№18068/08 E.PAŞAYEV və BAŞQALARI AZƏRBAYCANA QARŞI – 14 YANVAR 2021-Cİ İL

 

BEŞİNCİ BÖLMƏ

 

Elmar Alim oğlu PAŞAYEV və Başqaları
Azərbaycana qarşı

Ərizə no. 18068/08

 

 

QƏRAR

 

 

STRASBURQ 

14 yanvar 2021-ci il

Avropa İnsan Haqları Məhkəməsinin (Beşinci Bölmə) Palatası 14 yanvar 2021-ci il tarixdə aşağıdakı heyətdə toplaşıb:

Lado Chanturia, President,
Latif Hüseynov,
Mattias Guyomar, hakimlər,
və Martina Keller, İclas katibi,

14 mart 2008-ci ildə verilmiş yuxarıda göstərilən ərizəni;

Konvensiyanın 9-cu maddəsi ilə birlikdə götürülməklə 14-cü maddə və Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsi üzrə şikayətlər barədə Azərbaycan Hökumətinin (“Hökumət”) məlumatlandırlması və digər şikayətlərin qəbuledilməz elan edilməsi barədə qərarını nəzərə alıb;

Cavabdeh Hökumətin təqdimatlarını və ərizəçilərin yazışmalara cavab olaraq təqdim etdiyi qeydləri;

Nəzərə alaraq,

Müzakirələrin nəticəsində aşağıdakı qərara gəldi:

FAKTLAR

1. Ərizəçilərin siyahısı əlavədə verilib. Ərizəçiləri Məhkəmə qarşısında Azərbaycanda yaşayan vəkil cənab A.Mütəllimov təmsil edib.

2. Hökumət onun səlahiyyətli nümayəndəsi cənab Ç. Əsgərov tərəfindən təmsil olunub.

İşin halları

3. Ərizəçilər bildirib ki, onlar 9 iyun 2007-ci il tarixdə Quba rayonundakı istirahət yerlərindən birnə gəliblər və orda dostlarının iki gün qalmağı planlaşdırdıqları evlərinə yerləşiblər. Həmin gün ailələri ilə istirahət edərkən, onlara bir neçə polis əməkdaşı yaxınlaşıb və şəxsiyyətlərini təsdiq edən sənədləri tələb edib. Sənədləri incələdikdən sonra məsul polis zabiti, müvəqqəti yaşayış-yerləşmə yeri üzrə qeydiyyat qaydalarını pozduqlarını və dərhal rayonu tərk etməli olduqlarını bildirib. Ərizəçilər sadəcə, həftəsonu tətilinə gəldiklərini bildiriblər, polis əməkdaşları isə İnzibati Xətalar Məcəlləsinin müvafiq müddəalarını pozduqları barədə onlara xəbərdarlıq edib. Nəticədə ərizəçilər və onların ailə üzvləri səfərlərini başa vurub, Quba rayonunu tərk etməli olublar.

4. Ərizəçilər 2 iyul 2007-ci il tarixdə Quba Rayon Polis İdarəsinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə və Ombudsmana şikayət ediblər. İddia ediblər ki, polisin onları Quba rayonundan qovmaq istəməsinin yeganə səbəbini, onların ənənəvi İslam dininə mənsubluğu ifadə edən paltarlar geyinmələri və uzun saqqallarının olması təşkil edib.

5. Quba Rayon Polis İdarəsi 13 iyul 2007-ci il tarixli məktubla ərizəçilərə bildirib ki, 9 iyun 2007-ci il tarixdə ərizəçilərin qaldıqları əraziyə cavabdeh olan polis müfəttişi sadəcə, onların şəxsiyyətini təsdiq edən sənədləri yoxlayıb və onlara, uzun müddət qalmağı planlaşdırırlarsa, qeydiyyata düşmək məcburiyyətində olmalarını ifadə edib. Ancaq onlar bir qədər sonra polis əməkdaşları tərəfindən hər hansı pis rəftara məruz qalmamalarına rəğmən, müvəqqəti yerləşdikləri yeri tərk ediblər.

6. Ərizəçilər 30 iyul 2007-ci il tarixdə Ombudsmandan da eyni məzmunlu məktub alıblar.

7. 31 avqust və 27 sentyabr 2007-ci il tarixlərində isə Daxili İşlər Nazirliyindən Quba Rayon Polis İdarəsinin məktubu ilə eyni məzmunlu məktublar göndərilib.

