Avropa Məhkəməsinin LGBT+ hüquqları ilə bağlı dəyişməkdə olan praktikası – Röya Məlikzadə

Röya Məlikzadə: Bakı Dövlət Universiteti 4-cü kurs hüquq fakültəsində təhsil alır.

Hazırda əmək və sosial təminat hüquqlarına dair layihədə hüquqşünas kimi çalışır.

İndiyə qədər vətəndaş iştirakçılığını təmin etməyi hədəfləyən çoxsaylı yerli və xarici layihələrdə iştirak edib.

PDF yüklə

 

Avropa Məhkəməsinin LGBT+ hüquqları ilə bağlı dəyişməkdə olan praktikası

Giriş

İkinci Dünya Müharibəsindən sonra qəbul edilən digər insan hüquqları sənədləri kimi[1] Avropa İnsan Hüquqları Konvensiyasının (Konvensiya) mətnində seksual orientasiya və gender kimliyi anlayışlarına rast gəlinmir. Konvensiyanın mətnini hazırlayanlar o dövrdə ailəni məhz heteroseksual təsəvvür edirdi.[2]

Lakin zaman keçdikcə LGBT+ hüquqlarına dair dünya ölkələrində çoxsaylı hərəkatlar baş verdi və ictimai vəkillik gözlə görüləcək dərəcədə artdı. Bu inkişaf hər növ insan hüquqlarını müdafiə etməyi hədəfləyən Avropa İnsan Hüquqları Məhkəməsinin (Avropa Məhkəməsi və ya Məhkəmə) praktikasından da yan keçmədi. Məhkəmə baxdığı bir sıra işlərdə LGBT+ hüquqlarına dair məsələləri tənzimləməyə və məhkəmə presedentlərinin əsasını qoymağa başladı.

Sözsüz ki, Məhkəmə LGBT+ şəxslərin hüquqlarının pozuntusunu hər zaman tanımayıb. Bu proses müəyyən inkişaf yolu keçib və hazırda da keçməyə davam edir. Əvvəla, qeyd etdiyimiz kimi LGBT+ hüquqlarına dair Konvensiyanın hər hansı müddəasında açıq ifadə ilə tənzimləmə yoxdur. Məhkəmə bu fəsildən olan işləri həll edən zaman Konvensiyanın məsələyə dair müvafiq maddəsinə və hər növ ayrı-seçkiliyi qadağa edən 14-cü maddəyə istinad edir. Bundan başqa Məhkəmə “canlı alət” doktrinasını əsas tutaraq Konvensiyanı “bu günün şərtləri işığında” dinamik şəkildə təfsir edir. Danışdığımız inkişaf yolunun məhz bu doktrina ilə əmələ gəldiyini desək, yanılmış olmarıq.

Bu yazıda Konvensiyanın “canlı alət” olduğunu göstərən, zamanla inkişaf etmiş 3 növ məhkəmə presedentinə toxunacağıq. Daha sonra Məhkəmənin hələ pozuntu tapmadığı, amma daha sonra pozuntu tapmaq ehtimalı böyük olan işlərdən danışacağıq. Son fəsil isə Azərbaycanda LGBT+ şəxslərin hüquqları ilə bağlı vəziyyəti qısa şəkildə göstərir və Məhkəmədə kommunikasiya mərhələsində olan 25 LGBT+ vətəndaşın işindən bəhs edir.

Yazıda seksual orientasiya və gender kimliyi məsələlərində daha çox istifadə olunan LGBT+ akronimindən istifadə olunur. LGBT+ lesbian, gey, biseksual və transgender sözlərinin inisiallarının birləşməsi olsa da, “+” digər kuir subyektlərini də ehtiva edir. Həmçinin, homoseksual və transseksual kimi köhnəlmiş ifadələr mətndə yalnız məhkəmə qərarlarından çıxarış zamanı istifadə ediləcəkdir.

 

       I. LGBT+ işləri ilə bağlı AİHM presedent hüququnun inkişafı

  • Homoseksuallar arasında razılıqlı cinsi münasibətlərin dekriminallaşması

 

Avropa Məhkəməsinə göndərilən LGBT+ hüquqları ilə bağlı ilk işlər homoseksuallar arasındakı münasibətləri qadağan edən qanunlarla bağlı idi. Belə ki, 1950-1970-ci illər arasında bir sıra Avropa ölkələrində homoseksuallar arasında cinsi münasibətləri qadağan edən cinayət qanunu müddəaları mövcud idi. Məhkəməyə gedən işlər də məhz bu qanunların legitimliyini mübahisələndirirdi. Amma Məhkəmə tərəfindən onlar ictimai sağlamlıq və mənəviyyatın mühafizəsi səbəbiylə qəbuledilməz hesab edilirdi.[3] Bu fəsildən olan işlərdən biri W.B. Almaniyaya qarşıdır.

