Hökumət qaçaqmalçılığa görə məhkum edilmiş sabiq məmura təzminat ödəyəcək

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) dekabr ayının 14-də Akif Muradverdiyev Azərbaycana qarşı işi üzrə qərarını elan edib. Məhkəmə iddia olunan pozuntuları tanıyıb.

Akif Muradverdiyev Azərbaycana qarşı

Bu işdə ərizəçi Prezident Aparatı işlər idarəsinin keçmiş müdiri idi. İşin hallarına görə, ərizəçi 2013-cü ilin iyun ayında Moskvaya getmək istərkən Beynəlxalq Hava Limanında saxlanılıb. Onun üzərində əl yükü – kiçik bir çanta olub. Ərizəçi təhlükəsizlik, gömrük və sərhəd yoxlamalarından keçdikdən sonra, minik qapısının yaxınlığında keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Çantası götürülən ərizəçi iyirmi dəqiqə otaqda sorğu-sual edilib. Ardınca, çantası geri verilib və şahidlərin iştirakı ilə üzərində və çantasında axtarış aparılıb. Axtarış lentə də alınıb, axtarış protokoluna görə, baxış zamanı ərizəçinin çantasından 40 qızıl sikkə, müxtəlif valyutalarda nağd pullar və bir neçə mobil telefon aşkar edilib. Buna etiraz edib pul və telefonların ona məxsus olduğunu, qızıl sikkələrin isə ora qoyulduğunu bildirən ərizəçi protokolu imzalamaqdan imtina edib.

Daha sonra ərizəçi MTN-ə aparılıb, ordakı dindirmə zamanı da qızıl sikkələrin ona məxsus olmadığını, çantasına sonradan qoyulduğunu deyib. Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə qaçaqmalçılıq ittihamı irəli sürülən ərizəçi haqda məhkəməyə qədər həbs qərarı verilib. İstintaq zamanə ərizəçinin vəkili onun hava limanında olan zamanı əhatə edən video görüntülərin istənilməsi haqda vəsatət verib, vəsatət təmin edilib, ancaq icra edilməyib.

Ərizəçi məhkəmə icraatı zamanı da cinayət işinin uydurma olduğunu və qızıl sikkələrin onun çantasına MTN əməkdaşları tərəfindən yerləşdirildiyini iddia edib. Xəzər Məhkəməsi ərizəçini qaçaqmalçılıqda təqsirli bilərək, dörd il müddətinə azadlıqdan məhrum olunmasına hökm edib. Yuxarı məhkəmələr hökmü dəyişməyib.

Ərizəçi AİHM qarşısında ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu iddia edirdi – bildirmişdi ki, uydurma sübutlar əsasında məhkum edilib, ona ortaya qoyulan sübutlara effektiv etiraz etmək, habelə, müxtəlif mərhələlərdə səmərəli hüquqi yardım almaq imkanları verilməyib.

Avropa Məhkəməsi bu ərizənin araşdırması zamanı Mirzə SakitLayicov işləri üzrə qərarlarına istinad edib. Ərizəçinin məhkum edilməsinə gətirən maddi sübutların əldə edilmə şərtləri, etibarlılığı, qaynağı dsaxil olmaqla, keyfiyyətini incələyən məhkəmə vurğulayıb ki, ərizəçi hava limanına gəldikdən sonra təhlükəsizlik, gömrük və sərhəd yoxlamalarından rahatlıqla keçib, minik qapısında saxlanılıb və otağa aparılıb.

“Ərizəçi bir otağa aparıldı və çantasının gətirilməsi və axtarış aparılması arasında 20 dəqiqə vaxt keçib. Axtarışın hökumət tərəfindən təqdim edilən video qeydi, ərizəçinin axtarışa qədər çantanın ondan alınması iddiasını dəstəkləyir. Bununla bağlı məhkəmə qeyd edir ki, həbsdən dərhal sonra keçərli bir səbəb olmadan axtarış aparılmaması, sübutun “yerləşdirilmiş” olması ilə bağlı əsaslı narahatlıq doğurur, çünki, ərizəçi həmin vaxt tamamilə rəsmilərin kontrolunda idi. Digər tərəfdən, ərizəçinin saxlanılmasından dərhal sonra axtarış aparılmasını imkansız edən hər hansı xüsusi durumun mövcud olmadığı da aşkar görünür”, AİHM qərarında qeyd edir.

Məhkəmə həmçinin, hökumətin ərizəçinin sikkələrlə təhlükəsizlik və gömrük yoxlamalarından necə keçə bilməsi ilə bağlı heç bir inandırıcı izahat təqdim edə bilmədiyini də vurğulayıb.

AİHM yekunda ərizəçiyə münasibətdə Konvemsiyanın 6.1-ci maddəsinin pozulmasına qərar verib. Qərara görə, hökumət ərizəçiyə 4 min avro təzminat ödəməlidir. Ərizəçini AİHM qarşısında vəkil Fuad Ağayev təmsil edib.