8. Ərizəçilərin bildirdiyinə görə, 6 iyul 2007-ci il tarixdə onlar Quba Rayon Məhkəməsinin qeydiyyat şöbəsinə şikayət təqdim etmək istəyiblər. Ancaq qeydiyyat şöbəsi həmin şikayəti qəbul etməkdən imtina edib, bu səbəbdən, ərizəçilər şikayəti poçt vasitəsilə göndəriblər. Ərizəçilər rəsmi şəxslərin şəxslərin hüquq və azadlıqlarına qarşı yönələn hərəkətləri ilə bağlı iddialarını Mülki Prosessual Məcəllənin müddəaları ilə əsaslandıraraq, əvvəllər digər dövlət orqanlarına verdikləri şikayətlərini təkrarlayıblar. Onlar məhkəmədən xahiş ediblər ki, məhz dini etiqadlarına görə hərəkətlərinə məhdudiyyətlərin tətbiq olunmasını, habelə, ayrı-seçkiliyə məruz qalmalarını təsbit edən, polislərin üzərinə ərizəçilərə 5000 Azərbaycan manatı (təxminən 5000 avro) təzminat ödəmək vəzifəsi qoyan qərar qəbul etsin. Ərizəçilər həmin şikayətin surətini və şikayətin göndərilmə tarixi 9 iyul 2007-ci il kimi ifadə olunan poçt xəbərnaməsini Məhkəməyə təqdim ediblər, ancaq şikayətin alınmasını təsdiq edən heç bir sənəd təqdim olunmayıb.

9. 27 avqust və 24 oktyabr 2007-ci il tarixli məktublarında Ərizəçilər Quba Rayon Məhkəməsindən poçtla göndərildiklərini iddia etdikləri şikayətləri haqqında onlara məlumat verilməsini xahiş ediblər.

10. Ərizəçilər Sumqayıt Apellyasiya Məhkəməsinə və Ali Məhkəməyə ünvanladıqları 29 fevral 2008-ci il tarixli məktublarında Quba Rayon Məhkəməsinin onların şikayətinə baxmadığını bildiriblər.

11. Quba Rayon Məhkəməsi ərizəçilərə 17 mart 2008-ci il tarixli məktubla cavab verib, bildirib ki, məhkəməyə ərizəçilərdən hər hansı şikayət daxil olmayıb. Məktubda həmçinin bildirilib ki, məhkəməyə təqdim edildikdən sonra şikayətləri araşdırılacaq.

12. Bundan sonra Ərizəçilər əlavə heç bir tədbir görməyiblər.

UYĞUN QANUNVERİCİLİYİN ÇƏRÇİVƏSİ

13. Hadisələrin baş verdiyi vaxt qüvvədə olan Mülki Prosessual Məcəllənin müvafiq müddəalarında göstərilir:

Maddə 296. Ərizənin verilməsi
296.1. Maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər.

296.2. Yuxarı orqanlara və vəzifəli şəxslərə ilkin müraciət ərizənin məhkəməyə təqdim edilməsi, onun məhkəmə tərəfindən qəbul edilməsi və mahiyyəti üzrə həll edilməsi üçün məcburi şərt deyildir.

296.3. Ərizə bu Məcəllənin 4-cü fəsli ilə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. Baxılması rayon məhkəməsinə aid olan ərizə fiziki şəxs tərəfindən onun yaşayış yeri üzrə məhkəməyə, yaxud hərəkətindən şikayət edilən orqanın, təşkilatın, vəzifəli şəxsin yerləşdiyi yerin məhkəməsinə verilir.”

Maddə 297.
Maddə 297. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə baxılmalı olan qərarları və hərəkətləri (hərəkətsizliyi)
1. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətlərinə (hərəkətsizliyinə) elə kollegial və təkbaşına qərarlar, hərəkətlər (hərəkətsizlik) aiddir ki, onların nəticəsində:
1.1. şəxsin hüquq və azadlıqları pozulmuş olsun;
1.2. şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaransın;;
…”

ŞİKAYƏTLƏR

14. Ərizəçilər Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinə əsasən, yerli hakimiyyət orqanlarının onların ölkə daxilində hərəkət azadlığı hüquqlarını qanunsuz olaraq məhdudlaşdırmasından şikayətçi olublar.