W.B (işdə X kimi də müraciət edilir) 1950-ci illərin ilk yarısında Almaniya Cinayət Məcəlləsində kişilərin öz həmcinsləri ilə seksual münasibətlərini kriminallaşdıran müddəaları pozduğuna görə həbs edilmişdi. Bu işdə Məhkəmə iddianı göstərdiyimiz əsasla qəbuledilməz sayaraq qeyd etmişdi: “sağlamlığın və ya əxlaqın qorunmasına dair” qanunlar şəxsi həyata və ailə həyatına müdaxilə obyekti ola bilər.”[4]

Məhkəmə bu işə oxşar digər işləri də eyni əsasla qəbuledilməz hesab etmişdi.[5] Ümumiyyətlə, demək olar ki, Komissiya həmin dövrdə həmcins şəxslərin hüquqlarının insan hüquqları aspektindən önəmli olduğunu düşünmürdü.

Lakin zaman keçdikcə kuirlər seksual münasibətlərinin müdafiəsinə çıxdı və bir sıra Avropa dövlətləri homoseksuallar arasındakı münasibətləri kriminallaşdırma təcrübəsindən imtina etdi. Bütün bunlar 1981-ci ildə Avropa Məhkəməsinin daha sonra LGBT+ məsələlərində flaqman işi sayılacaq Dudgeon Birləşmiş Krallığa qarşı işində özünü büruzə verdi.

Dudgeon Şimali İrlandiyada yaşayan gey idi və həmin zaman Şimali İrlandiyada kişilər arasında      seksual münasibətləri qadağan edən qanunlar mövcud idi. O, Məhkəmə qarşısında həmin qanunların legitimliyini mübahisələndirərək şəxsi həyatının pozulduğunu iddia etmişdi. Məhkəmə bu işdə oxşar işlərə dair əvvəlki mövqeyini dəyişdi və ilk dəfə LGBT+ şəxslərə münasibətdə 8-ci maddənin pozuntusunu tapdı.

Məhkəmə öz mövqeyini mübahisələndirilən qanunvericiliyin qəbul edildiyi tarix ilə müasir dövr arasında müəyyən dəyərlərin inkişafı ilə əsaslandırmışdı. Belə ki, Məhkəmə həmin iş üzrə qərarında qeyd etdi ki: “qanunvericiliyin qüvvəyə mindiyi dövrlə müqayisədə hazırda homoseksual davranışlara qarşı daha yaxşı dərketmə və getdikcə artan tolerantlıq mövcuddur…”[6]

Ümumiyyətlə, Avropa Məhkəməsi bu qərarda tez-tez Avropa Şurasına üzv olan ölkələrin qanunvericiliyinə – bunu “konsensus” kimi də dəyərləndirə bilərik – istinad edir. Məhkəmə Dudgeon qərarında qeyd edir: “…Avropa Şurasına üzv olan dövlətlərin böyük əksəriyyətində … homoseksual təcrübələrə cinayət sanksiyaları tətbiq edilməli olan məsələ kimi baxılması artıq zəruri və ya məqsədəuyğun hesab edilmir.”

Məhkəmə eyni mövqeni 1988-ci ildə Norris İrlandiyaya qarşı və 1993-cü ildə Modinos Kiprə qarşı işlərində də təsdiq etdi.

Beləliklə yuxarıda göstərilən üç iş LGBT+ şəxslərə qarşı Məhkəmənin sonrakı mövqeyini tamamilə dəyişdi. Bu işlərdən sonra Avropa Şurası bütün üzv ölkələrdən homoseksuallar arasındakı razılıqlı seksual münasibətləri dekriminallaşdırmasını tələb etməyə başladı.[7]

 

  • Transseksualların adaptasiya əməliyyatının hüquqi tanınması

 

Avropa Məhkəməsinin presedent hüququnun təhlili göstərir ki, Konvensiyanın “evaluative” şərh metodu ilə tətbiqi transseksualların hüquqlarının tanınmasına da səbəb olub. Məhkəmə əvvəllər adaptasiya əməliyyatı keçirən transseksualların yeni cinsinin tanınmasını rədd etsə də, daha sonra öz presedentini dəyişmişdir. Bu silsilə işlərin ilki Rees Birləşmiş Krallığa qarşıdır.

Ərizəçi (Rees) uşaq yaşlarından qız uşağının bütün fiziki və bioloji xüsusiyyətlərinə malik olmuş və doğum qeydiyyatında qız kimi qeydə alınmışdır.[8] Gənc yaşlarından isə özünü kişi kimi hiss etməyə başlamış və kişi davranışları sərgiləmişdir. Nəticədə, o, adaptasiya əməliyyatı keçirmiş, adından imtina edərək oğlan adı götürmüşdür. Lazımi dövlət orqanları pasportda ona adını dəyişdirməyə icazə versə də, doğum şəhadətnaməsində cinsiyyətini dəyişdirməkdən imtina edib.

Bu işdə Avropa Məhkəməsi mülahizə sərbəstliyi aspektindən çıxış edərək Birləşmiş Krallığa geniş mülahizə sərbəstliyi tanıdığını bu sahədə tərəf Dövlətlər arasında kiçik ortaq zəminin mövcudluğu ilə əlaqələndirmişdi. Məhkəmə həmçinin bu əsaslandırmasını edərkən, müvafiq sahədə hüququn hələ keçid mərhələsində olduğunu vurğulamışdı.[9] Bu isə onu göstərirdi ki, Məhkəmə fikrini növbəti işlərdə dəyişə bilər. Bundan başqa, Məhkəmə bu işdə bir neçə dəfə vurğulayır ki, o transseksualların problemlərinin ciddiliyindən xəbərdardır və bu sahəni müəyyən nəzarət altında saxlamaq lazımdır.[10] Belə demək mümkündürsə, Məhkəmə bu işdə qapını sosial və elmi diskurslar üçün açıq qoymuşdu.[11]

Faktları təxminən eyni olan Cossey Birləşmiş Krallığa qarşı işində də Məhkəmə pozuntunu tanımadı. Bu işdə də Birləşmiş Krallıq hökuməti trans qadının cinsini doğum şəhadətnaməsində tanımaqdan imtina edirdi.

