AİHM tanınmış jurnalistlərin şikayətini araşdırmağa başladı

Press-reliz:

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan jurnalistlərlə bağlı göndərilmiş iki şikayəti araşdırmağa başlayıb. Söhbət “Azadlıq” qəzetinin hazırda mühacirətdə olan baş redaktoru Qənimət Zayidovun və “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının işlərindən gedir.

Qənimət Zahidin işi AİHM-ə 10 il əvvəl, 2009-cu ildə göndərilib. Həmin vaxt jurnalist qurama xuliqanlıq ittihamı ilə həbs edilmişdi. Jurnalist həbsdə olarkən, həbsxana xatirələrini ifadə edən kitab yazmışdı. Onun əlyazmaları həbsxanada əlindən alınmış və məhv edilmişdi. Jurnalistin vəkilləri yerli məhkəmələrə müraciət edərək, bunun kompensasiya edilməsini tələb etmişdilər. Bu tələblər rədd olunduğundan AİHM-ə şikayət edilmişdi.

Şikayətdə Qənimət Zahidin ədalətli məhkəmə araşdırması, şəxsi həyata müdaxilənin yolverilməzliyi, ifadə azadlığı, mülkiyyət və ayrı-seçkiliyə məruz qalmamaq hüquqlarının pozulduğu iddia olunur. AİHM iyunun əvvəlində bu iddialarla bağlı hökumətə suallar göndərib.

Digər iş jurnalist Əvəz Zeynallının məqaləsinə görə cərimə edilməsi, üzərinə təkzib vermək, üzr istəmək vəzifəsinin qoyulması ilə bağlıdır.

Bu şikayət AİHM-ə 8 il əvvəl, 2011-ci ildə göndərilib. Həmin vaxt Ə.Zeynallı “Ramiz Mehdiyevin Bəxtiyar Vahabzadəni bitirmək planı” sərlövhəli məqalə qələmə almışdı. Nəticədə yerli məhkəmələr jurnalisti 10 min manat cərimə etmişdilər.

Jurnalistin vəkilləri yerli məhkəmələrin qərarlarının ifadə azadlığı hüququna zidd olduğunu iddia edirlər.