AİHM hökuməti 500 avro cərimələyib

Press-reliz:

Bu gün, sentyabrın 19-da Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı daha bir qərarını elan edib. Söhbət Bakıs akini Akif Həsənovun şikayəti üzrə qərardan gedir. Bu işdə A.Həsənov inzibati qaydada 5 günlüyə həbs edilmişdi.

Qərarda göstərilir ki, 1955-ci il təvəllüdlü ərizəçi 2007-ci ildə qonşusuna təhqir etməklə xuliqanlıqda günahlandırılıb. Xətai rayon Məhkəməsi onun barəsində 5 günlük inzibati həbs cəzası tətbiq edib. Cəzasını çəkdikdən sonra Ərizəçi iddia edib ki, inzibati xəta törətdiyi iddia olunan tarixdə o, əslində xəstəxanada olub. Məhkəməyə ərizəçinin olay tarixi zamanı xəstəxanada olduğunu təsdiq edən sənədlər də təqdim olunub. Ancaq apellyasiya instansiyası onun şikayətini rədd edib. Ərizəçi məhkəməyə eyni məzmunla 2008-2009-cu illərdə də şikayət edib, onun işi üzrə çıxarılmış qərarların təqdim edilməsini xahiş edib.

Ərizəçinin vəkili İntiqam Əliyev olub. 2014-cü ildə o, həbs edilən zaman işin bütün materialları götürülüb. Həmin vaxt İ.Əliyev AİHM-ə müraciət edərək dövlətin Konvensiyanın 34-cü maddəsini (fərdi şikayət hüququ) pozduğunu iddia edib.

Bu iş üzrə AİHM-ə göndərilən şikayətdə ərizəçinin Konvensiyanın 6 (ədalətli məhkəmə) və 7-ci (qanunda nəzərdə tutulmayan cəzaların yolverilməzliyi) maddələri ilə təminat altına alınan hüquqlarının, habelə, Konvensiyanın 34-cü maddəsinin pozuntusunun tanınması, 19 min 200 avro təzminat müəyən olunması istənilirdi.

Avropa İnsan Haqları Məhkəməsi yekunda qərar verib ki, ərizəçinin 6 və 7-ci maddələr üzrə şikayətləri qəbuledilməzdir. Məhkəmə eyni zamanda hesab edib ki, dövlət bu işdə Konvensiyanın 34-cü maddəsi (fərdi şikayət) üzrə öhdəliklərinə əməl etməyib. Qərara əsasən, dövlət ərizəçiyə 5 yüz avro təzminat ödəməlidir.

Qərarın ingiliscə mətni
Qərarın Azərbaycan dilində mətni (tezliklə əlçatan olacaq)