İlkin olaraq, Məhkəmə bu qənaətə gəldi ki, işin halları Rees işinin halları ilə eynidir.[12] Bu səbəbdən əvvəlki presedentində ortaya qoyduğu yanaşmadan fərqli mövqe göstərmək üçün yetəri qədər əsas olub-olmadığını yoxlamaq lazımdır. Məhkəmə qeyd etdi ki, 1986-cı ildən bəri Avropa Şurası ölkələrinin qanunvericiliyində bir sıra dəyişikliklər baş versə də, hələ də praktika ölkələrə görə dəyişir, yəni tərəf Dövlətlər arasında hələ də az ortaq zəmin mövcuddur.  Nəticədə Məhkəmə bu sahənin nəzarət altında qalmalı olduğunu qeyd edərək,[13] bu iş üzrə də tərəf Dövlətin mülahizə sərbəstliyini tanıdı.[14]

Faktları Rees Cossey işi ilə eyni olan B Fransaya qarşı işində Məhkəmə digər işlərdən fərqli olaraq pozuntu tapdı. Lakin səbəb Məhkəmənin məsələyə baxışının dəyişilməsi deyildi. Məhkəmə hələ də qeyd edirdi ki, ‘transseksualizmin təbiətinə dair qeyri-müəyyənliklər hələ də qalmaqdadır’.[15] “Məhkəməni Rees və Cossey qərarlarında gəlinən nəticənin əksinə inandırmaq üçün hələ ki, Avropa Şurası üzv dövlətləri arasında kifayət qədər geniş konsensus yox idi.”[16]

Avropa Məhkəməsinin bu işdə fərqli qərara gəlməyinə yeganə səbəbi Fransa və Birləşmiş Krallıq qanunvericiliyi arasındakı kəskin fərqlər idi. Məsələn Fransada adların dəyişməsi Birləşmiş Krallıqdan fərqli olaraq yalnızca şəxsin istəyi ilə yox, legitim məqsədlə və məhkəmə tərəfindən icazə ilə həyata keçirilirdi.[17] Məhkəmə yenə də bu məsələdə baxışların dəyişəcəyinə dair eyhamını təkrarlayaraq qeyd edirdi: “…münasibətlərin dəyişdiyi, elmin tərəqqi etdiyi və transseksualizm probleminə əhəmiyyətin artdığı danılmazdır.”[18]

Lakin Məhkəmə mövqeyini 2002-ci ildə Goodwin Birləşmiş Krallığa qarşı işində tamamilə dəyişdi. Bu işdə Birləşmiş Krallıq hökuməti adaptasiya əməliyyatdan sonra şəxsin yeni cinsini vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat sənədlərində dəyişdirməkdən imtina etmiş və nəticədə, o, dövlət tərəfindən qadınlar üçün müəyyən edilmiş bir sıra imtiyazlardan məhrum olmuş və yaxın ətrafı tərəfindən qısnamaya məruz qalmışdır.

Məhkəmə bu qərarında, ilk olaraq, əvvəlki işlərdə müəyyən etdiyi presedentlərdən kənara çıxmamaq kimi mövcud olan mənəvi öhdəliyindən danışır. Amma eyni zamanda vurğulayır ki, bu öhdəlik onun insan hüquqlarını müdafiəsi sisteminə mane olmamalıdır: “Məhkəmə formal olaraq əvvəlki qərarlarına əməl etməyə borclu olmasa da, hüquqi müəyyənlik, öncədəngörülənlik (doğura biləcəyi nəticələri öncədən görmək) və qanun qarşısında bərabərlik maraqlarına uyğun olaraq, üzrlü səbəb olmadan əvvəlki işlərdə müəyyən edilmiş presedentlərdən kənara çıxmamalıdır. Lakin Konvensiya ilk növbədə insan hüquqlarının müdafiəsi sistemi olduğundan Məhkəmə … dəyişən şəraiti nəzərə almalı və qəbul ediləcək standartlarla bağlı inkişaf edən yanaşmalara cavab verməlidir… Hazırkı kontekstdə isə Məhkəmə … bir neçə dəfə transseksualların üzləşdiyi ciddi problemlərin fərqində olduğunu bildirmiş və bu sahədə müvafiq hüquqi tədbirlərin görülməsi zərurətini nəzarətdə saxlamağın vacibliyini vurğulamışdır.”[19]

Məhkəmə sonra daha maraqlı məsələyə toxunur. Britaniya hökumətinin transseksualların əməliyyatlarına icazə verməsini, bu əməliyyatları maliyyələşdirilməsini, lakin bu müalicə və yardımların gətirdiyi hüquqi nəticələri tanımamasının məntiqsiz olduğunu qeyd edir.[20]

