YENİ © tərcümə, aihmaz.org
ÜÇÜNCÜ BÖLMƏ
QƏRAR
Ərizə nöm. 49169/16
Nuşirəvan Əmrahov Ermənistana qarşı
26 ferval 2019-cu il tarixdə Avropa İnsan Hüquqları Məhkəməsinin (Üçüncü Bölmə) Palatası aşağıdakılardan ibarət tərkibdə:
Vincent A. De Gaetano, Prezident,
Branko Lubarda,
Helen Keller,
Dmitry Dedov,
Armen Harutyunyan,
Pere Pastor Vilanova,
Georgios A. Serghides, hakimlər,
və Fatoş Aracı, İclas Katibinin müavini,
12 avqust 2016-cı il tarixdə verilmiş ərizə üzrə müşavirə keçirərək qərar verdi:
FAKTLAR
1. Ərizəçi cənab Nuşirəvan Əmrahov, 1971-ci il təvəllüdlü, Goranboy rayonun Tapqaraqoyunlu kəndində yaşayan Azərbaycan vətəndaşıdır. O, Məhkəmə qarşısında Bakıda fəaliyyət göstərən vəkil, cənab Anar Bağırov tərəfindən təmsil olunmuşdur.
A. Ümumi məlumat
2. Sovet İttifaqının dağıldığı dövrdə, Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı münaqişə başladı. 1991-ci ilin sentyabrında müstəqilliyi heç bir dövlət və ya beynəlxalq təşkilat tərəfindən tanınmayan “Dağlıq Qarabağ Respublikası” (“DQR”; 2017-ci ildə “Artsax Respublikası” adlandırıldı) elan edildi. 1992-ci ilin əvvəlində qarşıdurma tədricən geniş miqyaslı müharibəyə çevrildi və 5 May 1994-cü ildə Ermənistan, Azərbaycan və “DQR” tərəfindən atəşkəs razılaşmasının (Bişkek Protokolu) imzalanması ilə sona çatdı. Müharibədən sonra münaqişənin siyasi həlli mümkün olmadı; vəziyyət gərgin olaraq qalır və arası sıra atəşkəs sazişinin pozlması ilə müşahidə edilir (bax: Çıraqov Ermənistana qarşı [GC], № 13216/05, §§ 12-31, 16 iyun 2015). Ən ciddi pozuntu 1-2 aprel 2016-cı il aralığında, gecə saatlarında başladı (bəzən “Dördgünlük Müharibə” də deyilir) və 5 aprelə qədər davam etdi. Atəşkəsin pozulması “DQR” ilə Azərbaycan sərhədinə yaxın ağır hərbi toqquşmalarla müşahidə olundu. Digər toqquşmalar həmin ayın sonunda baş verdi. Ölənlərlə bağlı təxminlər xeyli dəyişir; rəsmi mənbələr münaqişənin hər iki tərəfinin ən az 100 itki verdiyini göstərir. İtkilərin böyük əksəriyyəti əsgərlər olsa da, bir neçə mülki şəxs də ölüb. Hədəf alınmış şəhər və kəndlərdə yaşayan bir çox sakin müəyyən müddətə evlərini tərk etməli olublar. Bundan əlavə, toqquşmalar mülkiyyətə və infrastruktura xeyli maddi ziyan vurub.
B. İşin halları
3. Ərizəçi tərəfindən təqdim edilən faktları aşağıdakı kimi ümumiləşdirmək olar
1. Tapqaraqoyunludakı vəziyyət
4. 2 aprel 2016-cı il tarixində, səhər saat 3 radələrində Ermənistan hərbi qüvvələri təmas xətti boyunca yerləşən Azərbaycan şəhər və kəndlərini atəşə tutmağa başladı. Səhər saat 4-dən etibarən təmas xəttindən bir neçə yüz metr məsafədə yerləşən Tapqaraqoyunlu kəndi “DQR”-in Martakert bölgəsindən intensiv atəşə tutuldu.
2. Ərizəçinin vəziyyəti
5. 2 aprel 2016-cı ildə, ərizəçi səhər tezdən erməni hərbi qüvvələrinin kəndi atəşə tutduğunu görüb. Ailənin təhlükəsizliyini təmin etmək üçün onları qonşu kəndə aparıb və sonra evə qayıdıb. Həmin gün axşam evinin həyətində mərmi partlayıb. Evin pəncərələri və damı zədələnib.
