşar qərar qəbul etməyib. Bu səbəblərə görə, Məhkəmənin qərarının 2009-cu ildə səlahiyyətli qurumlar tərəfindən məqsədli şəkildə yayılması, oxşar pozuntuların qarşısının alınması üçün yetərli qabaqlayıcı tədbir hesab edilməlidir.

Bundan əlavə, hazırkı qərar Azərbaycan dilinə tərcümə edilib və nəşr olunub, hakimlər və hüquq mütəxəssisləri arasında geniş yayılması təmin edilib. Həmçinin, hakimlər və hakimliyə namizədlər üçün təlim proqramlarına da daxil edilib. Son olaraq, daxili hüquq sistemində həm mülki, həm də cinayət mühakiməsi ilə əlaqədar işlərdəki məhkəmə səhvlərinə görə kompensasiyanın tələb edilməsi imkanlarını nəzərdə tutur. Buna görə, ümumi tədbirlər də tələb olunmur.

III.Cavabdeh Dövlətin mülahizələri

Hökumət hesab edir ki, görülən tədbirlər Avropa Məhkəməsi tərəfindən bu işdə müəyyən edilən pozuntuların nəticələrini tamamilə aradan qaldırıb və düşünür ki, bu tədbirlər gələcəkdə bənzər pozuntuların baş verməsini önləyəcək. Beləliklə, Azərbaycan bu işdə Konvensiyanın 46-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq, öz öhdəliklərini yerinə yetirib.

© tərcümə – Media Hüququ Qrupu