Press-reliz:
Avropa İnsan Haqları Məhkəməsi fevralın 6-da Azərbaycandan göndərilmiş 4 şikayət üzrə qərarlarını elan edəcək. Həmin şikayətlərdə ərizəçilər ifadə azadlığı, ədalətli məhkəmə araşdırması, şəxsi həyatın toxunulmazlığı, mülkiyyət hüquqlarının pozulduğu iddia edilir.
Şikayətlərdən biri uzun müddətə azadlıqdan məhrum edilmiş jurnalist Rəşad Ramazanovun işi ilə bağlıdır. R.Ramazanov narkotik ittihamı ilə həbs edilmiş, ardınca 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. AİHM-ə şikayətində onun ədalətli məhkəmə araşdırması hüququna müdaxilə edildiyi iddia olunur.
ORXAN ƏLİYEV Azərbaycana qarşı iş ərizəçi barədə cinayət araşdırmasının qanunsuzluğu ilə bağlıdır. Ərizəçi ədalətli məhkəmə araşdırması, işgəncəyə məruz qalmamaq hüququnun pozuntusunu mübahisələndirib.
ELMAN DƏMİROVun şikayəti mülkiyyət hüququ ilə əlaqəlidir. O, sənədli – sübutlu qarajının qanunsuz söküldüyünü iddia edib, mülkiyyət və ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunun tanınmasını tələb edir.
4-cü qərar ƏLƏKBƏR İSMAYILOVun şikayəti üzrə elan ediləcək. Ərizəçi həbsdə olub, həbsdə onun məktublarına, kitablarına əl qoyulub. Ərizəçi iddia edir ki, bu epizodlar üzrə onun şikayətlərinə baxan ölkədaxili məhkəmələr onun ədalətli məhkəmə araşdırması və şəxsi həyatın toxunulmazlığı hüququna müdaxilə ediblər.