Press-reliz:
Avropa İnsan Haqları Məhkəməsi gələn həftə, fevralın 20-də Azərbaycandan göndərilən 16 şikayət üzrə qərarlarını elan edəcək. Həmin şikayətlər AİHM-ə 2009-16-cı illərdə göndərilib.
Qərarların bir qismi QHT-lərin qeydiyyata alınmamasından verilmiş şikayətlərlə bağlıdır.
Fərhad Vəliyev və Kamran Əliyev “Gənc Musiqiçilərə Dəstək” ictimai birliyini təsis ediblər, Ədliyyə Nazirliyi qeydiyyata almayıb. Teymur Mirzəyev və Xalid Kazımovun təsis etdiyi “Region İcmalarının İnkişafına və Yoxsulluğun Azaldılmasına Dəstək” İctimai Birliyi, Günel Bəşirli və Rəşad Bəşirliyinin təsis etdikləri Kəndli Qadınların İnkişaf Mərkəzi” də qeydiyyata alınmayıb.Ədliyyə Bazirliyi Ələsgər Hüseynov və A.Abuzərovanın təsis etdiyi “Təhsilə və Uşaqlara Dəstək” təşkilatını da qeydiyyata almaqdan imtina edib. Bu işlərdə Ərizəçilər birləşmək və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulduğunu iddia edirlər.
Şikayətlərin bir hissəsini “Yahova Şahidləri” dini icması üzvləri göndəriblər. Famil Nəsirov, Əminə Məmmədova, Gülnaz Həsənova, Salatın İskəndərova, Şəfiqə Məmmədova, Rəhimə Hüseynova və Aygül Nəsirovanın şikayətləri əsasında bir qərar elan ediləcək. Onlar “Yahova Şahidləri” icmasının üzvləridir. İcmalarını təşviq edərkən saxlanılıblar, inzibati qaydada cərimə olunublar.
Digər elan ediləcək qərar “Yahova Şahidləri” icmasının şikayəti üzrədir. İcma ölkəyə dini kitablar gətirmək istəyib, Dini Komitəmiz izn verməyib, məhkəmələrimiz də komitəni haqlı sayıb. Ərizəçi Ismayıl Bağırov da bu dini icmanın üzvü olub, dini ayının icrası zamanı saxlanılıb, polisə aparılıb, sonda 1500 manat cərimə edilib. Dini icma ilə bağlı bütün işlərdə iddia olunur ki, din, ifadə azadlığı və şəxsi həyatın toxunlumazlığı, ayrı-seçkiliyin yolverilməzliyi hüquqlarına müdaxilə olunub.
Aqil Cəfərzadənin şikayəti Ərizəçinin intihar olayının araşdırılması kontekstində polisə aparılması, orda saxlanılması və işgəncə görməsi, məhkəmələrin isə bunu ədalətli araşdırmaması ilə bağlıdır.
Azad Quliyevin işində Ərizəçi Milli Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanılıb, evindən narkotik, saxta əskinaslar tapılıb. Saxta pul kəsmədə, narkotik cinayətində günahkar bilinib və 11 il azadlıqdan məhrum edilib. Hər iki işdə ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu mübahisələndirilir.