Məhkəmə Rees, Cossey və digər bu fəsildən olan işlərdə qeyd etdiyi, ’tərəf Dövlətlər arasında az ortaq zəmin olması arqumentini belə Goodwin işində təkzib edir və deyir: “Müxtəlif hüquq sistemləri və ənənələri olan 43 tərəf Dövlət arasında belə ümumi yanaşmanın olmaması təəccüblü deyil.”[21] Məhkəmə 21-ci əsrdə transseksualların fiziki və mənəvi təhlükəsizlik hüququnun mübahisə mövzusu olmadığını və onların yaşadığı aralıq zonanın artıq davamlı olmadığını qeyd etməkdən çəkinmir.[22]

Məhkəmənin bu cümləsi xüsusilə diqqət çəkir: “şəxslərin böyük fərdi maliyyətlə seçdikləri cinsi kimliklərinə uyğun olaraq ləyaqət və dəyər içərişində yaşaması üçün cəmiyyətin müəyyən narahatlığa dözməsi ağlabatan şəkildə gözlənilə bilər.”[23] Nəticədə Məhkəmə bu iş üzrə qərarında Birləşmiş Krallığın mülahizə sərbəstliyini tanımır və 8-ci maddənin pozuntusunu müəyyən edir.

 

  • Transgenderlərin nikah hüququnun tanınması

 

Avropa İnsan Hüquqları Konvensiyasının 12-ci maddəsinin mətni LGBT+ şəxslərin nikah hüququna açıq təminat vermir. Maddədə qeyd olunur: “nikah yaşına çatmış kişilər və qadınlar bu hüququn həyata keçirilməsini tənzimləyən milli qanunvericiliyə müvafiq olaraq, nikaha daxil olmaq və ailə qurmaq hüququna malikdirlər”. Bu maddənin kişi və qadınların qarşılıqlı hüququndan, yaxud kişi və qadınların ayrılıqda hüququndan danışdığını müəyyən etmək bir qədər çətindir. Birinci halda bu maddə yalnız fərqli cinsdən olanların nikah hüququndan danışır, ikinci halda isə bu, həm də kuir şəxsləri əhatə edir.

Elə bu çətinliklərdən dolayı da Məhkəmə LGBT+ şəxslərin nikah hüququ məsələsini tam dəqiqliklə tənzimləyə bilməmişdi. Hazırda Məhkəmənin praktikası bundan ibarətdir ki, transseksualların nikaha daxil olmaq hüququ var, lakin homoseksualların bu hüququ yoxdur (2-ci fəsildə bu barədə danışacağıq). Lakin Məhkəmə transseksualların da nikah hüququnu birdən-birə tanımamış, bu, Məhkəmənin presedentinin dəyişməsi nəticəsində baş vermişdir.

Yuxarıda qeyd etdiyimiz işlərdə hökumətlər şəxsin cinsini qeydiyyat sənədlərində dəyişdirmirdi, bu isə şəxsin onunla eyni bioloji cinsdən olan şəxslə qanuni nigaha girməyinə mane olurdu.

Rees işində Məhkəmə 12-ci maddənin bioloji kişi və qadının (Məhkəmənin diliylə ‘əks bioloji cinsdən olan insanların’) ənənəvi nikahına istinad etdiyini bildirərək transseksualların nikah hüququnu tanımır.[24] Cossey işində də Məhkəmə eyni nəticəyə gəlir. Lakin bu işdə ərizəçi çox yaxşı arqumentə istinad edərək onun nikah hüququnun pozulduğu qeyd edir. Çünki trans qadın olaraq o reallıqda qadınla nikah qurmaq istəmir, qanun isə onu kişiylə nikah qurmaqdan məhrum edir. Buna baxmayaraq, Məhkəmə 12-ci maddənin yeni interpretasiyasına açıq olmadığını bildirirərək Böyük Britaniya qanunundakı məhdudiyyətin (yalnız fərqli bioloji cinsdən olan şəxslərin nikaha girə bilməsi) leqal olduğu qənaətinə gəlir. [25]

Lakin Məhkəmə bu mövqeyini Goodwin işində tamamilə dağıdır. Burada Məhkəmə özü də qeyd edilmiş işlərdə 12-ci maddənin pozuntusunu tapmadığını xatırlayır. Amma Məhkəmə 2002-ci ildə situasiyanı yenidən nəzərdə keçirdiyini və 12-ci maddənin kişi və qadının nikaha daxil olmaq və ailə qurmaq hüququnu qoruduğunu göstərir.[26]

Məhkəmə belə qənaətə gəlir ki, transseksualların nikah hüququnun pozulduğunu təkzib etmək sünidir.[27] Özünü qadın kimi identifikasiya edən şəxs kişi ilə romantik münasibətdədirsə və həmin şəxslə nikaha daxil ola bilmirsə, o, nikah hüququnun pozulduğunu iddia edə bilər.[28] Bu isə Cossey işində iddiaçının gətirdiyi arqumentə çox bənzəyirdi.

Nəticə etibarilə Məhkəmə öz presendentindən kənara çıxaraq işdə 12-ci maddənin pozuntusunu tapdı.

