Kommunikasiyaya cavab verilməməsi – 4 şikayət siyahıdan çıxarılıb

Press-reliz:

Avropa İnsan Haqları Məhkəməsi bu gün, oktyabrın 3-də Azərbaycandan göndərilən 4 şikayət üzrə qərarlarını elan edib. Şikayətlərin 4-ü də baxılacaq işlər siyahısından çıxarılıb. Səbəb Ərizəçilərin və nümayəndələrinin kommunikasiyanın son mərhələsində məhkəmənin məktublarına cavab verməməsidir.

İşin birində Ərizəçi keçmiş baş prokuror İxtiyar Şirin idi. Ona 2000-ci illərdə cinayət işi açılmış, bununla əlaqədar olaraq hərəkət etmək azadlığı məhdudlaşdırılmışdı. 2012-ci ildə AİHM-ə şikayət göndərən keçmiş baş prokuror iddia edirdi ki, onun ədalətli məhkəmə araşdırması, hərəkət azadlığı və səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq hüquqları pozulub.

Ancaq I.Şirin və nümayəndəsi 2019-cu ildə AİHM-in yazışmalarına cavab verməyiblər.

Digər işdə Ərizəçi Prezident yanında Xüsusi Tibbi Xidmətə bağlı müəssisənin həkimi Naida İsmayılzadə idi. O, həkimlər üçün attestasiya imtahanından keçə bilmədiyi üçün işdən çıxarılıbmış. Ərizəçi AİHM-də iddia edirdi ki, dövlət onun ədalətli məhkəmə araşdırması, şəxsi və ailə həyatına hörmət, səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq hüquqlarını pozub.

Bu ərizəçi və nümayəndəsi də AİHM-in yazışmalarına cavab vermədiyi üçün iş baxılan işlər sıyahısından çıxarılıb.

Digər iki işdə mülkiyyət hüququna müdaxilə mübahisələndirilirdi. Quba Konserv Zavodu 1 ASC müəssisənin ərazisinin alınmasını mübahisələndirmişdi. Mehralı Məmmədov isə Tbilisi prospektindəki kafe və torpaq sahəsinin 20 min manata dövlət tərəfindən ondan alınmasından AİHM-ə şikayət etmişdi.

Əvvəlki iki işdə olduğu kimi bu işlərdə də AİHM şikayətləri icraata qəbul etmişdi. Hökumətə suallar göndərmiş, cavablar almışdı. Ancaq yekun mərhələdə həm Quba Konserv Zavodu 1 MMC, həm də Mehralı Məmmədov, onların nümayəndələri AİHM-in məktublarının heç birinə cavab verməyiblər.