6. Ərizəçi xəsarət almayıb və ailəsi ilə evində yaşamağa davam edib.
ŞİKAYƏTLƏR
7. Ərizəçi, Konvensiyanın 2-ci və 3-cü maddələrini əsas tutaraq iddia edir ki, hücum edən qüvvələrin hərəkətləri onun həyatını riskə atıb və onda əzab və sarsıntı yaradıb.
8. Konvensiyanın 8-ci maddəsinə əsasən, ailə həyatına və evinə hörmət hüququnun pozulduğunu iddia edir.
9. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, ərizəçi mərmilərin onun evinə ziyan vurduğunu və bununla da mülkiyyətindən dinc şəkildə istifadə etməkdən məhrum olduğunu bildirir
10. Konvensiyanın 13-cü maddəsini Konvensiyanın 2, 3 və 8-ci maddələri və 1 saylı Protokolun 1-ci maddəsi ilə əlaqələndirərək, Ermənistanda onun şikayətlərinə baxılacaq təsirli bir vasitə olmadığını qeyd edir.
11. Nəhayət, Konvensiyanın 14-cü maddəsini Konvensiyanın 2, 3, 8 və 13-cü maddələri və 1 saylı Protokolun 1-ci maddəsi ilə əlaqələndirən ərizəçi, hərbi hücumların etnik və milli mənşəyinə görə azərbaycanlılara qarşı yönəldiyini iddia edir
QANUN
A. Ərizəçinin təqdimatları
12. Ərizəçi şikayətlərini dəstəkləmək üçün doğum ilini, fərdi xarakterli məlumatları özündə əks etdirən və Tapqaraqoyunluda yaşadığını göstərən Azərbaycana məxsus şəxsiyyət vəsiqəsini və yerli icra hakimiyyəti orqanı tərəfindən onun və ailəsinin yaşayış yerini təsdiqləyən sənədi Məhkəməyə təqdim edib. Məhkəməyə təqdim etdiyi sənədlər arasında, 8 aprel 2016-cı il tarixili fövqəladə komissiya tərəfindən tərtib edilən hesabat da var. Hesabatda atılan atəş nəticəsində 10 kv.m pəncərə şüşəsi və 26 kv.m dəmir dam örtüklərinin zədələndiyi qeyd edilir. Ərizəçi, əlavə olaraq, hadisələrin təsvirini və evinə ziyan dəyməsini təsdiqləyən iki qonşusunun ifadələrini və evin iki fotoşəkilini də göndərib.
B. Məhkəmənin dəyərləndirməsi
1. Ümumi dəyərləndirmə
13. Məhkəmə özünün rolunun köməkçi olduğunu və işin şərtləri qaçınılmaz şəkildə onu buna məcbur etmədikcə, birinci instansiya məhkəməsi rolunu yerinə yetirməkdə ehtiyatlı olmalı olduğunu xatırladır (bax, məsələn, Aslaxanova və digərləri Rusiyaya qarşı), nömrələr 2944/06 və 4 nəfər, § 96, 18 dekabr 2012).
14. Bundan əlavə, qeyd edilməlidir ki, Məhkəmə qarşısındakı bu icraat çəkişmə xarakter daşıyır. Bu səbəbdən, Məhkəməyə lazımi faktiki dəlillər təqdim edərək arqumentlərinin əsaslandırılması tərəflərin öhdəçiliyidir. Məhkəmə faktları müəyyənləşdirmək məsələsində məsul olduğu halda, tərəflər bütün müvafiq məlumatları təqdim etməklə ona fəal köməklik göstərməlidir (bax, məsələn, İrlandiya Böyük Britaniyaya qarşı, 18 yanvar 1978, § 161, Seriya A № 25; Lisnyy və Başqaları Ukrayna və Rusiyaya qarşı (dec.), 5355/15, 44913/15 və 50853/15, § 25, 5 iyul 2016).