 

  • LGBT+ şəxslər tərəfindən övladlığa götürmə ilə bağlı məsələlər

 

Avropa Məhkəməsinin LGBT+ şəxslərlə bağlı digər nəzərçarpan işlər övladlığa götürmə ilə bağlıdır. Bu sıradan ilk iş Frette Fransaya qarşı işidir. 2002-ci ildə Böyük Palata bu işə baxarkən müəyyən etdi ki, Fransa hökumətinin homoseksual kişiyə uşaq övladlığa götürməyə icazə verməməsi hüquq pozuntusu deyil. Məhkəmə bu işdə də Avropa ölkələrində bu mövzuda konsesusun az olmasına istinad edərək, Rees işindəki arqumenti təkrarlamaqla kifayətləndi.[29] Bundan başqa Məhkəmə bu işdə həm də uşağın mənafeyinin də nəzarə alınmalı olduğunu qeyd edərək “övladlığa götürmənin ailəni uşaqla yox, uşağı ailəylə təmin etməkdən” ibarət olduğunu vurğulamışdı.[30] Belə şərh etmək mümkündür ki, Məhkəmə homoseksual ailədə böyüməyin uşaq üçün əlverişli olmadığını düşünürdü.

Lakin 6 il sonra faktları bənzər olan E.B. Fransaya qarşı işində Məhkəmə Fransa hökumətinin lezbian qadına uşaq götürməyə icazə verməməsində 8 və 14-cü maddələrin birgə pozuntusunu tapdı. Məhkəmə bu işdə Konvensiyanın canlı alət olduğuna istinad edirdi. Məhkəmə digər işlərini xatırlayaraq təkrarlayır ki, “əgər rəftarda davranış məhz şəxsin seksual orientasiyasına görə dəyişirsə, burada artıq Konvensiyaya görə ayrı-seçkilik var”.[31]

Məhkəmə E.B. işində növbəti LGBT+ işləri üçün önəmli arqument səsləndirir: “Məsələ seksual orientasiya olduğu halda 8-ci maddə çərçivəsindəki hüquqlara münasibətdə fərqliliyi əsaslandırmaq üçün xüsusilə inandırıcı və ciddi səbəblərə ehtiyac var.”[32] Bu səbəbdən hökumətlər Avropa Məhkəməsi qarşısında gördüyü tədbirlərdə seksual diskriminasiya olmadığını yaxşı sübut etməlidirlər. Bu işdə Məhkəmə Konvensiyanın 8-ci maddəsinin pozuntusunu tapır, beləliklə, köhnə presedentindən imtina edir.

         II.  LGBT+ hüquqları ilə bağlı Məhkəmənin hələ də dəyişməyən praktikası

Məhkəmənin LGBT+ şəxslərin hüquqları ilə bağlı mübahisələrdə çox sərbəst şərh və yanaşmalara malik deyil. Məsələn Məhkəmə homoseksualların nikah hüququna birmənalı yanaşmır və bu məsələni dövlətlərin mülahizə sərbəstliyinə buraxır. Lakin bu kimi işlərdə Məhkəmə əvvəlki mövqeyindən fərqli olaraq qəti münasibət bildirməkdən də çəkinir.

Məsələn Schalk and Kopf Avstriyaya qarşı işində homoseksuallar qanuni nikaha girə bilmədiklərinə və bunun onlara qarşı diskriminasiya və şəxsi həyata müdaxilə olmasına dair ərizə ilə Avropa Məhkəməsinə müraciət etmişdilər. Məhkəmə Goodwin işində 12-ci maddəni transseksualın xeyrinə təfsir etməsinə baxmayaraq, bu işdə homoseksualların xeyrinə qərar qəbul etməmişdir. Amma görünür ki, Məhkəmə hər bir halda 12-ci maddənin eynicinsli nikahları əhatə etmədiyini qəti şəkildə deməkdən boyun qaçıraraq qeyd edir ki: “.. Məhkəmə artıq hesab etmir ki, 12-ci maddədə təsbit olunmuş nikah hüququ bütün hallarda əks cinsdən olan iki şəxs arasında nikahla məhdudlaşmalıdır…”[33]

Məhkəmə burada dövlətlərin daha çox mülahizə sərbəstliyinə tanıyaraq qeyd edir: “… nikah bir cəmiyyətdən digərinə əhəmiyyətli dərəcədə fərqlənə bilən köklü sosial və mədəni mənalara malikdir.” Daha sonra vurğulayır ki, ‘o, cəmiyyətin ehtiyaclarını qiymətləndirmək və onlara cavab vermək üçün ən yaxşı mövqedə olan milli hökumətin mühakiməsini öz qərarı ilə əvəz etməyə tələsməməlidir.’[34] Eyni zamanda Məhkəmə Avropa məkanında vahid konsensus olmadığına da istinad edir.[35] Bunlara baxmayaraq, Məhkəmənin bu qərarında 4 hakim fərqli rəydə qalmış və onlardan 3-ü Məhkəmənin bu əsaslandırmasında ziddiyyət olduğunu qeyd etmişdi. Bu isə onu göstərir ki, bu məsələlərə dair konsensus getdikcə artarsa, Məhkəmənin mövqeyi dəyişə bilər. Eyni zamanda Məhkəmədə fikir ayrılığının mövcudluğu bu ehtimalı gücləndirir.

