10 şikayət üzrə hökumətə suallar göndərilib

Press-reliz:

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş 10 şikayəti araşdırmağa başlayıb. Məhkəmə həmin işlərlə bağlı hökumətə suallar göndərib.

Rəşad Ramazanovun işi

Araşdırılan şikayətlərdən biri bu yaxınlarda həbsdən azad edilmiş bloqqer Rashad Ramazanovla bağlıdır. Yerli məhkəmələr Rəşad Ramazanovu narkotika cinayətlərində təqsirli bilmiş, Ramazanov, vəkilləri, hüquq müdafiə təşkilatları isə ittihamları rədd etmişdi.

AİHM-in məlumatında bildirilir ki, şikayət ərizəçinin qanunsuz sübutlara söykənməklə məhkum edilməsi ilə bağlıdır. Ərizəçi öz şikayətində ədalətli mühakimə edilmədiyini vurğulayıb. AİHM şikayətlə bağlı Azərbaycan hökumətinə 7 sual göndərib, cinayət işinin bütün materiallarını tələb edib.

“Yahova şahidləri” dini məzmunlu kitablara yasağa qarşı

AİHM “Yahova şahidləri” dini icmasının 4 şikayətini birgə araşdırır. Bu şikayət dini məzmunlu ədəbiyyatın Azərbaycan gətirilməsinə qadağalarla bağlıdır. İcma bir neçə dəfə dini ədəbiyyatın ölkəyə gətirilməsinə icazə verilməsi üçün Dini Komitəyə müraciət edib, rədd cavabı alıb və məhkəməyə müraciət edib. Məhkəmələr dini komitəni haqlı hesab etdiyindən, dini icma AİHM-ə şikayət edib.

Dini icma hesab edir ki, yerli məhkəmə qərarları Avropa Konvensiyasının 9 (fikir, din azadlığı) və 10-cu (ifadə azadlığı) maddələrinə zidd olub.

“Səid Nursi” təriqəti üzvlərinin şikayəti

Daha bir dini təriqətin – Səid Nursinin 7 tərəfdarının şikayəti də AİHM-də araşdırılmağa başlayıb. Bu işdə ərizəçilər Samir Agayev, Fəxrəddin Xanəliyev, Nurulullah Süngür, Lətif Rəhimov, Şenol Mikdat, Siyavuş Bəkirov, Zəkəriyyə Məmmədovdur.

İşin materiallarına görə, 2016-cı ildə ərizəçilərdən birinin evində keçirilən toplantıya polis basqın edib. Toplantıda 70-dən artıq təriqət üzvü iştirak edirmiş. Onların hamısı Yasamal rayon Polis İdarəsinə aparılıblar. Ərizəçilər bir neçə saat, bəziləri bir gün polisdə saxlanılıb, daha sonra polisə gəlmələri şərtilə sərbəst buraxılıblar. Yekunda onlar Yasamal məhkəməsinin qərarı ilə toplantı qaydalarını pozmaları əsası ilə inzibati qaydada 1500-2000 manat cərimə ediliblər. Yuxarı məhkəmələr həmin qərarları qüvvədə saxlayıb. Ərizəçilər məhkəmədə həmçinin saxlanılmalarının, evlərinə basqın edilməsinin qanuniliyini də mübahisələndiriblər. Ancaq onların iddiaları rədd edilib.

Ərizəçilər AİHM qarşısında iddia edirlər ki, onların azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, din azadlığı hüquqlarına müdaxilə edilib.

Şikayəti araşdırılan digər ərizəçi müxtəlif cinayətlərdə təqsirləndirilib məhkum edilmiş Orhun Əliyevdir. O, iddia edir ki, onun ədalətli məhkəmə araşdırması hüququna müdaxilə edilib.