15. Ümumiyyətlə, Məhkəmə sübutları qiymətləndirərkən “əsaslı şübhədən kənar” sübut standartını tətbiq edir. Bununla birlikdə, bu cür sübut kifayət qədər güclü və aydın nəticələrdən yarana və ya buna bənzər təkzibolunmazlığı guman edilən faktlarla bir yerdə mövcud ola bilər (bax, bir çox işlər arasında Taniş və Başqaları Türkiyəyə qarşı, say. 65899/01, § 160, AİHM 2005- VIII). Xüsusilə Konvensiyanın 2-ci və 3-cü maddələri əsasında irəli sürülən iddialardan bəhs edərkən, Məhkəmə, hərtərəfli araşdırma aparmalıdır (bax, mutatis mutandis, Ribitsch Avstriyaya qarşı, 4 dekabr 1995, § 32, Seria A Nö. 336; və Avşar Türkiyəyə qarşı, Nö. 25657/94, § 284, AİHM 2001-VII).
16. Eyni zamanda, Məhkəmə silahlı münaqişələrə dair işlərin xüsusi çətinliklər yarada biləcəyini qəbul edir. Məhkəmə, ərizəçilərin hərbi hücuma məruz qaldıqları zaman evlərini tərk etmək məcburiyyətində qaldıqları halları nəzərə almalıdır (bax, məsələn, Saveriades Turkiyəyə qarşı (nö. 16160/90, § 18, 22 sentyabr 2009; və Çıraqov və digərləri, yuxarıda göstərilənlər, § 143) Ərizəçi, müstəsna hallarda, sübutları əldə etməyin mümkün olmadığını inandırıcı şəkildə izah edərsə, sənədli dəlil çatışmazlığı Məhkəmə tərəfindən qəbul edilə bilər (bax, mutatis mutandis, Lisnyy və Digərləri, yuxarıda göstərilənlər, § 30; və Kuduxova Gürcüstana qarşı, Nö. 8274/09 və 8275/09, § 28, 20 Noyabr 2018).
17. Bu cür iddialar, müvafiq orqanlar tərəfindən verilmiş həm əsas, həm də prima facie (köməkçi) sənədləri, o cümlədən mülkiyyət sənədlərinin nüsxələri, qeydiyyat şəhadətnamələri, satın alma müqavilələri, “texniki pasportlar”, sahibliyi təsdiqləyən sənədlər, mənzil ehtiyatları və ya torpaqdan çıxarışlar və ya vergi qeydləri və xüsusi hallarda, yaşayış yerləri haqqında arayışlar əsasında qəbul edilmişdir. Əlavə olaraq, ərizəçinin evini təşkil edən mənzildə və ya otaqda yaşaması pul qəbzləri, poçtla göndərmələr və şahidlərin ifadələri kimi prima facie dəlilləri ilə müəyyən edilmişdir (yuxarıda göstərilən Çıraqov və digərləri, §§ 130, 133- 134, 141 və 143, əlavə istinadlarla).
18. Bununla birlikdə, ərizəçi mülkiyyətə və ya yaşayış sahəsinə olan hüququna dair hər hansı bir sübut təqdim etməzsə, şikayətlər ümumiyyətlə uğursuz olacaqdır (bax, məsələn, Lordos və Başqaları Türkiyəyə qarşı, nöm. 15973/90, § 50, 2 noyabr 2010; Kərimova və digərləri Rusiyaya qarşı işində bəzi ərizəçilərə dair nəticəyə də baxın, 17170/04, 20792/04, 22448/04, 23360/04, 5681/05 ve 5684/05, 3 may 2011).
19. Ərizəçi əmlakının zərər gördüyünü və ya məhv edildiyini iddia edirsə, bu pozuntu barədə, ən azı, prima facie sübut təqdim etməlidir. Damayev Rusiyaya qarşı işdə (№ 36150/04, § 108-111, 29 May 2012) Məhkəmə hesab edib ki, əgər ərizəçi evinin dağıdılmasından şikayətçidirsə, ən azından sözügedən əmlakın qısa təsvirini verməlidir. Bu işdə heç bir sənəd və ya ətraflı yazılmış iddia təqdim edilmədiyindən şikayətin əsassız olduğu müəyyən edilib.
20. Ümumilikdə, silahlı qarşıdurma zamanı yaranan çətinliklər nəzərə alınır və normal vəziyyətə nisbətən tələblər daha çox yumuşaldılır. Ancaq bu hallarda belə, ərizəçi tələblərini adekvat şəkildə əsaslandırmalıdır.
