Kommunikasiya 12 mart 2018-ci il tarixdə başlamışdır
BEŞİNCİ SEKSİYA
Ərizə № 64581/16
Natiq CƏFƏROV Azərbaycana qarşı
Ərizə 26 oktyabr 2016-ci il tarixdə qəbul edilmişdir
FAKTLARIN TƏSVİRİ
Ərizəçi cənab Natiq Cəfərov Azərbaycan vətəndaşıdır, 1972-ci ildə ildə doğulub, Bakı şəhərində yaşayır. Onu Məhkəmə qarşısında Azərbaycanda fəaliyyət göstərən hüquşunas cənab C.Cavadov tərəfindən təsmil olunur.
İŞİN HALLARI
İşin halları aşağıdakı kimi ümumiləşdirilə bilər.
Ərizəçi siyasi fəaldır, ölkədəki iqtisadi və sosial problemlərlə bağlı Facebook-da paylaşdığı tənqidi məzmunlu məqalələri ilə tanınır. O, həm də Respublikaçı Alternativ Hərəkatının (REAL) təsisçilərindəndir, həmnin qurumun İdarə Heyətinin üzvlərindəndir.
Azərbaycanın Baş Prokurorluğu 22 aprel 2014-cü il tarixdə bir sıra qeyri-hökumət təşkilatlarının maliyyə fəaliyyəti ilə əlaqədar Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (sənədlərin saxtalaşdırılması) maddələri ilə cinayət işi başlayıb. Ərizəçi bu cinayət işi çərçivəsində bir neçə dəfə şahid qismində dindirilib.
Ərizəçi 12 avqust 2016-cı il tarixdə Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edildi və həbs olundu. Ərizəçi ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondundan (NED) aldığı qrantları müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirməməkdə günahlandırılırdı.
Elə həmin gün Nəsimi Rayon Məhkəməsi Ərizəçi barəsində prokurorluğun vəsatəti əsasında dörd ay müddətinə məhkəməyə qədər həbs etdi. Məhkəmənin həbs tədbiri seçməsi qərarı Ərizəçiyə qarşı ittihamların ağırlığı və sərbəst buraxılacağı təqdirdə istintaqa mane ola biləcəyi ehtimalına söykənirdi.
Ərizəçi 15 avqust 2016-cı il tarixdə həmin qərardan şikayət etdi, həbsinin qanunsuz olduğunu iddia etdi. Ərizəçi şikayətində özəlliklə, onun cinayət əməli törətdiyinə dair heç bir əsaslı şübhənin, barəsində həbs qətimkan tədbirinin tətbiqinə də heç bir əsasın mövcud olmadığını vurğuladı. Ərizəçi həmçinin, Konvensiyanın 18-ci maddəsinə söykəndi, ona qarşı irəli sürülən ittihamların siyasi motivli olduğunu, həbsinin əsl məqsədinin onu susdurmaq olduğunu qeyd etdi.
Bakı Apelyasiya Məhkəməsi 17 avqust 2016-cı il tarixdə Ərizəçinin şikayətini rədd etdi, birinci instansiya məhkəməsinin qərarını qanuni hesab etdi. Apellyasiya şikayətinə baxılan məhkəmə prosesində Ərizəçi metal qəfəsə yerləşdirilmişdi.
Dəqiq bəlli olmayan tarixdə işə baxan prokuror Nəsimi Rayon Məhkəməsinə müraciət göndərdi, bildirdi ki, Ərizəçinin məhkəməyə qədər həbsdə tutulmasına əsas mövcud deyil. Prokuror Ərizəçi barədə həbs qətimkan tədbirinin ləğv edilməsini istədi.
Nəsimi Rayon Məhkəməsi 9 sentyabr 2016-cı il tarixdə prokurorun tələbini təmin etdi və Ərizəçinin dərhal sərbəst buraxılması barədə qərar qəbul etdi.
Ərizəçi barədə mühakimə prosesinin sonrakı inkişaf mərhələsi haqda məlumat təqdim edilməyib.
ŞİKAYƏTLƏR
1. Ərizəçi Konvensiyanın 3-cü maddəsinə əsaslanaraq, məhkəmə zalında metal qəfəsdə saxlanmasından şikayət edir.
2. Ərizəçi Konvensiyanın 5-ci maddəsinin 1-ci və 4-cü bəndlərinə əsaslanaraq, saxlanılmasının, həbs edilməsinin qanunsuz və əsassız olmasından, cinayət əməli törətdiyinə dair əsaslı şübhənin mövcud olmamasından, daxili məhkəmələrin səmərəli fəaliyyət göstərməməsindən şikayət edir.
3. Ərizəçi Konvensiyanın 11 və 18-ci maddələrinə əsaslanaraq, məhkəmədən əvvəl həbs edilməsinin onu siyasi fəaliyyətinə susdurmaq məqsədi daşımasından şikayət edir.
TƏRƏFLƏRƏ SUALLAR
1. Məhkəmə zalındakı metal qəfəsdə saxlanması səbəbindən Ərizəçiyə münasibətdə Konvensiyanın 3-cü maddəsinin tələbləri pozulubmu (bax: Svinarenko və Slyadnev Rusiyaya qarşı [GC], № 32541/08 və 43441/08, §§ 113-139, AİHM 2014)?
2.Ərizəçinin azadlıqdan məhrume dilməsi Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndini pozurdumu? Özəlliklə, ərizəçinin ağlabatan şübhə əsasında tutulması 5-ci maddənin 1 (c) maddəsinə uyğun olubmu?
3. Daxili məhkəmələr Ərizəçinin Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin məqsədləri işığında saxlanmasına kifayət qədər əsaslar müəyyən etmişdimi?
4. Ərizəçinin Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndində tələb olunduğu kimi həbs olunmasının qanuniliyinə etiraz edə bilməsi üçün təsirli prosedurlar mövcuddurmu?
5. Konvensiyanın 11-ci maddəsinin 1-ci bəndi işığında Ərizəçinin birləşmək azadlığına müdaxilə baş veribmi? Müdaxilə baş veribsə, bu müdaxilə 11-ci maddənin 2-ci bəndində nəzərdə tutulan idimi, zəruri idimi?
6. Dövlətin Konvensiyanın 5-ci maddəsinə uyğun olaraq tətbiq etdiyi məhdudiyyətlər Konvensiyanın 18-ci maddəsinə zidd olaraq, həmin müddəalarda nəzərdə tutulanlardan fərqli bir məqsədəmi xidmət edirdi?
Tərəflərdən Ərizəçinin tutulması və barəsində məhkəməyə qədər həbs tədbirinin seçilməsi ilə bağlı icraatla əlaqəli bütün sənədlərin surətlərini təqdim etmələri xahiş olunur.