25 oktyabr 2021-ci il tarixdə bilgi dərc edilib
BEŞİNCİ BÖLMƏ
Ərizə №83241/17
AZƏRBAYCAN XALQ CƏBHƏSİ PARTİYASI (AXCP)
Azərbaycana qarşı
Ərizə 2 dekabr 2017-ci il tarixində daxil olub
Ərizə 4 oktyabr 2021-ci il tarixdə kommunikasiya edilməyə başlayıb
Məhkəmə işinin mövzusu
Müxalif siyasi partiya olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) ərizəsi bu partiyanın təsis sənədlərində edilmiş dəyişikliklərin Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmasından imtina olunması ilə əlaqəlidir.
2015-ci ilin fevral ayında partiyanın sədri cənab Əli Kərimli, sədr müavini cənab Nurullayevin tutduğu vəzifədən azad olunması barədə qərar qəbul edib. Elə həmin ay cənab Nurullayev partiya üzvlüyündən çıxması ilə bağlı açıqlama verib. 2015-ci ilin mart-iyul aylarında partiya rəhbərliyi bir qism üzvünü partiyadan xaric edib, bəzi üzvlər isə üzvlükdən çıxdıqlarını elan ediblər.
2015-ci ilin sentyabr ayında partiyanın qurultayı keçirilib, qurultay partiyanı təmsil etmək səlahiyyətinə malik olan cənab Kərimlini yenidən sədr seçib və partiyanın əsas rəhbər orqanlarının üzvlərini təsdiq edib. Ərizəçi həmin dəyişikliklərin qeydə alınması üçün Ədliyyə Nazirliyinə müraciət edib. Nazirlik qeydiyyat sənədlərini geri qaytarıb və məktubunda qeyd edib ki, nazirliyə eyni məzmunlu başqa bir müraciət daxil olub. Həmin müraciətə əsasən, 2015-ci ilin oktyabrında həmin partiyanın başqa bir qurultayında (Etimad Qurultayı) cənab Nurullayev partiya sədri vəzifəsinə seçilib, partiyanın sədri kimi onun rəhbər orqanlarını da formalaşdırıb.
Ərizəçi partiya Ədliyyə Nazirliyinə qarşı məhkəmə iddiası qaldırıb, digər məsələlərlə yanaşı, bildirib ki, “etimad qurultayı” cənab Nurullayev də daxil olmaqla 2015-ci ilin iyul ayından əvvəl partiya üzvlüyü ləğv edilmiş şəxslər tərəfindən təşkil edilib. Ərizəçi partiya məhkəmədən xahiş edib ki, 2015-ci ilin sentyabrında çağırılan qanuni qurultayda qəbul edilmiş dəyişikliklərin qeydiyyata alınmasını Ədliyyə Nazirliyinin üzərinə vəzifə qoyan qərar qəbul etsin.
Məhkəmələr ərizəçi partiyanın mübahisə mövzusu olan hadisə ilə bağlı hər hansı sənəd təqdim etməməsini, məhkəmənin özünün qurultayı qeyri-legitim saymasının mümkün olmadığını və Ədliyyə Nazirliyinin iki qurultaydan hansının qanuni olmasını müəyyən etmə öhdəliyinin olmadığını əsas göstərərək, iddianı rədd edib.
Ərizəçi partiya şikayət edir ki, yerli hakimiyyət orqanları legitim qurultayında qəbul edilmiş yuxarıda qeyd olunan dəyişiklikləri qeydə almamaqla, onun Konvensiyanın 11-ci maddəsində nəzərdə tutulmuş birləşmək azadlığı hüququnu pozub.
Ərizəçi partiya, həmçinin Konvensiyanın 11-ci maddəsi ilə birlikdə götürülməklə 13-cü maddə üzrə şikayət edir ki, daxili məhkəmələr partiyanın ciddi və əsaslı arqumentlərini nəzərə almadığı və təqdim edilmiş sübutları qiymətləndirə bilmədiyi üçün onun effektiv hüquqi müdafiə vasitələrinə malik olmaq hüququ pozulub.
Ərizəçi partiya son olaraq, Konvensiyanın 11-ci maddəsi ilə birlikdə götürülməklə 18-ci maddəyə əsasən şikayət edir ki, Ədliyyə Nazirliyinin təsis sənədlərinə edilmiş dəyişiklikləri qeydə almaqdan imtina etməsi partiyaya qarşı təqib siyasətinin tərkib hissəsidir. Ərizəçi partiya xüsusilə qeyd edib ki, onun fəalları sistematik şəkildə həbs edilir, siyasi səbəblərə görə mühakimə olunur və partiyanın lideri cənab Kərimlinin ölkədən çıxışına qeyri-qanuni yasaq qoyulub.
Tərəflərə suallar
1. Ərizəçi partiyanın birləşmək azadlığı hüququna Konvensiyanın 11-ci maddəsinin 1-ci bəndinin mənasında müdaxilə baş veribmi? Əgər müdaxilə baş veribsə, bu müdaxilə qanunla nəzərdə tutulan idimi və 11-ci maddənin 2-ci bəndi baxımından zəruri idimi?
2. Ərizəçi partiyanın əlində Konvensiyanın 11-ci maddəsi çərçivəsində şikayət etməsi üçün Konvensiyanın 13-cü maddəsinin tələb etdiyi şəkildəd effektiv daxili müdafiə vasitəsi var idimi?
3. Hazırkı işdə Konvensiyanın 11-ci maddəsinə uyğun olaraq dövlət tərəfindən edilmiş məhdudiyyətlər Konvensiyanın 18-ci maddəsinə zidd olaraq, həmin müddəa ilə nəzərdə tutulanlardan başqa məqsədlər üçünmü tətbiq edilmişdi?