Kommunikasiya 14 dekabr 2017-ci il tarixdə başlamışdır
BEŞİNCİ SEKSİYA
Ərizə № 40367/15
Yelena BEREZİNSKAYA Azərbaycana qarşı
Ərizə 5 avqust 2015-ci il tarixdə qəbul edilmişdir
FAKTLARIN TƏSVİRİ
Ərizəçi xanım Yelena Berezinskaya 1945-ci ildə anadan olmuş Azərbaycan vətəndaşıdır, Bakıda yaşayır.
İŞİN HALLARI
İşin halları aşağıdakı kimi ümumiləşdirilə bilər.
Ərizəçi, onun əri (Y.V.) və oğlu iki otaqdan (“birinci və ikinci otaqlar”) ibarət olan dövlətə məxsus mənzil də yaşayırdılar. 14 avqust 1990-cı il tarixdə Y.V. həmin mənzildən köçdü. 13 yanvar 1993-cü il tarixdə Nəsimi Rayon İcra Hakimiyyəti (“NRİH”) Mənzil Məcəlləsinin 85-ci maddəsinə əsasən, sərəncam verdi, sərəncam Ərizəçini və onun oğlunu mənzilin icarədarı kimi tanıyırdı.
16 aprel 1993-cü il tarixdə NRİH həmin vaxt qüvvədə olan Mənzil Məcəllənin 43-cü maddəsinə əsasən, sahibi K olan bir otaqdan ibarət mənzilin (“üçüncü otaq”) Ərizəçinin mənzilinə birləşdirilməsinə əmr verdi. 26 oktyabr 1996-cı il tarixdə Ərizəçiyə üç otaqdan ibarət olan mənzilə dair mülkiyyət sənədi verildi.
23 aprel 1997-ci il tarixdə NRİH “üçüncü otağ”ın Ərizəçinin qonşusu S.S.-in mənzilinə birləşdirilməsinə imkan verən əmr verdi. Həmin sənəddə “üçüncü otaq”la bağlı 16 aprel 1993-cü il tarixli sərəncamdan bəhs edilmədi.
22 yanvar 2004-cü il tarixdə S.S.-nin mənzili (“üçüncü otaq”la birlikdə) E.A.-ya satıldı.
2 avqust 2012-ci il tarixdə Ərizəçiyə üç otaqdan ibarət olan mənzilə dair mülkiyyət sənədinin dublikatı təqdim edildi.
6 sentyabr 2012-ci il tarixdə Nəsimi Rayon İcra Hakimiyyəti “ikinci otağ”ın E.A.-nın mənzilinə birləşdirilməsinə sərəncam verdi. Bunun ardınca, E.A. Daşınmaz Əmlakın Dövlət Reyestri İdarəsinə (“DƏDRİ”) müraciət etdi, “ikinci otağ”a münasibətdə mülkiyyət sənədi təqdim olunmasını tələb etdi.
DƏDRİ 12 dekabr 2012-ci il tarixdə E.A.-nın ərizəsini rədd etdi. Dedi ki, “ikinci otaq” Ərizəçinin mənzilinin bir hissəsi kimi qeydiyyata alınıb.
31 may 2013-cü il tarixdə E.A. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində DƏDRİ-yə qarşı iddia qaldırdı. Xahiş etdi ki, Ərizəçinin mənzilə mülkiyyət hüququ, NRİH-nin 13 yanvar 1993-cü il və 16 aprel 1993-cü il tarixli sərəncamları ləğv edilsin. E.A. bildirdi ki, Y.V. “ikinci otağ”ı 1990-cı ildə şifahi razılaşma əsasında ona satıbmış. Ərizəçi və NRİH məhkəmə prosesində üçüncü tərəf kimi iştirak etdi.
27 dekabr 2013-cü il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi “ikinci otağ”ın həqiqətən E.A.-nın istifadəsində olduğu əsası ilə iddianı qismən təmin etdi. Məhkəmə həmçinin qeyd etdi ki, Ərizəçi mənzillə bağlı sərəncam, əmrlərin orijinallarını təqdim edə bilməyib. Buna görə, məhkəmə Ərizəçinin ünvanını və “ikinci otağ”a hüquqlarını təsdiq edən əmr, sərəncamları ləğv etdi.
DƏDRİ Bakı Apelyasiya Məhkəməsinə şikayət etdi. Bildirdi ki, Ərizəçinin adı mənzilə hüquqları təsdiq edən sənədlərə qanuni şəkildə qeyd edilib və E.A. məhkəmədə mənzilə mülkiyyət hüququnu sübut edən heç bir sübut təqdim edə bilməyib. Ərizəçi də həmçinin, Bakı Apelyasiya Məhkəməsindən DƏDRİ-nin şikayətinin təmin olunmasını xahiş etdi.
8 iyul 2014-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsi apelyasiya şikayətini rədd etdi.
5 fevral 2015-ci il tarixdə Ali Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin qərarını qüvvədə saxladı.
ŞİKAYƏTLƏR
Ərizəçi mülkiyyət hüququnun ləğv edilməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə və 1 nömrəli Protokolun 1-ci maddəsinə əsasən, dövlətin onun mülkiyyət hüququnu müdafiə etməməsindən şikayət edir.
TƏRƏFLƏRƏ SUALLAR
1. Ərizəçinin mülki hüquq və vəzifələri müəyyənləşdirilərkən Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq, ədalətli məhkəmə araşdırması təmin olunubmu?
2. Ərizəçinin mülkiyyət ünvanının ləğvi ilə əlaqədar olaraq, Dövlətin ərizəçinin mülkiyyət maraqlarını müdafiə edə bilməməsi 1 saylı Protokolun 1-ci maddəsini pozubmu?