15. Bundan başqa, ərizəçilər 14-cü maddə ilə birlikdə götürülməklə Konvensiyanın 9-cu maddəsinə əsasən, onların sərbəst hərəkət etmək hüquqlarının ənənəvi İslam dininə mənsubluğu ifadə edən paltar geyinmələri və uzun saqqalda olmalarına görə məhdudlaşdırılmasından şikayət ediblər. İddia ediblər ki, bu, onların dini etiqad azadlığı hüququnun pozuntusuna və dini mənsubiyyətə görə ayrı-seçkiliyə məruz qalmağa bərabər davranış olub.

HÜQUQ

16. Hökumət, ərizəçilərin məruz qaldıqlarını iddia etdikləri hüquq pozuntuları ilə bağlı kompensasiya əldə etmək üçün şikayətlərini yerli məhkəmələrə təqdim etmədiklərinə görə, daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməməsi səbəbindən ərizənin qəbuledilməz olduğunu iddia edib. Bildirib ki, ərizəçilərin öz şikayətlərini əsas yurisdiksiyaya sahib birinci instansiya məhkəməsi olan Quba Rayon Məhkəməsinə qanuna uyğun təqdim etmələrinə dair heç bir sübut mövcud deyil. Bundan əlavə, hadisələrin baş verdiyi zamanda qüvvədə olan qanunvericiliyə uyğun olaraq, ərizəçilər, yaşayış yeri üzrə Bakı şəhərinin rayon məhkəmələrinə şikayət etmək kimi alternativ imkanlardan da istifadə etməyiblər. Hökumət öz iddialarını dəstəkləmək üçün Quba Rayon Məhkəməsinə daxil olan işlərin qeydiyyat kitabçalarının müvafiq səhifələrinin surətlərini də Məhkəməyə təqdim edib.

17. Ərizəçilər təqdimat etməyiblər, daxili müdafiə vasitələrini tükəndirilməməsi ilə bağlı Hökumətin təqdimatına etiraz bildirməklə kifayətləniblər.

18. Məhkəmə vurğulayır ki, o, hər hansı işə yalnız bütün daxili hüquqi müdafiə vasitələri tükəndirildikdən sonra baxa bilər. Qaydanın məqsədi bu iddialar Məhkəməyə təqdim edilməmişdən əvvəl Razılığa gələn Dövlətlərə onlara qarşı irəli sürülən pozuntu iddialarının qarşısını almaq və ya onları düzəltmək imkanı verməkdir (bax, digərləri içərisində, Selmouni Fransaya qarşı [GC], № 25803/ 94, § 74, AİHM 1999-V). Buna görə də Məhkəməyə təqdim edilən şikayətlər, ilk növbədə, ən azından, mahiyyət etibarı ilə yerli qanunvericiliyin tələblərinə uyğun olaraq və qanunda göstərilən iddia müddətləri daxilində yerli məhkəmələr qarşısında qaldırılmalıdır (bax: Micallef Maltaya qarşı [GC], № 17056/06, § 55, AİHM 2009). Bununla yanaşı, dövlətdaxili hüquqi müdafiə vasitələrinin tükəndirilməsi qaydası ərizəçidən elə hüquqi müdafiə vasitələrinə müraciət etməyi tələb edir ki, bu vasitələr iddia edilən pozuntularla bağlı kompensasiya təmin etmək üçün mövcud və yetərli olsun. Sözügedən müdafiə vasitələrinin mövcudluğu təkcə nəzəri cəhətdən deyil, həm də praktikada kifayət qədər müəyyən olmalıdır, əks halda onlar lazımi əlçatanlığa və effektivliyə malik olmayacaq (bax: Vučković və başqaları Serbiyaya qarşı (ilkin etiraz) [GC], № 17153/11 və 29 başqaları, § 71, 25 mart 2014-cü il).

