HACIYEV AZƏRBAYCANA QARŞI – Qətnamə CM/ResDH(2019)170 (Əlavə)


Qətnamə CM/ResDH(2019)170 (Əlavə)

Hacıyev Azərbaycana qarşı işi üzrə məhkəmə qərarının
icra edilməsi üçün görülən tədbirlər haqqında məlumat

İşin icmalı

Bu iş ərizəçinin məhkəməyə müraciət hüququnun pozulması ilə bağlıdır (6-cı maddənin 1-ci bəndi). Ərizəçi 1995-ci ildə 15 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, 2002-ci ildə, yeni Cinayət Prosessual Məcəlləsi və Keçid Müddəaları qəbul edildikdən sonra barəsində çıxrılmış hökmdən Apelyasiya Məhkəməsinə şikayət etdi. Avropa Məhkəməsi müəyyən etdi ki, ərizəçi keçid qanununun verdiyi hüquqdan istifadə etmək üçün addımlar atsa da, Apelyasiya Məhkəməsi iki ildən artıq ərizəçinin müraciətini səmərəli araşdırmayıb, yekunda səlahiyyətinin olmaması əsası ilə onu rədd edib.

I.Ədalətli əvəzin ödənilməsi və fərdi tədbirlər

a) Ədalətli əvəzin detalları

3000 avro mənəvi zərər, 1650 xərclər və məsrəflər; cəmi: 4650 avro; ödənilib: 20.04.2007

b) Digər fərdi tədbirlər

Ərizəçi 10 may 2004-cü il tarixdə prezidentin əfv etməsi nəticəsində həbsdən azad edildi. 21 may 2004-cü il tarixdə isə Ali Məhkəmənin Plenar iclasında onun cəzası azaldıldı. 2007-ci ildə Avropa Məhkəməsinin qərarından sonra ərizəçi şikayət verərərək, məhkum edilməsini Apelyasiya Məhkəməsi qarşısında yenidən mübahisələndirməyə cəhd etdi. Ancaq onun şikayəti prosedur qaydalarına uyğun olmaması səbəbindən rədd olundu.

Ərizəçi daha sonra əlində olan digər vasitələrdən istifadə etməyib:
1) apellyasiya şikayətinin verilməsi müddətinin bərpası üçün əsaslandırılmış səbəblər göstərilməklə tələblər irəli sürmək; və ya
2) Avropa Məhkəməsinin müəyyən etdiyi pozuntulara söykənərək (CM-nin 455.0.2-ci maddəsinə uyğun olaraq) məhkum edilməsinin yenidən araşdırılmasını tələb etmək.

Yuxarıda göstərilənlərin işığında başqa heç bir fərdi tədbir tələb olunmur.

II. Ümumi tədbirlər

Məhkəmənin müəyyən etdiyi pozuntu milli qanunvericiliyin Apellyasiya Məhkəməsi tərəfindən düzgün tətbiq edilməməsi səbəbindən baş vermişdi, buna görə, qanunvericiliklə bağlı ümumi tədbirləri tələb olunmur. Keçid qanunvericiliyi yalnız qısa müddət ərzində qüvvədə olmuşdu və Avropa Məhkəməsi Azərbaycana qarşı bundan qaynaqlanan yalnız bir oxşar qərarı qəbul edib (Pashayev, Ərizə No. 36084/06, Natiq Mirzəyev qrupu çərçivəsində Nazirlər Komitəsi tərəfindən araşdırılır, ədalətli məhkəmə araşdırması ilə bağlıdır). Bu səbəblərə görə, Məhkəmənin qərarının 2009-cu ildə səlahiyyətli qurumlar tərəfindən məqsədli şəkildə yayılması, oxşar pozuntuların qarşısının alınması üçün yetərli qabaqlayıcı tədbir hesab edilməlidir.

Bundan başqa, bu qərar tərcümə edilib, Ədliyyə Nazirliyinin “Qanunçuluq” rəsmi qəzetində (say 3,mart 2007-ci il) və Baş Prokurorluğun “Azərbaycan Prokurorlugu” rəsmi qəzetində (buraxılış № 2, 2007-ci il) dərc edilib. Qərarın eyni zamanda hakimlər və hüquq mütəxəssisləri arasında geniş yayılması təmin olunub və hakimlər və hakimliyə namizədlər üçün hazırlanmış tədris proqramlarına da daxil edilib. Buna görə, qərarın icrası üzrə əlavə tədbirlər tələb olunmur.

III.Cavabdeh Dövlətin mülahizələri

Hökumət hesab edir ki, görülən tədbirlər Avropa Məhkəməsi tərəfindən bu işdə müəyyən edilən pozuntuların nəticələrini tamamilə aradan qaldırıb və düşünür ki, bu tədbirlər gələcəkdə bənzər pozuntuların baş verməsini önləyəcək.

Beləliklə, Azərbaycan bu işdə Konvensiyanın 46-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq, öz öhdəliklərini yerinə yetirib.

© tərcümə – Media Hüququ Qrupu