AİHM “Yahova şahidləri” işi üzrə qərarını elan edəcək

Press-reliz:

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) gələn həftə, oktyabrın 17-də Azərbaycandan 2008-2015-ci illərdə göndərilmiş 5 şikayət üzrə qərarını açıqlayacaq. Ərizəçilər “Yahova şahidləri” dini icmasının üzvü və dini rütbəliləridir.

Bu işlərdə ərizəçilər dini icma üzvü olduqlarını, silah istifadə etməyin həmin dini icmanın inanclarına uyğun olmadığını, Azərbaycan Konstitusiyasının alternativ hərbi xidmət hüququ verdiyini əsas gətirərək, alternativ xidmətə çağırılmalarını tələb ediblər. Ancaq buna görə, azadlıqdan məhrum ediliblər.

Yerli məhkəmələr isə hökm verərəkən, əsasən, aşağıdakı arqumentlərə söykəniblər. Hökmlərdə qeyd edilir ki, alternativ hərbi xidmət doğrudan da konstitusion hüquqdur, ancaq dövlətin bu hüquq üzərində qərar vermək sərbəstliyi var. Yaxud, deyiblər ki, “Alternativ hərbi xidmət haqqında” qanun qəbul edlənə qədər həmin hüquqdan istifadə mümkün deyil. Belə bir arqument də qeyd edilib ki, baxmayaraq, alternativ hərbi xidmət konstitusion hüquqdur, Azərbaycan müharibə şəraitindədir, belə bir şərait həmin haqdan yararlanmanı istisna edən haldır.

Bu qərarlar həm də 20 ilə yaxındır, Azərbaycan Milli Məclisinin gündəmində olan “Alternativ hərbi xidmət haqqında” qanun layihəsini yenidən gündəmə gətirə bilər.

İşlər haqqında detallı

Ərizəçilərdən Müşfiq Məmmədov 2007-ci ildə Yahova Şahidləri icmasına üzv olub. O, hərbi xidmətə çağırılanda alternativ hərbi xidmət tələb edib, ancaq bu, “Alternativ hərbi xidmət haqqında” qanun qəbul edilmədiyindən nəzərə alınmayıb. M.Məmmədova cinayət işi açılıb, hərbi xidmətdən imtina etdiyi üçün ona 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Yuxarı məhkəmələr həmin hokmü dəyişməyib. M.Məmmədova eyni əsasla ikinci dəfə də cinayət işi açılıb, o, 2009-cu ildə 250 manat cərimə edilib. Həmin hokmü yuxarı məhkəmələrdə mübahisələndirən M.Məmmədov yerli məhkəmə presedentinə istinad edib. Bildirib ki, yerli məhkəmələr ondan əvvəl Azərbaycan vətəndaşı olan 2 rusun hərbi xidmətdən imtina etməsini (dini inancla bağlı) Konstitusiyaya uyğun sayıb. Ancaq yuxarı məhkəmələr ərizəçinin din adamı olmasını təsdiq edən dəlillərin olmaması əsası ilə bu arqumentləri nəzərə almayıb.

Digər ərizəçi Samir Hüseynovun məhkəmə işi də oxşardır. Rusiyadan Azərbycana gələn ərizəçiyə hərbi xidmətdən imtina etməsinə görə cinayət işi açılıb. Goranboy məhkəməsi onu 10 ay azadlıqdan məhrum edib. Məhkəmə qərarını belə əsaslandırıb ki, ərizəçi hərbi xidmətin “Yahova şahidləri”nin dini inanclarına qarşı olması barədə dəlillər təqdim edə bilməyib. Yuxarı məhkəmələr hokmü dəyişməyib.

Haqqında bəhs edilən 2 ərizəçi iddia edir ki, Azərbaycan məhkəmələrinin qərarları onların din azadlığı (Konvensiyanın 9-cu maddəsi), ayrıseçkiliyə məruz qalmamaq (maddə 14) hüquqlarını pozub. M.Məmmədov həmçinin iddia edib ki, əmələ görə 2 dəfə cəzalandırılmamaq hüququ (PrNo7, maddə 4) da pozulub.

Digər 3 işdə ərizəçilər din azadlığı (Konvensiyanın 9-cu maddəsi) hüquqularına müdaxilə olunduğunu iddia edirlər.

Onlardan biri, Fərid Məmmədov hərbi komissarlığa özü müraciət edib, alternativ xidmət istəyib. Ona cinayət işi açıblar, Nəsimi rayon Məhkəməsi F.Məmmədovu 9 ay azadlıqdan məhrum edən hökm çıxarıb. Dini icma üzvü Fəxrəddin Mirzəyev alternative hərbi xidmət istədiyi üçün 1 il (o daha sonar əfv edilib), Kamran Mirzəyev 9 ay azadlıqdan məhrum edilib. Yuxarı məhkəmələr həmin hökmləri dəyişməyib.

5 azərbaycanlı ərizəçini Avropa İnsan Haqları Məhkəməsində Finlandiya, Fransa, Böyük Britaniya, Gürcüstan və Avstriyadan olan vəkillər təmsil edirlər.