19. Bundan əlavə, Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndi sübutetmə yükünün tərəflər arasında bölüşdürülməsini nəzərdə tutur. Hökumət dövlətdaxili hüquqi müdafiə vasitələrinin tükəndirilmədiyini iddia etdikdə, onlar, Məhkəməni istinad edilən hüquqi müdafiə vasitəsinin sözügedən vaxtda effektiv, nəzəri və praktiki olaraq mövcud, çatımlı, ərizəçinin şikayəti ilə bağlı ağlabatan perspektiv vəd edə bilən və kompensasiya təmin edə bilən mahiyyətdə olduğu mövzusunda razı salmalıdır (bax: Scoppola İtaliyaya qarşı (№ 2) [GC], № 10249/03, § 71, 17 sentyabr 2009-cu il və Nada İsveçrəyə qarşı [GC], № 10593 /08, § 141, AİHM 2012). Hökumətin bunları etməsindən sonrakı mərhələdə ərizəçi göstərməlidir ki, Hökumətin irəli sürdüyü müdafiə vasitəsinə müraciət edib və ya bu vasitə işin xüsusi halları baxımından adekvat və effektiv olmayıb, və ya onu bu tələbə əməl etməkdən azad edən xüsusi hallar mövcud olub (bax: Vuçkoviç və başqaları, yuxarıda adı çəkilən, § 77 və orada göstərilən hallar).

20. Məhkəmə qeyd edir ki, həmin vaxt daxili qanunvericilik vəzifəli şəxslərin fərdlərin hüquq və azadlıqlarını həyata keçirməsinə mane olan hərəkətlərinə görə məhkəmə qaydasında mübahisələndirmə imkanını təmin edirdi və bu cür hərəkətlərdən şikayətlər həm iddia edilən pozuntunun baş verdiyi yer üzrə, həm də şəxsin yaşayış yeri (bax: yuxarıda § 13) üzrə birinci instansiya məhkəmələrinə verilə bilərdi. Bundan əlavə, ərizəçilər həm də mövcud müdafiə vasitələrinin qeyri-adekvat və ya səmərəsiz olduğunu da iddia etməyiblər.

21. Məhkəmə Quba Rayon Məhkəməsinin onların şikayətinə baxmaqdan imtina etməsi ilə bağlı Ərizəçilərin iddiası haqda qeyd edir ki, Məhkəmə, bununla bağlı heç bir sübut olmadığı halda iddianı qəbul edə bilməz. Məhkəmə əlavə edir ki, ərizəçilər yalnız şikayətlərinin Quba Rayon Məhkəməsinə 9 iyul 2007-ci il tarixdə göndərildiyini təsdiq edən poçt möhürünün olduğu qəbzi sübut kimi təqdim edə biliblər. Lakin şikayətlərinin Quba Rayon Məhkəməsinə çatdığını təsdiq edən heç bir sübutedici sənəd təqdim etməyiblər.

22. Məhkəmə daha sonra onu da vurğulayır ki, ərizəçilər Quba Rayon Məhkəməsinin onları şikayətlərini mahiyyəti üzrə təqdim etməyə dəvət edən cavabını aldıqdan sonra da uyğun hərəkət etməyiblər (yuxarıda § § 11, 12). Ərizəçilər həm də bunu nə üçün etmədikləri ilə bağlı heç bir izahat təqdim etməyiblər. Onlar həmçinin, həmin vaxt qüvvədə olan prosessual tələblərə müvafiq olaraq, yaşadıqları yer üzrə birinci instansiya məhkəməsinə şikayət vermək imkanından da yararlanmayıblar. Bundan əlavə, ərizəçilər, şikayət etdikləri digər orqanlardan aldıqları cavablardan sonra da şikayətlərini baxılması üçün yerli məhkəmələrə yenidən təqdim etməyə mane ola biləcək hansısa konkret halların mövcudluğunu əsaslandıra bilməyiblər.

23. Nəticə olaraq, ərizə daxili müdafiə vasitələrinin təkindirilməməsinə görə, Konvensiyanın 35-ci maddəsinin 1 və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.

 

Qeyd edilən səbəblərə əsasən Məhkəmə, yekdilliklə,

 

Elan edir ki, ərizə qəbuledilməzdir.

 

Qərar ingilis dilində hazırlanıb və 4 fevral 2021-ci ildə açıqlanıb. 

 

Martina Keller
Katib 

Lado Chanturia

President

 

Əlavə

No. Ərizəçilərin adı Doğum ili Milliyəti İqamət yeri
1. Elmar Alim oğlu PAŞAYEV 1974 Azərbaycanlı Bakı
2. Kamil Xəyyam oğlu ƏLMƏMMƏDOV 1973 Azərbaycanlı Bakı
3. Vuqar Süleyman oğlu MƏMMƏDOV 1975 Azərbaycanlı Bakı