AİHM 4 azərbaycanlı müxalifətçiyə təzminat ödənilməsinə qərar verib

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) fevral ayının 22-də Azərbaycandan göndərilmiş 4 ərizə ilə bağlı qərarını elan edib.

Rasim İsaqov və başqa 3 ərizəçi Azərbaycana qarşı

Bu işdə ərizəçilər – Rasim İsaqov, Əli Abdullayev, Mübariz Abdulkərimov, Rauf Abdurəhmanlı əsasən, azadlıq və toxunulmazlıq, ifadə azadlığı hüquqlarına müdaxilələrin qanunsuzluğundan, habelə, ədalətli məhkəmə araşdırmasının aparılmamasından şikayət etmişdilər. Ərizəçilərdən Ə.Abdullayev, M.Abdulkərimov və Rauf Abdurəhmanlı həmçinin, Konvensiyanın 18-ci maddəsinin pozuntusunu mübahisələndirmişdilər.

Ərizəçilərdən R.İsaqovun işi vərəqələr yayması səbəbindən onun saxlanılması və inzibati qaydada məhkum edilməsi ilə bağlı idi. Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olan ərizəçi 22 dekabr 2014-cü il tarixdə saxlanılmış və İnzibati Xətalar Məcəlləsinin 39.1-ci (seçkiqabağı və ya referendum üzrə təşviqatın aparılması qaydalarını pozma), 296-cı (xırda xuliqanlıq) və 310-cu (polisin qanuni göstərişə tabe olmama) maddələrinə əsasən, beş sutkalıq inzibati həbs cəzasına məhkum edilmişdi. Rəsmi bilgilərdə göstərilirdi ki, ərizəçi bələdiyyə seçkilərinə bir gün qalmış “Hara gedirik?” yazılmış vərəqələr paylayırmış, o, polis əməkdaşlarının vərəqələrin paylanmasını dayandırması tələbinə tabe olmayıb, xüsusi olaraq, kimlərəsə xitab etmədən, ucadan ünvansız söyüş söyməyə başlayıb. Ərizəçi daxili məhkəmələr qarşısında iddia etmişdi ki, onun payladığı vərəqlərdə seçkiqabağı təşviqatla bağlı heç bir məzmun olmayıb, söyüş söyməyib, polisə tabe olmamaq istiqamətində hər hansı hərəkət etməyib. Ancaq yerli məhkəmələr onun arqumentlərini nəzərə almamışdılar.

Ərizələrin kommunikasiyası zamanı hökumət AİHM-ə təktərəfli bəyannamə təqdim edib. Hökumət ərizəçilərin Konvensiyanın 5, 6 və 10-cu maddələri üzrə qaldırdıqları pozuntuları etiraf edib, bu pozuntuları təzminat ödəməklə kompensasiya etməyi təklif edib. Məhkəmə hökumətin bəyannaməsini qəbul edib.

AİHM-in qərardadına görə, hökumət 3 ay ərzində ərizəçilərdən R.İsaqova 5800 avro, digər ərizəçilərin hər birinə 6000 avro təzminat ödəməlidir. Bundan əlavə ərizəçilərin hüquqi təmsilçisinə ümumilikdə 2 min avro ödənilməlidir.

Ərizəçiləri AİHM-də hüquqşunas Xalid Bağırov təmsil edib.