AİHM 4 şikayəti sıyahıdan çıxarıb

Press-reliz:

Avropa İnsan Haqları Məhkəməsi bu gün, aprelin 11-də Azərbaycandan göndərilmiş 4 şikayət üzrə yekun qərarını elan edib. Məhkəmə sözü gedən şikayətlərin hamısını baxılmalı olan işlərin siyahısından çıxarıb.

İşlərdən biri Mirvari Qəhrəmanlı və onun rəhbəri olduğu Neftçilərin Hüqularını Müdafiə Komitəsinin şikayətləri ilə bağlı idi. AİHM bildirir ki, Ərizəçilər ərizələrini geri götürüblər.

Digər iş məhkum edilmiş Elnur Qədirovla bağlı idi. Onun vəkilləri müvəkkilinin ədalətli mühakimə edilmədiyini iddia edirdilər. AİHM bu işi ərizəçinin və vəkillərinin kommunikasiyaya cavab verməməsi səbəbindən siyahıdan çıxarıb.

Siyahıdan çıxarılan digər iş ərizəçi Zaur İsayevin şikayəti üzrə idi. Gürcüstan vətəndaşı olan ərizəçi sürəkli Azərbaycanda yaşasa, Azərbaycan vətəndaşı ilə ailə qursa da, əlaqəli qurumların ona oturum izni verməməsindən şikayətçi olmuşdu. Bu işdə də ərizəçi şikayətini geri götürüb.

Vətəndaşlığın tanınmamasını mübahisələndirən ərizəçi Nazim Məmmədov da AİHM-in məktublarına cavab verməyib və kommunikasiyaya cavab verilməməsi şikayətin baxılmalı olan işlər sırasından çıxarılması üçün əsas sayılıb.