Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş 8 şikayət üzrə yekun qərarını elan edib. Həmin qərarlara görə, hökumət 7 şikayətçiyə təzminat ödəməlidir.
Qərarlardan biri İradə Qocayeva və 6 digər ərizəçi Azərbaycana qarşı işi üzrədir. İ.Qocayevadan başqa A.Zamanov, M.Məcidli, Ş.Atakişiyev, M.Musayev, Z.Adıgözəlova, L.Məmmədova mülkiyyət hüququnun pozuntusu ilə bağlı olan yerli məhkəmə qərarlarının icra edilməməsindən AİHM-ə şikayət ediblər. Şikayətdən sonra hökumət ərizəçilərin problemini həll edib.
Beləliklə, Ərizəçilərlə Hökumət dostca anlaşma bağlayıblar. Həmin anlaşmaya əsasən, ərizəçilərə ümumilikdə 18 min 400 avro məbləğində təzminat ödəniləcək. AİHM qeyd edilən şikayətləri baxılacaq işlər siyahısından çıxarıb.
Qərarın ingiliscə mətni
Qərarın Azərbaycan dilində mətni (tezliklə əlçatan olacaq)
AİHM Niftulla Əlimuradov Azərbaycana qarşı işdə isə ərizənin qəbuledilməz olmasına qərar verib.
N.Əlimuradov mülkiyyət hüququnun pozuntusunu mübahisələndirmişdi. Onun mülkiyyətində olan mənzili Qubadlıdan olan məcburi köçkünlər tərəfindən tutulmuşdu. Sumqayıt şəhər Məhkəməsi mənzilin ona qaytarılmasına qərar versə də həmin qərarın icrası təxirə salınmışdı. Ərizəçi Sumqayıt Məhkəməsinin qərarından sonra hər hansı hüquqi prosedurdan istifadə etməmiş, qərarın icrasının təxirə salınmasını mübahisələndirməmişdi. Ərizəçi həmçinin, daxili müdafiə vasitələrinin effektiv olmaması barədə AİHM-ə hər hansı təqdimat da etməmişdi.
Beləliklə, AİHM daxili müdafiə vasitələrini başa çatdırmadığı üçün N.Əlimuradovun şikayətini qəbuledilməz elan edib.