2. Bir Saylı Protokolun 1-ci maddəsinə əsasən şikayət
21. Ərizəçi 1 saylı Protokolun 1-ci maddəsinə əsasən onun evinə dəymiş ziyana görə şikayət verib. Həmin Protokolun 1-ci paraqrafında deyilir:
“Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
22. Yuxarıda göstərilən ümumi prinsiplərə uyğun olaraq, ərizəçi həm mülkün onun olduğunu və həm də 2016-cı ilin aprel ayında atılan atəş nəticəsində zədələndiyini göstərən, ən azı prima facie uyğun olaraq, konkret sübutlar təqdim etməlidir. Ərizəçi Məhkəməyə, özünün və ailəsinin yaşadığı Tapqaragoyunludaki evin ziyan gördüyünü təsdiqləyən və bu ziyanın miqyasını izah edən dəlillər təqdim edərkən, sözügedən evin həqiqətən mülkiyyətçisi olduğuna dair heç bir sübut təqdim etməyib.
23. Bununla əlaqədar olaraq qeyd etmək lazımdır ki, Tapqaraqoyunludan Məhkəməyə şikayət edən bir çox başqa iddiaçı, zərər gördüyü iddia edilən əmlaklara sahib olduqlarını sübut etmək üçün mülkiyyət şəhadətnamələri təqdim ediblər.
24. Üstəlik, vəkil tərəfindən təmsil olunan ərizəçi, sözügedən evin əmlakının ona məxsus olduğunu göstərən sənədləri təqdim etməməsinin səbəbləri barədə heç bir açıqlayıcı təqdimat göndərməyib.Bunu əsaslandırmaq üçün, ən azından, evə sahib olduğunu sübut edən sənədləri əldə etməyə cəhdlər etməsi ilə bağlı Məhkəməni məlumatlandırmalıydı.
25. Bu şərtlər daxilində, Məhkəmə ərizəçinin 1 saylı Protokolun 1-ci maddəsinə əsasən verdiyi şikayətin kifayət qədər əsaslandırılmadığını və nəticədə ərizənin bu hissəsinin açıqca əsassız olduğunu və 35-ci Maddənin 3-cü bəndinə (a) və Konvensiyanın 4-cü bəndlərinə əsasən rədd edilməli olduğu qərarına gəlib.
3. Konvensiyanın 2-ci və 3-cü maddələrinə əsasən verilmiş şikayətlər
26. Ərizəçi iddia edib ki, Ermənistan hərbi qüvvələrinin hərəkətləri onun həyatını riskə atıb, ona əzab və sıxıntılar yaşadıb. Konvensiyanın 2-ci və 3-cü maddələrinə əsasən:
Maddə 2
“1. Hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs həyatından məhrum edilə bilməz… .”
Maddə 3
“Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır.”
27. Məhkəmə silahlı münaqişə vəziyyətinin, xüsusən də ağır bombalama zamanı ərizəçinin ərazidə olmasının onun həyatına təhlükə yaratması faktının Konvensiyanın 2-ci maddəsini gündəmə gətirə biləcəyini qəbul edir. Dövlət nümayəndələrinin davranışının həyat üçün qaçılmaz təhlükə yaratması, ölümlə nəticələnməsə belə, 2-ci Maddənin işə düşməsinə səbəb ola bilər (bax, məsələn, Makaratzis Yunanistana qarşı [GC], nöm. 50385/99, § 55, AİHM 2004-XI; və Trévalec Belçikaya qarşı, nöm . 30812/07, §§ 55-61, 14 iyun 2011). Eyni qayda da, əgər ərizəçinin məruz qaldığı təhlükə səviyyəsi kifayət qədər ciddi və zorakıdırsa, bu halda, mülki əhaliyə qarşı ölümcül güc tətbiqetmə vəziyyətlərinə oxşar qəbul edilir. (bax: Abuyeva və Digərləri Rusiyaya qarşı, № 27065/05, §§ 200 və 203, 2 dekabr 2010). Belə bir vəziyyətdə, ərizəçi prima facie iddia irəli sürməklə sübutetmə yükünü cavabdeh Dövlətin üzərinə qoya bilər. Bu halda, cavabdeh Dövlət, sənədlə dəstəklənən sübuta əsaslanmalı və ya hadisələrin necə baş verdiyinə dair qənaətbəxş və inandırıcı bir izahat verməlidir (bax: Varnava və Digərləri Türkiyə qarşı [GC], No. 16064/90 ve 8 diger, § 184, AİHM 2009).
