AİHM Azərbaycandan 8 şikayət üzrə qərarını elan edib

Press-reliz:

Bu gün, sentyabrın 19-da Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilən 8 şikayətlə bağlı qərarlarını elan edib. Şikayətlərdən 4-ü siyahıdan çıxarılıb, 4 şikayət üzrə isə hökumətlə Ərizəçilər dostca razılaşmaya gəliblər.

Siyahıdan çıxarılan işlər

Siyahıdan çıxarılan işlərdən biri Bakı sakini Nazım Agabəyovundur. AİHM-ə şikayətində azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu iddia edən Ərizəçi 2019-cu ilin martında iddiasını geri götürüb.

Elman və Akif Dəmirovun, Azər Məmmədovun şikayətləri mülkiyyət hüququnun pozuntusu ilə bağlı olub. AİHM qərarında qeyd edir ki, Ərizəçilər və onların vəkilləri kommunikasiyaya cavab verməyiblər.

Siyahıdan çıxarılan digər iş Naxçıvanda, Sədərəkdə polisdə saxlanılma şəraitini mübahisələndirən Ələsgər İsmayılovun şikayətidir. O, AİHM-ə şikayətində işgəncəyə məruz qaldığını iddia edirdi. Ancaq ərizəçi və nümayəndəsi kommunikasiyalara sonadək cavab verməyiblər.

Avropa İnsan Haqları Məhkəməsi yuxarıda bəhs edilən bütün 4 şikayətin baxılmalı olan işlərin siyahısından çıxarılmasına qərar verib.

Dostca həll edilən şikayətlər

Qərarı açıqlanmış daha 4 şikayət isə məhkəməyə qədər həbsin qanunsuzluği ilə bağlıdır. Söhbət Fuad Əzimov, Abdulla Yolbarsov, Şakir Mustafayev və Mutlu Utku-nun şikayətlərindn gedir. AİHM elan edib ki, ərizəçilərlə hökumət dostca həll yolunda razılaşıblar.

Dostca razılaşmaya əsasən, hökumət Fuad Əzimova 6 500, Abdulla Yolbarsova 3500, Şakir Mustafayevə 3800, Mutlu Utkuya 3500 avro mənəvi zərər əvəzi təzminat ödəyəcək.