Bundan başqa bir sıra işlər var ki, Məhkəmə onlara da münasibətdə hələ də müsbət qərar çıxarmaqdan çəkinir. Məsələn LGBT+ şəxslərin sığınacaq iddiaları[36], şəxsi və gizli şəkildə olsa belə sadomazoxistik gey əlaqələri,[37] yalnız bioloji kişinin ata olaraq tanınması[38] və sair. Lakin Məhkəmənin bu kimi işlərə qarşı münasibətinin dəyişəcəyini istisna etmirik.

 

        III. Azərbaycanda LGBT+ şəxslərin şikayətlərinə baxılmasına dair vəziyyət

        Ümumi vəziyyət

Avropa Şurasına qoşulmaq məqsədiylə götürdüyü öhdəliklərinə müvafiq olaraq Azərbaycanda homoseksual əlaqələr 2001-ci ildə dekriminallaşdırılıb.[39] Buna baxmayaraq, Azərbaycanda LGBT+ şəxslərin vəziyyətinin yaxşı olduğunu demək mümkün deyil. Dövlətin LGBT+ şəxslərə qarşı baş verən hüquq pozuntularına qeyri-adekvat mövqeyi nəticəsində bu sahədə hüquq və azadlıqların müdafiəsi sahəsində ciddi problemlər mövcuddur. Nəticədə onların bir çoxu cinsi kimliyini gizlətməyə, mühacirətə getməyə və intihar etməyə[40] məcbur olur, bir hissəsi işgəncələrə məruz qalır,[41] bəziləri isə öldürülür[42].

Azərbaycan ILGA-Avropa təşkilatının keçirdiyi sorğulara əsasən 2016[43], 2018[44], 2019[45], 2020[46], 2021-ci[47] illərdə LGBT+ şəxslərin yaşaya bilməsi üçün ən əlverişsiz Avropa ölkəsi seçilib.

LGBT+ şəxslərə qarşı kütləvi repressiya isə 2017-ci ilin sentyabr ayına təsadüf edir. Dövlət orqanlarının verdiyi məlumatlara əsasən, LGBT+ şəxslərə qarşı keçirilən polis reydləri nəticəsində 600-a yaxın LGBT+ şəxs məsuliyyətə cəlb edilmiş, 83 LGBT+ şəxsr saxlanılmış, onlardan 56 nəfərə inzibati həbs verilmiş, 18 nəfər cərimələnmiş, 5 nəfərə isə xəbərdarlıq edilmişdir.[48]  Həbs olunanlar isə məcburi tibbi müayinə tədbirlərinə məruz qalmışlar. Saxlanılanların iddiasına görə onlar polis bölməsində işgəncəyə məruz qalmış, ailələrinə məlumat veriləcəyi ilə şantaj edilmişdilər.[49]

Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən isə bu reydlərin məqsədi “vətəndaş şikayətlərini doğuran halları müəyyənləşdirib qarşısını almaq, insan və vətəndaş hüquq və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloji salamatlığını, ictimai qaydanı, ictimai təhlükəsizliyi” qorumaq olub.[50]

Saxlanılmış şəxslərin bir çoxu hadisədən sonra xarici ölkələrə mühacirət etmiş, bəziləri Azərbaycanda qalmış, lakin yaşadıqları evdən çıxarılmaq, ailələrinin, dostlarının onlardan üz döndərməsi kimi çətinliklərlə üzləşmişdir.

Gender kimliyi və cinsi orientasiya əlamətlərinə görə hüquqlarının pozulmasından şikayətçi olan şəxslərdən 25 nəfərinin  müraciəti 2018-ci ildə Avropa Məhkəməsinə göndərilib və iş hazırda kommunikasiya mərhələsindədir.[51] Şikayətdə onlara verilən ittihamların səbəbinin LGBT+ şəxslər olduğu deyilir. Ərizəçilər saxlanılarkən və daha sonra təcridxanada işgəncə və qeyri-insani rəftara məruz qaldıqlarını, ləyaqətlərinin alçaldığını və tibbi müayinəyə məcbur edildiklərini, məhkəmələrin isə bu işlərə laqeyd yanaşdığını iddia ediblər.[52]

Ərizəçilər Məhkəməyə işgəncə və pis rəftara məruz qalmamaq, azadlıq və toxunulmaz hüquqları, ədalətli məhkəmə araşdırması, şəxsi və ailə həyatına hörmət, səmərəli hüquqi müdafiə vasitələri və ayrı-seçkiliyin qadağa olunması hüquqlarının pozulmasından şikayət ediblər.

          I.V  Nəticə və tövsiyələr

Avropa Konvensiyasında LGBT+ şəxslərə münasibətdə ayrıca tənzimləmə olmasa da, Avropa Məhkəməsinin LGBT+ hüquqlarının tanınması və inkişaf etməsində böyük rolu var. Məhkəmənin əvvəlki presedent hüququ mühafizəkar baxışlar əks etdirib LGBT+ şəxslərin hüquqlarının məhdudlaşdırılmasını müxtəlif səbəblərlə qəbuledilən hesab etsə, müəyyən zaman keçməsi və Avropa ölkələrində müəyyən konsensusun yaranması onun dəyişməyinə səbəb olub.