28. İndiki işdə, əgər ərizəçi məruz qaldığı təhlükə səviyyəsinin onun həyatı üçün qaçılmaz təhlükə yaratdığı ilə bağlı prima facie dəlillər Məhkəməyə təqdim edərdisə, 2-ci Maddəyə əsasən onun işinə baxıla bilərdi. Ancaq ərizəçi bu cür dəlillər təqdim etməyib. Həyətində mərminin partladığını və evinə ziyan dəydiyini bildirsə də, təqdim etdiyi fotoşəkildən göründüyü kimi zərər nisbətən az olub. Üstəlik, təqdim olunan dəlillər, mərmi partladığı zaman evdə olduğu məlum olan ərizəçinin həytının qaçılmaz risklə üzləşdiyini sübut etmir.
29. Konvensiyanın 3-cü maddəsinə əsasən ərizəçinin verdiyi şikayətlərə gəldikdə, bir qayda olaraq bildirilməlidir ki, pis rəftarın 3-cü Maddənin əhatə dairəsinə düşməsi üçün minimum zorakılıq səviyyəsinə çatmalıdır. Bu minimumun dəyərləndirilməsi nisbidir: bu, işin müddətindən, fiziki və ya mənəvi təsirlərdən və bəzi hallarda qurbanın cinsi, yaşı və sağlamlıq vəziyyəti kimi şərtlərdən asılıdır (bax, məsələn, Selçuk və Əsgər Türkiyəyə qarşı , 24 Aprel 1998, § 76, Məhkəmə Qərarları 1998-II) Məhkəmə, əvvəldən planlanmış şəkildə ağır artilleriya tərəfindən evlərin qəsdən məhv edilməsini mülki şəxslərin gözləri qarşısında həyata keçirilməsini 3-cü Maddə ilə tələb olunan zorakılığa çatmaq kimi dəyərləndirib (bax, digərləri arasında, §§ 77-78; Ayder və Başqaları Türkiyəyə qarşı, nöm. 23656/94, §§ 106 və 109-110, 8 yanvar 2004). Bununla yanaşı, belə bir hücumun alçaldılma və mülki şəxslərə mənəvi əzab vermə məqsədi ilə həyata keçirilmədiyi zaman, zorakılıq həddinə ümumiyyətlə çatılmayacağını da bildirib (bax: Esmuhambbetov və Başqaları Rusiyaya qarşı, nöm. 23445 / 03, §§ 187-188, 29 Mart 2011). Buna baxmayaraq, ərizəçiləri qeyri-insani rəftara məruz qoymaq və ya mənəvi əzablara düçar etmək məqsədinin olmaması da, 3-cü maddənin pozulmasını qəti şəkildə istisna edə bilməz (bkz. Benzer və digərləri Türkiyəyə qarşı, nöm. 23502/06, § 212, 12 noyabr 2013).
30. İndiki işdə Məhkəmə etiraf edir ki, ola bilər, ərizəçinin düşdüyü vəziyyət ona xeyli dərəcədə əziyyət və narahatlıq verib. Yuxarıda da qeyd edildiyi kimi, yaşadığı ev dağıdılmayıb, ancaq məhdud zərər görüb və hərbi hücumdan sonra ailəsi ilə birlikdə yaşamağa davam edib. Bundan əlavə, təqdim edilən məlumatlar hücumun mahiyyətinin və ya məqsədinin mülki əhalini alçaltmaq və onlara mənəvi əzab vermək olduğunu inandırıcı şəkildə nümayiş etdirmir.
31. Məhkəmə bir daha təkrar edir ki, o, faktları aşkarlama tribunası deyil və ərizəçilərin lazimi yardımı olmadan silahlı münaqişə kimi mürəkkəb hadisənin faktiki necə olduğunu müəyyənləşdirə bilməz. Məhkəmə, ərizəçinin yaşadığı hadisələrin Konvensiyanın 2-ci və 3-cü maddələrini aktivləşdirəcək qədər ciddi olduğu barədə inandırıcı prima facie sübutları təqdim etmədiyi nəticəsinə gəlib. Buradan belə çıxır ki, bu şikayətlər də açıq-aşkar əsassızdır və 35-ci maddənin 3 (a) və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.
