AİHM hökuməti Rafiq Tağı işinə görə cərimələdi

Press-reliz:

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, dekabrın 5-də Azərbaycanla bağlı növbəti qərarını açıqlayıb. Qərarda iddia olunan pozuntular tanınıb, hökumətin üzərində şikayətçilərə təzminat ödəmək vəzifəsi qoyulub.

Mərhum yazıçı-jurnalist Rafiq Tağı-nın və həmkarının yazısına görə məhkum edilməsi işi

Qərarlardan biri mərhum yazıçı-jurnalist Rafiq Tağı və “Sənət” qəzetinin redaktoru Samir Sədaqətoğlunun şikayəti ilə bağlıdır. Söhbət mərhum yazıçı-jurnalistin və S.Sədaqətoğlunun bir məqaləyə görə, 2006-cı ildə azadlıqdan məhrum edilmələri üzrə göndərilmiş şikayətdən gedir.

Avropa İnsan Haqları Məhkəməsi hesab edib ki, jurnalistin bir məqaləyə görə, cinayət cəzasına məhkum eidlməsi onun ifadə azadlığı hüququnu (Maddə 10) pozub.

Qərara əsasən, hökumət Rafiq Tagı-nın ailəsinə və S.Sədaqətoğlunun hər birinə 12 850 avro (hər bir ərizəçiyə 12000+850 hüquqi məsrəflər) təzminat ödəyəcək.

Olayın tarixçəsi

R.Tağı 2006-cı ildə “Sənət” qəzeti ilə əməkdaşlıq edirdi. Samir Sədaqətoğlu isə “Sənət”in baş redaktoru idi. Həmin il qəzetdə R.Tağının “Avropa və Biz” sərlövhəli məqaləsi yayıldı. Məqalədə İslam və Xristiyanlıq dini əxlaq və humanizm kontekstində müqayisə edilmişdi.

Yazının yayılmasından sonra qəzetçilərə basqılar başladı, İranda 4 dini xadimin yazı müəllifinin və redaktorun ölümünə fətva verməsi haqda xəbərlər yayıldı. Ardınca, jurnalistlərə məqaləyə görə cinayət işi açıldı, istintaq dövründə həbs edildilər. 2007-ci ilin mayında isə Səbail Məhkəməsi R.Tağını 3, S.Sədaqətoğlunu isə 4 il azadlıqdan məhrum etdi. Onlar dini nifrət və düşmənçiliyi təşviq etməkdə günahkar bilindilər. 2007-ci ilin sonunda Azərbaycan prezidenti hər iki jurnalisti əfv etdi, onlar azadlığa çıxdılar.

R.Taginin vəkili Avropa İnsan Haqları Məhkəməsinə 2011-ci ildə müraciət etmişdi. Şikayətdə iddia edilirdi ki, dövlət onların din azadlığı və ifadə azadlığı hüququna müdaxilə edib. Şikayətdə həmçinin qanunda nəzərdə tutulmayan cəzanın yolverilməzliyi hüququna müdaxilə edilməsi də mübahisələndirilirdi.

Qərarın ingiliscə mətni
Qərarın Azərbaycan dilində mətni (tezliklə əlçatan olacaq)