Unutmamaq lazımdır ki, Avropa Məhkəməsinin praktikası tək Məhkəmənin özündən asılı olan səbəblərdən dolayı inkişaf etmir, Avropada və beynəlxalq səviyyədə baş verən sosial diskurslar Məhkəmənin qərar verməsində əsas rol oynayır. Məhkəmənin bir çox mövzuda tətbiq etdiyi canlı alət doktrinası isə LGBT+ şəxslərin hüquqları ilə bağlı presedent hüququnun inkişafına gətirib çıxarıb. Lakin Məhkəmə hələ də bəzi LGBT+ şəxslərin işlərində pozuntu müəyyən etməkdən çəkinir, buna səbəb isə müəyyən mövzularda sosial və elmi debatların mövcud olmasıdır. Amma Məhkəmənin hər zaman eyni mövqedə qalacağına dair inam da çox azdır.

Azərbaycanda LGBT+ şəxslərin hüquqlarının təmin edilməsi sahəsində ciddi boşluqlar mövcuddur. LGBT+ şəxslərin ölkədə təzyiqlərə, ayrı-seçkiliyə və şiddətə məruz qalması və dövlət tərəfindən onların mühafizəsinin təmin edilməməsi çoxsaylı yerli və beynəlxalq hesabatlarda təsdiqlənib.

Bu problemləri aradan qaldırmaq üçün ölkədə LGBT+ şəxslərə nifrət nitqi səsləndirən, onları təqib edən şəxslərin müvafiq cəza tədbirlərinə qalması təmin edilməli, ölkədə LGBT+ şəxslərin hüquqlarına dair maarifləndirmə tədbirləri yaradılmalı, qanunvericilik nəzərdən keçirilməli, LGBT+ şəxslərin hüquqlarını qorumalı olan hüquq-mühafizə orqanlarının, məhkəmələrin və digər dövlət orqanlarının iş rejimində şəffaflıq yaradılmalıdır.

 

Ədəbiyyat siyahısı: 

[1] Helfer, Laurence R. and Ryan, Clare ‘LGBT Rights as Mega-politics: Litigating before the ECtHR’ (2021) 84 LCP 1, (“Helfer və Ryan”) s. 6, https://ssrn.com/abstract=3867604

[2] Yuxarıda.

[3] Yuxarıda.

[4] W.B. v Federal Republic of Germany (1955), 228, para. 229

Bax: Paul Johnson, Going to Strasbourg: An Oral History of Sexual Orientation Discrimination and The European Convention on Human Rights (1st edition, Oxford University Press 2016), (“Johnson”) s. 12

[5] Johnson, 12.

[6] Dudgeon v. United Kingdom Application no7525/76 (ECtHR, 22 October 1981) para. 60, https://hudoc.echr.coe.int/eng?i=001-57473

[7] Helfer və Ryan, səh 8.

Lucie Cviklová, ‘Advancement of human rights standards for LGBT people through the perspective of international human rights law’ (2012) 3 JCRAS 46, s.50

[8] Rees v. the United Kingdom Application no. 9532/81 (ECtHR, 17 October 1986) (“Rees”) para. 12, https://hudoc.echr.coe.int/eng?i=001-57564

[9] Rees, 37

[10] “…Bununla belə, Məhkəmə bu şə xslərə təsir edən problemlərin ciddiliyindən və onların çəkdiyi əziyyətdən xəbərdardır. Konvensiya həmişə mövcud şəraitin işığında təfsir edilməli və tətbiq edilməlidir… Buna görə də elmi və sosial inkişaflar nəzərə alınmaqla, müvafiq hüquqi tədbirlərin görülməsi zərurəti nəzərdən keçirilməlidir.” Rees, 47

[11] Eirik Bjorge, ‘A History of Sexuality in Europe: LGBT Rights and Dynamic Interpretation of the ECHR’ (2010), s. 34, https://ssrn.com/abstract=1554901

[12] Cossey v. the United Kingdom, Application no. 10843/84 (ECtHR, 27 September 1990) (“Cossey”), p. 34, https://hudoc.echr.coe.int/eng?i=001-57641

[13] Cossey, 42

[14] Cossey, 40

[15] B. v. France, Application no. 13343/87 (ECtHR, 25 March 1992) (“B. v. France”), para 48, https://hudoc.echr.coe.int/eng?i=001-57770

[16] Yuxarıda.

[17] B. v. France, 56

[18] B. v. France, 48

[19] Christine Goodwin v. the United Kingdom, Application no. 28957/95 (ECtHR, 11 July 2002) “Goodwin”, para. 74, https://hudoc.echr.coe.int/eng?i=001-60596

[20] Goodwin, 78

[21] Goodwin, 85

[22] Goodwin, 90

[23] Goodwin, 91

[24] Rees, 49

[25] Cossey, 46

[26] Goodwin, 98

[27] Goodwin, 101

[28] Yuxarıda.

[29] “İşdə qaldırılan incə məsələlərə dair Avropa Şurasına üzv dövlətlər arasında az ortaq mövqe var, ümumiyyətlə, qanunun keçid mərhələsində olduğu görünür, buna görə də tərəf Dövlətə geniş mülahizə sərbəstliyi verilməlidir.”

