№73334/14 RƏVAN SƏBZƏLİYEV və DİGƏRLƏRİ AZƏRBAYCANA QARŞI – 12 DEKABR 2019-CU İL

BEŞİNCİ BÖLMƏ
QƏRAR

Ərizənin nömrəsi: 73334/14
Rəvan SƏBZƏLİYEV və digərləri Azərbaycana qarşı

(Əlavəyə bax)

Avropa İnsan Hüquqları Məhkəməsi (Beşinci Bölmə), 12 dekabr 2019-cu il tarixdə aşağıdakı heyətdən ibarət Komitədə:

Gabriele Kucsko-Stadlmayer, President,
Mārtiņš Mits,
Lәtif Hüseynov, hakimlər,

və Liv Tigerstedt, Qeydiyyat Bölməsi Rəhbərinin Köməkçisi,

Əlavədə göstərilmiş müxtəlif zamanlarda verilmiş ərizələri,

Cavabdeh Hökumət tərəfindən təqdim edilən ərizələrin baxılacaq işlərin siyahısından çıxarılması istənilən bəyannaməni diqqətə alaraq,

Müzakirələrdən sonra aşağıdakı qərarı qəbul etdi:

FAKTLAR və PROSEDUR

Ərizəçilər barədə detallı bilgilər Əlavədə göstərilib.

Ərizəçilər Konvensiyanın 5.3-cü maddəsinə əsaslanaraq, məhkəməyə qədər həbs müddətinin həddindən artıq uzun sürməsinin qanunsuzluğundan şikayət etmişdilər. Məhkəmə şikayətlərlə bağlı Azərbaycan Hökumətini (Hökumət) bilgiləndirdi.

QANUNVERİCİLİK

Məhkəmə, ərizələrin oxşar məzmununu nəzərə alaraq, onları bir qərar çərçivəsində araşdırmağı məqsədəuyğun saydı.

Tərəflər arasında dostca anlaşma müzakirələri uğursuz oldu. Bunun ardınca, Hökumət Məhkəməyə Ərizəçinin şikayətlərini doğurmuş problemləri aradan qaldırmaq məqsədilə tək tərəfli bəyannamə verilməsini təklif etdi. Həmçinin, Məhkəmədən Konvensiyanın 37-ci maddəsinə uyğun olaraq, müraciətin müzakirə olunması istənildi.

Hökumət Məhkəmə qarşısında Ərizəçilərin məhkəməyə qədər həbs müddətlərinin həddindən artıq uzun oldmasının qanunsuzluğunu etiraf etdi. Ərizəçilərə əlavədə göstərilmiş məbləğdə təzminat ödəməyi qəbul edən Hökumət Məhkəmədən Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndinə əsasən, ərizələri baxılacaq işlərin siyahısından çıxarmağı istədi. Məhkəməyə bildirildi ki, bəyannamələrdə göstərilən məbləğ, Məhkəmənin qərarının elan edildiyi 3 ay ərzində Ərizəçiyə ödəniləcək. Təzminat məbləğini yuxarıda göstərilən üç aylıq müddət ərzində ödəmədiyi halda Hökumət, bu müddətin bitməsi tarixindən hesablanmaqla, Avropa Mərkəzi Bankının kredit faizi ilə hesablanmış faiz və onun üzərinə daha üç faiz ödəməlidir.

Bu işdəki təzminatın ödənilməsi Ərizənin son həllini təşkil edəcək.

Məhkəmə Hökumətin təktərəfli bəyannamə təklifi barədə Ərizəçiləri bilgiləndirdi. Ancaq Ərizəçilər şərtləri qəbul etmədilər.

Məhkəmə Konvensiyasının 37 § 1 (c) maddəsinin aşağıdakı hallarda bir ərizənin siyahıdan çıxarıla biləcəyini qeyd edir:

“(c) Məhkəmənin müəyyənləşdirdiyi istənilən digər səbəbə görə, şikayətə baxışı davam etdirməyə lüzum yoxdursa.”

Ərizəçinin işin araşdırılmasının davam etdirilməsini istəməsinə rəğmən, Konvensiyanın 37.1-ci (c) maddəsinə uyğun olaraq, cavabdeh Hökumət tək tərəfli bəyannamə verməklə, Ərizənin siyahıdan çıxarılmasını istəyə bilər (bax, Acar Türkiyəyə qarşı [GC], № 26307/95, §§ 75‑77, AİHM 2003-VI).

Məhkəmə, məhkəməyə qədər həbs müddətinin həddindən artıq uzunluğunun qanunsuzluğu ilə bağlı şikayətlərə dair aydın və əhatəli presedent formalaşdırıb (bax, məsələn, Fərhad Əliyev Azərbaycana qarşı, no. 37138/06, 9 noyabr 2010; Isayeva Azərbaycana qarşı, no. 36229/11, 25 iyun 2015).

Məhkəmə, Hökumətin bu işlərlə bağlı pozuntuları qəbul etməsini, təklif edilən təzmiantın məbləğini də nəzərə alaraq, hesab edir ki, Ərizənin araşdırılmasının davam etdirilməsi artıq əsaslı deyil (Maddə37 § 1 (c)).

Yuxarıda vurğulanan xüsusatların işığında, Məhkəmə Konvensiya və onun Protokollarında nəzərdə tutulmuş insan haqlarına sayğının, ərizənin araşdırlmasının davam etdirilməsini gərəkli etmədiyinə qərar verdi (37 § 1).

Məhkəmə yekunda qeyd edir ki, Hökumət tək tərəfli bəyannamənin şərtlərinə əməl etməzsə, Konvensiyanın 37-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq, ərizə siyahıya yenidən bərpa edilə bilər (Josipović Serbiyaya qarşı, 18369/07, 4 mart 2008).

Yuxarıdakıları nəzərə alaraq, Ərizənin siyahıdan çıxarılması məqsədəuyğundur.

Bu səbəblərə görə, Məhkəmə yekdilliklə,

Hökumətin təqdim etdiyi təktərəfli bəyannamənin şərtlərini və orda nəzərdə tutulan öhdəliklərə əməl olunmasını təmin edəcək düzənləmələri qeyd edir,

Ərizənin Konvensiyanın 37-ci maddəsinin 1-ci (c) bəndinə uyğun olaraq, baxılacaq işlərin siyahısından çıxarılmasına qərar verir.

Qərar ingilis dilində hazırlandı və 16 yanvar 2020-ci il tarixdə yazılı şəkildə elan edildi.

Liv Tigerstedt,
Qeydiyyat Bölməsi Rəhbərinin Köməkçisi vəzifəsini icra edən

Gabriele Kucsko-Stadlmayer,
Beşinci Bölmə, Prezident

ƏLAVƏ

Ərizənin nömrəsi: 73334/14, 06/11/2014; Ərizəçi: Rəvan Səbzəliyev; təmsilçi; Imanov Yalçın; Təzminat: 3,000 avro
Ərizənin nömrəsi: 64599/16, 20/10/2016, Ərizəçi: Abbas Hüseynov; təmsilçi: Namazli Fariz; Təzminat: 3,000 avro
Ərizənin nömrəsi: 61298/17, 14/08/2017; Ərizəçi: Elnur Fərəcov; Təmsilçi: Kərimli Nemət; Təzminat: 3,000 avro