№70649/13 ETİBAR HÜSEYNOV AZƏRBAYCANA QARŞI – 17 YANVAR 2019-CU İL

 

BEŞİNCİ BÖLMƏ
QƏRAR

Ərizənin nömrəsi: 70649/13
Etibar HÜSEYNOV Azərbaycana qarşı

Avropa İnsan Hüquqları Məhkəməsi (Beşinci Bölmə), 17 yanvar 2019-cu il tarixdə aşağıdakı heyətdən ibarət Komitədə:

Síofra O’Leary, President,
Mārtiņš Mits,
Lado Chanturia, hakimlər,

və Liv Tigerstedt, Qeydiyyat Bölməsi Rəhbərinin Köməkçisi,

23 oktyabr 2013-cü il tarixli Ərizəni diqqətə alaraq,

Müzakirələrdən sonra aşağıdakı qərarı qəbul etdi:

FAKTLAR və PROSEDUR

Ərizəçi cənab Etibar Hüseynov 1990-cı ildə anadan olub, Bakıda yaşayan Azərbaycan vətəndaşıdır. Onu Məhkəmə qarşısında Azərbaycanda fəaliyyət göstərən vəkil cənab X. Bağırov təmsil edib.

Məhkəmə Ərizəçinin Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinə əsaslanaraq həddindən artıq həbsdə saxlanılması ilə bağlı şikayətləri haqda Azərbaycan Hökumətini (“Hökumət”) bilgiləndirdi.

Məhkəmə 13 iyul və 24 oktyabr 2018-ci il tarixlərində tərəflərdən dostca anlaşma ilə bağlı bəyannamə aldı. Həmin anlaşmaya əsasən, Ərizəçi məhkəmə qarşısında irəli sürdüyü şikayətlərini geri götürməyə, Hökumətin mənəvi zərər əvəzi olaraq 3900 avro, digər məsrəflərə görəsə 500 avro təzminat ödəməsinə, üstəlik, bu məbləğlərə görə tutula biləcək bütün vergilərdən azad olunmağa razılaşdı. Qeyd edilən məbləğ ödəmə zamanı qüvvədə olan məzənnəyə uyğun olaraq, Azərbaycan manatı ilə bu qərarın elan olunduğu tarixdən etibarən, 3 ay içində Ərizəçiyə ödənəcək. Təzminat məbləğini yuxarıda göstərilən üç aylıq müddət ərzində ödəmədiyi halda Hökumət, bu müddətin bitməsi tarixindən hesablanmaqla, Avropa Mərkəzi Bankının kredit faizi ilə hesablanmış faiz və onun üzərinə daha üç faiz ödəməlidir. Bu işdəki təzminatın ödənilməsi Ərizənin son həllini təşkil edəcək.

QANUNVERİCİLİK

Məhkəmə tərəflər arasında əldə olunmuş dostca həll anlaşmasını nəzərə alır. Qərara gəlir ki, anlaşma Konvensiya və onun Protokollarında müəyyən edilmiş hüquqlara uyğundur, Ərizənin araşdırılmasını davam etdirmək üçün əsasların olmaması qənaətindədir.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Ərizəni siyahıdan çıxarmaq məqsədəuyğundur.

Bu səbəblərə görə, Məhkəmə yekdilliklə, Ərizəni baxılacaq işlərinin siyahısından çıxarmaq qərarı verdi.

Qərar ingilis dilində hazırlandı və 7 fevral 2019-cu il tarixdə yazılı şəkildə elan edildi.

Liv Tigerstedt,
Qeydiyyat Bölməsi Rəhbərinin Köməkçisi vəzifəsini icra edən

Síofra O’Leary
Beşinci Bölmə, Prezident