Kommunikasiya cavab vermədilər, AİHM şikayətləri siyahıdan çıxardı

Press-reliz:

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, iyunun 6-da Azərbaycandan 2011-ci ildə göndərilmiş 3 şikayətlə bağlı qərarını açıqlayıb.

Bu işlərdə şikayətçilər Nurqələm Məmmədov, Aytən Mahmoudova və Rauli Novruzalov olub. Ərizəçilər məhkəmə qarşısında iddia edirdilər ki, hökumət onların Konvensiyanın 8-ci (şəxsi həyata hörmət hüququ) maddəsi ilə təminat altına alınan hüquqlarını pozub.

Avropa İnsan Haqları Məhkəməsi hər 3 şikayəti baxılmalı olan işlər siyahısından çıxarmağa qərar verib. Məhkəmə qeyd edir ki, şikayətlərlə bağlı Azərbaycan hökuməti bilgiləndirilib, suallar ünvanlanıb, suallara cavab alınıb. Məhkəmə bu haqda şikayətçilərə məktub göndərib, hökumətin arqumentlərinə qeydlərini və maddi təzminat tələblərini istəyib.

Məhkəmə qərarında qeyd edilir ki, həmin məktub şikayətçilərə çatıb. Ancaq onlar məktuba cavab verməyiblər. Buna görə, AİHM şikayətlərin siyahıdan çıxarılmasına qərar verib.