Fretté v. France, Application no. 36515/97 (ECtHR, 26 February 2002) (“Fretté”), para. 41, https://hudoc.echr.coe.int/eng?i=001-60168

[30] Fretté, 42

[31] E.B. v. France, Application no. 43546/02 (ECtHR, 22 January 2008) (“E.B”), para. 93, https://hudoc.echr.coe.int/fre?i=001-84571

[32] E.B., 91

[33] Schalk and Kopf v. Austria, Application no. 30141/04 (ECtHR, 24 June 2010) (“Schalk and Kopf”), para. 61, https://hudoc.echr.coe.int/fre?i=001-99605

[34] Schalk and Kopf, 62

[35] Schalk and Kopf, 58

[36] Ətraflı: Nuno Ferreira ‘An exercise in detachment: the Council of Europe and sexual minority asylum claims’ (2021)

[37] Laskey and others v. the UK (Laskey, Jaggard and Brown v. the United Kingdom)Application no. 21627/93; 21628/93; 21974/93 (ECtHR, 19 February 1997)

[38] X, Y and Z v. The United Kingdom, Application no. 21830/93 (ECtHR, 22 April 1997), https://hudoc.echr.coe.int/eng?i=001-58032

[39] Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın Avropa Şurasına üzv olmaq üçün müraciəti haqqında 222 nömrəli rəyi, para.13.3.a, http://assembly.coe.int/nw/xml/XRef/Xref-XML2HTML-en.asp?fileid=16816

[40] Azadlıq Radiosu, ‘LGBT fəalının hüzünlü sonu – İsa Şahmarlı’ (2014), https://www.azadliq.org/a/25240011.html

Meydan TV, ‘Azərbaycanda cinsi orientasiya ilə bağlı onlarla intihar olub’ (2016), www.mtv.re/az/b/pZB

[41] Den norske Helsingforskomité, ‘Azerbaijan: Tortured for being gay’ (2017), https://www.nhc.no/azerbaijan-tortured-for-being-gay/

Meydan TV, ‘Bıçaqlanan trans qadını xəstəxanadan yaralı halda evə göndərmək istəyiblər’ (2020), www.mtv.re/az/b/w2K

[42] PinkNews, ‘Trans woman brutally stabbed and burned alive in Azerbaijan’ (2021), https://www.pinknews.co.uk/2021/08/30/trans-azerbaijan-nurray/

Meydan Tv, ‘Transgenderin qətli ilə bağlı həbs olunan var’ (2021), www.mtv.re/az/b/z3C

[43] The Guardian, ‘Azerbaijan worst place to be gay in Europe, finds LGBTI index’ (2016), https://www.theguardian.com/world/2016/may/10/azerbaijan-worst-place-in-europe-to-be-gay-lgbt-rainbow-index

[44] ILGA Europe, ‘Rainbow Europe 2018’ (2018), https://www.ilga-europe.org/rainboweurope/2018

[45] Independent, ‘Azerbaijan named most anti-LGBT+ country in Europe’ (2019), https://www.independent.co.uk/news/world/europe/azerbaijan-worst-country-gay-lgbt-ilga-europe-law-a8912456.html

[46] ILGA Europe, ‘Rainbow Europe 2020’ (2020), https://www.ilga-europe.org/rainboweurope/2020

[47] ILGA Europe, ‘Rainbow Europe 2021’ (2021), https://www.ilga-europe.org/rainboweurope/2021

[48] Meydan TV, ‘Ramil Usubov: Cinsi azlıqların vəziyyəti Avropa ölkələrindəkindən fərqlənmir’ (2017), www.mtv.re/az/b/rwy

[49] The Guardian, ‘Outcry as Azerbaijan police launch crackdown on LGBT community’ (2017), https://www.theguardian.com/world/2017/sep/28/azerbaijan-police-crackdown-lgbt-community

Meydan TV, ‘Azərbaycan hökuməti geyləri təqib etməyə başlayıb’ (2017),  www.mtv.re/az/b/rya

Meydan TV, ‘LGBT fərdi: Dostlarımı döyüb, saçlarını qırxıblar’ (2017), www.mtv.re/az/b/ruE

Amnesty International UK, ‘Azerbaijan: Freedom for those targeted in LGBTI crackdown’ (2018), https://www.amnesty.org.uk/azerbaijan-baku-freedom-lgbti-crackdown

Human Rights Watch, ‘Azerbaijan: Anti-Gay Crackdown’ (2017), https://www.hrw.org/news/2017/10/03/azerbaijan-anti-gay-crackdown

[50] Supra note, 52

[51] İşin adı A v. Azerbaijan and 24 other applications, https://hudoc.echr.coe.int/eng?i=001-202796

[52] Amerikanın Səsi, ‘Avropa Məhkəməsi Azərbaycana qarşı 30 şikayətlə bağlı araşdırmaya başlayıb’ (2019),  https://www.amerikaninsesi.org/a/avropa-m%C9%99hk%C9%99m%C9%99si-az%C9%99rbaycana-qar%C5%9F%C4%B1-30-%C5%9Fikay%C9%99tl%C9%99ba%C4%9Fl%C4%B1-ara%C5%9Fd%C4%B1rmaya-ba%C5%9Flay%C4%B1b-/4842973.html