4. Konvensiyanın 8-ci maddəsinə əsasən şikayət
32. Ərizəçi Konvensiyanın 8-ci maddəsinə əsasən, ailə həyatına və evinə hörmət hüququnun pozulduğunu iddia edib. Həmin maddədə deyilir:
“Hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir.”
33. Silahlı qarşıdurma nəticəsində evindən məcburi qaçış, müəyyən şərtlər daxilində, 8-ci Maddəyə əsasən məcburi köçkünün hüquqlarının pozulmasına səbəb ola bilər (bax, məsələn, yuxarıda göstərilən Çıraqov və Digərləri, §§ 206-207). Ancaq Məhkəmə bu işlə bağlı qeyd edir ki, ərizəçinin qısa vaxt ərzində ailə üzvlərini qonşu bir kəndə təhlükəsiz yerə köçürməsini çıxsaq, Tapqaraqoyunlunu tərk etməmişdi. Ərizəçinin təqdimatlarından məlum olur ki, ailəsi ilə daha sonra yenidən bir araya gəlib, ancaq nə qədər ayrı qaldıqları aydın deyil. Hər halda, bu ayrılığın qısa bir müddətdən daha çox davam etdiyinə dair bir işarə yoxdur (bax: Kuduxova, yuxarıda göstərilmişdir, § 37).
34. Münaqişə nəticəsində ailənin bir-birindən ayrı düşməsi və ailə üzvlərinin qısa müddətə başqa bir kəndə sığınmalarının ərizəçidə müəyyən dərəcədə stres və narahatlığa səbəb olduğunu düşünmək ağlabatan olsa da, Məhkəmə, bu narahatlığın miqdarının Konvensiyanın 8-ci maddəsinə əsasən, ailə həyatına və evinə hörmət etmək hüququnu pozacaq dərəcəyə çatmadığı qənaətinə gəlib. Nəticə etibarilə, ərizənin bu hissəsi də açıq şəkildə əsassızdır və 35-ci maddənin 3 (a) və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.
5. Konvensiyanın 13-cü və 14-cü maddələrinə əsasən şikayət
35. Ərizəçi, nəhayət, Ermənistanda şikayətinin baxılması təsirli bir vasitə olmadığını və hərbi hücumların etnik və milli mənşəyinə görə azərbaycanlılara qarşı yönəldiyini iddia edib. O, Konvensiyanın 13-cü və 14-cü maddələrinə istinad edib. Həmin maddələrdə deyilir:
Maddə 13
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.”
Maddə 14
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya hər hansı digər əlamətlərə görə ayrı seçkilik olmadan təmin olunmalıdır.”
36. Konvensiyanın 2, 3 və 8-ci maddələrinə və 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən edilən şikayətlərin açıq-aşkar əsassız olduğuna dair yuxarıdakı tapıntıları nəzərə alaraq, Məhkəmə, ərizəçinin bu müddəaların pozulması ilə bağlı heç bir əsaslı iddiası olmadığı qənaətinə gəlib. Buradan belə çıxır ki, 13-cü maddəyə əsasən şikayət 35-ci maddənin 3-cü bəndinin (a) çərçivəsində Konvensiyanın müddəaları ilə uyğun gəlmir və 35-ci maddənin 4-cü bəndinə uyğun olaraq rədd edilməlidir. Məhkəmə eyni tapıntılara istinad edərək, əlavə olaraq hesab edir ki, işdə ərizəçiyə qarşı ayrı-seçkilik olmayıb. Nəticədə, 14-cü maddəyə əsasən şikayəti açıq-aşkar əsassızdır və 35-ci maddənin 3 (a) və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.
Bu səbəblərdən Məhkəmə, çoxluq şəklində ərizənin qəbuledilməz olduğunu elan edir.
İngilis dilində hazırlanmış və 21 Mart 2019 tarixində yazılı olaraq bildirilmişdir.
Fatoş Aracı Vincent A. De Gaetano
İclas Katibinin müavini Prezident